Azərbaycan Dillər Universitetində “Çin operası”
Azərbaycan Dillər Universitetində
(ADU) xüsusi yazılmış
mətn və texnologiya ilə həyata keçirilən
musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin
elementlərini özündə
birləşdirən musiqili
dram teatrının ənənəsinə
həsr olunmuş “Çin operası” adlı tədbir keçirilib.
İnstitutdan “525”ə verilən məlumata görə, tədbiri Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Azərbaycan ilə Çin arasındakı mədəni əməkdaşlığın səmərəli inkişafından, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən söhbət açıb.
Mərkəzin direktoru Azərbaycan-Çin arasında incəsənət sahəsindəki ikitərəfli əlaqələrin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd edib, Ulu Öndərin Çin Xalq Respublikasına tarixi səfərinin əhəmiyyətindən danışıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən Çin dilində hazırlanmış Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilib.
Mərasimdə Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün həyat yoldaşı Adelaida Məmmədova qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin Operasının direktoru Mey Lanfan ilə Bülbül arasındakı dostluq münasibətlərindən danışıb. Adelaida Məmmədova hər iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə bu iki sənətkarın yaradıcılıq planları ilə bağlı xatirələrini bölüşüb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova musiqi sahəsində Azərbaycan-Çin əməkdaşlığı, ölkəmizdə Çin Xalq Respublikasının səfirliyi ilə birgə keçirilmiş tədbirlər və muzeydə qorunub saxlanılan Çin xalq milli alətləri barədə də məlumat verib.
Sonra ADU–nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin operasının müxtəlif regional formaları və janrları haqqında məruzələrlə çıxış ediblər. Mərasimdə qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev – qədim xalqlar dostluğunun müasir davamçısı” kitabı hədiyyə olunub.
Tədbirdə, həmçinin Çin opera ənənəvi repertuarındakı filmlərdən məşhur səhnələr nümayiş etdirilmiş, qonaqlar ənənəvi Çin Yeni ilinin bitməsi münasibətilə Fənərlər Bayramı şərəfinə ənənəvi Çin şirniyyatı olan yuansyaonun dadına baxıblar.
Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 1 mart.- S.21.