Yalan, aldatma, məkr və
hiyləgərlik (davamı)
Uşaqların və yeniyetmələrin Səlib
yürüşünə cəlb edilməklə
aldadılması və onların fırıldaq qurbanlarına
çevrilməsi bu eybəcərliklərin daha bariz nümunəsidir. 1212-ci ilin
mayında startını götürən bu hadisə dini
fanatizmin hansı dəhşətlərə gətirib
çıxardığını aydın göstərir.
Fransada həmin dövrdə yeniyetmə çoban Stefanın
gözünə ağ rahib obrazında
İisus göründü. İisus ona göstəriş
vermişdi ki, yeni Səlib yürüşünün
başında dursun. Bu yürüşdə
yalnız uşaqlar iştirak etməli idi, guya ki, ələ
silah götürmədən, dillərində Allahın
adı olmaqla onlar Sahibin qəbrinin olduğu Yerusəlimi azad
etməlidirlər.
Çoban elə ehtirasla moizə edirdi ki, uşaqlar evlərindən
qaçıb ona qoşulurdular. Vandom bu “müqəddəs qoşun”un yığışdığı yer elan
edildi, buraya 30 min yeniyetmə toplaşmışdı. Stefan artıq möcüzə yaradan hesab olunurdu.
Onlar Marselə getdilər ki, oradan müqəddəs
torpağa üzsünlər, lakin gəmilər barədə əvvəlcədən
heç kim düşünməmişdi. Qoşuna keşişlər və kəndlilər,
çox hallarda həm də cinayətkarlar qoşulurdu.
Bu hərəkata
dəlisovluqla qoşulmağa can atan alman uşaqlar isə
Almaniyadan İtaliyaya gedən yolda Alp dağlarını
keçəndə dəhşətli məhrumiyyətlərə
məruz qaldılar. Yerli əhali isə Fridrix Barbarossanın
səlibçilərinin (III Səlib yürüşü)
törətdikləri bədbəxtliklərdən cana doyduqlarından onların çətinliklərinə
laqeydlik göstərirdilər.
Fransız
uşaqlarına isə Marseldə iki yerli tacir yeddi gəmi verdi ki, onlar müqəddəs torpağa
üzsünlər. Lakin onların izi bütünlüklə
itdi və 18 ildən sonra, 1230-cu ildə Avropada vaxtilə
onları müşayiət edən bir rahib meydana
çıxdı və o, danışdı ki, yeniyetmələr
olan gəmi Əlcəzair sahillərinə gəlib
çıxdılar, orada onları gözləyirdilər. Məlum oldu ki, tacirlər onlara gəmiləri mərhəmətlərinə
görə deyil, müsəlman quldarları ilə sövdələşdiklərinə
görə veribmişlər. Yeddi gəmidən ikisi hələ
üzərkən Sardiniya adası yaxınlığında qəzaya
uğrayıb batıbmış, digərlərini isə əclaflar
Şimali Afrikaya gətirib, guya Sahibin qəbrini xilas edəcək
bu zəvvarları Misirin qul bazarında qul kimi
satmışdılar. Minlərlə uşaq Xəlifənin
sarayına düşmüşdü. Ən
ağır bədbəxtlik payı isə aldadılan və təcavüzlərə
məruz qalan qızların bəxtinə
düşmüşdü. Dini fanatizm və
kilsənin nüfuzu hesabına aldadılan on minlərlə
avropalı uşaq öz evlərini, valideynlərini tərk
edib, uzaq diyarlarda səfillərə və əsl qullara
çevrilmişdilər.
İngiltərə kralı I Eduard qiyam qaldıran uelsliləri
sakitləşdirmək üçün 1284-cü ildə
Kardiffdə olarkən bir hiyləgərliyə əl atdı. Xalqın
qarşısına çıxıb dedi ki, mən sizə Uelsdə
anadan olan və ingiliscə bir kəlmə də bilməyən
bir nəfəri hökmdar qoyacağam. Uelslilər
kralın bu bəyanatına çox sevindilər, lakin məlum
oldu ki, kral onların sadəlövhlüyündən istifadə
edib kələk işlətmişdir. Onun
bu bəyanatından əvvəlki gün Kardiffdə anadan olan
oğlu, gələcək kral II Eduardı o, Uels printsi təyin
etmişdir. Hər bir körpə kimi o,
danışa bilmirdi. Uelslilər kral I
Eduardın hiyləgərliyinin qurbanı oldular. O vaxtdan
etibarən kralın böyük oğlu, vəliəhd Uels
printsi adlanır. İndiki kraliça II
Elizabetin oğlu Çarlz da bu titulu daşıyır.
Fransa
kralı IX Karl anası Yekaterina Mediçinin öyrətməsi,
təhriki ilə qəsd təşkil etdi və 1572-ci il
avqustun 24-nün gecəsində – bu Varfolomey gecəsi
adlanır,- Parisdə huqenotlar adlanan
protestantların qırğını başlandı. Sena çayı qandan qırmızı rəng
almışdı. Hamı dini
dönüklərə hücum edirdi. Latın
məhəlləsində professorları, tacirləri
öldürürdülər. Həmin gecə
5 mindən 10 minə qədər parislinin
öldürüldüyü güman edilir. Hüqenotların təqibinə görə Parisi
çox sayda sənətkarlar tərk etdi və bu gələcəkdə
özünü Fransa üçün ağır iqtisadi zərbə
kimi göstərdi.
Yalnız 1594-cü ildə kral IV Henri protestantlıqdan
katolikliyə qayıtdığına görə, “Paris messaya
dəyər” şüarı ilə paytaxta girib, uzun sürən
vətəndaş müharibəsindən sonra burada
sülhü bərpa etdi. Parislilər 1610-cu ildə dini fanatik
tərəfindən qətlə yetirilən kral IV Henrini samaritan
adlandırıb, onu hökmranlığı dövründə
çox sevdilər.
1715-ci ildə Cünəş Kral-
XIV Lui öldükdən sonra Fransa taxt- tacına onun nəticəsi,
az yaşlı XV Lui gəldi. Ölkəni
regent kimi Orlean
hersoqu ( Adı II Filipp olan bu adam 1715-1723-cü illərdə
Fransada hökmranlıq etmişdi ) idarə etməyə
başladı. O, özünü xalqa qayğıkeş, izafi
xərcə yol verməyən hökmdar kimi göstərmək
üçün sarayın tövlələrindəki
atların sayını iki qat azaltdı. Bunu eşidən böyük fransız filosofu
Volter yazmışdı ki, yaxşı olardı ki, o, tövlədəki
atların miqdarını azaltmaqdansa, saraydakı eşşəklərin
sayını iki qat azaldaydı.
Təkcə bir ölkənin ərazisində deyil, beynəlxalq
münasibətlərdə də bir-birini aldatmağa geniş
yol verilir. Çünki ən sıx müttəfiqlik belə,
qarşılıqlı şübhələri aradan
qaldırmır, həqiqi etimada əsaslanmır. Müttəfiqlik müqaviləsi ilə
bağlananlar, sonradan müharibə cığırına
düşməklə, bir-birinə ağır zərbə
vurmağa çalışırlar. 1807-ci
ildə Napoleonla rus çarı I Aleksandr dostluqdan xəbər
verən müqavilə imzalamışdılar. Rusiya sonralar Britaniya ilə əlaqələri bərpa
etdiyinə görə, Napoleon Rusiyaya yürüş etdi və
nəticədə ağır məğlubiyyətlə
üzləşməli oldu.
Napoleon,
ondan 130 il sonra Hitler kimi ümid edirdi ki,
onun Böyük İmperiyası əsrlərlə
axırıncı imperiya olacaqdır. Hitler imperiyası kimi o
da yaranandan az sonra sürətlə tənəzzülə
uğradı. Burada iki başlıca səbəb var idi:
Böyük Britaniyanın dirçəlməsi və millətçiliyin
güclənməsi. Britaniyanın dirçəlməsi
əsasən onun dəniz qüvvələrinə borclu idi.
Britaniya uzun müddət ərzində
dalğaları idarə etdikcə hərbi hücumlar
üçün demək olar ki, heç də kövrək
olmurdu. Napoleon İngiltərəyə
müdaxilə etməyi də düşünürdü və
quruda əlbəttə, onun ordusu çox güclü idi.
Ona görə də bu müdaxilə
üçün gəmilər də toplanmışdı.
Lakin 1805-ci ildə Trafalqar
döyüşündə birləşmiş fransız-ispan
donanması admiral Nelsonun başçılıq etdiyi Britaniya
hərbi-dəniz qüvvələrinə üstün gələ
bilmədi, əksinə ağır məğlubiyyətlə
üzləşdi. Napoleon bu vaxt
Brataniyanı məğlub etmək üçün
üzünü özünün Kontinental Sisteminə tərəf
çevirdi. 1806-1807-ci illərdə həmin
sistem işə salındı, bu yolla Britaniya mallarının
Avropa qitəsinə çatdırılmasının
qarşısının alınmasına cəhd edildi. Bundan məqsəd Britaniyanı iqtisadi cəhətdən
zəiflətmək və onun müharibə aparmaq qabiliyyətini
məhv etmək idi. Lakin Kontinental Sistem
uğursuzluğa düçar oldu. Müttəfiq
dövlətlər Fransanın iqtisadi hegemonluğuna sıx
bağlanılmağa nifrət edirdilər. Bəziləri onu aldatmağa, digərləri isə
müqavimət göstərməyə başladılar.
Ona görə də qapını Britaniya ilə
əməkdaşlığa açdılar. Şərqi Aralıq dənizindəki və
Latın Amerikasındakı yeni bazarlar həmçinin
Britaniyanın itkilərini kompensasiya edirdi. Məhz bunlara görə də, 1810-cu ildən
Britaniyanın dəniz yolu ilə ixracı rekord səviyyəyə
qalxmışdı. Müttəfiqləri
Napoleonu aldadaraq Britaniya ilə əməkdaşlığı
və ticarəti bərpa etmişdilər.
İmperializmin “yalan” təməli
İmperializm tarixən yenidən canlanmaqla öz məqsədlərinə doğru hələ XVII əsrdə başlayıb, sonrakı dövrlərdə isə irəliləsə də, XIX əsrdə daha böyük miqyas almağa başladı. 1880-ci illərdən Avropa dövlətləri dənizlərin o tərəfindəki torpaqları geniş qaydada tutmağa başlayanda yeni imperializm adlanan bu hərəkat Asiya və Afrikanın parçalanmasına, ələ keçirilməsinə səbəb oldu. İspaniya, Britaniya, Rusiya imperiyaları artıq əvvəlki əsrlərdə təşəkkül tapmışdı. XIX əsr isə dünya ərazilərinin yenidən bölünməsi, Afrikanın bütövlükdə müstəmləkə ərazisinə çevrilməsi üçün xüsusi əhəmiyyətə malik oldu.
Britaniyanın ağ irqinin bu qitədəki uğurlu irəliləməsi həmin əsrin sonunda baş verdi. Bu istilaları, işğalları, torpaqların ələ keçirilməsini İngiltərədə elmi cəhətdən də sübut etməyə çalışırdılar. Londonda 1865-ci ildə nəşr edilən “Zəncilərin təbiətdə yeri” adlı “elmi” məqaləsində Ceyms Hatt Darvin nəzəriyyəsindən istifadə edərək zənciləri insanabənzər meymunlarla müqayisə edirdi. Britaniyanın böyük çətinliklə əzabından qurtulduğu quldarlığa o, haqq qazandırırdı. Belə bir mülahizə irəli sürmüşdü ki, britaniyalılar elə təkamülə məruz qalmışlar ki, onlar başqa xalqları idarə etməyə qadirdirlər, çünki onlar yüksək irqdirlər. Bir neçə onillikdən sonra, artıq XX əsrdə Hitler almanları təmiz arilər adlandırmaqla yüksək irq kimi təqdim edəcək və onun ağalığı üçün dünyanı yeni ən böyük miqyaslı və dəhşətli müharibəyə cəlb edəcəkdi.
Britaniya öz müstəmləkə siyasətini insanlığa məhəl qoymadan həyata keçirirdi, bu məqsədlə hər cür yalana və hiyləgərliyə əl atırdı. Bir ingilisin bu vaxtlar dediyi kimi, “Britaniyanın bütün vəziyyəti aldatmaya əsaslanırdı”. İngilislər Afrikada əraziləri birbaşa deyil, marionetkalar olan tayfa başçıları vasitəsilə idarə edirdilər, yerli başçı olmayanda isə özləri onu təyin edirdilər. XIX əsrin sonunda Böyük Britaniya Afrikada iri ərazilərə malik idi, oradakı inzibati başçılar hər şeylə: vergi toplamaqla, polis və məhkəmə xidməti ilə məşğul olurdular. Afrikanın böyük tədqiqatçısı şotland Devid Livinqston qitədə öz kəşflərini edərkən, “kömək etmək” şüarını irəli sürmüşdüsə, bu söz sonralar “idarə etmək” mənasını kəsb etdi. Lakin onun ardıcılları barədə də bəxti gətirmədi. İngilis Henri Morton Stenli ondan xəbər gəlməyən Livinqstonu axtarmağa göndərilmişdi və tapdıqdan sonra onunla birlikdə Tanqanika gölünü tədqiq etmişdi. Sonralar o, Belçika kralı II Leopoldun xidmətinə keçmişdi və onun müstəmləkəçilik siyasətinin həyata keçirilməsinə böyük köməklik göstərmişdi.
Əgər Livinqston göylərə yüksəlməyə cəhd edirdisə, müstəmləkə siyasətinə xidmət edənlər nəzərlərini torpağa, daha doğrusu, yerin təkinə dikmişdilər. Afrikada Britaniya məstəmləkəçiliyinin genişlənməsində Sesil Rodsun (1853-1902-ci illər) böyük fəaliyyəti olmuşdu, əslində o, 1880-90-cı illərdə imperiyanın siyasətini aparmışdı. İngilis müstəmləkəçiləri tərəfindən Cənubi və Mərkəzi Afrikada ərazi işğallarının təşkilatçısı olmaqla, onların bir hissəsi olan Rodeziya koloniyasını yaratmışdı. İndi həmin koloniyanın şimal hissəsi Zambiya Respublikasına, cənubu isə Zimbabveyə məxsusdur. O, 1870-ci ildə səhhətinə görə Cənubi Afrikadakı Natala göndərilmişdi. Oranc Azad Dövlətində almaz yatağı kəşf edildikdən sonra, bu sahədə öz bəxtini sınamaq üçün ora getmiş, Matabeles tayfa çarının güzəşti sayəsində 1888-ci ildə xeyli ərazi ələ keçirərək, onu Rodeziya adlandırmışdı. Bu ərazini 1896-cı ilə qədər təkbaşına idarə etmişdi. 1890-96-cı illərdə Kap (Keyp) koloniyasının baş naziri olmuş, Cənubi Afrikadakı Keypdən qitənin şimalındakı Qahirəyə qədər dəmir yolu çəkilməsinin layihəsini irəli sürmüşdü.
İmperializmin iri addımlarla irəliləməsi hesabına Britaniya Viktoriya epoxasında dünya əhalisinin 1/4-ə ağalıq edirdi. Vaxtilə ispan kralının dediyi sözü təkrar edib, kraliça deyə bilərdi ki, mənim imperiyamın üzərində Günəş batmır.
Afrikanın müstəmləkəçiliyi bir qədər uzun tarixə malikdir. Hələ XVII əsrin ortalarında burada yenicə məskunlaşmış hollandlar, sonra isə almanlar və fransızlar Kap əyaləti ərazisində böyük sahələri ələ keçirmişdilər. Kolonistlər arasında hollandlar çoxluq təşkil etdiyindən onları holland dilində “kəndli” mənasını verən “bur” sözündən götürülmüş “burlar” adlandırmağa başlamışdılar. Onlar həyasızcasına və qəddarlıqla yerli əhali olan buşmenləri məhv edir və yaşadıqları yerlərdən qovur, onların torpaqlarını və mal-qarasını əllərindən alırdılar.
Britaniya missionerləri XIX əsrin əvvəllərində yerli əhalinin burlar tərəfindən vəhşicəsinə, insanlığa yad qaydada məhv edilməsindən yazırdılar. Sonralar britaniyalılar da yerli əhali ilə eyni qaydada davranacaqdılar. Afrikalılar demək olar ki, qul vəziyyətində idilər. Öz əməllərini kalviniizmin ehkamları ilə ört-basdır edən burlar, dərisinin rəngi başqa olan adamları qul etmək barədə özlərinin “ilahi” hüquqa malik olduqlarını bəyan etmişdilər.
Sonralar burlarla ingilislər arasında başlanan mübarizədə burlar məğlub oldular. Burlar yalnız Oranc Azad Dövlətini yaratdılar. Lakin Orancda almaz dənələrinin, 80-ci illərin əvvəllərində isə Transvaalda zəngin qızıl yataqlarının kəşf edilməsi ona gətirib çıxardı ki, müstəmləkə siyasəti ilə iri ingilis şirkətləri məşğul olmağa başladı. Axı Hindistanın da müstəmləkəyə çevrilməsində hələ 1600-cü ildə yaradılmış və əvvəllər sırf kommersiya ilə məşğul olan İst-İndia şirkətinin ölçüyə sığmayan xidmətləri olmuşdu. Cənubi Afrikadakı şirkətlərin əməliyyatlarını, birja fırıldaqlarını mədən müəssisələrinin səhmləri hesabına varlanan Sesil Rods istiqamətləndirirdi. Bir neçə il ərzində o, almaz hasilatının çox sayda konsessiyalarını ələ keçirdi, sonra isə Cənubi Afrikadakı bütün almaz və qızıl hasilatını inhisara götürdü. Məşhur bankir lord Rotşildin dəstəyi ilə Rods öz dövrünün aparıcı maliyyə maqnatına çevrildi. O, Afrikada “Keypdən Qahirəyədək” olan bütöv müstəmləkə kompleksinin yaradılmasını arzu edirdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 1 mart.- S.19.