"Nə Aqiləm, nə Divanə..."- Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

Yeniyetmə vaxtı sevgini dərd, ağrı təki yaşayanlar, yaxud aşiq olub özünü xəstə kimi aparanlar gülməli görünürdü mənə. Doğrudan da, sevgi mərəz deyil axı, sevgi fəlakət deyil.

...Bilmirəm, bəlkə bütün günahlar sənətdədi. Sənət məhəbbəti belə göstərib bizə.

...Sevgini öyrənən elm yoxdu, sevgi tədqiqat mövzusu da ola bilməz. Tibb acizdi belə qəliz olayı izah etməkdə. Bu müəmmanı anlamaq üçün yeganə vasitə, sənətdi. Ədəbiyyat, musiqi, rəsm, teatr... s. Bir anlıq sevgi poemaları, romanlar, eşq dastanları keçir adamın beynindən! Hanı xoşbəxt məhəbbət? Hardadı nikbin sonluq? Əslində, insan varlığının axırı ölümdüsə,  nikbin sonluq ummaq, ona ümid bəsləmək sadəlövhlükdü bəlkə ... O kabus hər an başının üstündədi. Ölüm kabusu, ayrılıq qorxusu əl çəkən deyil səndən! bütün bunları fikirləşəndə aşiq olub dərdə düşənləri anlaya bilirsən...

İnsan bu gün yaşadıqlarına görə xoşbəxt ola bilmir, bir zaman bütün bunların bitəcəyini xəyal edib bədbəxt sanır özünü... Gələcəyə inamı sarsılan kimi hər şey mənasızlaşır. elə o dərdli hal, bədbin ovqat da bundan yaranır. Əslində, sevgi həm xarakterdi, ağıldı, istedaddı... təcrübədi! Həyatı qədər dərk edirsənsə, öz içini, duyğularını da o qədər anlayırsan... Dünyanı cür qavrayırsansa, öz yaşadıqlarına da həmin bucaqdan baxırsan, o cür qəbul edirsən. Ona görə, məncə, ağıllı, təcrübəli, həyatı bilən, sonu dərk edən insanın sevgidən bədbinləşməməsi mümkünsüzdü. bu fikrə gələndən sonra Yunis İmrəni oxumaq insanı havalandırır... Sözün əsl mənasında! Gəl gör məni eşq neylədi?! Elə təkcə bu misrayla nələr demir Yunis İmrə?! Dünyanı, yaradılışı, həyatı Yunis İmrə kimi anlayan adamın eşqdən çöllərə düşməsi o qədər təbii görünür ki...

Sufi şairdi Yunis İmrə... Yeganə gerçək eşq Allaha eşqdi sufilərə görə. Sufi alimlərin yozumları ilə  xeyli dərəcədə razılaşmaq olar. Amma Yunisin müasiri olmadığımızdan şeirin yazılma şəraiti, şairin şəxsi düşüncələri tam aydın  deyil... Əlbəttə, bu şeirdə Allaha, Şeyxə xitab, ondan imdat, ona çatmaq eşqi açıq-aydın duyulur. Lakin şeirə bir az real baxanda, onu özününküləşdirəndə görürsən ki, bu hissləri qarşı tərəfsiz, konkret olaraq qadınsız yaşamaq inandırıcı deyil. Əslində, eşq ilahi eşqdi. Aşiq yerdə deyil, göydədi... Amma bütün o ilahiliyi, sehri özündə birləşdirən, ifadə edən biri var, mütləq var!

Şeirdə şair özünü Məcnuna bənzədibMəcnun oluban yürürəm” – deyir. Heç bu misra yazılmasaydı belə, Yunis İmrənin Məcnunu təsviri, ondan danışması aydın hiss olunur.  Şeirin melodiyası, oxuyarkən göz önünə gələn səhnələr, təsvir olunan ağrı, kədər ən əsası bənzərsiz eşq, hamısı Məcnundan xəbər verir, onu göstərir. Elə ilk – “Mən yürürüm yana-yanamisrasından ucsuz-bucaqsız səhra, kəhrəba rəngli qum təpələri, çox isti Günəş gəlir adamın xəyalına. Yunis İmrənin sevgi fəlsəfəsi açılır. Cəmisi bir misrayla: “ aqiləm, divanə...” qədər dəqiqdi, deyilmi?  Min illərdi Məcnunu dəli sananların cavabıdı bu misra. Axı doğrudan da, sevgi adamın anormal halıdı. Adi, sakit ovqatında heç zaman tutmayacağın işlərə sövq edir səni sevgi... Amma məgər bu dəlilik, divanəlikdirmi? Əsla!  Aşiq ağıllı olduğu üçün, müdrik olduğu üçün bu hallara düşür. Dünyanı dərk etdiyi üçün, sonunu bildiyi üçün yana-yana yürüyür...

Eşq paklaşdırır insanı... Din, ibadət, ziyarət kimi... sevən adamın Allaha bir az da artıq tapınması, daha da yaxınlaşması, “dərd”inin çarəsini ondan diləməsi   təbiidi. Bu şeirdə mənə görə ən kövrək məqam məhz budu... 

 

Ya elim al kaldır beni

Ya vaslına erdir beni

Çok ağladım güldür beni

Gel gör beni aşk neyledi...

 

Aşiqin gözlərində donan yaşı görürəm bu anlarda... Üzünü tutduğu göylərdə Allah var, hər yerdə Allah var, o bomboş səhrada, o adamsız yuvasında, axan sularda, qürbətdə... hər yerdə Allah var, dərdli qəlbində isə sevgi! , sevgi var, eşq var... yaralarında, qana dönən ürəyində, dağ çəkilmiş ciyərində, gözlərinin yaşında sevgi var! Yarı isə yalnız yuxularındadı... Oyanıb məlul olmasına da səbəb budu... Aşiqin həyatı yalnız içindən, duyğularından, arzularından, xəyallarından ibarətdi. Şeirdə ən kədərli olan da budu. Mücərrədlik... O göylərə ucalmış sevginin özünün əlçatmazlığı.

Bəlkə , yellər kimi əsən, sellər kimi axan aşiqin niyyəti elə bu idi... Birini, bir adamı, bir qadını, bir varlığı yox, Sevginin özünü SEVMƏK!

 

                     

 

Yunis İmrə:  “Gel gör beni aşk neyledi...”

 

 

Ben yürürüm yana-yana

Aşk boyadı beni kana

Ne akilem ne divane

Gel gör beni aşk neyledi...

Gah eserem yeller gibi

Gah tozaram yollar gibi

Gah akaram seller gibi

Gel gör beni aşk neyledi...

 

 

Akar sulayın çağlaram

Dertli ciğerim dağlaram

Şeyhim anuban ağlaram

Gel gör beni aşk neyledi...

 

 

Ya elim al kaldır beni

Ya vaslına erdir beni

Çok ağladım güldür beni

Gel gör beni aşk neyledi...

 

 

Ben yürürem ilden ile

Şeyh sorarım dilden dile

Gurbette halim kim bile

Gel gör beni aşk neyledi...

 

 

Mecnun oluban yürürem

Ol yari düşte görürem

Uyanıp melal oluram

Gel gör beni aşk neyledi...

 

Miskin Yunus biçareyem

Baştan ayağa yareyem

Aşk ilinden avareyem

Gel gör beni aşk neyledi...

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 1 mart.- S.21.