Yaşam boyu sürən dostluq (Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu)
Mənsub olduqları xalqın mədəniyyət və
mənəviyyat tarixində mühüm izlər qoyan şəxsiyyətlərin
dostluğu, qarşılıqlı insani münasibətləri,
onları biri-birinə bağlayan gözəgörünməz
tellər məni həmişə maraqlandırıb,
düşündürüb.
Çünki sənət adamlarının dostluğu
(söhbət növbətçi sağlıqlar, tostvari rəylər,
yaxud yubiley məqalələri səviyyəsindəki
dostluqdan getmir) heç də asanlıqla baş tutan məsələ
deyil. Yaradıcı şəxsin öz həmkarının
uğurunu həzm etməsi, üzdə deyil, ürəkdə
sevinməsi, xudbin şəxsi hissləri bir tərəfə
ataraq milli maraq və peşə təəssübü
baxımından həqiqi iftixar duyması çətin
işdir. Bu təkcə hər şeyin həmişə
daha ifrat xarakter aldığı Şərqdə deyil, Avropada
da belə olmuşdu. Və belədir.
Sadəcə, məşhur “Motsart və Salyeri” sindromunu
xatırlamaq kifayətdir...
Bizə gəldikdə
isə...
İndi cəmiyyətimizdə iddialılıq, bəyənməzlik,
alçaq dağların yaradıcısı olmaq, nəyinsə
banisi sayılmaq mərəzi o qədər geniş
yayılıb ki, müasirlərimizlə bağlı bu barədə
sadəcə danışmağa lüzum görmürəm.
Amma tarixi təcrübə də var.
Nizami Xaqaninin vəfatı münasibəti ilə
yazdığı təsirli mərsiyədə taleyin ədalətsizliyindən
şikayətlənir, ölümünə mərsiyəni
dostu Xaqanidən umduğu halda bu acı vəzifəni
özünün icra etməsindən ürək
ağrısı ilə söz açırdı.
Vaqiflə
Vidadinin – fələyin bir-birindən acı, amansız zərbələrini
yesələr də, “dünyanın əzabını toy-bayram”
sayan iki müdrik insanın, iki söz ustadının həyatlarının
sonuna qədər davam edən dostluğu da işıqlı
nümunələrdən sayıla bilər.
Mirzə
Fətəli Axundzadənin arxivində işləyərkən
onun həmin dövrün başqa böyük azərbaycanlısı,
eyni şəhərdə yaşadığı, eyni dövlət
qulluğunda çalışdığı Abbasqulu ağa
Bakıxanovla hər hansı münasibətini, dostluq əlaqəsini,
yaradıcılıq bağını aşkara
çıxarmağa çox
çalışmışdım.
Mirzə
Fətəlinin zəngin epistolyar irsində, rəsmi
yazışmalarında yalnız bir yerdə Abbasqulu
ağanın adına təsadüf
etmişdim. Qafqazın ali baş
komandanına ünvanladığı rəsmi raportda
böyük dramaturq maaşının azlığından,
ehtiyac içərisində yaşamasından, hətta
paltarının köhnəliyindən şikayətlənir,
özündən əvvəl həmin vəzifədə
çalışan polkovnik Bakıxanovun zəngin olduğu
üçün maaşa o qədər də ehtiyac
duymadığını rəhbərliyin diqqətinə
çatdırırdı.
Bakıxanovun
da şəxsən tanıdığı, hətta evində
olduğu Puşkinin
ölümü ilə əlaqədar özünün “Şərq
poeması” ilə birdən- birə Qafqazda və Rusiyada məşhurlaşan
gənc soydaşı, həmvətəni haqqında
hansısa bir fikir deməsi, münasibət bildirməsi
faktı ədəbiyyat tarixçilərinə bəlli deyil.
Sadəcə
bu qədər!
Sent-Ekzüperinin
sevgi haqqında dəqiq müşahidənin məhsulu olan məşhur fikri
var. “Balaca şahzadə”nin müəllifi deyirdi ki, sevmək
biri-birinə baxmaq deyil, iki nəfərin bir tərəfə,
bir istiqamətə
baxmasıdır.
Dostluğun da əsasında sevgi dayanır. Və dostlar
da yalnız biri-birinə deyil, bir səmtə, bir tərəfə
baxanda, bir əqidəyə qulluq edib bir amal uğrunda
mübarizə aparanda daha böyük işlər görməyə
qadir olurlar.
Sadəcə
biri-birinə baxanlar isə saxta qarşılıqlı təriflərdən,
biri-birini boğazdan yuxarı öyməkdən çox uzağa
gedə bilmirlər.
Yaradıcı insanların şəxsiyyət və sənətlərində
müşahidə edilən oxşar münasibətlər tədqiqatçıların
əsərlərində adətən bir qədər
şablon səslənsə də “ideya
qardaşlığı” adlandırılır.
Belə qardaşlıq
XX yüzillikdə Azərbaycanın və Türkiyənin (həm
Osmanlı imperiyasının, həm də Türkiyə
Cümhuriyyətinin) siyasi, mədəni və mənəvi
tarixində mühüm izlər buraxmış iki görkəmli
həmvətənimizin – Əli bəy Hüseynzadə və
Əhməd Ağaoğlunun münasibətləri
üçün də səciyyəvi olmuşdu. Sonuncu haqqında sanballı tədqiqatın müəllifi
olan amerikalı türkoloq Holli Şissler XX yüzilliyin bu iki
görkəmli azərbaycanlısının
qarşılıqlı münasibətlərini çox dəqiq
şəkildə “yaşam boyu sürən bir dostluq” kimi dəyərləndirmişdi.
Biri
Salyanda, Qafqaz şeyxülislamının müəllim
oğlunun ailəsində dünyaya gəlmişdi. İkincisi Şuşada, orta hallı, lakin
vüqarlı, zəmanəyə uyğunlaşmağı
bacaran, həyatdan zövq almağın yollarını bilən
bəy ailəsində doğulmuşdu. Təbii
ki, valideynlərindən irsən əxz etdikləri keyfiyyətlər
onların təbiət və xarakterlərinin
formalaşmasında mühüm rol oynamışdı.
Hər ikisi təhsilə
mədrəsə tipli başlamışdı. Mədrəsə
adı eşidən kimi burada dərhal gerilik, cəhalət əlamətləri
axtarmağa lüzum yoxdur. Doğrudur, təlim-tərbiyənin
sxolastik əsaslar üzərində qurulduğu mədrəsələrlə
mükəmməl dünyəvi təhsil verən klassik, yaxud
real gimnaziyalar arasında yerlə göy qədər fərq
vardı. Amma müsəlman mədrəsələrinin
çalışqan, bacarıqlı, biliyə həvəs
göstərən şagirdləri də oradan tamamilə əliboş
çıxmırdılar. Ən azı fars
dilini, islam tarixini, şəriətin əsaslarını
öyrənir, Şərqə müəyyən dərəcədə
bələd olurdular.
İstər Əli bəyin, istərsə də Əhməd
Ağaoğlunun əski üsullu təhsilin bütün
mümkün faydalarından yararlandıqlarını söyləmək
mümkündür. Çünki ilk imkan yaranan kimi mükəmməl
bildikləri rus dilindən imtina edərək ana dilində
yazmağa başladılar. (Müqayisə
üçün deyim ki, ümumi dostları, dövrün
böyük ziyalısı və vətənpərvəri
kimi tanınan Əlimərdan bəy Topçubaşov
ömrünün sonuna qədər bunu bacarmamışdı).
Hər ikisi islam Şərqinə, müsəlman-türk
dünyasına bələdlikləri ilə seçilirdi. Bu
isə özünü ilk növbədə onların islam və türk birliyinin tarixi- ideoloji əsaslarını
formalaşdıran əsərlərində aydın şəkildə
görünməkdədir.
Maraqlıdır ki, sonralar qələm adamı kimi
şöhrətlənsələr də, ikisinin də ilk
seçimi dəqiq elmlər sahəsi olmuşdu. Əli bəy 1889-cu ildə
Peterburq universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdi. Əhməd
Ağaoğlu isə 1888-ci ildə Peterburq Texnologiya
İnstitutuna bütün imtahanları uğurla vermişdi.
Yalnız sonuncu imtahanda onu yəhudi sayan antisionist triqonometriya
professorunun qəzəbinə uğradığından (əslində,
Əhməd bəy özünün də yazdığı
kimi, tənliyin cavabını düzgün
tapmışdı, lakin nəticəyə hansı yolla gəldiyini
izah edə bilməmişdi) Şimal paytaxtı ilə
vidalaşıb Parisə üz tutmalı olmuşdu.
“İki
imperatorluq arasında: Əhməd Ağaoğlu və yeni
Türkiyə” kitabının müəllifi Ada Holli
Şisslerin qənaətinə görə “Ağaoğlu həyatında
çox önəmli rol oynayacaq iki insanla da Peterburqda tanış olmuşdu: onlar Hüseynzadə
Əli bəy və Topçubaşi Əlimərdan bəy
idi”. Həmin dövrdə Peterburqda ali təhsil
alan azərbaycanlı gənclərin cəmi bir neçə
nəfər olduqlarını xatırlasaq, burada
qeyri-inandırıcı görünəcək heç bir
şey yoxdur.
Növbəti
təmasları isə
aradan illər keçəndən sonra əbədi
rahatlıq tapacaqları İstanbulda baş tuta bilərdi. 1894-cü ildə Fransada təhsilini başa vurub Vətənə
dönən Əhməd bəy dörd ay Osmanlı
paytaxtında qalmış, yeniləşmə və islahat hərəkatının
bir sıra tanınmış nümayəndələri ilə
görüşmüşdü. Doğrudur,
xatirələrində onlardan yalnız ikisinin – dövrün təhsil
naziri Münif Əfəndinin və nəşr etdiyi “Mizan” qəzetinə
görə Mizançı Murad adı ilə tanınan Mehmet
Murad Dağıstaninin adını çəkir. Amma
Fransada İttihad və Tərəqqi cəmiyyətinin öndə
gələnləri, xüsusən də Əhməd Riza ilə
dostluq əlaqələri qurmuş Əhməd bəyin bu hərəkatın
İstanbuldakı liderləri, ilk növbədə isə həmvətəni
Əli bəy Hüseynzadədən uzaq durması o qədər
də inandırıcı görünməməkdədir.
Adlarının qoşa çəkildiyi ilk mənbə
Ə.Topçubaşovun redaktəsi altında çıxan
“Kaspi” qəzetidir. Əhməd bəy 1898-ci ildən bu mətbu
orqanın əsas müəlliflərindən biri idi. Sultan II Əbdülhəmidin məxfi polisinin təqiblərindən
qurtarmaq üçün 1903-cü ildə tarixi vətəninə
dönən Əli bəy də tezliklə “Kaspi” cameəsinə
qoşulmuşdu. Az bir zaman içərisində
bu “qüdrətli üçlük” Azərbaycanın ictimai
mühitində və mətbuat həyatında köklü dəyişikliklərə
imza atmışdı. Həm də təkcə
Azərbaycanla kifayətlənməmişdilər. Fəaliyyətlərinin hüdudlarını
genişləndirərək bütün Rusiya türklərini
bir ideya ətrafında birləşdirməyə
çalışmışdılar. Peterburqa
göndərilən nümayəndə heyətlərinin tərkibində,
həmvətənlərinin hüquqlarının
qorunmasında, Rusiya türklərinin ilk qurultayının təşkilatçıları
arasında Ə.Ağaoğlu, Ə.Topçubaçov və
Ə.Hüseynzadənin adları birlikdə çəkilirdi.
Tanışlıqlarının
ilk günlərindən can atdıqları ən böyük
arzularına isə 1905-ci ilin iyununda
çatmışdılar – H.Z.Tağıyevin sahibi-imtiyaz,
Ə. Topçubaşovun naşir, Ə.Hüseynzadə və
Ə. Ağaoğlunun müdir (burada redaktor mənasında –
V.Q.) olduqları “Həyat” qəzeti nəşrə
başlamışdı. Yusif Akçura
“Türkçülüyün tarixi” əsərində bu məsələdə
sonuncu iki şəxsi xüsusi fərqləndirərək
yazırdı: “Daha öncə Axundzadələr, Məlikzadələr,
Ünsizadələr Qafqazda türk milli duyğu və
şüurunun oyanmasına az-çox təsir etmiş olmaqla
bərabər, bu şüurun qüvvətli və bəlli
bir hala gəlməsi, iddia edilə bilər ki, Azərbaycanda
gündəlik mətbuatın nəşrindən etibarən
başlayır. Və bu böyük işin ilk
xadimləri Hüseynzadə ilə Ağaoğludur”.
1903-cü ildən həyatlarının sonuna qədər
dostluq edən Əli bəylə Əhməd Ağaoğlu təbiət
etibarı ilə tamamilə fərqli insanlar idilər. Maqnitin əks qütbləri
biri-birini özünə çəkdiyi kimi onları da
çox güman, xarakterlərindəki ziddiyyətlər bağlayırdı. Odur ki, Əli
bəyin güclü şəxsiyyətinin təsirini hər
zaman üzərində hiss edən Səməd Ağaoğlu
“Atamın dostları”
kitabında gerçək təəccüblə
yazırdı: “Bu iki insan –atamla onun dostu bir-biri ilə necə
dil tapmışdılar? Atam əsəbi, sərt,
həmişə hara isə tələsən, dostu isə
yumşaq, sakit, ağır tərpənişli idi. Lakin təbiətlərindəki bu fərqlərə
baxmayaraq mübarizələrini ifadə edən qəzetlər
çıxardılar, birlikdə istiqlal hərəkatına
qoşuldular, gizli cəmiyyətlər yaratdılar”.
Gerçək həyatda isə bütün bunlar o qədər
də asan başa gəlmirdi. Doğrudur, qəzetçilik
məsələsində Əli bəy yaşca özündən
kiçik olan Əhməd Ağaoğlunun biliyini, təcrübəsini
qiymətləndirir, onun mülahizə və məsləhətləri
ilə hesablaşırdı. Lakin sonuncunun
hədsiz tələbkarlığı, sərtliyi, hövsələsizliyi
bəzən hətta Əli bəy kimi olduqca səbirli
adamı da haldan çıxara bilirdi. Hər ikisinin ilk gənclik
illərini arxada qoyduqları bir vaxtda bəzən gecikmiş
yazı üstündə qovğaya da çıxmışdılar.
Qəribədir ki, belə hallarda məhz
yazının xətrinə yumşalan, hətta təslim
bayrağını qaldıran Əhməd Ağaoğlu
olmuşdu. Əli bəy Hüseynzadə
xatırlayırdı:
“Qafqazda Əhməd bəylə birlikdə qəzet
çıxarırdıq. Bir gün mənim
öhdəmə düşən hissəni vaxtında
yazmamışdım. Əhməd bəy gəldi,
nə üçün yazmadığımı soruşdu.
Bəlkə də bir az əsəbi idim. Ona görə də sərt cavab verdim. O da sərtləşdi.
Münaqişə ağır hal aldı. Necə oldu, bilmirəm, birdən birə ayağa
qalxdım, kətili götürərək Əhməd bəyin
üstünə yürüdüm. Bunu edərkən
onun da eyni işi görəcəyini
düşünürdüm. Lakin o, irəli gələrək
önümdə dayandı, boynunu bükdü:
– Vur! –
dedi. – Amma yazını ver”.
Yəqin ki, Şuşada yaşadığı illərdə
qudurğan bəylərin qabağından qaçmamaq
üçün daim üstündə tapança gəzdirən
Əhməd bəy yalnız sözün xətrinə bu
cür təbiətinə uyğun gəlməyən güzəştə
gedə bilərdi.
Proqram kimi elan olunmasa da, “türkləşmək,
islamlaşmaq, müasirləşmək” ideyası “Həyat”ın
ilk sayından etibarən hər iki əqidə dostunun əsas
amalı, amacı idi. Əhməd bəy ilk saya
yazdığı baş məqalədə
vurğulayırdı ki, “əgər biz irəli getmək və
həyati birliyə malik millət olmaq istəyiriksə, hər
şeydən öncə müsəlman olaraq qalmalıyıq.
Bizim irəliləmək istəyimiz, həyat
şərtlərimizi yaxşılaşdırmaqla
bağlı arzularımız İslam qanunlarına
bağlı şəkildə əldə edilə bilər”
(Qafqaz Senzura Komitəsinin rus dilinə çevirdiyi mətndən
tərcümə olunmuşdur – V.Q.)
Təxminən
eyni dövrdə işıq üzü görən başqa
yazısında isə islam ümmətindən
olduqlarını unutmamağa səslədiyi həmvətənlərini
türk millətinə mənsubluqlarını da yadda
saxlamağa çağırırdı: “Bizim toplum yalnız
dini toplum olmayıb həm də etnik varlıqdır.
Çünki bütün Rusiya müsəlmanları
kiçik istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar, ümumi dildə
danışır və eyni inancı paylaşırlar”.
Müasirləşmə, Qərbin bəşəri dəyərlərinə
uyğunlaşma isə Ə.Ağaoğlunun bütün
publisist yaradıcılığından, ictimai fəaliyyətindən
qırmızı xətt kimi keçirdi.
Oxşar
fikirlər Əli bəy Hüseynzadənin “Həyat” səhifələrində
yer alan “Türklər kimdir və kimlərdən
ibarətdir?”, “Bizə hansı elmlər lazımdır?”,
“Yazımız, dilimiz, ikinci ilimiz” kimi proqram mahiyyətli
yazıları üçün də səciyyəvi idi.
Əli bəy də dostunun səsinə
səs verərək yazırdı: “Müsəlmanlar və
özəlliklə türklər hər yerdə olursa olsun –
istər Osmanlıda, istər Türküstanda, istər Baykal
gölünün ətrafında, ya Karakorum civarında olsun,
bir-birlərini tanıyacaq, sünnilik və şiəlik və
daha bilməm nəlik adları ilə məzhəb təəssübünü
azaldıb “Qurani-Kərim”i anlatmaya qeyrət edəcək, dinin
əsasının “Quran” olduğunu biləcək olurlarsa, əl
verməzmi?”
Hər cəhətdən biri-birini tamamlayan iki
intellektualın, iki inanclı fikir adamının birgə fəaliyyəti
“Həyat”ı yeniləşmək istəyən Azərbaycan
cəmiyyətinin əsas tribunasına çevirə bilərdi. Lakin
alınmamışdı. Qəzetə
müştərək redaktorluqları yalnız 1905-ci ilin
sonuna qədər davam etmişdi. 101-ci say birgə
imzaladıqları sonuncu say olmuşdu. Bundan
sonra mətbuat aləmindəki yolları
ayrılmışdı. “Həyat”ın
növbəti, 102-ci sayında Əhməd Ağaoğlunun
Əli bəyə ünvanlanmış qısa məktubu yer
almışdı. Məktubda deyilirdi: “Sevgili
qardaşım Əli bəy! Təvəqqe edirəm
ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra “Həyat”
müdirliyindən xaric olub “Həyat” ilə heç bir əlaqəm
yoxdur”.
Əhməd bəyin həyatı qədər sevdiyi “Həyat”dan
getməsinin səbəbi nə idi? Burada qəzetin digər redaktoru –
Əli bəy Hüseynzadə ilə meydana çıxan hər
hansı fikir ixtilafının və anlaşılmazlıqların
rolu ola bilərdimi? Mətbuat tariximizi
araşdıranlar indiyə qədər bu məsələyə
aydınlıq gətirməmişlər.
Əhməd Ağaoğlunun 1905-ci ilin payızında
istirahətə getdiyi Mərdəkandan Əli bəyə
yazdığı iki məktub onun “Həyat”la
vidalaşmasının tam fərqli səbəblərdən
qaynaqlandığını və qətiyyən Əli bəylə
bağlı olmadığını göstərməkdədir.
Maraqlıdır ki, hər iki məktub fransız dilində
qələmə alınmışdır. XX
yüzilliyin əvvəllərində Bakıda ana dilini,
Osmanlı türkcəsini, daha geniş yayılan rus dilini
mükəmməl bilən iki Azərbaycan
ziyalısının fransızca yazışması qəribə
deyilmi?
Məktubların, xüsusən də ikinci məktubun məzmunu
bu qəribəliyin izahını tapmağa kömək edir. Hər şeydən öncə
qeyd etməliyəm ki, Əli bəy Hüseynzadənin
qızı Feyzavər Alpsar tərəfindən Egey universiteti
Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı
bölümünə hədiyyə edilən bu məktublar
ilk dəfə “Türk yurdu” jurnalının 2011-ci ildə
çıxan 284-cü sayında türk tədqiqatçısı
Yılmaz Özkaya tərəfindən xanım Selin
Yüceatakın tərcüməsində nəşr
edilmişdir.
“Əzizim Əli bəy!” – müraciəti
ilə başlayan və “Qardaşın Əhməd” sözləri
ilə bitən birinci məktub daha çox işgüzar
xarakter daşıyır və müvəqqəti olaraq vəzifəsinin
icrasından uzaqlaşmış Əhməd Ağaoğlunun
qəzetin növbəti saylarının hazırlanması ilə
əlaqədar bəzi mülahizə və məsləhətlərini
özündə əks etdirirdi. Ağaoğlu yazırdı:
“İşlər necədir? Gündəlik
çıxan qəzeti idarə etmək asandırmı?
Əziz dostum, səndən sadəcə ermənilərə
çox üz verməməyi rica edirəm. Belə münasibət onları axmaqlıq dərəcəsinə
çatacaq qədər cəsarətləndirir. Digər tərəfdən, çox elmi dildən
istifadə etmək də oxucuları yora bilər. Bundan qaçmaq lazımdır. Qəzet
üçün materialla bağlı əndişəyə
düşməyinə əsla lüzum yoxdur. Sizə
lazımi miqdarda
mövzularla təmin edəcəyəm.
Bu məktubla bərabər bir baş məqalə
mövzusu, habelə bəzi daxili və xarici xəbərlər
göndərirəm. Xəbərləri ardıcıllıqla
düzmüşəm. Mehdiyə (çox
güman ki, Mehdi bəy Hacınski nəzərdə tutulur –
V.Q.) de ki, onları nömrələr əsasında çapa
hazırlasın. Çünki həmin
sıralanmanı xəbərlərin mühümlüyünə
görə etmişəm.
Bazar ertəsi şəhərə geri dönəcəyimə
görə sənin də bura gəlib həftə boyunca dincəlməyin
yaxşı olardı. Mehdi və digərlərinə salam
söylə.”
Məktubdakı “ermənilərə üz verməmək”
məsələsinə aydınlıq gətirməyə
ehtiyac duyulur.
Əhməd Ağaoğlunun cəsarəti və
prinsipiallığı nəticəsində “Həyat” qısa müddət
ərzində Cənubi Qafqazda ağalıq fikrinə
düşmüş erməni millətçilərinə
qarşı mübarizənin əsas ifadəçisinə
çevrilmişdi. Holli Şisslerin yuxarıda
istinad etdiyim kitabında da vurğulandığı kimi, onun
erməni məsələsi ilə bağlı məqalələrində
“ermənilərə qarşı sərt və meydan oxuyan vəziyyət
diqqət çəkicidir. Türklərin
hər hansı bir təhdidə eyni şəkildə cavab verəcəkləri
barədə xəbərdarlığı, Rusiyaya sədaqət
məsələsindəki ikiüzlülüyə
qarşı çıxması da bu qəbildəndir”.
Ona görə də, Əhməd bəy qəzetdən
uzaq düşdüyü bir-iki həftə ərzində
mövcud kursu zəiflətməməyi zəruri
sayırdı.
Bu baxımdan birinci məktubun fransızca
yazılmasının səbəbi müəyyən dərəcədə
“erməni məsələsi” ola bilərdi.
İkinci
məktub isə böyük ehtimalla bir tərəfdən “Həyat”ın
imtiyaz sahibi və naşiri (H.Z. Tağıyev, Ə.
Topçubaşov) , o biri tərəfdən
isə redaktorları (Ə. Hüseynzadə,
Ə.Ağaoğlu) arasındakı münaqişədən
bəhs etdiyinə görə fransız dilində qələmə
alınmışdı. Başqa sözlə desək,
Əhməd bəy məktubun ələ düşəcəyi
təqdirdə oradakı mülahizələrin dərhal
açıqlanmaması qayğısına
qalmışdı.
Münaqişənin kökündə xeyirxah
Hacının qəzetin işinə müdaxilə etməsi,
onun istiqamətinə, mövzu və mündəricəsinə
istiqamət vermək istəməsi dayanırdı. Təbii ki,
Hacı Zeynalabdin qəzet oxumurdu. Bütün
bu məsələlərdə başlıca məlumat mənbəyi
və məsləhətçisi naşir – Ə.
Topçubaşov idi. Əlimərdan bəy də öz
növbəsində Hacının adı ilə bağlı nəşrin
daha mötədil, ehtiyatlı kurs götürməsinin tərəfdarı
kimi çıxış edir, Tiflis və Peterburqla
qarşıdurma yaratmamasına çalışır, bu
baxımdan Əhməd bəyin istər müsəlman həmrəyliyi
və türk birliyi, istərsə də erməni mövzusu
ilə bağlı ortaya kifayət qədər sərt
mövqe qoyan çağırış ruhlu
yazılarını təhlükəli sayırdı. Və belə düşünmək
üçün də müəyyən əsası
vardı. Çünki ilk saylarından etibarən “Həyat”
Qafqaz Senzura Komitəsinin erməni əsilli senzorları
Kişmişevlə Qaraxanovun Peterburqa göndərdikləri
donosların əsas hədəfinə çevrilmiş, qəzetin
hər an bağlanma təhlükəsi
yaranmışdı.
Əli bəy Leninin məşhur ifadəsi ilə desək,
burjua cəmiyyətində yaradıcı şəxsin
kapitalistin pul kisəsindən asılı olduğunu bilsə
də, yaranmış qarşıdurmada dostunun mövqeyində
dayanmışdı. Bunu Əhməd bəyin məktubundakı
aşağıdakı sətirlərdən də görmək
mümkündür:
“Qəzetin dünənki sayı məni
üzmüşdü. Bu günkü sayı isə o qədər
razı saldı.
Məni dəstəklədiyin üçün çox
təşəkkür edirəm. Bu, şəxsi bir
sevgi nümayişi deyil. Xeyr! Bütün
məsələ sərvət, sərmayə, yaxud başqa
yolla, bir sözlə, pul hesabına güc sahibinə
çevrilmək istəyən qaba bir adamla azad və müstəqil
olmağa can atan bilikli, bacarıqlı insan arasındakı
uçurumdadır. Azad, sərbəst
olmamız lazımdır.
Hələ dünənə qədər ticarətlə
uğraşan və bu gün ancaq bir bank sahibi ruhuna malik bir
insanın mayasında duyğu və düşüncə
dayanan belə böyük, müqəddəs davaya
qarışmasına göz yummamalıyıq”.
Təfərrüatını bilmədiyimiz mövqe
toqquşması başlanğıcda Əli bəylə
Əhməd Ağaoğlunun üstünlüyü ilə nəticələnmişdi. Yaradıcılıq
azadlığını hər şeydən üstün tutan,
üstəlik xarakter etibarı ilə yumşaq, həlim təbiətli
dostunu da buna səsləyən Əhməd bəy fransızca
məktubunda daha sonra yazırdı:
“İlk zəfərimizi belə qazandıq. Möhkəm
dayansaq, daha neçələrini də
qazanacağımıza əminəm. Sabah həmin adam (çox güman ki, söhbət qəzetin
naşiri Ə. Topçubaşovdan gedir – V.Q.) burada olacaq. Hacının qarşısında şiddətli bir
çarpışma yaşayacağıq. Çünki
mən bu adamın heç bir şeyə
qarışmasını istəmirəm. Əvvəl
Hacı da mənə qarşı çıxırdı.
Lakin fikirlərimdə qərarlı olduğumu
görüb vaz keçdi. Sən də
güclü və qərarlı ol. Kimsənin sənsiz
bir iş görməsinə izin vermə”.
Təbii ki, Əhməd bəy maarif və mədəniyyətə
göstərdiyi böyük qayğıya görə Hacı
Zeynalabdinə minnətdar idi. Eyni zamanda “Kaspi”də
yeddi ilə yaxın çiyin-çiyinə
çalışdığı Əlimərdan bəyə də
böyük hörmət bəsləyirdi. Onların hər
iksinin “Həyat”ın ərsəyə gəlməsindəki xidmətini yüksək
qiymətləndirirdi. Lakin bununla bir sırada cəmiyyətdə
pul, sərvət sahibinin deyil, ziyalının aparıcı
qüvvə olmasını ən mühüm amil
sayırdı. Qəzetin pul verənin
deyil, dövrün və zamanın istəyinə uyğun
olmasını jurnalistlik fəaliyyətinin əsas prinsiplərindən
sayırdı. Ona görə də, mövqelərindən
çəkilməmək, “Həyat”ı öz istədikləri
şəkildə çıxarmaq üçün bundan sonra
da Əli bəylə birgə olmalarının zəruriliyini
vurğulayırdı:
“Müsəlman camaata ağlın qaba qüvvət
qarşısında əzildiyini göstərən örnək
deyil, əksinə, hətta heç nəyin olmasa belə
müstəqillik və sərbəstliyin qalib gəldiyini
sübuta yetirən örnək verməliyik. Bu da ancaq
birlikdə və bir-birimizə inanıb hərəkət
etdiyimiz, biri-birimizə dəstək verdiyimiz halda
mümkün olacaq”.
Üzərində
bu qədər geniş dayandığım proqram xarakterli məktub
başqa bir həqiqəti də üzə
çıxarır: “Həyat”ın iki eyni hüquqlu
redaktorunun mövcudluğuna baxmayaraq Əhməd
Ağaoğlu bəlkə də təbiətindən irəli
gələn bir ötkəmliklə daha dominant rol
oynayırdı. Bütün məsələlərdə
dostuna inanan Əli bəy isə heç bir yerdə təsbit
olunmamış bu oyun qaydasını qəbul edirdi. Həmin
cəhət müəyyən hökm səciyyəsi
daşıyan aşağıdakı sətirlərdə
öz əksini tapmışdı:
“Cümə
və bazar günü sayları üçün məqalə
və məktubları Mehdinin adına
göndərirəm. İbrahimovun (qəzetin
müəlliflərindən biri, Simbirsk quberniyasından olan
tatar jurnalisti, sonralar Bakıda “İqbal” qəzetini nəşr
edən Sənətulla İbrahimov –Aynulov nəzərdə
tutulur – V.Q.) məktublarını mən baxmadan çapa vermə”.
Əli bəy
tərəfindən də dəstəklənən Əhməd
Ağaoğlu bəlli
bir nöqtəyə qədər müqavimət göstərmişdi.
Lakin imtiyaz sahibi və naşirlə
münaqişənin sonda qəzetin başında
çatlayacağı düşüncəsi onu öz
inadından əl çəkməyə vadar etmişdi.
Beləliklə, “Həyat”dakı birgə fəaliyyət
başa çatmışdı. Amma dövrün dəyişən
şərtləri Əhməd bəyə yenə də
aparıcı simalardan biri kimi mətbuat aləmində qalmaq
imkanı yaratmışdı. Çünki çar II
Nikolayın Rusiyada günü-gündən artan
narazılığın qarşısını almaq
üçün imzaladığı 1905-ci il
17 oktyabr Manifesti milli ucqarlara da müəyyən liberallıq əhval-ruhiyyəsi
və azadlıq havası gətirmişdi. Şəraitdən
yararlanan Əhməd bəy müstəqil qəzet təsis
etmək qərarına gəlmiş və növbəti il yanvarın 8-də onun redaktorluğu ilə
yeni gündəlik qəzetin – “İrşad”ın ilk sayı
işıq üzü görmüşdü. Təbii
ki, bu dəfə də başqa bir kapitalistin pul kisəsindən
yararlanmaq lazım gəlmişdi – qəzet Bakıdakı bir
sıra mədəni təsisatlara səxavətlə pul xərcləyən
İsa bəy Aşurbəylinin maddi dəstəyi ilə
çıxırdı. Əlamətdar
haldır ki, “İrşad”ı ilk alqışlayanlardan biri
Əli bəy Hüseynzadə olmuşdu. O, dostunun rəhbərlik
etdiyi nəşri “Əkinçi” və “Həyat”dan sonra
“xalqın ikinci sözü” adlandırmaq kimi böyük
ürəklilik nümunəsi göstərmişdi...
Əslinə baxanda Əhməd
Ağaoğlunun “Həyat”la üzülüşməsi nəticə
etibarı ilə milli mətbuatın xeyrinə olmuşdu. Çünki o, əvvəlcə “İrşad”,
ardınca isə “Tərəqqi” kimi daha cəsarətli,
radikal və milliyyətçi mövqe tutan, geniş oxucu
auditoriyasına malik qəzetlər yaratmışdı.
Bundan daha mühüm olanı isə Üzeyir Hacıbəylinin
çoxcəhətli istedadının daha bir sahəsinin –
güclü publisist məharətinin meydana
çıxmasına və parlamasına yol açması
sayılmalıdır...
Lakin “Həyat”dan uzaqlaşma tamamilə izsiz də
ötüşməmişdi. Arada inciklik
qalmışdı. Həmin vaxtdan etibarən
Azərbaycanı tərk etdiyi günə qədər Əhməd
bəy H.Z. Tağıyevin maliyyələşdirdiyi heç
bir layihəyə qatılmamışdı. Görünür, ürəyinin dərinliklərində
Ə. Topçubaşovu da bağışlaya bilməmişdi.
Hətta aradan on beş il keçəndən
sonra, Malta sürgünündə olduğu vaxt bəzi
dostları xilas yollarından biri kimi Parisdəki Azərbaycan
nümayəndə heyətinin başçısı Ə.
Topçubaşova müraciət etməyi məsləhət
görəndə Əhməd bəy xanımına 28 fevral
1920-ci il tarixli məktubunda əsəbi tərzdə
yazmışdı: “Topçubaşovun adresini göndərmisiniz.
Ona yazmaqdan vaz keçdim. Bihudə
yerə minnətdar olmaq istəmirəm. Hər
kəsi tanıdıq, öyrəndik. Getsinlər,
zövq və səfalarını sürsünlər”.
Bu sətirlərdə
həmin əski incikliyin əks-sədasını
sezməmək mümkün deyildir...
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 1 mart.- S.10-11.