Bu dünyanı nağıl bildi...
Tanınmış yazıçı-alim
Aslan Qəhrəmanlının vəfatından 40 gün
ötür
Təsadüfə
bax: onunla ilk şəxsi tanışlığım məhz
bu gün – martın 1-də baş vermişdi. Düz 11 il əvvəl...
O, Vergilər Nazirliyində yeni nəşrə
başlayacaq elmi-praktik
jurnalın baş redaktoru olacaqdı, mənsə məsul
katibi...
Mən
onu – 1980-ci illərin məşhur “Səni axtarıram”,
“Bağışla” və “Səndən xəbərsiz” üçhissəli telepyesinin
ssenari müəllifini tanımaya bilməzdim. Elə ilk
görüşümüzdəcə hələ o vaxtlar biz tərəflərdə
həmin müəllif haqqında danışılan əfsanəni
xatırladım: boylu-buxunlu, varlı-hallı bir adamdı,
yaxşı vəzifəsi var, boş vaxtlarında da
özü üçün yazır... Hətta
“yazdırır” deyənlər də olurdu.
İlk söhbətimizdə özünə də
söylədim bunları. Gülümsədi, sonra da bir siqaret
çıxarıb qoydu damağına: “mən də
uşaqlıqdan nağılsevən olmuşam...” – dedi... Bununla sanki mənim danışdıqlarımın
da bir nağıl olduğuna işarə vururdu.
...Aslan
müəllim boylu-buxunlu adam deyildi, amma mənəvi-əxlaqi
zənginliyi ilə çox uca bir şəxsiyyət idi...
...Aslan
müəllim varlı-hallı adam deyildi,
amma gözütox, halal qazancı ilə, necə deyərlər,
bəy kimi yaşayan səxavətli bir kişi idi...
...Aslan
müəllim bədii mətn yazmağa boş
vaxtlarını yox, bütün ömrünü sərf eləmişdi...
Özü üçün deyil, bizim üçün,
oxumağa ehtiyacı olanlar üçün yazırdı...
“Tərcümeyi-hal”ından
onu tanıyanların hamısı halidi, təbii ki... Vəfatı ilə bağlı mediada
yayılmış bioqrafik məlumatları və fotoşəklini
də, məncə, hamı eyni mənbədən –
vikipediyadan götürüb (http://az.wikipedia.org/wiki/Aslan_Qəhrəmanlı).
Bu mətni özü yazmışdı, bilirəm... Səlislik,
dəqiqlik, aydınlıq, konkretlik – onun təkcə yazı
üslubu deyildi, həm
də xasiyyəti idi, həyat tərzi idi... Şəkli də özü
seçmişdi – təxminən 70 yaşındadı...
Simasında nur, baxışlarında qətiyyət və həyat
eşqi, geyimində sadəlik və sərbəstlik... “Daxilən
azad adam” – deyirlər ha, bax, Aslan müəllim
elələrindən idi... Hətta institut
direktoru, universitet rektoru olarkən də öz mənəvi
azadlığını, daxili sərbəstliyini heç nəyə
dəyişmədi.
“Azərbaycanın
vergi xəbərləri” jurnalında düz 7 il
birgə çalışdıq... Onun geniş
dünyagöürüşü, dərin erudisiyası,
yaşının ahıl çağında da yeniliyə,müasirliyə sönməz-səngiməz
marağı, öyrənmək həvəsi heyranedici idi.
Mükəmməl bilmədiyi mövzudan, xəbərdar
olmadığı işdən, dürüstlüyünə
inanmadığı məsələdən
danışmağı sevməzdi...
Aslan
müəllimin uzun illər həmkarlıq və dostluq etdiyi
AMEA-nın müxbir üzvü, professor Akif Musayevlə birlikdə
Azərbaycanda vergi maarifçiliyinin təbliği, vergi mədəniyyətinin
formalaşması üçün gördüyü
sanballı işlərin dəyəri ölçüyəgəlməzdir.
Aslan müəllimin bu sahədəki fəaliyyətini Vergilər
Nazrliyi rəhbərliyinin necə yüksək qiymətləndirdiyinin
şahidiyəm... Onun Akif müəllimlə birlikdə
yazdığı “Vergilərin əhəmiyyəti və ya
yeddi nağıl axşamı” adlı dərs vəsaiti orta
ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərində
cəmiyyət və iqtisadiyyat üçün çox
böyük əhəmiyyət daşıyan vergilər
haqqında ilkin təsəvvürlər yaradan sanballı nəşrdir.
Orta məktəblərin III-V və VI-VIII siniflər
üçün “Vergilər” adlı dərs vəsaitlərinin,
həmçinin, “Vergi mədəniyyəti” və “Vergi ensiklopediyası”
kitablarının da araya-ərsəyə gəlməsinə
həmmüəlliflərdən biri kimi Aslan müəllimin əvəzsiz
xidmətləri olub.
O, baş
redaktor vəzifəsindən könüllü getdi... Jurnalın nəşrə başlamasının
düz yeddinci ilinin tamamında, növbəti nömrəni
çapa imzaladıqdan sonra ərizəsini yazdı. Bu ərizəni
geri götürmək barədə təklif və xahişlərə
isə cavabı belə oldu: “ta qocalmışam, istirahət
etmək, bir az da yazılarımla məşğul
olmaq istəyirəm”.
Amma
özü istədiyi kimi istirahətə imkanı olmadı
yenə...
Fizika-riyaziyyat
elmləri namizədi, dosent kimi pedaqoji fəaliyyətini davam
etdirdiyi Azərbaycan Universitetinin rektoru olmağa razılaşdı...
Müvəqqəti... Bu yüksək vəzifədə də istədiyi
qədər qala bilərdi... İstəmədi...
Rektor vəzifəsində
ilk iş günündə baş vermiş qəribə hadisəni
isə özü ilıq bir təbəssümlə
danışmışdı mənə: “...Həmişə gəlib
getdiyim universitetdi. Yenə iş vaxtı qurtardı,
yır-yığışımı edib kabinetdən
çıxdım,
liftlə aşağı endim... Avtobus
dayanacağına sarı piyada getməyə başladım.
Yanımca bir avtomaşının gəldiyini
gec gördüm. Bir az irəlidə
sürücü maşını əyləyib,
düşdü. Mənə yaxınlaşdı: “Müəllim,
bu sizin xidməti avtomobilinizdi, mən də
sürücünüzəm”, – dedi...”
Rektorluqda
bircə “qazancı” oldu: uzun illər uzaq durduğu mobil
telefondan istifadə etmək məcburiyyətində qaldı,
axır ki...
Bax, beləcə...
Aslan müəllim nə isti, rahat kabinetdə əyləşməyə,
əmr və göstərişlər verməyə həvəsli
idi, nə də xidməti avtomobildən gen-bol istifadə etməyə...
Bir ilin tamamında rektorluqdan istefasını verib getdi, hətta
pedaqoji fəaliyyətə də nöqtə qoydu.
“Azadlığa
çıxdığı” günün səhərisi mənə
zəng elədi: “Çoxdan bəzi yazılarımı
kompüterdə yığdırmışam, bir kitab çap
etdirmək istəyirəm, kömək elə” – dedi... Köməyim
o kitabın nəşrə hazırlanması və çapı
üçün texniki işləri görməkdən
ibarət oldu ki, bunu da mən işlərimin çoxluğu səbəbindən
bir az ləngidirdim... Zəng edirdi: “Nə yerdədir?” Xəcalətlə
cavab verirdim: “Yekunlaşdırmağa
çalışıram”. “Ayə,
qoca kişiyəm, bu gün-sabah dığırranıb gedəjəm,
tez ol” –
zarafat saydığım bu sözlərin heç bir il də
keçmədən gerçəyə dönəcəyinə
qətiyyən inanmırdım... Adını
“Simmetriya” qoyduğu bu kitabı aprelin sonuna hazır etdik.
Çap olundu, bundan əvvəl də birlikdə nəşrə
hazırladığımız “Daşa dönmüşlər
şəhəri” və “Parodiyalar” kitabları kimi
“Simmetriya”nın da əsas tirajını təmənnasız
olaraq respublikanın bütün kitabxanalarına paylanması
üçün Mədəniyyət və Turizm Nazirliyinin
Kitab kollektoruna aparıb verdik... Hər üç kitabı
Aslan müəllim öz şəxsi vəsaiti hesabına
çap etdirmişdi...
Nə qədər
şablon cümlə də olsa, deyəcəyəm: o, ədəbiyyata,
bədii yaradıcılığa canı-könüldən
bağlı idi. Azərbaycan ədəbi mühitinə, öz
dövrünün ədəbiyyat adamlarına və
onların yaradıcılığına həsəd
aparılası bələdliyi vardı... Azərbaycan
ədəbi dilinin incəliklərini bilirdi və öz əsərlərində
də bu incəliklərdən məharətlə istifadə
edirdi. Uşaqlıqdan şifahi xalq ədəbiyyatına göstərdiyi maraq onun
öz yaradıcılığında da nağılların,
nağıl-pyeslərin geniş yer tutmasını şərtləndirmişdi...
Azərbaycan radiosunda səsləndirilmiş 13
nağıl-pyesi, yəqin ki, bu gün də audioarxivdə
qalır.
Məncə,
Azərbaycan televiziya məkanında heç indinin
özündə də populyarlıqda “Səni axtarıram”,
“Bağışla” və “Səndən xəbərsiz”i
üstələyəcək
teletamaşa və ya serial yoxdur. Hazırda “youtube”
internet portalında asanlıqla tapılıb baxılması
mümkün olan həmin tamaşalar gəncliyi 1980-ci illərə
düşən hər bir azərbaycanlının qəlbində
həzin və kövrək duyğular oyadır...
Məncə, Aslan müəllimin ədəbi
yaradıcılığı ciddi elmi araşdırmaya
layiqdir. O,
ictimai gerçəklikləri, həyat həqiqətlərini
özünəməxsus ifadə tərzi ilə, xüsusən,
nağıllarında cəmiyyətə sağlam mənəvi-əxlaqi
ismarıclar göndərmək bacarığı ilə ədəbiyyatşünasların
diqqətini cəlb etməlidir.
...Ötən
ilin yayında, bəlkə də ömründə ilk dəfə,
dədə-baba yurdu Ağstafaya uzunmüddətli istirahətə
gedəndə oradan birbaşa Bakıya, xəstəxanaya gətiriləcəyini,
bu xəstəliyin onu belə sürətlə ömrün
qürubuna çatdıracağını gözləmirdi
Aslan müəllim... Hətta ilkin müalicə
aldığı Urologiya Xəstəxanasına ona baş
çəkməyə gedəndə əhval-ruhiyyəsinin, həmişəki
tək, yüksək olduğunu görüb xeyli
rahatlanmışdıq... “Sağlıq olsun, burda
gördüklərimdən yazacağam” – demişdi... Amma amansız xəstəlik payıza doğru
şiddətləndi və ona yaradıcılıq imkanı
tanımadı. Xəstəxanaların
ünvanları dəyişsə də, səhhətində
yaxşılığa doğru ciddi dəyişiklik baş
vermədi.
Ötən
ilin dekabrının son günü telefonumda onun zəngini görəndə
təəccübləndim... Səsi də
gümrah gəlirdi. Hal-əhvalının babat
olduğunu söylədi, yeni ilimi təbrik etdi və... “Axırıncı kitabımın elektron
versiyası səndədir. Orada bir hekayəm
var – “Öləndən sonra vəsiyyət”. Ayrıca
fayla köçür, “Azadlıq” radiosunun internet səhifəsindəki
“Oxu zalı”na göndərəcəm onu, orada
yazıçıların əksəriyyətinin
yazıları var, məndən heç nə yoxdur”, – dedi...
Bunu edəcəyimə söz verib, ona yeni ildə
sağlamlığına qovuşmağı arzulasam da, hekayənin
adından üşərgələndim... (Aslan müəllimin
vəfatından bir neçə gün sonra hekayəni “Oxu
zalı”na göndərdik, əməkdaşları
sağ olsunlar, dərhal da orada yerləşdirdilər –
http://www.azadliq.org/content/article/25237699.html).
Növbəti
zəngində isə artıq nə səsində əvvəlki
gümrahlıq vardı, nə də bu işi
görüb-görmədiyimi soruşmağa halı... Eləcə “ölürəm, Süleyman mənə
qan verə bilərmi?” – dedi. Xətrini çox istədiyi
həmkarımız Süleyman Qaradağlını nəzərdə
tuturdu... Bir müddət əvvəl də onun
könüllü donorluğu müəyyən qədər
dada çatmışdı...
Bu dəfə isə nə donor qanı, nə də ailəsinin
və dostlarının onu xilas etmək üçün
göstərdikləri fədakar cəhdlər kömək ola bildi...
Yanvarın
20-də səhərə yaxın Aslan müəllim
nağıllarına inanmayıb, öz
nağıllarını qurduğu bu dünyaya əbədi
göz yumdu...
Həmin gün xəbər portallarında bu məşum
xəbər onun yaxın dostu Tofiq Abdinə istinadən
yayılmışdı. Özü də ölüm tarixi 19 yanvar göstərilməklə...
Bu
yanlışlıqla bağlı Tofiq müəllimin sonradan
bizə dediklərini
xatırlayıram:
“Canım, ölümdən qorxduğumu bildiyindən
Aslan həyat yoldaşına tapşırmışdı ki,
bu xəbəri zəng edib mənə deməsin. Mən də
başqa birisindən eşitdim... Tarixin nə dəxli var ki?..”
...Sabah
Aslan müəllimin 40 mərasimidi. Tofiq Abdin bu tarixi görə
bilmədi... “Tarixin yanlışlığı”nı
düzəltmək üçün özü Aslan müəllimin
olduğu dünyaya köçdü... Nağılların və
yanlışlıqların bitdyi dünyaya...
Allah hər
ikisinə rəhmət eləsin!
Elşən ƏLİYEV
525-ci qəzet.-
2014.- 1 mart.- S.14.