Qeyri-hökumət təşkilatları vətəndaş
cəmiyyəti institutları kimi
AZƏRBAYCAN
QANUNVERİCİLİYİ BU BARƏDƏ NƏ DEYİR?
Vətəndaş cəmiyyəti institutlarının
formalaşmasında qeyri-hökumət təşkilatları
mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları
hansı dövlətin ərazisində fəaliyyət
göstərməsindən asılı olmayaraq, orada mövcud
olan başqa qurumlarla ümumi xüsusiyyətlərin
daşıyıcısına çevrilirlər. Belə ki, QHT-lər də dövlətin qüvvədə
olan qanunları ilə hesablaşmalı, fəaliyyəti
zamanı mövcud qanunvericiyə əməl etməlidir.
Başqa sözlə QHT-lər səlahiyyətləri və fəaliyyətləri
çərçivəsində öz məsuliyyətlərini
daim hiss etməlidir.
Bu məsuliyyəti formalaşdırmaq üçün
dünyanın mülki cəmiyyət institutları mövcud
olan istənilən ölkəsində, o cümlədən də,
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin
hüquqi təminatı üçün bir sıra qanunlar və
normativ aktlar mövcuddur. Bu qanunların bir hissəsi bilavasitə,
digərləri isə dolayısı ilə QHT sektorunun fəaliyyətinin
tənzimləməsində müstəsna rol oynayır.
Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət
təminatı verən əsas qanun 1995-ci ildə qəbul
edilmiş ölkə konstitusiyasıdır. Sərbəst
birləşmək azadlığını özündə əks
etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin
başqaları ilə birləşmək, hər kəsin istənilən
birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı
və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə
daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu
birliklərin sərbəst fəaliyyətinə tam təminat
verir.
1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu
qeyri-hökumət təşkilatlarının əsas maliyyə
mənbəyini və bütövlükdə donor resipiyent
münasibətlərini tənzimləmək baxımından
müstəsna əhəmiyyətə malikdir. Qanunun 1-ci maddəsi QHT-lərin
birbaşa məşğul olduğu və maliyyələşmə
üçün prioritet hesab edilən sahələri -
"humanitar, sosial və ekoloji, sosial təyinatlı obyektlərin
və infrastrukturun bərpası üzrə işləri, təhsil,
səhiyyə, mədəniyyət, hüquqi məsləhət,
informasiya, nəşriyyat və idman sahələrində
proqramları, elm, tədqiqat və layihələşdirmə
proqramlarını, dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən digər
istiqamətləri qanunvericilik səviyyəsində ayrıca təsbit edir.
2000-ci ildə
qəbul edilən
"Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" qanun isə
qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə
aydınlıq gətirir. Bu qanun QHT-lərin
yaradılmasından başlayaraq, onların hakimiyyət
orqanları ilə münasibətlərinə qədər,
meydana gələ biləcək bir çox məsələləri
tənzimləməyə çalışır. Həmçinin,
qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti,
yenidən təşkili və ləğv edilməsi
qaydaları, onların idarə olunmasının əsas prinsiplərini
nizamlayır.
Qanunun
2-ci maddəsində "ictimai birlik" və "fond"
anlayışlarından söz açılır və onlara
belə bir tərif verilir: "İctimai birlik - təsis sənədlərində
müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş bir neçə
fiziki və ya hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü, özünü
idarə edən, öz fəaliyyətinin əsas məqsədi
kimi gəlir əldə etməyi nəzərdə tutmayan və
əldə edilən gəliri öz üzvləri arasında
bölməyən qeyri-hökumət təşkilatdır. Fond - üzvləri olmayan, bir və ya bir neçə
fiziki və ya hüquqi şəxsin könüllü əmlak
haqqı əsasında təsis edilən və sosial, xeyriyyə,
mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri
daşıyan qeyri-hökumət təşkilatıdır".
Qanuna əsasən, qeyri-hökumət təşkilatları
ölkə daxilində və xaricdə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və
konkret olaraq qeyri-hökumət təşkilatının
nizamnaməsində nəzərdə tutulan məqsədlərlə
ziddiyyət təşkil etməyən istənilən fəaliyyət
növünü həyata keçirmək hüququna malikdir. 4-cü maddədə
QHT-lərin təşkilati-hüquqi formaları müəyyən
olunur. Orada göstərilir: "QHT-lər istənilən
təşkilati-hüquqi formalarda təsis oluna bilərlər".
QHT-lərin fəaliyyəti ilə bağlı digər
bir aktual məsələ yeni yaradılan qurumun adı ilə
bağlıdır. "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Qanunun 3.1-ci
maddəsində müəyyən olunur ki, hər bir
qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi
formasını və fəaliyyətinin xarakterini göstərən
adı olmalıdır. Qeyri-hökumət
təşkilatının adı mütləq şəkildə
onun nizamnaməsində əksini tapmalıdır. Fondun adı göstərilərkən "fond"
sözündən istifadə olunması məcburidir. Prinsip etibarilə qeyri-hökumət təşkilatları
qanunla müəyyən olunmuş qaydada dövlət
qeydiyyatına alınmış digər qeyri-hökumət təşkilatlarına
məxsus olan adlar istisna olmaqla, istənilən addan istifadə
edə bilər. Qanunvericilikdə
qeyri-hökumət təşkilatının adının
hansı dildə yazılması nəzərdə
tutulmamışdır. Lakin Konstitusiyaya
görə, dövlət dilinin Azərbaycan dili
olmasını nəzərə alsaq, qeyri-hökumət təşkilatlarının
adları hökmən Azərbaycan dilində göstərilməlidir.
Azərbaycan dili ilə yanaşı
qeyri-hökumət təşkilatının adı xarici dildə
də göstərilə bilər.
Qanuna
görə qeyri-hökumət təşkilatı 2 üsulla
yaradıla bilər: təsis edilmə; yenidən təşkil.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" Qanuna görə qeyri-hökumət
təşkilatının olduğu yer onun Nizamnaməsində göstərilən hüquqi
ünvanı ilə müəyyən edilir. Mülki
Məcəllənin 51-ci maddəsində müəyyən
olunur ki, hüquqi şəxsin daimi fəaliyyət göstərən
orqanın yerləşdiyi yer hüquqi şəxsin olduğu
yer sayılır.
Fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində
fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının
iştirakçısı olmaq hüququ onların vətəndaşlığından
asılı deyildir. Belə ki, həm Azərbaycan Respublikasının vətəndaşları,
həm də əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının
iştirakçısı ola bilərlər.
Qeyri-hökumət təşkilatlarının
iştirakçısı ola bilən
hüquqi şəxslərin dairəsi isə nisbətən məhduddur.
Belə ki, dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları qeyri-hökumət təşkilatlarının
iştirakçısı (təsisçisi, üzvü və
köməkçisi) ola bilməzlər.
Qeyri-hökumət təşkilatının nizamnaməsi
onun əsas təsis sənədi hesab olunur. Nizamnamədə
qeyri-hökumət təşkilatı haqqında bütün
məlumatlar öz əksini tapmalıdır: məqsədi, təşkilati
quruluşu, idarə olunma qaydası və onun fəaliyyəti
ilə əlaqədar digər məsələlər.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" Qanunun 13-cü maddəsinə
uyğun olaraq, hər bir qeyri-hökumət təşkilatının
nizamnaməsində aşağıdakı məsələlərə
mütləq şəkildə aydınlıq gətirilməlidir:
qeyri-hökumət təşkilatının adı və yerləşdiyi
yer; fəaliyyətinin məqsədləri; idarə olunma
qaydası; əmlakının formalaşma mənbələri;
nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin
edilməsi qaydası; qeyri-hökumət təşkilatının
ləğv edilməsi qaydası; ləğv edildiyi halda təşkilatın
əmlakından istifadə qaydaları. Bu
göstərilənlər həm ictimai birliyin, həm də
fondun nizamnaməsində nəzərdə tutulmalıdır.
Qeyri-hökumət təşkilatının nizamnaməsinə
lazım gəldikdə əlavə və dəyişikliklər
də edilə bilər. Bu proseslərin ümumi qaydaları
haqqında da qanunvericilikdə lazımi göstərişlər
mövcuddur. "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Qanunun 14.1-ci
maddəsinə əsasən ictimai birliyin nizamnaməsinə dəyişikliklər
onun ali idaretmə orqanının qərarı ilə edilə
bilər.
Qeyri-hökumət
təşkilatının mülkiyyətində və ya
operativ idarəsində qanunvericiliklə qadağan
olunmamış istənilən növdə əmlak ola bilər. "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Qanunun 24-cü
maddəsinə əsasən qeyri-hökumət təşkilatının
əmlakının pul və digər şəkildə
formalaşdırma mənbələri
aşağıdakılardır: təsisçilərin və
ya ictimai birliklərin üzvlərinin müntəzəm və
ya birdəfəlik üzvlük haqları; könüllü əmlak
haqları və ianələri; malların
satışından, xidmətlər göstərilməsindən,
işlər görülməsindən daxilolmalar; səhmlər,
istiqrazlar, başqa qiymətli kağızlar və əmanətlərdən
alınan dividentlər və gəlirlər; öz əmlakından
istifadə və onun satılması nəticəsində əldə
edilən gəlirlər;
qrantlar; qanunvericiliklə qadağan edilməyən digər
gəlirlər.
Hər bir təşkilatda olduğu kimi, QHT-lərin də
gəlir əldə etməsi mümkündür. Təbii ki,
qanunlarda bu da nəzərdə tutulur. Qeyd olunan qanunun
22.2-ci maddəsində göstərilib ki, qeyri-hökumət təşkilatı
əldə edilmiş gəliri təsisçiləri və
üzvləri arasında bölüşdürməyərək
yalnız təşkilatın yaradılması məqsədlərinə
nail olmağa yönəldilmiş sahibkarlıq fəaliyyəti
ilə məşğul ola bilər.
Qeyri-hökumət təşkilatlarının fəaliyyəti
ilə əlaqədar digər bir mühüm qanun 2003-cü
ildə qəbul olunmuş "Hüquqi Şəxslərin
Dövlət Qeydiyyatı və Reyestri Haqqında" qanundur. Bu qanun
hüquqi şəxs statusu almaq istəyən qurumların
dövlət qeydiyyatı qaydasını müəyyən
edir. Qanunun 8.1. maddəsi
hüquqi şəxs statusu almaq istəyən QHT-nin
qeydiyyatın bir qayda olaraq 40 gündən gec olmayaraq həyata
keçirilməsini nəzərdə tutur.
Müstəsna hallarda yoxlama zamanı əlavə
araşdırma aparılması zərurəti yarandıqda bu
müddət daha 30 günə qədər artırıla bilər. Təqdim edilmiş sənədlərdə
dövlət qeydiyyatına alınması üçün
imtinaya səbəb olmayan çatışmazlıqlar
aşkar edildikdə, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri
müraciət etmiş şəxsə qaytarmaqla, bu
çatışmazlıqların aradan qaldırılması
üçün əlavə olaraq 20 gün müddət təyin
edir.
Qanunvericiliyə
əsasən hüquqi şəxs statusu almaq istəməyən
QHT-lər təşkilatın yaradılması haqqında bildirişi təsis qərarı
qəbul olunduğu andan 30 gündən gec olmayaraq Ədliyyə
Nazirliyinə yazılı müraciətlə təqdim etməlidirlər.
Bu onların qanuni fəaliyyəti
üçün əsas hesab olunur.
Azərbaycan Respublikasının bir sıra qanun və məcəllələrində
olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində
də qeyri-hökumət təşkilatları, daha dəqiq
desək qeyri-hökumət təşkilatlarında müqavilə
əsasında çalışan insanların (müqavilə
əsasında fəaliyyət göstərən
işçilərlə yanaşı vətəndaş cəmiyyəti
institutlarında təmənnasız fəaliyyət göstərən-könüllü
işçilər də mövcuddur) fəaliyyətlərini
tənzimləyən müddəalar öz əksini
tapmışdır. Azərbaycan Respublikasının Əmək
Məcəlləsini təhlil etdikdə bir daha şahidi oluruq
ki, QHT-də çalışan işçilər
üçün bu məcəllənin tətbiqi heç bir
maneə yaratmır. Belə ki, QHT-lər digər iş
yerlərində olduğu kimi işə qəbul etdiyi
işçilərlə əmək müqaviləsi
bağlamalıdır. Bu müqavilə Əmək
Məcəlləsinin 42-53-cü maddələrində əks
olunmuş tələblərə və Əmək Məcəlləsinin
1 saylı əlavəsində əks olunan nümunəvi
formaya uyğun olmalıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, qeyri-hökumət təşkilatlarında
Əmək müqaviləsi ilə çalışan
işçilərlə yanaşı təmənnasız fəaliyyət
göstərən şəxslər (könüllülər)
də fəaliyyət göstərirlər. Bu kateqoriya işçilərin
hüquqi vəziyyəti Əmək Məcəlləsi
vasitəsi ilə tənzim olunmur. Bu hal isə
öz növbəsində bəzi problemlərin yaranmasına
səbəb olur.
QHT-lər digər qurumlar kimi, vergilərdən də
azad deyillər. Bununla yanaşı dövlət tərəfindən
qeyri-kommersiya təşkilatları üçün müəyyən
güzəştlər də nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə görə
dövlət qeydiyyatına alınmış qeyri-hökumət
təşkilatları Vergi Məcəlləsində nəzərdə
tutulan vergi güzəştlərindən istifadə edirlər.
Belə ki, Azərbaycan Respublikası Vergilər
Məcəlləsinin 165.1.2. maddəsinə
əsasən "xaricdən alınan əvəzsiz maliyyə
yardımları (qrantları)hesabına malların idxalı,
qrant üzrə resipiyentlərə malların təqdim edilməsi,
işlərin görülməsi və xidmətlərin
göstərilməsi" üçün Əlavə Dəyər Vergisi
(ƏDV) sıfır dərəcəsi ilə tutulur. Vergi Məcəlləsində mövcud olan bu vergi
güzəşti praktikada QHT-lər üçün ciddi
problemlər yaradır. Çünki ƏDV-nin 0 dərəcəsi ilə tutulması prosedurası mürəkkəbdir. Belə ki,
Vergilər Məcəlləsinin 175.7 maddəsinə əsasən
"Sıfır dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar
ƏDV-yə cəlb edilən əməliyyatlar hesab edilir və
belə əməliyyatlar aparan şəxslər tərəfindən
mallar (işlər, xidmətlər) alınarkən
nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin
bank hesabına birbaşa nağd qaydada ödənişlər
istisna edilməklə) ödənilmiş ƏDV-nin məbləği
bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir."
Beləliklə, QHT-lər hesabat dövrü ərzində
malların təqdim edilməsi, işlərin görülməsi
və xidmətlərin göstərilməsi üçün
qrant vəsaitindən ödədikləri ƏDV-ni əvəzləşdirməkdə
çətinlik çəkir və ən başlıcası
isə qrant təqdim etmiş donor qarşısında hesabat
verərkən problemlərlə üzləşirlər.
Vergi Məcəlləsinə
əsasən qeyri-hökumət təşkilatına
münasibətdə aşağıdakılar mənfəət
vergisini ödəməkdən azaddır (maddə 106): xeyriyyə
təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən
əldə edilən gəlirlərdən başqa;
qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz
köçürmələr, üzvlük haqları və
ianələr. Göstərilənlərdən
başqa, qeyri-hökumət təşkilatlarının əldə
etdiyi bütün gəlirlər, o cümlədən
sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər
mənfəət vergisinə cəlb olunurlar". Əmlak vergisinə
münasibətdə isə yalnız əlillərin ictimai təşkilatlarının
vergini ödəməkdən azad edilməsi nəzərdə
tutulur (maddə 199). Qalan bütün
hallarda digər müəssisələr kimi, qeyri-hökumət
təşkilatları vergiləri ödəməyə mükəlləfdirlər.
27 dekabr
2001-ci il tarixində qəbul olunmuş digər bir
qanun-"Dövlət satınalmaları haqqında"qanun
Azərbaycan Respublikasında dövlət
satınalmalarının iqtisadi, hüquqi və təşkilatı
əsaslarını müəyyənləşdirir,
satınalmalar zamanı dövlət vəsaitindən səmərəli
və qənaətlə istifadə edilməsi, müsabiqə
və aşkarlıq əsasında bütün mal göndərənlərə
(podratçılara) bərabər rəqabət mühiti
yaradılması prinsipləri və qaydalarını müəyyən
edir . Qanun QHT-lərin dövlət
satınalmalarında iştirakına heç bir hüquqi maneə
yaratmır. Belə ki, qanunun 8.1. maddəsinə görə "Dövlət
satınalmalarını tənzimləyən normativ hüquqi
sənədlərdə göstərilən hallar istisna
olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və
ya fiziki şəxslər, yaxud hüquqi şəxslər,
yaxud hüquqi şəxslər
birliyi dövlət mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət
satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər
". Bununla belə Qanuna daxil edilmiş bir
sıra şərtlər və faktiki vəziyyət QHT-lərin
dövlət satınalmalarında iştirakını
mümkünsüz edir.
2002-ci ildə "Sosial sığorta haqqında" Azərbaycan
Respublikasının qanununa edilən müvafiq dəyişiklikdən
sonra QHT-lər də məcburi sosial ödəmələrə
cəlb olundular. Lakin bir sıra QHT-lərin
sosial ödəmələrdən azad edilməsi, yaxud bəzi
donorların ayırdığı qrantlar (ABŞ Hökuməti,
Avropa Birliyinin və s. ) sosial sığortaya cəlb edilməməsi
belə güzəştlərə malik olmayan QHT-lərin digərlərinə
nisbətdə qeyri-bərabər vəziyyətə salır.
Bundan başqa sosial sığorta hadisəsi
baş verərkən müavinətlərin ödənilməsi
zamanı QHT-lər bir sıra problemlərlə üzləşirlər.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15
sentyabr 1998-ci il tarixli (sonrakı illərdə əlavə və
dəyişikliklər edilib) 189¹-li qərarı ilə təsdiq
olunmuş "Məcburi dövlət sosial
sığortası üzrə ödəmələri və əmək
qabiliyyətini müvəqqəti itirmiş işçilərə
işəgötürənin vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi
haqqında əsasnamə" nin II bölməsinə görə
"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə sığorta olunana müavinət
aşağıdakı hallarda verilir:
Xəstəlik və zədə nəticəsində əmək
qabiliyyəti müvəqqəti itirildikdə.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə müavinət ilk 14 təqvim günü
üçün işəgötürənin vəsaiti, qalan
günlər üçün isə məcburi dövlət
sosial sığorta haqları hesabına ödənilir. Təəssüf
ki, QHT-lərdə çalışan işçilər əmək
qabiliyyətlərini müvəqqəti itirərkən birinci
iki həftə üçün onlara ödəniləsi olan
müavinət üçün vəsaitin olmaması bu
müddəanın praktikada işləməməsinə gətirib
çıxarır.
QHT-lərin
bir institut olaraq Azərbaycan Respublikasının qanunvericiliyində
təsbit olunmasını analiz edərkən bəlli olur ki, onların ölkənin
ictimai-siyasi həyatında
hərtərəfli iştirakı üçün kifayət
qədər hüquqi baza mövcuddur. Belə ki, yuxarıda
qeyd olunan qanunlarla
yanaşı, qeyri-hökumət təşkilatları
seçki qanunvericiliyinə uyğun olaraq, Azərbaycan
Respublikasında keçirilən prezident, Milli Məclis və bələdiyyə
seçkilərini müşahidə edə bilərlər.
Bundan başqa qeyri-hökumət təşkilatları
Prezident və bələdiyyə seçkiləri haqqında
qanunlara müvafiq olaraq seçki komissiyalarının
formalaşmasında da iştirak edə bilərlər. "Azərbaycan
Respublikasının Prezidentinin seçkiləri
haqqında" qanunun 12-ci maddəsinə əsasən, ərazi
seçki komissiyasının tərkibi Mərkəzi
Seçki Komissiyası tərəfindən müvafiq ərazidə
ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının
və yaşayış yeri üzrə seçicilərin
yığıncağının irəli sürdükləri
bir qayda olaraq ali təhsilli namizədlər
arasından onun müəyyən etdiyi qaydada keçirilən
püşkatma yolu ilə müəyyən edilir.
"Sərbəst toplaşmaq azadlığı
haqqında" qanuna müvafiq olaraq, qeyri-hökumət təşkilatları
yığıncaqlar, mitinqlər, nümayişlər, piketlər
keçirə bilərlər.
"Kütləvi informasiya vasitələri
haqqında" qanuna əsasən qeyri-hökumət təşkilatları
kütləvi informasiya vasitələri təsis etmək
hüququna malikdirlər. Elə Azərbaycanın bugünkü
gerçəkliyi də QHT-lərin qanunun bu müddəasından
fəal istifadə etmələrini sübuta yetirir.
"Əlilliyin
qarşısının alınması, əlillərin
reabilitasiyası və sosial müdafiəsi haqqında"
qanuna əsasən dövlət orqanları və təsərrüfat
təşkilatları qanunvericilikdə nəzərdə
tutulan hallarda əlillərin ictimai təşkilatlarının
mənafeyinə toxunan məsələləri əlillərin
müvafiq ictimai təşkilatlarının iştirak və
ya razılığı ilə həll edirlər.
"Ətraf
mühitin mühafizəsi haqqında" qanuna görə
qeyri-hökumət təşkilatları ətraf mühitin
mühafizəsi ilə əlaqədar olaraq, özlərinin
ekoloji proqramlarını işləyə və təbliğ
edə, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların
hüquqlarını və maraqlarını müdafiə edə,
ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti
həyata keçirə, ətraf mühitin mühafizəsi
sahəsində qanun layihələrinin müzakirəsində
iştirak edə, inzibati və məhkəmə
qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin,
qurğuların və başqa
ekoloji zərərli obyektlərin
yerləşdirilməsi, tikintisi, yenidən qurulması və
istismara verilməsinin, o cümlədən ətraf mühitə
və insanların sağlamlığına mənfi təsir
göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılmasını,
müvəqqəti və daimi dayandırılmasını tələb
edə, müvafiq orqanlar və məhkəmələr
qarşısında iddia qaldıra bilərlər və s.
Bütün qeyd olunanları yekunlaşdıraraq demək olar ki, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün bütün qanuni prosedurlar nəzərdə tutulub. Qanunlara edilən əlavə və dəyişikliklərlə zaman-zaman mövcud boşluqlar, qüsurlar da öz müsbət həllini tapır. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə yeni tələblər ortaya çıxır və bu da öz növbəsində ölkəmizdə qeyri-hökumət təşkilatlarının qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan QHT-lər üçün münbit hüquqi bazanın yaxşılaşması və ehtiyac duyduğumuz yeni qanunların qəbulu prosesi indi də davam etdirilir və bu gələcəkdə də davam etdiriləcək. Nəticədə bu sahədə olan bütün çatışmazlıqlar aradan qaldırılacaq.
AQİL
525-ci qəzet.-
2014.- 4 mart.- S.6.