Azərbaycan ilk dəfə
Yaponiyada beynəlxalq əməkdaşlıq
festivalına qatılıb
Yaponiyanın İto şəhərində
təşkil edilmiş
beynəlxalq əməkdaşlıq
festivalında ilk dəfə
təqdim olunan Azərbaycan stendi iştirakçılar tərəfindən
böyük maraqla qarşılanıb. Azərbaycanın
Yaponiyadakı səfirliyindən
verilən məlumata görə, İto şəhərinin meri
Hiromi Tsukuda bildirib ki, artıq ənənəyə çevrilmiş
bu festival yerli sakinlərlə digər xalqlar arasında sıx dostluq münasibətlərinin formalaşmasında
mühüm rol oynayır. Festivalda İto şəhərinin
dünyanın müxtəlif
ölkələrində qardaşlaşdığı
şəhərləri də
öz stendləri, milli rəqs və musiqiləri ilə fəal iştirak edirlər.
Ötən ilin noyabrında
Azərbaycanın İsmayıllı
rayonu ilə İto şəhəri arasında dostluq mübadiləsi haqqında
müqavilənin imzalandığını
xatırladan H.Tsukuda festivalda ilk dəfə Azərbaycan stendinin də təqdim edildiyini deyib.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə
deyib ki, gündoğar ölkədə
ənənə halını
almış beynəlxalq
festivallar burda yaşayan müxtəlif xalqların nümayəndələri
arasında mehriban əməkdaşlıq, səmimi
qonşuluq münasibətlərinin
qurulmasında, onların
həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini
öyrənməsində mühüm
əhəmiyyət kəsb
etdiyini vurğulayıb:
«İto şəhərinin
rəhbərliyinə və
sakinlərə mehriban
dostluq münasibətinə
və əməkdaşlığa
görə minnətdaram.
Bu festival müxtəlif xalqların adət-ənənələri
və mədəniyyəti
ilə yaxından tanış olmaq üçün əlverişli
şərait yaradır».
Diplomat, həmçinin qədim və zəngin mədəniyyətimiz haqqında
danışaraq UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin
turizm imkanları barədə qonaqları məlumatlandırıb: «Bu gün
Azərbaycan həm tarixi, həm də müasirliyi özündə əks etdirən bir məkandır. Qədim İpək yolunun tərkib hissələri olan Azərbaycanla Yaponiyanı dərin tarixi köklər birləşdirir, iki ölkə arasında bu gün də
ümumi maraqlara və hörmətə əsaslanan dostluq münasibətləri qürur
doğurur».
Sonra tədbir iştirakçıları
Azərbaycan, İngiltərə,
Fransa, Avstraliya və İtaliya səfirlikləri tərəfindən
hazırlanmış stendlərlə
tanış olub.
Azərbaycan səfirliyinin hazırladığı
stenddə milli adət-ənənələrimizi, Bakı mənzərələrini
əks etdirən eksponat və rəsm əsərləri,
ölkəmiz haqqında
yapon dilində müxtəlif nəşrlər,
“İRS-İsan” jurnalının
nömrələri, İsmayıllı
rayonundan gətirilmiş
ərzaq məhsullarının
və şərabların
nümunələri tədbir
iştirakçılarına təqdim edilib.
Yaponiya-Azərbaycan əlaqələrilə bağlı digər tədbiri isə “Elm çırağı” İctimai Birliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirib. “Yaponiya azərbaycanlıların gözü ilə” mövzulu bu elmi seminarda qurumun sədri, professor Naidə Məmmədxanova deyib ki, tədbirin Yaponiyanın azərbaycanlılar tərəfindən tanınmasına, dərkinə həsr olunması təsadüfi deyil: «Müasir azərbaycanlı üçün Yaponiya coğrafi baxımdan uzaq olsa da, gündəlik həyatımıza bir o qədər yaxındır. Yaponiyanın müasir texnikası bizim həyatımızın bütün sahələrinə daxil olub, bu ölkənin cüdosu, karatesi, demək olar ki, artıq bizim milli idman növlərimizə çevrilib. Samuray, xarakiri, sakura çiçəyinin açılması və digər yapon anlamları sanki Gündoğar ölkədən bizə gəlməyib, həmişə özümüzünkü olub. Yapon milli mətbəxi nümunəsi olan suşi indi əksər azərbaycanlının sevimli yeməyinə çevrilib, ikebana sənəti dizayn salonlarının ayrılmaz hissəsi olub. Yaponiyanın möhtəşəm Kabuki teatrı, klassik ədəbiyyatı, filmləri də bizə çox yaxındır. Coğrafi baxımdan uzaq olan və eyni zamanda, bizə yaxınlaşmış Yaponiya bu gün də sirli məkan olaraq qalır. Bu əsrarəngizlik bizi həm təəccübləndirir və həm də cəlb edir. Bu baxımdan “Yaponiya azərbaycanlıların gözü ilə” mövzusunda elmi seminarda müzakirə olunacaq mövzular böyük əhəmiyyət daşıyır».
Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Yusuke Fukuda elmi seminarın əhəmiyyətini xüsusi vurğulayıb: «Seminarın mövzusu azərbaycanlıların digər xalqların mədəniyyətinə, adət-ənənəsinə xüsusi diqqətlə yanaşdıqlarını bir daha təsdiqləyir. İki ölkə arasında əlaqələr gündən-günə genişlənir. Azərbaycan və Yaponiya hər ikisi tolerant ölkədir».
Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyev tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Elmi seminarda Yusuke Fukudanın “Yaponiya cəmiyyətinin dinə və həyata baxışı”, həmçinin azərbaycanlı alimlərin “Azərbaycan-Yaponiya əlaqələri müasir kulturoloji tədqiqatlar obyektivində”, “Yaponiya bağları və parkları”, “Azərbaycan və yapon dillərinin müqayisəli antroponimikası” və digər mövzularda çıxışları dinlənilib. Tədbirdə Fidan Nəsirovanın hazırladığı ikebana nümunələri nümayiş etdirilmiş, BMA-nın tələbələri tərəfindən yapon xalq mahnısı “Albalı”, “İedo körpüsündə”, eləcə də hər iki ölkənin bəstəkar mahnıları ifa olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 4 mart.- S.7.