Cabbarlışünaslığa ən
yeni töhfə
Milli ədəbiyyatşünaslıq
elmimizin dəyərli nümunələrinin coğrafi
hüdudlarımızdan kənarda, xarici ölkələrdə
böyük tirajlarla davamlı nəşr olunması
qürurlandırıcı faktdır və bu qəbildən
filologiya elmləri doktoru, professor Asif
Rüstəmlinin Türkiyənin nüfuzlu "Manas" nəşriyyatında
"Cəfər Cabbarlı: həyatı, sənəti və
mücadiləsi" adlı monoqrafiyasının işıq
üzü görməsini mübaliğəsiz ədəbi
hadisə adlandırmaq olar. A.Rüstəmlinin böyük sənətkarımız
Cəfər Cabbarlıya həsr etdiyi "Susmaz
duyğuların səltənətində",
"C.Cabbarlı: həyatı və mühiti" adlı tədqiqatlarının
elmi-nəzəri səviyyəsinə bələdəm və
xüsusilə onun "Cəfər Cabbarlı və ədəbi
- mədəni mühit" adlı fundamental tədqiqatı
haqqında düşüncələrimi dəyərli
oxucularla bölüşmək fikrindəyəm.
Bu
araşdırmada mövzunun qloballığının,
kontekst genişliyinin öncədən nəzərə
alındığı struktur düzənindən aydın
görünür. Belə ki, əsər beş
fəsli, otuz beş bölmə və yarım bölməni
özündə ehtiva edən bu struktur tarixə məqsədyönlü
ekskurslar etmək, "Cəfər Cabbarlı və ədəbi
- mədəni mühit" kimi monumental bir mövzunu
çeşidli problemlər müstəvisində hərtərəfli
araşdırmaq, bədii örnəkləri yeni baxış
bucağı altında dəyərləndirib mövqe
nümayiş etdirmək imkanı verməsilə xarakterizə
olunur.
Cabbarlışünaslılığı
yeni düşüncə müstəvisində səciyyələndirməyə
hesablanan tədqiqatın elmi yeniliyində yer alan "ilk",
"İlk dəfə", "birinci dəfə" kimi
ifadələr Asif Rüstəmlinin tapıntılarından soraq
verir. "İlk dəfələr"
araşdırmada elmi əsasda reallaşır, kontekstdə ədəbi
irtica və inzibati terrordan salamat çıxan
C.Cabbarlının aşkarlığın və yeni təfəkkürün
sınağından çıxmaq qat-qat asan olduğu qənaətinə
gəlinir. Əsərin ilk səhifələrində
C.Cabbarlını XX əsr Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin təkamülündə və
inkişafında müstəsna xidmətlər göstərmiş
sənətkar, fenomenal təfəkkür sahibi kimi səciyyələndirən
Asif Rüstəmlinin bu tədqiqatı ilk milli
cabbarşünaslıqda yeni söz demək istəyi aydın
görünür. Araşdırmanın
yeni yöndə gəlişdirmə C.Cabbarlı epoxası, ədəbi-tarixi
mühiti barədə gözəl mövqe sərgilənməsinə
zəmin yaratmışdır. Müstəviyə
çıxarılan yeni materiallarla C.Cabbarlı
yaradıcılığının ağ
buraxılmış səhifələri bərpa edilir, sənətkarın
ömür yolunun qaranlıq məqamlarına işıq
salınır. Monoqrafiyada öncəki tədqiqatlara
qədrşünaslıqla yanaşılır və onlara əsaslandırılmış
tənqidi münasibət bildirilir. Əlbəttə,
C.Cabbarlının bədii irsi barədə tədqiqatçıların
sıxlığı ədibin yaradıcılıq
axtarışlarının çözülməsinin tam və
yetərli olması demək deyil. Lakin eyni
zamanda ədibin yaradıcılığının mahiyyətinə
varmağa yönəlik çeşidli tədqiqatların
meydana gəlməsi də təbiidir. Qloballığı
ilə fərqlənən "Cəfər Cabbarlı və ədəbi
- mədəni mühit" tədqiqatı məhz dəyərlərin
bir araya gətirilməsi baxımından yeni sıra təşkil
edir. Mahiyyətə yönəlik açıqlamalar
problemin təməl prinsipləri haqqında fikir
formalaşdırır və araşdırmaçının ədəbi-tarixi,
nəzəri-estetik düşüncə çevrəsinin genişliyini
görükdürür.
Mahiyyətdən
qaynaqlanan fəsil və bölmələr müəllifə
Cəfər Cabbarlı və ədəbi - mədəni
mühit problemini tarixi zaman müstəvisində üzə
çıxarmaq, ədəbi uğurları incələmək,
ədibin yaşadığı çağların gerçək
mənzərəsi barədə konseptual fikir söyləmək
imkanı vermiş, əsərlərinin nə kimi ədəbi-tarixi
zəmində meydana çıxması, hansı bədii-estetik,
fəlsəfi-ideoloji, nəzəri-psixoloji qaynaqlardan
barınması məsələlərini yeni ədəbiyyatşünaslıq
düşüncəsi əsasında tədqiqinə təkan
vermişdir. "Cəfər Cabbarlı
yaradıcılığının tədqiqat tarixindən"
fəslinin ilk sırada yer alması təsadüfi deyil. Tədqiqatın məntiqindən qaynaqlanan fəsil
mövzunun tarixinə ekskurs etmək, mülahizələri
mahiyyət müstəvisində incələmək
baxımından səciyyəvidir. Yüzilliyin
əvvəllərinin mürəkkəb, keşməkeşli
çağlarının ideologiyasına köklənən ədəbi-nəzəri
fikirlərin konseptual müstəvidə dəyərləndirilməsinə
böyük ehtiyac var. Cabbarlışünaslığı Azərbaycan
əbəbiyyatşünaslığı kontekstində səciyyələndirən
Asif Rüstəmli onun elmi-nəzəri düşüncəmizin
müstəqil və aparıcı qolu olması barədə
konseptual mülahizələr yürüdür. Cəfər
Cabbarlı yaradıcılığı haqqında nəzəri
baxışlar toplusunu özündə əks etdirən fəsil:
"İlk ədəbi mülahizələr dövrü"
(1917-1934), "C.Cabbarlı yaradıcılığı sovet ədəbiyyatşünaslığında"
(1935-1990), "C.Cabbarlı yaradıcılığı
müstəqil Azərbaycanın elmi-nəzəri
düşüncəsində" bəndlərində
çözülür.
Təfəkkürünü tarixi-ədəbi müstəvidə
gəzişdirən Asif Rüstəmli C.Cabbarlı irsinə
ifrat sosioloji tələbdən yanaşanları yeni elmi-nəzəri
düşüncə əsasında araşdırma predmetinə
çevirir. "İlk ədəbi mülahizələr"
bölməsi ilə "C.Cabbarlı irsi müstəqil Azərbaycan
elmi-nəzəri düşüncəsində" bölməsi
mahiyyət müstəvisində bir araya gətirilərək
fəslin başlıca ideyasının
açılışına yönəldilir və isbat olunur
ki, cabbarşünaslıq məhz bu çağda öz
problemlərini uğurla reallaşdıra bilərdi. Bölmələr konkret tarixi faktlar və arqumentlər
əsasında ilgiləndikcə
cabbarşünaslığın
başlancığının və sonrakı inkişaf mərhələlərinin
nə kimi problemlərlə qarşılaşdığı
ortaya çıxır. Tarixə və
tarixiliyə varmaq iqtidarı, yeni cabbarşünaslıq
düşüncəsindən boy göstərən şərhlər
problemi qlobal müstəvidə, çeşidli rakursları
ilə çözmək istəyi bildirir. Məsələn, "İlk ədəbi mülahizələr"də
cabbarşünaslığın yenicə boy göstərdiyi
məqamların yetərincə tədqiqi məntiqi olaraq
"C.Cabbarlı yaradıcılığı Azərbaycan
sovet ədəbiyyatşünaslığında" bölməsinin
müstəviyə çıxarılmasına obyektiv zərurət
yaratmışdır. Tarixi gerçəklərə
müqayisə və paralellərə dayaqlanaraq
açıqlama verilməsi, bəzi vulqar-sosioloji dəyərləndirmələrə
tənqidi yanaşılması məqamları elmi obyektivliklə
tədqiqdən soraq verir.
Monoqrafiyanın "C.Cabbarlı və mühit"
adlanan ikinci fəsil taleyönlü məqamlara ekskurs etməyə
və assosiativ idrakın çevrəsini genişləndirməyə
hesablanıb.
Tarixi zaman müstəvisində sərbəst təfəkkür
gəzişmələr C.Cabbarlı bioqrafiyasının
ayrı-ayrı məqamlarına aydınlıq gətirir, ədəbi
simasının və bədii
yaradıcılığının hansı amillərdən
qaynaqlandığı, nə kimi ictimai-siyasi, ədəbi
gerçəklərdən boy atması barədə fikir
formalaşdırır və bədii örnəkləri tale
yolu müstəvisində bir araya gətirməyə zəmin
yaradır. Məqamlar siyasi-tarixi reallıqlar
müstəvisində incələndikcə ədibin milli ruhu,
ədəbi-bədii düşüncə qaynaqları haqda
elmi mükəmməllik əldə edilir və kontekstdə ədibin
həyat yolu və yaradıcılıq laboratoriyası barədə
məqsədyönlü şərhlər verilməsinə də
zəmin yaranır. Tarixi məkan və bədii
zaman amilinin önə çıxarılması
cabbarşünaslıqda yeni bir tədqiqat istiqaməti kimi hədsiz
maraq doğurur. Cümhuriyyət dövründə ədəbi-mədəni
mühitin iç mənasına varan professor Asif Rüstəmli
orada C.Cabbarlı şəxsiyyəti və sənətinin məqamı
və qarşılıqlı təsir imkanları barədə
konkret mülahizələr yürüdür. C.Cabbarlının
dövrü, həyatı, ilk təhsil illəri, həyatının
son dövrü, vaxtsız vəfatı ilə bağlı
çeşidli faktlar və dəqiqləşdirmələr
böyük zəhmət və aramsız axtarışlar tələb
etmişdir. Teatrı sənətlə həyatın
təmaslarının, milli özünüdərk prosesinin cərəyan
etdiyi məkan kimi səciyyələndirən müəllif
orada C.Cabbarlının məxsusi yerini və məqamını
konkret faktlar əsasında geniş şərh edir. Problemlər çözüldükcə
C.Cabbarlı şəxsiyyətinin və sənətinin
özəllikləri, qlobal bədii düşüncə
çevrəsi barədə fikir formalaşır, bədiyyatının
vaxtdan ucalığı təsdiqini tapır. "Əfqanıstan" pyesinin taleyi" bölməsi
tədqiqatçıya ədibin yaşadığı
dövrün mənəvi-psixoloji sıxıntıları
haqda açıqlamalar verməyə, tarixi zamanla ədibin
dramatik münasibətinə səbəb olan amillərin
doğurduğu fəsadlar barədə konkret mülahizələr
yürütməyə, yazıçının
bioqrafiyasında əksini tapan inqilabi-siyasi gerçəklər
amilini sənət konsepsiyası müstəvisində dəyərləndirməyə
zəmin yaratmışdır. Bu qəbildən
olan dramlarda tarixin müasirliyini daxili mündəricə
qatında arayan tədqiqatçı kontekstdə ədibin
yaradıcılıq laboratoriyasının sirləri barədə
də fikir formalaşdırmaq imkanını da ortaya qoyur.
Cəfər Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi
simasının və ümumən mürəkkəb
ictimai-siyasi situasiyalardan keçərək büllurlaşan sənət
stixasiyasının incəliklərini tədqiq predmetinə
çevirməyə, ədibin bədii arsenalının
tarixiliklə müasirliyin sintezi müstəvisində
araşdırılmasına hesablanan "Cəfər
Cabbarlı və Azərbaycan milli istiqlal hərəkatı"
fəsli cabbarşünaslığı çağdaş
elmi-nəzəri düşüncə əsasında irəlilətməyə
zəmin yaratması ilə diqqəti çəkir. Fəslin ideyasını zamanın bədii üslubi
biçimi əsasında reallaşdırmağa
çalışan tədqiqatçı milli-tarixi kimlik
amilini önə çəkir. Azərbaycan
xalqının intibahında C.Cabbarlı sənətinin
iqtidarı faktına aydınlıq gətirir. C.Cabbarlının milli azadlıq hərəkatında
fəal iştirakı və çevrəyə təsir
imkanları haqda fikir yürüdən tədqiqatçı
Mir Həsən Vəzirovun mülahizələrinə və
M.B.Məhəmmədzadənin "Açıq söz" qəzetində
çap etdirdiyi məqalədəki qənaətlərinə
istinad edir. Fəslin "Tələbə cəmiyyətindən
türkçülüyə doğru" bölməsində
"İttifaqi-mütəəllimin", "Məclisi-Müəssisana"nın
yaranma tarixi və qarşısında duran vəzifələrə
C.Cabbarlının bu təşkilatlarda rolu və məqamı
haqda şərhlər araşdırmaçını
"C.Cabbarlı hərəkata poetik ahəng, siyasi istiqamət
verir, məramında və mübarizəsində
taktikasını və strategiyasını bəyan edir" qənaəti
ilə sonuclanır. Tədqiqatçı həm
də o fikrində haqlıdır ki, C.Cabbarlının
Cümhuriyyət dövrü ədəbi fəaliyyətini
Sovet ədəbi tənqidi qiymətləndirirkən bəzən
ifrata varmış, qərəzli və qeyri-obyektiv, əsassız
ittihamlar irəli sürmüşdür. "Ulduz",
"Ədirnə fəthi", "Bakı müharibəsi"
pyeslərinin millətçilik ruhunda yazılan əsərlər
qismində dəyərləndirənlərə münasibətin
tarixilikdən qaynaqlandığı aydın
görünür. "C.Cabbarlı və gizli
istiqlalçılar", "Məxfi əməliyyat... məhbəs
yaradıcılığı", "Həbsxanadan Türk
Teatr məktəbinə", "Ədibin ikinci həbsi
haqqında", "Qırmızı irtica"nın
tüğyan etdiyi çağlarda C.Cabbarlının
"İttihadçı"larla,
"Müsavat"çılarla həmrəyliyi nəticəsində
təzyiqlərə, təqiblərə məruz qalması, həbsxana
həyatının doğurduğu sıxıntılar
araşdırmada ədibin tale yolunun, dönüm və
döngələri qismində dəyərləndirilir. Asif Rüstəmli bu kontekstdə haqlı olaraq
C.Cabbarlının yazıb-yaratmaq əzmini şəxsiyyətinin
daxili bütövlüyündə, kamilliyində, milli-mənəvi
ruhdan boy göstərən sənət eşqinin tükənməzliyində
arayır.
Monoqrafiyanın "Cəfər Cabbarlının ədəbi-bədii
irsindən" adlanan fəsli tədqiqata nəfəs
genişliyi gətirə biləcək yönlərindən dəyər
vermək, müxtəlif baxış bucaqlarını
cabbarlışünaslıq müstəvisində bir araya gətirmək
istəyindən qaynaqlanmışdır. Konkret təyinatlı
bölmələr çözüldükcə, cabbarlışünaslığın
inkişafında rolu olan tədqiqatlar
araşdırmaçının yeni baxış bucağı
altında dəyərləndirildikcə fəslin
başlıca predmeti reallaşır və nəticədə
"Cəfər Cabbarlı və ədəbi-mədəni
mühit" mövzusu bütün mümkün parametrlərilə
düşüncə sferasına daxil olur və kontekstdə ədibin
irsinin müəyyən zaman kəsimlərində nə kimi
reallıqlarla üzləşdiyi diqqətə çəkilir,
kommunist ideologiyasının fəsadları barədə
konseptual mülahizələri ortaya qoyur. C.Cabbarlının
yaşadığı çağların və vəfatından
sonrakı dönəmlərin tədqiqatlarının tarixilik
baxımından təhlili əsasında vulqar-sosiologizmin ədəbiyyatşünaslıq,
məxsusi olaraq cabbarlışünaslıq düşüncəsinə
mənfi təsir göstərmiş və istedadlı
araşdırmaçıların zamanın dalğasına məruz
qalması barədə fikir formalaşdırır.
Fitrətən yaradıcı insan olan C.Cabbarlının
xalqın ruhi-mənəvi ehtiyacından qaynaqlanan
mövzuları bədii tədqiq obyektinə çevirdiyi məlumdur. Monoqrafiya
müəllifi faktlara istinad edərək
"Əfqanıstan", "Bakı müharibəsi"
pyeslərinin sifarişlə yazıldığını bildirir.
Xüsusilə "Əfqanıstan" pyesinin
sifarişçisi Mir Cəfər Bağırovla
C.Cabbarlının bir neçə dəfə
görüşdüyü və bu görüşlərdə
əsərin tez bir zamanda tamamlanmasının tövsiyə
edildiyi deyilir. Asif Rüstəmli bu əsərlərin
yazılma tarixi, mövzusu, ideyası müəllifinin
sifarişə münasibəti barədə xeyli fakt və rəqəm
müstəviyə çıxarır ki, bunlar
C.Cabbarlını yeni yöndən idrak etməyə
hesablanmışdır. Əsərdə C.Cabbarlı üçün
1923-cü ilin kifayət qədər sıxıntılı
olduğu, məxfi orqanlar tərəfindən təqib
olunduğu, mənzilində dəfələrlə
axtarışlar aparıldığı, əlyazmalarının
qarət edildiyi, şahidlərin iştirakı ilə
protokollar yazıldığı dəqiq tarixlərə
istinad edilməklə vurğulanır. Tədqiqatçının
tarixiliyi daim diqqət mərkəzində saxlaması tarixin
diriliyinə, yaşarlılığına olan daxili inamı
ilə sıx bağlıdır. Çünki bu gün
yeni elmi cabbarşünaslıq məhz bu yöndə
çağdaş Azərbaycan ədəbiyyatşünaslığının
ayrılmaz tərkib hissəsi ola bilər.
"Aydın" və tarixi zaman", "Aydın" və
C.Cabbarlı", "Oqtay Eloğlu" və Hüseyn
Ərəblinski paralellərindəki açıqlamalar yeni
olmaqla daim "əlahəzrət fakt"dan qaynaqlanır.
C.Cabbarlının yaradıcılıq laboratoriyası
haqqında qənaətlər, əsərlərinin yaranma
tarixi, mövzusu, ideyası, üzərində işlədiyi
çağlarda qarşılaşdığı maneələr,
bədii örnəklərinin janr xüsusiyyətləri,
üslubu barədə dövriyyəyə buraxılan
mülahizələr deyilənlərə bariz nümunədir
və bunlarda cabbarlışünaslığı yeni
baxış bucağı əsasında irəlilətmək
onu layiq olduğu məqama çatdırmaq istəyi var.
Araşdırmada Baş Arxivlər İdarəsinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Respublika Əlyazmalar İnstitutunun arxivlərindən
toplanan faktlara yenidən həyat verilir. C.Cabbarlını
tale yolunun müxtəlif məqamları ilə ilgiləyən
erudisiyalı tədqiqatçı ədibi-milli və bəşəri
dəyərləri uca tutan bir şəxsiyyət kimi təhlil
və tədqiq edir. Ədibin
uşaqlıq, gənclik və tələbəlik illərinin,
ədəbiyyata gəlişi və haqqında ilk ədəbi
mülahizələrin mətbuatda əksilə bağlı məqamlar
məharətlə dəqiqləşdirilir. C.Cabbarlının "Qız qalası"
poeması, publisistikası, bədii nəsri və romanı
barədə irəli sürülən qənaətlərdə
də yenilik, özünəməxsusluq aydın nəzərə
çarpır.
"1905-ci
ildə" tarixi gerçəklik və bədii həqiqət",
"Koymonim və gizli imza" bölmələrindən
aydın görünür ki, bir sıra hallarda tarixi gerçəkliklə
bədii həqiqət nəinki üst-üstə
düşmür, hətta bir-birilə ziddiyyət təşkil
edir. Ona görə də tarixi gerçəkliklərlə
bədii həqiqət fərqli yorumlanır. Gizli imzalarla bağlı çeşidli mətləblər
Asif Rüstəmlinin ən incə məqamların da
taleyönlü olduğunu isbat etmək istəyindən
qaynaqlanır.
"Cəfər
Cabbarlının tərcümə
yaradıcılığı" adlanan beşinci fəslinin
başlığında yer alan "tərcümə
yaradıcılığı" ifadəsi mühüm maraq
kəsb edir. Faktlarla isbat olunur ki, C.Cabbarlı bədii
mətni sadəcə tərcümə etmirdi, onu bir dildən
başqa dilə elə-belə çevirmirdi. Tərcümə işinə məhz yaradıcı
yanaşırdı. Faktlar aydın göstərir ki,
"Hamlet"in, "Otello"nun, "Qaçaqlar"ın
və digər əsərlərin tərcüməsi
yaradıcı tərcümədir və digərlərininkindən
keyfiyyət etibarilə xeyli fərqlidir. Məsələn,
A.Rüstəmlinin fikrincə, C.Cabbarlı "Otello"nu adi
bir tərcüməçi kimi dilimizə çevirməmiş,
məhz şair, dramaturq, rejissor, bəstəkar, rəssam həssaslığı
ilə, tamaşaçı zövqü ilə əsəri azərbaycancalaşdırmışdır.
Fridrix
Şillerin "Qaçaqlar" faciəsi ilə
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsini həm
süjet və kompozisiya, həm də aparıcı qəhrəmanların
tale yollarında üzləşdiyi məqamlar
baxımından bir araya gətirən müəllifin kontekstdə
tərcümə sənətkarlığı ilə
yanaşı yaradıcılıq məsələlərini də
tədqiq obyektinə çevirməsi onun incəliklərə
varmaq kirdarını bir daha nümayiş etdirir.
C.Cabbarlının tərcümə
ustalığında sərbəst tərcümənin rolu
haqqında fikir formalaşdıran prof.Asif Rüstəmli
Bomarşenin "Fiqaronun toyu" komediyasını tərcümə
sənətkarlığına daha bir bariz nümunə kimi təhlil
edir və C.Cabbarlı tərcüməsilə əsərə
aşılanan dəyərləri müstəviyə
çıxarır. Bu isə sonucda böyük ədibi daha
bir qövsdən idrak etməyə zəmin yaradır.
Müəllif bu tədqiqatda yalnız C.Cabbarlının
tərcümə sənətkarlığı, tərcümə
yaradıcılığı barədə konsepsiya irəli
sürmür, eyni zamanda Azərbaycan tərcümə tarixində
C.Cabbarlı mərhələsinin özəlliyi haqqında da
fikir formalaşdırır.
Cəfər
Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi
simasının və ümumən mürəkkəb
situasiyalardan keçərək billurlaşan sənət
stixiyasının incəliklərinə dərindən bələd
olan, ədibin bədii arsenalını tarixiliklə
müasirliyin sintezi müstəvisində tədqiq edən
filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu əsərilə
cabbarlışünaslığı çağdaş elmi-nəzəri
düşüncə müstəvisində təhlil və tədqiq
etməkdə kifayət qədər kirdarlı
araşdırmaçı olduğunu nümayiş etdirmiş
olur. Tanınmış cabbarlışünas
alimə, istedadlı həmkarıma elmi
yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.
Himalay QASIMOV
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin "Azərbaycan
ədəbiyyatı tarixi" kafedrasının müdiri,
filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.-
2014.- 4 mart.- S.7.