Sübhün səfiri

 

 

 

Bu yaxınlarda Moskvadan gəlmiş bir rus ziyalısı ilə Bakının mərkəzi küçələrini, meydanlarını gəzərkən aramızda təxminən belə bir söhbət oldu. Qonaq şəhərin gözəlliyi qarşısında heyranlığını gizlətməsə də, tam səmimiyyətlə, özü də mənim heysiyyatıma toxunacağını ağlına belə gətirmədən dedi ki, bu abadlıq, bu tikililər, təmtəraq çox gözəldir, amma Rusiyadan ayrılmaqda böyük səhv etmisiz. Soruşdum: “niyə ki, bütün bunlar müstəqilliyimizin bəhrəsidir”. Dedi: “Çünki bu boyda sərvətlə Azərbaycan boyda kiçik bir ölkənin dünya meydanında duruş gətirməsi, demokratik dəyərləri qoruyub saxlaması müşkül məsələdir, sizə mütləq himayədar gərəkdir”.

“Himayədarlığın” nə olduğunu biz artıq görmüşük; bu “xoş məramla” 200 il ərzində yalnız sərvətlərimizə deyil, həm də mənəvi dəyərlərimizə, dilimizə də təcavüz edilib. Bunu Rusiyanın, hətta mütərəqqi fikirli adamlarının, ziyalılarının belə, böyük bir qismi başa düşmək istəmir və ya sadəcə, başa düşmür.

Qonaqla söhbətimiz zamanı mən Anarın “Sabahın səfiri” ssenarisini (film ekranlara “Sübhün səfiri” adı ilə çıxıb) və həmin ssenari əsasında Ramiz Həsənoğlunun çəkdiyi və artıq dünyanın bir neçə ölkəsində nümayiş etdirilmiş “Sübhün səfiri” filmini xatırladım. Həmin filmdə belə bir epizod var: Rus dekabristlərindən Bestujev –Marlinski ilə söhbət edən Mirzə Fətəli Axundov ondan soruşur:

“- Bax, Siz öz xalqınızın azadlığını istəyirsiz, bəs başqa xalqların azadlığı məsələsi necə olsun? Axı, dağlılar da azadlıq uğrunda mübarizə aparırlar. Öz xalqlarının azadlığı uğrunda.

Bestujev:

– Bunlar tamamilə başqa-başqa şeylərdir, Fətəli, bizim məqsədimiz Qafqazı sivil dünyanın qanun-qaydalarına qovuşdurmaqdır.

– Bəlkə heç qafqazlılar bu qanunları istəmirlər, əsrlərlə yaşadıqları kimi, öz qanunları ilə yaşamaq istəyirlər”.

Və həmin söhbət zamanı Bestujev fikrini belə yekunlaşdırır: “...biz Rusiyadakı vəziyyətdən nə qədər narazı olsaq da, Rusiya təhsil, mədəniyyət sarıdan qonşu müsəlman ölkələrinin hamısından qat-qat üstündür. Bax, elə bu mədəniyyəti də biz sizin həyatınıza tətbiq etmək istəyirik”.

Qəribədir, 200 il keçir, amma münasibət dəyişmir. Kim hansı ölkəni işğal etmək istəyirsə (müasir dövrdə özündən asılı vəziyyətdə saxlamaq istəyirsə), bəhanəsi həmin ölkələrə “mədəniyyət” (indi, bizim dövrdə isə – “demokratiya”) gətirmək olur.

İstər, bədii ədəbiyyatda, istərsə də, teatr və kinoda tarixi mövzuya və ya görkəmli şəxslərin həyatına müraciət o zaman müasir oxucunun, tamaşaçının marağına səbəb olur və ümumiyyətlə, nəsə bir məna kəsb edir ki, həmin əsərlərdə bizi düşündürən problemlərə, günümüzlə səsləşən fikirlərə toxunulsun. Zənnimcə, “Sübhün səfiri” filmində göstərilən keçmişlə bizim bugünümüz arasında həm siyasi müstəvidə, həm də məişət və əxlaq müstəvisində belə oxşar məqamlar az deyil və onlar düşünmək qabiliyyəti olan tamaşaçını, şübhəsiz ki, rahat buraxmır, ona çox şey deyir.

Mən öncə ssenarini oxuyub sonra filmə baxmış tamaşaçılardanam. Düzü, hələ ssenarini əlimə alıb oxumağa başlayanda fikirləşirdim ki, Mirzə Fətəli Axundov boyda nəhəng bir şəxsiyyətin keçdiyi çox mürəkkəb və mənalı həyat yolunu, görəsən, Anar iki saatlıq bir film çərçivəsinə necə sığışdıracaq? Elə ilk səhifələrdən, Anarın qələminə az-çox bələd olan adam kimi, onun filmin açarını çox dəqiq tapdığını başa düşdüm; ağır xəstələnmiş altmış altı yaşlı Mirzə Fətəli çarpayıda, ölüm yatağında uzanıb, gah ailə üzvlərinə tapşırıqlar verir, gah mürgüləyir, gah da yatıb yuxular görür; beləcə, həyatından səhifələr kino lenti kimi gözləri önündən gəlib keçir. Əlbəttə, yazıçının həyatının hansı səhifələrini seçib zəncirin halqaları kimi biri-birinə bənd etmək, nələri önə çəkmək, nələrdən sərf-nəzər etmək ssenaristdən materiala bələdlik və yüksək peşəkarlıq tələb edir. Bundan əvvəlki ssenarilərində olduğu kimi, Anar seçdiyi mövzuya tarixilik və dəqiqlik baxımından tədqiqatçı alim qədər ciddi yanaşmış, istedadının gücünü və peşəkarlıq səviyyəsini bu dəfə də təsdiq etmişdir; belə ki, M.F.Axundovun həyatından epizodlar və əsərlərindən parçalar böyük bir xalının naxışları kimi bir-birini məharətlə tamamlayır.

Ssenarinin məziyyətləri haqqında: onun rahat dili, dinamizmi, obrazların hər birinin fərdi cizgiləri, dil özəllikləri, dialoqların təbiiliyi barədə çox danışmaq olar. Amma məlum bir həqiqət var ki, ssenari lentə alınmayanadək ədəbi mətn olaraq qalır; o, hələ film deyil. Təcrübəmdən deyə bilərəm ki, Azərbaycan kinosu tarixində, çox olmasa da, elə gözəl, kamil ssenarilər də olub ki, ekran variantı hamını məyus edib.

Xoşbəxtlikdən, “Sabahın səfiri” ssenarisinin quruluşu Anarın yaradıcılığına bələd olan, onu bir yazıçı kimi düşündürən problemləri özününkü kimi yaşayan, müəllifin nəinki hər sətirini, hətta sətiraltı demək istədiklərini də oxuya bilən ziyalı bir sənətçi Ramiz Həsənoğluya həvalə olunub. Həvalə olunub deyəndə ki, səhv etmirəmsə, Anar bu ssenarini yazanda, elə əzəldən Ramizi nəzərdə tutmuşdu.

Onların yaradıcılıq əməkdaşlığının uzun bir tarixi var. Hələ 40 il əvvəl Ramiz Anarın məşhur “Mən, sən, o və telefon” hekayəsi əsasında o zaman tamaşaçılar arasında son dərəcə populyar olan və tele-ekranlarda təkrar-təkrar nümayiş etdirilən çox baxımlı bir televiziya tamaşası çəkmişdi; “Gecə müsahibi” adlanırdı. Sonralar belə telefilmlərin sayı artdı: “Dindirir əsr bizi”, “Evləri köndələn yar”,  Nigarançılıq” və s. və s. Nəhayət, beş il öncə bu yaradıcılıq əməkdaşlığının növbəti bəhrəsi – “Cavid ömrü” iki seriyalı bədii filmi böyük ekrana çıxdı. Əlbəttə, televiziya üçün çəkilən filmlərlə kino ekranı üçün çəkilən filmlər arasında müəyyən fərqlər var və Ramiz də bunu gözəl bilirdi. O, bütün gücünü – aktyorla işləmək sahəsində uzunillik təcrübəsini və yəqin ki, böyük ekranın özünəməxsus xüsusiyyətləri haqqında nəzəri biliklərini səfərbər edib, “Cavid ömrü” filmini çəkdi, tamaşaçıların mühakiməsinə verdi. İndi üstündən müəyyən vaxt keçsə də, yaxşı yadımdadır ki, bəzi səhnələrdə teletamaşa möhürünün izləri qalmışdı. Deyə bilmərəm, bəlkə də Ramiz Həsənoğlu bunu bilərəkdən belə etmişdi?! Bilmirəm. Amma onu bilirəm ki, o, Anarın ssenarisinə sadiq qalmışdı və ən əsası da, müəllif qayəsini, Cavid haqqında həqiqətləri, Cavid faciəsini, nəhayət, Cavid sənətinin vüsətini ekran dili vasitəsi ilə verə bilmişdi.

Mən “Sübhün səfiri”ndən danışdığım halda, niyə bu haşiyəyə çıxdım, “Cavid ömrü” filmini xatırladım? Səbəbsiz deyil. Çünki hər iki film eyni rejissorun tematik cəhətdən oxşar filmləridir: Azərbaycan ədəbiyyatının, ümumən Azərbaycan mədəniyyətinin iki nəhəng simasının həyat və yaradıcılığından bəhs olunur hər birində; Cavid də şair və dramaturqdur, Axundov da həm dramaturqdur – Azərbaycan dramaturgiyasının banisi – həm də şeirlər yazıb. Yəni oxşarlıqlar ancaq mövzu oxşarlığıdır. Vəssalam. Talelər müxtəlifdir, dövr, mühit tamam başqa-başqadır. Və “Sübhün səfiri”ndə müəlliflər – həm Anar, həm də Ramiz özlərini təkrar etməyiblər, yeni biçimdə, yeni quruluşda bir əsər yaradıblar. Özü də bəri başdan deyim ki, xüsusən Ramiz bu filmdə bir rejissor olaraq daha irəli gedib: istər ayrı-ayrı səhnələrin quruluşu cəhətdən, istər aktyorlarla işin səviyyəsi cəhətdən (hiss olunur ki, o, aktyorlardan istədiyini almaq üçün böyük zəhmət çəkib), istərsə də epizodlar arası əlaqəni, məntiqi bağlılığı təmin etmək baxımından mükəmməl bir film çəkib.

“Sübhün səfiri” kimi tarixi mövzuda yazılmış ssenarilərin ekran təcəssümünün çətinlikləri az deyil: bir yandan tarixi dürüstlük (həm geyimlərdə, həm interyerlərdə, həm də elə naturada), digər tərəfdən, adətlər, insanlar arasında münasibətlər, ədəb qaydaları, danışıq tərzi və s. bizim günlərlə müqayisədə xeyli fərqlidir. Ramiz bir rejissor kimi bütün bu çətinliklərin onun imkanları daxilində olan qisminin öhdəsindən, əsasən, gəlib. Amma kino elə bir sənət növüdür ki, çox böyük maddi vəsait tələb edir. Təəssüf ki, bizdə hələlik bəzi xarici ölkələrlə, xüsusən Amerika ilə müqayisədə, bədii filmin çəkilib ərsəyə gəlməsinə çox az pul ayrılır. Deməli, nələrdənsə imtina etməli, nələrəsə göz yummalı olursan. Sonra ən xırda bir güzəşt belə, kadrda görünür. Xüsusən də, öz gözündə tiri görməyənlər görür bunu: məsələn, haqqında danışdığım filmin bal səhnəsində divardakı braların (şamdanların) müasir bralar olduğunu böyük bir faciə səviyyəsinə qaldırırlar.

Düzü, mən filmə ilk dəfə premyera vaxtı baxanda buna əhəmiyyət verməmişdim. Çünki diqqətim xanəndənin – Səttarın ifasında, epizoddakı söhbətlərdə və Bakıxanovun gəlib Puşkinin dueldə öldürülməsi xəbərini böyük həyəcanla məclis iştirakçılarına elan etməsində idi.

Bu yaxınlarda filmə ikinci dəfə teleekranda baxanda həqiqətən belə bir qüsurun olduğunu gördüm. Amma film boyu onu da gördüm ki, böyükdən-kiçiyə filmdə çəkilənlərin hamısı: həm əsas rolların ifaçıları, həm epizodlarda çəkilənlər (onların sayı isə bəlkə də yüzdən artıqdır) rəssamların işə ciddi münasibətləri və böyük zəhmətləri sayəsində, müvafiq libaslardadır. Əlbəttə, bütün zahiri görüntülərdə dəqiqlik vacibdir, amma mənim fikrimcə, əsas deyil (hər halda, kino və teatr sənətində şərtiliyə yer var). Əsas olan filmdə cərəyan edən hadisələr, Mirzə Fətəlinin ömür yolu, gördüyü işlər, onun amalı, şəxsiyyətinin xarakterik cizgiləridir, yəni məzmundur, mahiyyətdir.

Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, Azərbaycan fəlsəfi fikir tarixinin ən böyük simalarından biridir. Çox təəssüf ki, onun şəxsiyyətini yaşadığı dövrdə də, sonralar da zaman-zaman düzgün qiymətləndirməyənlər olub və hətta bu gün də var; nə etməli, dahilərin qisməti budur: sən bütün ömrün boyu xalqını cəhalətdən qurtarmağa, onu maarifləndirməyə çalışasan, bununçün yollar axtarasan, əvəzində, səni kimisi İran casusu, kimisi də ruspərəst, çar agenti adlandırsın.

Bəli, Axundov Tiflisdə Rusiya canişininin dəftərxanasında işləyib, tutduğu vəzifəyə görə də ona polkovnik rütbəsi verilib. O vəzifəyə başqa bir millətin də nümayəndəsini qoya bilərdilər; erməni, gürcü, polyak, osetin –kimi desən. Amma gəlin bir düşünək, xalqımızın rus dilini bilməyən və minbir dərdi üçün dəftərxanaya gələn övladlarına bəs kim əl tutardı, can yandırardı?! Əlbəttə, onlar yox, Axundzadə Mirzə Fətəli. Və o, milləti üçün əlindən gələni edirdi də. Yəqin ki, bir qədər dərin düşünmək lazımdır.

Şübhəsiz, imperiyanın dəftərxanasında çalışan bir məmur mütləq imperiyaya da işləmiş olurdu və bu ikili vəziyyətinin əzabını ağrısını ömrü boyu çəkirdi. Filmdəki bir səhnə – Məkkə ziyarətinə getdiyi üçün onun yanına vidalaşmağa gələn Abbasqulu ağa Bakıxanovla Mirzə Fətəlinin xəyali görüşü, hər ikisinin düşdükləri vəziyyətin ağırlığını, keçirdikləri iztirabı çox dəqiq göstərir. Diqqət edin, Kəbəni ziyarət etməyin hər bir “mömin müsəlmanın müqəddəs borcu” olduğunu söyləyən Abbasqulu Ağaya Axundov belə bir sual verir:

“Siz, böyük alim, tarixçi, nəhayət, çar ordusunun polkovniki... bir yandan da mömin müsəlman?.. Abbasqulu ağa, inciməyin, bəs necə olur ki, Siz mömin müsəlman ola-ola silahlı müsəlmanlara qarşı – osmanlılara, iranlılara, dağlılara qarşı vuruşmusuz?

Bakıxanov:

– Bu, həyatımın ən böyük günahıdır, Fətəli, bəlkəm elə Məkkəyə də tövbə etmək, günahlarımı yumaq üçün gedirəm. Gəldim səninlə vidalaşım və sənə bir məsləhət verim; sən mənim səhvlərimi təkrar etmə”.

Burada, zənnimcə, artıq bir sözə, izaha ehtiyac yoxdur; çox mənalı və gözəl düşünülmüş bir səhnədir. Sadəcə, yeri gəlmişkən, bu səhnədə və ümumiyyətlə, film boyu Azərbaycanın iki böyük tarixi şəxsiyyətinin mürəkkəb və ziddiyyətli obrazlarını yaratmış Xalq artistləri Rasim Balayev (M.F.Axundov) və Fəxrəddin Manafovun (A.Bakıxanov) ifalarını xüsusi qeyd etmək istəyirəm.

Filmdə böyük bir aktyor ansamblı iştirak edir və yəqin ki, kinoşünaslar onlar haqqında mötəbər fikirlərini söyləyəcəklər. Məni isə, 2 saat 20 dəqiqəlik bir film boyu Rasim Balayevin oyunundakı sabitlik heyran etdi. O, yaratdığı obrazın nəbzini ilk kadrlardan necə tutubsa, ta sona kimi, Axundovun ölüm səhnəsinə qədər əli bu nəbzin üstündə olub. Bəli, əsərlərindən, əməllərindən, keçdiyi həyat yolundan görünən Axundov məhz belə, R.Balayevin yaratdığı Axundov kimi ola bilərdi.

A.Bakıxanova filmdə az yer verilib. Bununla belə, o, müəllifin tamaşaçılara çatdırmaq istədiyi bəzi çox mühüm fikirlərin daşıyıcısıdır. R.Həsənoğlu yaxşı bilir ki, məhdud bir zaman və məkan çərçivəsində böyük şəxsiyyətlərin obrazını yalnız ustad aktyorlar yarada bilirlər. Odur ki, bu rola – Bakıxanov roluna istedadlı və təcrübəli Fəxrəddin Manafovu dəvət edib və qətiyyən yanılmayıb. F.Manafov əsl-nəcabət sahibi Abbasqulu ağanın qürurlu, ləyaqətli və böyük ürəkli bir insan olduğunu çox xəsis, amma dəqiq ştrixlərlə, necə deyərlər, özünün dərya təmkini ilə məharətlə açıb göstərib. Belə sənətkarların çəkildikləri filmlərə, hətta kiçik epizodlara tamaşa etdikdə aktyor seçiminin əhəmiyyətini, bunun nə demək olduğunu bir daha başa düşürsən.

“Sübhün səfiri”nin məziyyətləri çoxdur və mən bunların bəziləri haqqında fikirlərimi bölüşməyə çalışdım. İndi də filmlə bağlı söhbətlər zamanı eşitdiyim mübahisəli bir fikrə bir neçə kəlmə ilə münasibətimi bildirmək istəyirəm. Bu, zənnimcə, çox prinsipial bir məsələdir. Söhbət nədən gedir? Bəzi opponentlər əsasən Axundovun komediyalarından parçaların filmə salınmasına etiraz edirlər. Deyirlər ki, bunların hər biri öz qayəsi olan müstəqil və orijinal bədii əsərlərdir və filmin ana xətti ilə bağlanmırlar. Nəticədə, filmə bir ağırlıq gətirirlər. Bu fikrin birinci hissəsi ilə razılaşmaq olar; bəli, filmə parçaları daxil edilmiş komediyaların hər biri müstəqil süjet xətti və öz qayəsi olan bədii əsərlərdir. Lakin unutmaq lazım deyil ki, bunlar başqa bir yazıçının yox, M.F.Axundovun əsərləridir.

İndi də diqqət edək görək onlar filmin ana xətti ilə bağlanırlar, ya – yox?! Elə birinci parçaya baxaq; bu – “Molla İbrahimxəlil kimyagər” komediyasındandır. Məlumdur ki, komediyada hadisələr Şəkinin yaxınlığında cərəyan edir. Fırıldaqçı Molla İbrahimxəlil və köməkçisi dərviş Abbas bir gecədə misi gümüşə çevirəcəklərini vəd edib, avam “nuxuluları” aldadaraq pullarını əllərindən alıb aradan çıxırlar.

Həmin komediyadan filmə salınmış parçaya dəqqətlə baxsaq, görərik ki, bu, pyesdən mexaniki sitat kimi gətirilməyib. Balaca Fətəli də yoldaşları ilə buradadır. Bir qədər əvvəl balaca Fətəlinin anasına qoşulub Güney Azərbaycanından Şəkiyə köçdüklərini görmüşdük. Montaj keçidi kimi isə, Axund Ələsgərin Fətəliyə ərəb və fars dillərini, ərəb əlifbasını tədris etməsi səhnəsindən istifadə olunmuşdu. Yəni “Molla İbrahimxəlil kimyagər” komediyası göydən düşməyib, Axundov onu uydurmayıb. Axundov bunları gözü ilə görüb, fanatizmin, cəhalətin tüğyan etdiyi bir mühitdə böyüyüb, gördüklərini yazıb. Deməli, yaradıcılığı həyatının bir parçasıdır.

İndi deyin, komediyadan götürülmüş parça filmin ana xətti ilə bağlanır, yoxsa – bağlanmır?! Əsərə diqqətlə baxmaq lazımdır! Qəribədir, xarici yazıçıların əsərlərində bu cür keçidləri, assosiativ haşiyələri, yuxuları, xəyali görüntüləri görəndə adına “postmodern” ədəbiyyat deyib göylərə qaldırırıq, özümüzdə olanda – ağız büzürük. “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəli şah” pyeslərindən istifadə edilmiş səhnələr də filmin süjet xətti ilə üzvi surətdə birləşib. Güman edirəm, daha onların da hər birinin burda uzun-uzadı məntiqi və kinematoqrafik bəraətinə – təhlilinə ehtiyac yoxdur.

Beləliklə, “Sübhün səfiri” filmi M.F.Axundovun çox mənalı və mürəkkəb həyat yolunun əsas məqamlarını gözlərimiz önündə canlandırmaqla yanaşı, həm də onun yaradıcılığı haqqında tamaşaçıda kifayət qədər dolğun təsəvvür yaradır (Heç də düşünülməsin ki, M.F.Axundovu hamı yaxşı tanıyır və yaradıcılığına da bələddir, xeyr, bu, əsla belə deyil, bu gün Azərbaycanın özündə belə Axundovdan bixəbərlər minlərlədir). Filmdə gördüyümüz Axundov Azərbaycanda dramaturgiyanın əsasını qoymaqla, teatrın yaranması işinə, bir növ, təkan verir, bu işi sürətləndirir; ömrünün böyük bir hissəsini çətin mənimsənilən ərəb əlifbasında vacib sandığı islahatların aparılması uğrunda yorulmaq bilmədən çalışır, bununçün hətta İrana, Türkiyəyə qədər gedib çıxır. Biz görürük ki, onun həyatda əsas məqsədi, amalı xalqını cəhalət girdabından qurtarmaq, maarifləndirmək olub.

Haqqında təəssüratlarımı və bəzi mülahizələrimi bölüşmək istədiyim bu filmi ərsəyə gətirənlərin isə, məncə, əsas məqsədi xalqın bu böyük mütəfəkkir yazıçısını müasirlərimizə və gələcək nəsillərə tanıtmaqdır. Odur ki, mən də təəssüratlarımı və mülahizələrimi oxucularla bölüşəndə, ona məhz bu yöndən qiymət verməyə çalışdım və başqalarını da bu yola dəvət edirəm.

Qeydlərimi isə, filmin sonuna yaxın bir səhnəsini xatırlatmaqla bitirmək istəyirəm: Axundov ölüm yatağındadır və Şeyx onu yoluxmağa gəlib. Mirzə Fətəli ona deyir:

“- Şeyxana! Çoxdandır səndən soruşmaq istəyirdim. Bilirsən, qədim bir dua var: İnsan Tanrıdan üç şey diləyir – güc, səbr, bir də müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüdrəti çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmadığı şeylərə dözə bilsin. Müdrikliyi ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın. İndi bu işin hikməti nədədir?

Şeyx:

– Bu işin hikməti ondadır ki, Mirzə, səndə bu saydıqlarının üçü də var. Güc də, səbr də, müdriklik də. Gördüyün işlər çoxuna bəllidir. Həzrəti Məhəmməd (s.ə.s.) deyib ki, ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Bu sarıdan sən çox səxavətli adamsan, Mirzə. Doğrudur, gördüyün işlərə ağız büzənlər də var. (Şeyx barmağını yuxarı qaldırır). Amma hər şeyin əsl qiymətini O verir”.

Vəssalam. Bu qədər.

Fevral, 2014

 

İntiqam Qasımzadə

525-ci qəzet.- 2014.- 1 mart.- S.24-25.