Rənglərin
simfoniyası
“Bir ömür gərək oldu ki, uşaqlıqdakı
kimi çəkməyi öyrənim”.
P.Pikasso
Bu ilin 25 yanvar tarixində Müasir İncəsənət
Muzeyində fitriətən istedadlı və gənc rəssam
Məryəm Ələkbərlinin fərdi sərgisinin
açılışı oldu. “YARAT!” Müasir
İncəsənət Məkanının rəhbəri, rəssam
Aida Mahmudovanın kuratorluğu ilə baş tutan sərgidə
ölkənin bir çox ziyalıları kimi mən də
iştirak edirdim...
...Məryəm
Ələkbərlinin rəsmlərində qəribə bir əsrarəngizlik
var. Bu rəsmlər sərgidə iştirak edən hər kəs
kimi məni də elə ilk andaca sehrlədi. Mən
müxtəlif ölkələrin ən zəngin muzeylərində
olmuşam, dünyanın bir çox məşhur rəssamlarının
işlərini görmüşəm. Ona
görə də əminliklə deyə bilərəm ki, bu gənc
qızın rəsmləri bənzərsizdir. Onun çəkdiyi rəsmlər rəssamın
özünəməxsus dünyagörüşünə, fərdi
üslubuna əsaslanır. Bu rəsmlərin
hər biri rəssamın zəngin daxili dünyasını, həyata
fərqli baxışını əks etdirir. Hər rəsmin
qarşısında xeyli dayanıb baxır, bu gənc və
istedadlı qızın zəngin daxili aləmi ilə tanış olmaqdan izaholunmaz zövq
alırdım. Sərgidə qələbəlik
olduğundan rəsmlərə rahat baxmaq imkanım olmadı.
Növbəti gün içimdə Məryəmin
rəsmlərini yenidən görmək, bu işlərə
tamaşa etmək ehtiyacı yarandı. Və mən
Müasir İncəsənət Muzeyinə üz tutdum, sərgiyə
ikinci dəfə tamaşa edərkən duydum ki,
açılışda aldığım təəssüratlar
daha da dərinləşməkdədir.
Sanki müsbət enerji ümmanına
düşmüşdüm. Sərgi
salonunda bir mən, bir də Məryəmin sirli-sehrli rəsmləri
var idi. Rəsmlərə tamaşa edə-edə
xəyalən Məryəmlə söhbətə
başladım. Məryəmin çəkdiyi
rəsmlərin hamısı sanki canlıdır, insanla lap elə
real həmsöhbət kimi ünsiyyətə girir.
Düzdür, mən rənglərin sirlərini Məryəm
qədər bilmirəm, Məryəm həm intuitiv
şəkildə rənglərin sirlərinə agahdır, həm
də hazırda Parisdə mükəmməl rəssamlıq təhsili
alır. Amma Məryəmin yaradıcılığını
yalnız mükəmməl rəssamlıq təhsili alan peşəkar bir rəssamın
yaradıcılığı kimi də xarakterizə etmək
istəməzdim, çünki bu, bənzərsiz bir
yaradıcılığı çərçivəyə
salmaq olardı. Birdə ki, bu istedadlı gənc
qızın yaradıcılığında məhz istedad
amili, intuitiv başlanğıc daha güclüdür. Bu rəsmlər zəngin daxili aləmə, həyat
haqqında fərqli təsəvvürə malik istedadlı rəssamın
dünya ilə, ətraf aləmlə dialoqudur. Bu sənətin üstünlüyü ondadır ki,
Məryəm Ələkbərlinin rəngkarlığı
heç bir qəlibə, bölgüyə, metoda, qanunlara
sığmır. Bütün böyük
istedad sahibləri kimi, Məryəmin də
yaradıcılığı, demək olar ki, qanunauyğunluq
yox, istisnadır.
Məryəmin rəsmlərində natürmortlar, rəngbərəng
balıqlar, avtoportretlər, portretlər gözlənilməz
tərzdə əks olunubdur.
Mən Məryəm Ələkbərlinin
yaradıcılığı haqqında sənətşünas
kimi danışmaq, nəzəri araşdırma aparmaq
iddiasından çox uzağam. Rəssamlıq sənəti
ilə bağlı yetərincə məlumata sahib olsam da,
özümü bu sahənin mütəxəssisi hesab etmirəm.
Bir məsələ də var ki, Məryəmin
yaradıcılığı hansısa nəzəri modellərə,
elmi ümumiləşdirmələrə, “izmlərə”
sığmır. Şəxsən mən Məryəmin
rəngkarlığını hansısa bir cərəyana,
yaxud da konkret bədii istiqamətə aid etməkdə çətinlik
çəkirəm. Onun bəzi rəsmlərini
şərti olaraq, ekspressionizmə aid etmək olar. Amma qeyd etdiyim kimi, bu bölgü də şərti
xarakter daşıyır. Məryəm
Ələkbərlinin yaradıcılığı daha
çox intuitiv başlanğıcdan qidalanır və təbiət
hadisəsi xarakteri daşıyır. Görünür
ki, bu rəsm əsərlərini çəkmək
üçün yalnız analitik təfəkkür, rəssamlıq
bacarığı və peşəkarlıq vərdişi
kifayət etməz. Məryəm Ələkbərlinin rəsmləri
daxildən, rəssamın iç dünyasından
süzülüb gəlir, izaholunmaz bir formada kağıza, kətana
yansıyır. Məryəmin rəsmlərində
insanı cəlb edən, rəsmin qarşısında zaman
duyğusunu unudaraq dayanmağa sövq edən məhz müsbət
energetikadır, sehrdir. Gənc rəssamın
işlərinə tamaşa edərkən insanın
düşdüyü durumu, keçirdiyi hissləri
bölüşmək, heyran olmaq, zövq almaq, xəyala dalmaq
və sairəni söz birləşmələri ilə ifadə
etmək mümkün deyil. Tamaşaçı
Məryəm Ələkbərlinin fırçasından
süzülən rəsmlərə tamaşa edərkən məhz
ovsunlanır. Məryəmın
yaradıcılığı başdan-başa sirrdir, sehrdir.
Bu sehrin içində böyük bir sirr (Məryəmin
“içinin içində” Yunis İmrə) gizlənir. Nədədir bu “sirr”in sirri, bu nə sirrdir ki,
möcüzələr yaratmağa qadirdir? Bax, bunu bilmək, daha dəqiq desək, bu sirrdən
agah olmaq görünür ki, hələ sonacan heç kəsə
nəsib olmayıb. Bizə də yalnız bu fövqəladə
istedadlı rəssamın “ruhunun gördüklərini” kətana
köçürməsi nəticəsində yaranan mükəmməl
sənət nümunələriylə dialoqa girmək səadəti
qismət olub...
Duyduqlarımı
şükranlıqla qəbul edib, sərgidə Məryəmin
rəsmlərini öyrənməyə davam edirəm...
Sərgidən bütün varlığımı
çulğalayan nikbin bir əhval-ruhiyyə ilə
çıxdım. “Məryəm” adlanan kataloqu da
özümlə götürmüşdüm. Evə gəlib,
yenidən Məryəm adlanan bu sehirli dünyaya müraciət
edəcəyimə heç bir şübhəm yox idi. Bu dəfə
müraciətim kataloq vasitəsilə baş verdi.
Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla
çap olunan kataloqda istedadlı gənc rəssamın sərgidə
nümayiş etdirilən 60-a gədər işi toplanıb. Kataloqda portret, natürmort,
kompozisiyalarla yanaşı, həm də gənc rəssamın
bənzərsiz yaradıcılığı haqqında
dünyanın məşhur sənətşünaslarının,
incəsənət xadimlərinin – sənətşünaslardan
Tyerri Düfren (sənətşünas və müasir incəsənət
tarixçisi, Parij-10 universitetinin professoru, Fransa), Jeni de Bert
(incəsənət tarixi üzrə mütəxəssis, sənətşünas,
Roma Gözəl Sənətlər universitetinin müasir incəsənət
üzrə professoru), Olqa Sviblova (Məryəm Ələkbərlinin
Moskva Müasir İncəsənət Muzeyində keçirilən
sərgisinin kuratoru, sənətşünas, Rusiya), fransız
aktrisası Jülyet Binoş –
fikirləri, eləcə də dünyanın müxtəlif
ölkələrində keçirilən sərgilərdən
fotoşəkillər yer alıb.
Kataloqun üz qabığında təsvir olunmuş
“Qız başı” (kağız, yağlı boya. 2012)
adlı portretdən gözümü çəkə
bilmirdim. Bu portret təmiz, sırf rəngkarlıq nümunəsidir.
Rənglərin bir-biri ilə münasibəti,
üzvi şəkildə bir-birinə keçidi portretə
maraqlı bir rəng kompozisiyası verir. Portretdə
gümüşü-qızılı rənglər bir-biri ilə
üzvi vəhdət təşkil edir ki, bunun da nəticəsində
sözügedən rənglər biri o birinin davamı kimi
oxunur.
Məryəm rənglərin vəhdətini sevir. Bu, onun əsərlərindəki
kompozisiya labirintlərində aydın görünür.
Rəssam nə bir rəngə, nə də ki,
bir formaya o birini üstələməyə imkan vermir.
O, dairəvi formalara üz tutur ki, bu da rəssamın
qeyri-düzxətli düşüncə tərzindən xəbər
verir. Dairədə hər şey birləşir,
onları ayırmaq, kəskin sərhədlər qoymaq
qeyri-mümkündür.
“Sarı
Buket” (kətan,akril . 2011) lərində həm
başqa bir rəngə qarışmayan bakirə rənglər,
həm də mürəkkəb rəng kompozisiyaları
hökm sürür.
Jeni di
Bert deyir: “Məryəmin yaradıcılığı
yaradıcılıqla həyatın sıx əlaqəsinin
simvoludur”, “Məryəmin əsərləri şadlıq himnləridir”.
Məryəmin təsviri dilinin kökü həyatdan
rişələnir.
İstedadlı gənc rəssam əlimizdən tutub bizi
yuxu, fantaziya və gerçəkliyin kəsişmə
nöqtəsinə aparır. Bura onun yuxularının məkanıdır...
fantaziya da onunkudur... Gerçəklik də Məryəmin
gerçəkliyidir. Burada Məryəmin sonsuz səmimiyyəti
var, həqiqəti var, kəşfi var, munis təbiəti
var...
Onun rəsmlərinin
mənbəyi sirlər dünyasından qidalanan güclü müsbət
enerjiylə zəngindir. Bu əsərlərə
çox diqqətlə baxarkən seyrci-tamaşaçı ilə əsər
arasında sanki bir dialoq yaranır. Məryəmin rəsmləri
danışır... Bu əsərlərin
tamaşaçıya möhtəşəm təsirinin sirri
onun bir anın içində tamaşaçıya nüfuz
etməsi ilə bağlıdır. Məryəmin
rəsmlərində çox böyük suggestiya var. Bu rəsmlərə
sadəcə rəsm əsəri kimi baxmaq, onların sehrinə
düşməmək mümkün deyil.
Görürük ki, Məryəm intuitiv olaraq, gen
yaddaşıyla milli köklərinə sıx
bağlıdır. Məryəmin nə forma, nə
də rəngləri biri digərinə münasibətdə
ikinci dərəcəli rol oynamır. Bu əsərlərdə
istər forma, istərsə də rəng tamhüquqlu ifadə
vasitələridir.
Sərgidə nümayiş olunan rəsmlərin içərisində
portretlər və avtoportretlər üstünlük təşkil
edir.
“İradənin
xalça fonunda portreti”ndə (kağız,yağlı
boya. 2011) ağ-gümüşü rənglərin çəhrayı,
bənövşəyi, qara rənglərlə vəhdətindən
doğan əhval-ruhiyyə tamaşaçını bu sirli
qadın barədə düşüncələrə qərq
edir. Portret adama qeyri-adi xoş əhval bəxş
edir. “İradənin xalça fonunda
portreti”ndə çox güclü milli kolorit var. Rəsmdə,
əslində, xalça yoxdur. Qırmızı,
sarı, yaşıl rənglərin hökm sürdüyü
fonda heç bir milli ornamentə rast gəlinmir.
Ancaq buna baxmayaraq, rəsmin ruhunda güclü
millilik duyulur. Tamaşaçı bu rəsmə baxanda
xalçanı təsəvvür edir.
“İradənin
portreti” (kağız,yağlı boya. 2012)
Müasir İncəsənət Muzeyinin
kolleksiyasındadır. Bu portret ekspressionizmin
parlaq nümunəsi hesab oluna bilər. Portretdən
aldığı təəssürat insanı laqeyd
buraxmır. Gümüşü-qara rənglərin
çəhrayı-bənövşəyi rənglərlə
vəhdəti Məryəmin kübar rəng duyumundan xəbər
verir.
“Axşam
libası”nda (kağız, yağlı boya. 2012) qırmızı fonda verilən
qadının duruşundan ziyafət əhvalı
yayılır. Burada Məryəmin
qırmızı, qara və qızılı rəngləri
qovuşaraq, qeyri-adi bir harmoniya yaradır. Bu
rəsmdən bayram ovqatı saçılır.
“Axşam
libası”nda modelin – qadının psixoloji vəziyyəti Məryəmin
yaradıcı
intuisiyasından enerji alan rəssam
fırçasının rəng yaxmaları vasitəsilə
ustalıqla açılır.
Məryəm Ələkbərlinin
yaradıcılığında “güzgülər
seriyası” mühüm əhəmiyyət daşıyır. Xüsusən,
“güzgü önündə” silsiləsindən olan portretlər
böyük maraq kəsb edir. “Güzgü
önündə ¹ 6” (kağız, akril. 2012) adlı rəsmdə
rəssamın iri girdə gözlərinin təsirinə
düşməmək olmur. Portretin
önündə dayanıram. Düşünürəm
ki, bu gözlər mənə baxır. Sonra
anlayıram ki, gənc rəssam öz daxili mənəvi aləminə
boylanır, girdə formalı gözləri isə zəngin rənglərin
və formaların hökm sürdüyü bakirə
dünyasına yönəlib. Rəssam
narıncı rəngdən dekorativ naxış kimi istifadə
edir, konturun qara rəngləri bənövşəyi rəngə
qarışaraq, portretin emosional təsir gücünü
artırır.
“Valerinin
portreti” (kətan,yağlı boya. 2013) təmiz
ekspressionizm nümunəsidir. Nədənsə Məryəm
burada bir parça ağ kətana heç
toxunmayıb. Rəssam kətan üzərində
qırmızı, qara, ağ və
gümüşü rənglərin rəqsini yaradır. Fon gümüşü-bozdur. Rənglərin
belə kontrast münasibəti sürətli ritm yaradır.
Bu işdə ritm çox güclüdür.
Qara və
qırmızı rənglərin koloritindən yaranan
“Fridanın portreti” (kağız,yağlı
boya. 2011) modelin xarakterini canlandırır. Rəsmdə
Fridanın iç dünyası ən dərin qatlarına qədər
açılır.
“XVII əsr
rəssamının portreti”(kətan,yağlı
boya. 2013) sübut edir ki, Məryəm
Ələkbərli rəngkarlıq sənətinin klassik ənənələrinə
də dərindən yiyələnib. Burada təmiz
rəng yoxdur, çox mürəkkəb rəng partiturası
var. Bu portreti yaradarkən rəssam XVII əsr rəngkarlığının
zəngin ənənələrinə söykənib.
Ekspressionizmin
təntənəsi kimi yadda qalan “Şarpantyedəki
qadının portreti” (kətan,yağlı
boya. 2013) fövqəladə gözəl sənət əsəridir.
Bu portret də Məryəmin bütün rəsmləri
kimi rəng seçimi baxımından olduqca maraqlıdır.
Sərgidə nümayiş olunan rəsmlərə nəzər
saldıqca, rəssamın qızılgülləri çox
sevdiyinin şahidi olduq. Onun bir çox rəsmlərində qızılgülün
müxtəlif növ və çalarlarından istifadə
olunub. “Şarpantyedəki qadının portreti”ndə tənha qızılgül rəsmə
xüsusi gözəllik, cazibə, bir az da
qüssə verir və açması yəqin ki, çox
sirlidir... Kətanın sağ küncündə yer alan qara ton rəsmi daha da maraqlı edir. Mükəmməl, qeyri-adi rəng seçimi və
rənglər arasındakı paradoksal münasibət bu
portretə güclü suggestiya bəxş edir.
Pastellə
işlənmiş “Leonardın portreti”ndə (kağız,pastel. 2013)
qarışıq rənglərdən ustalıqla istifadə
olunub. Natamamlıq yoxdur. Hər
iki tərəfdə – sağda və solda olan rənglərin
– zümrüdü-qara rənglərlə qırmızı-qəhvəyi-narıncının
təzadı əsəri daha da maraqlı edir.
Leonardın üzü bir tərəfdən
qırmızı-narıncı, digər tərəfdən isə
yaşıl-zümrüdü-qara fonda
verilir. Kölgə də çox
maraqlıdır. Böyük sirrin hökm
sürdüyü bu işdə kosmik bir müəmma var.
Leonard isti və soyuq rənglərin fonunda verilib. Bu iki rəngin münasibəti əsəri sanki tən
ortadan iki yerə ayırır. Bu hissələri
Leonardın üzü birləşdirir.
“Qogenin qızı” (kağız, yağlı boya. 2012)
bir qədər Afrika maskalarını xatırladır. Ancaq
adından da bəllidir ki, bu qız, əslində, Qogenin Taiti
adasında yaşadığı dövrdə onu əhatə
edən yerli qızlardandır. Bu da Məryəmin
təsəvvüründəki Qogenin qızıdır.
“Silviya”
(karton,qarışıq texnika. 2013) portretində kübar fransız
xanımı təsvir olunub. Çox qəribə
kompozisiya quruluna malik olan portretdə rənglərin təzadı
eyni zamanda həm klassik, həm də müasir rəngkarlıq
nümunələrini xatırladır.
“Muncuqlarla
avtoportret” (faner,pastel. 2013) adlı rəsm
bu sərgidə yeganə portretdir ki, müəllif klassik rəngkarlığın
qaydalarına əməl etməyə çalışıb.
Amma bu işində də Məryəm öz
üslubuna sadiq qalaraq, sonradan klassik kompozisiya quruluşunu
dağıdıb. Portretdə predmetin
xarakteri açıq-aşkar duyulur.
“Lükün
portreti” (kağız,pastel, 2013) gözəl
bir qrafika nümunəsidir. Rəssam bu işində
Fransız rəngkarlıq məktəbinin ənənələrini
davam etdirir və eyni zamanda, fərdi üslubuna sadiq qalaraq
öz əlavələrini də etməyi unutmur.
“Ayşənin
portreti”ndə (kətan, akril. 2013) rənglərin münasibəti
maraqlıdır. Soyuq və isti rənglərin
vəhdətindən doğan kontrast rəsm əsərinə
dərinlik bəxş edir. Boz-gümüşü
soyuq rənglərin fonunda isti rənglərin qovuşması
maraqlı portretin ortaya çıxmasına səbəb olur.
Bu rəsmdə mürəkkəb rəng
koloriti var, təmiz rəng bircə qaradır.
“Rozmari” çimərliyi (kətan,akril. 2012) sehrli-sirli bir peyzajdır. Bu peyzaj ekspressionizmin parlaq nümunəsidir. Rəssam rənglərin dili ilə, yüksək rəngkarlıq texnikasıyla dənizin təlatümünü, qayaları yuyan dalğaların ekspressiyasını çatdırmağa nail olub. Bu əsərin qarşısında dayananda dənizin rütubətini, yosunun qoxusunu, havadakı küləyi, dalğalardan ətrafa sıçrayan su damcılarını hiss etmək olur. Məryəm bu peyzajda daxili təbəddülatını narahat rəng yaxmalarıyla ifadə edə bilir. Kontrast rənglərin bir-birinə mane olmadan yaşadığı bu əsrarəngiz sənət nümunəsi fərqli boya sintezi, parlaq kontrastlı rənglərin doğurduğu palitra sayəsində rəssamın ekspressionist düşüncəsinə heyranlıq yaradır.
Gümüşü-yaşıl rənglərdən geniş istifadə olunan “Kalla” (kətan,akril. 2012) natürmortunda konkret qara fonda kalla gülləri təsvir edilib. Maraqlıdır ki, bu rəsmdəki güllərin biri digərinə bənzəmir. Sanki bu kallaların hər birinin öz taleyi, öz bioqrafiyası var..
Jeni di Bert yazır: “Məryəmin təcəssümü olan mənəvi ehtiyacların bir qismi bizə bəllidir, digər qismi isə gizlində qalır və biz hələ onları özümüzçün aşkar etməliyik və çox güman ki, axtardıqlarımız hərdən üzə çıxan bu qara (isti/soyuq, təzə-tər/solğun, parlaq/tutqun) rəngin altında gizlənibdir. Qara rəng zülmətin ifadəsi deyil, o, rəsmin elə ayrılmaz tərkib hissəsidir ki, elə biləsən, işığın bir anlığa söndürülməsinə qərar verilib, ancaq bununla yanaşı, həmin məkanda daxildən gələn bir aydınlanma da var”.
“Valerinin portreti”, “Axşam libası”, “Güzgü önündə ¹ 6”, “Fridanın portreti”, “Qara paltarlı qız”, “XVII əsr rəssamının portreti”, “Şarpantyedəki qadının portreti”, “Rüstəmin portreti”, “Qogenin qızı”, “İradənin portreti”, “Qız başı”, “Jülyetin portreti”, “Lalənin portreti”, “Avtoportret”, “Ağrı”, “Məryəm və göyərçin”, “Narıncı qadın”, “Rəssamın bənövşəyi tonlarda portreti”, “Novruz”, “Çılpaq” və s. kimi rəsmlərdə, həqiqətən də, qara rəng zülmətin ifadəsi deyil və mənə elə gəlir ki, bu rəngin altında çoxlu sirlər gizlənib. Və bu sirlərdən yalnız Məryəm agahdır...
“Kompozisiya ¹12”-də (kətan,akril. 2012) Məryəm qırmızı, sarı, qara və ağ rənglərin dili və plastikası ilə doğma diyarının rahiyəsini bizə duydurur. Rənglərin və rəngli elementlərin plastikası rəssamın genetik intuisiyasından rişələnir. Məryəm bu əsərində rənglərin plastikası ilə Azərbaycan xalq musiqisinin gözlənilməz və yeni təsviri düşüncənin nümunəsi olan obrazını yaradır. Bu işdən milli muğam sənətimizin, xalq musiqi mədəniyyətimizin ruhu, Qobustan qayalarının ab-havası duyulur.
Məryəmin “Ağ qızılgüllər”, “Göy vazada buket”, “Mavi fonda natürmort”, “Sarı qızılgüllər”, “Natürmort”, “Meyvə və ağ bardaq ilə natürmort”, “Qızılgüllər, qızılgüllər, gızılgüllər...”, “Yaşıl fonda buket”, “Sarı buket” natürmortlari, sanki onun məsum mənəvi dünyasını güzgüləyir. Buradakı ağlagəlməz dərəcədə qarışıq boyalar Məryəmin duyğularının, ruhunun rəngləri kimi yadda qalır və eyni zamanda da, əsrarəngiz bir gözəlliyin rəmzi təsiri bağışlayır. Bu əsərlər Məryəmin izaha gəlməyən böyük istedadından, onun nikbin inamından xəbər verir.
“Çiçəklənən vadi” (kətan, akril. 2012) peyzajı, mənə görə, sərgidəki ən maraqlı rəsmlərdəndir. Peyzajda günəşli vadi təsvir olunub. Rəsm əsərində yaşıl rəngin istidən soyuğa qədər bütün çalarları əksini tapıb. Burada yaşıl rəng bənövşəyi rənglə kontrast təşkil edir. Bu işdə Matisin, Səttar Bəhlulzadənin ruhu yaşayır.
Məryəmin rəsmlərində mənbəyi sirlər dünyası olan güclü müsbət enerji hakimdir və bu əsərlərin tamaşaçıya möhtəşəm təsirinin sirri yəqin ki onun bir anın içində ruhumuza nüfuz etməsi ilə bağlıdır. Daha öncə qeyd etdiyim kimi, Məryəmin rəsmlərinə sadəcə rəsm əsəri kimi baxmaq, onların sehrinə düşməmək mümkün deyil, çünki onların müəllifi sənətdə mütləq azadlığın dadını dadmış, onun rəngini görmüş, “ruhunun gördüklərini” kətana köçürən, boyaların simfoniyasını yaradan Məryəm Ələkbərlidir. Ona bu yolda güclü olmağı arzulayırıq!
ƏDALƏT
Əməkdar İncəsənət
Xadimi,
sənətşünaslıq namizədi
525-ci qəzet.-
2014.- 1 mart.- S.16-17.