El ağsaqqalı Səlim
Əzimovun həyat hekayətləri
Vətən, yurd sevgisi imandandır. Nə böyük
hünərdir bir qızı sevmək?
Bu çayın, kəndin,
bir ovuc torpağın dəli Məcnunu
olasan gərək. Səlim Əzimov iyirmi bir ildir itirdiyimiz
doğma Qarabağımızın
dilbər guşələrindən
olan Novruzlu kəndini sonsuz bir sevgi, istəklə,
yanğı ilə yaşadır və "Həyat hekayələri"
kitabında tərənnüm
edir.
Akademik Ziya Bünyadov yazırdı: "Hər
bir alim, yazıçı, jurnalist,
bütövlükdə "qələmçalanlar" öz
kəndlərinin, şəhərlərinin,
tarixini yazmağa təşəbbüs göstərirlər.
Doğrudur, bu, çətindir,
lakin faydalıdır.
Çünki bir həqiqətdir
ki, tarixçilər ümumi tarixi yazırlar və hər bir yaşayış
məntəqəsinin tarixini
həmin yerin sakini qədər dəqiq bilmirlər və bu məsələdə
onları günahlandırmaq
olmaz".
Səlim müəllim hazırda təqaüdçüdür. O, təqaüddə
olduğu müddətdə
də günlərindən
səmərəli istifadə
edir. Yazıb yaratmaq eşqi
ilə çalışır.
Son illərdə çapdan
çıxmış "Müəllim ömrü",
"Kamillik zirvəsi",
"Yurd yeri" sonuncu, bu günlərdə
qələmə aldığı
"Həyat hekayələri"
kitabları geniş oxucular tərəfindən
rəğbətlə qarşılanıb.
Səlim Köçəri oğlu
Əzimov 31 dekabr
1924-cü ildə Ağdam
rayonunun Novruzlu kəndində anadan olub. O, qanlı-qadalı Böyük
Vətən müharibəsi
illərinin şahididir.
1945-49-cu illərdə Ağdam
pedaqoji texnikumunda,
1949-51-ci illərdə Ağdam
Dövlət 2 illik Müəllimlər İnstitutunda
əyani, 1952-55-ci illərdə
Bakıda qiyabi təhsil alıb. Səlim müəllim 1951-ci ildə
pedaqoji fəaliyyətə
başlasa da,
1952-53-cü illərdə Ağdamda
"Lenin yolu" qəzetində
işləyib, 1954-cü ildən
2011-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirib.
Səlim müəllim fenomenal yaddaşı sayəsində
qədim tarixə malik Novruzlu kəndinin bütün sahələrini işıqlandırıb,
sanki bu kəndin canlı görüntülərini yaradıb. Kənd
haqqında böyük tədqiqat
işi aparıb, oxucuda onun haqqında
tam, aydın
təsəvvür yaradıb.
S.Əzimov ömrünün bu
ixtiyar çağında
"Həyat hekayələri"
kitabını çap
etdirməklə çox
lazımı, şərəfli
bir iş görüb. Öz içindən gələn
istək, sevgi ilə oğulluq
borcundan çıxıb.
Çalışıb ki,
heç kim unudulmasın
və buna da tam şəkildə
nail ola bilib. Bu kitab həm
də keçmiş ilə indiki dövrün vəhdətindən
yaranıb.
"Həyat həqiqətləri"
kitabı ardıcıllıq
gözlənilməklə, bir-birindən maraqlı, oxunaqlı "Kəndimiz",
"Həyatın ilk illəri",
"Uzaqgörən kişi",
"Ana zəhməti", "Çətinliklər", "1950-1960-cı
illər", "Şuşalı
günlər", "Dəhşətli
faciə", "Qarabağdadır",
"Ermənilərin xəyanətkarlığı",
"Novruzlu məktəbi",
"İşlər yaxşı
gedirdi", "Bəzi
qəribəliklər", "Həyatda olmayan dostlarım", "Ağdamda
güclü kadr potensialı", "1970-1980-ci illərdə təhsil məsələləri", "Məktəb müqəddəs
məbəddir", "Düşüncələrim",
"İndiki zamanın
tələbi başqadır",
"Dostlar unudulmur",
"Həyatımın kədərli
günləri", "Maraqlı
əhvalatlar", "Publisist
məqalələr", "Yurd yeri sorağında",
"Dizi bərk kişi", "Yaxşı
adamlar unudulmur",
"Canlı əfsanə",
"Şur" - məni
Ağdama apardı",
"Ağdam çörək
muzeyi", "Ağdamlı
günlərin həsrətində
olan şair" və s. konkret ünvanla göstərilən
məqalələr, bölmələr
toplusundan ibarətdir.
Novruzlu kəndi tarixi şəxsiyyətləri ilə
məşhur olan kəndlərimizdəndir.
Qaçaq Əsədulla
adı ilə tanınan çox qoçaq kişiləri
olub. Ermənilərlə döyüşlərdə böyük şücaətlər
göstərdiyinə görə
Nuru paşa ona qızıl yəhər bağışlayıb.
Bir ordu qabağında təkbaşına duruş
gətirən kişilərdən
olub. Hətta Mircəfər Bağırov
Novruzlu kəndinə onun ayağına gedəndə
şura hökumətini
tanımadığını bildirmişdi. Ağdamda hamının bala
Marks kimi tanıdığı
Zeynal Məmmədov da o kəndin yetirmələrindən idi.
Novruzlu Qarabağın ən qədim bağları,
adlı-sanlı adamları,
bərəkətli torpağı,
çoxlu yeraltı kəhrizləri, çoxmərtəbəli
binaları, ilk təhsil
ocağı ilə tanınan böyük kəndlərdəndir.
Novruzlu kəndi Qarqar çayının sağ sahilində yerləşir. Bağlarında qiymətli üzüm növləri var idi. Bağlarda dadından doymaq olmayan hazarı, qüşürəyi, keçiməməsi, qızıl üzüm, irşibaba, kişmiş üzüm, mərəndi, şaqşaq, gəlinbarmağı, xan üzümü, və s. ümumiyyətlə, 16 adda üzüm yetişdirilirdi. XX əsrin əvvəllərində 1913-cü ildə Rusiyada çap olunan coğrafi atlasda - Ağdamdan ilk sənaye müəssisəsi göstərilir ki, onun biri Novruzlu Şərab Zavodudur.
Kəndin çoxlu məhlələri vardı: Daşlı təpə, Kərbəlayi Məhərrəmli, Təzə məhlə, orta məhlə, Borçalı məhləsi, Aşağı məhlə, Məktəb məhləsi, Hümbətlər məhləsi, Çölməhlə, Paşalar məhləsi və s.
Kitabda olduqca maraqlı hadisələr
var. Xatın arxının
tarixi XVII əsrin sonlarına gedib çıxır. Tarixdən məlumdur ki,
Ağa Məhəmməd
Şah Qacar güclü qoşunu ilə bir neçə
dəfə Qarabağa
hücum edib. Birinci dəfə Qarabağa hücum edərkən Qacarın qoşunu Şelli dağının
yuxarı hissəsində
Əsgəranın aşağısında
çadır qurur.
Əsgəran qalasında Məmməd
bəyin qoşunu Qacarın qoşununa çox güclü müqavimət göstərir.
Bu zaman Qacarın
sərkərdələrindən biri ağır yaralanır. O, Şelli
kəndində Xatın
adlı bir qarının evində qalır, müalicə olunur. Kimsəsiz qarının bu
qayğısı onu təsirləndirir. Sağalıb
Xatın arvada deyir ki, nə istəyi olsa, yerinə yetirə bilər. O zaman su mənbəyi
olmadığı üçün
Xatın arvad Qarqar çayından Şellinin üst tərəfindən kəndə
arx çəkməsini
xahiş edir. Qoşun az
müddətdə Qarqar
çayından dağın
dibi ilə kəndə arx çəkir. O vaxtdan həmin tarixi abidənin adı Xatın arxı olur. Xatın arxının aşağı
hissəsi ilə Novruzlu, Saybalı, Bağmanlar, Pirzadlı, İsmayılbəyli, Mərzili
kəndlərinin ağsaqqallarının,
bəylərin gücü
ilə Musabəy arxı çəkilir.
Musabəy arxının elə
yeri var idi ki, 30-40 m dərinlikdə idi. Qarqara sel gələndə Xatın arxının suyu bağ-bağatlı, əkin yerlərini bol-bol suvarırdı.
Qarabağın adlı-sanlı kəndlərindən
olan Novruzlu çox
inkişaf etmişdi. Belə ki, kənddə
4 yeraltı kəhriz,
2 məscid, 3 kitabxana,
4 ərzaq-sənaye malları
mağazası, 75 çarpayılıq
xəstəxana, 2 tibb
mərkəzi, 3 bərbərxana,
2 rabitə şöbəsi,
3 uşaq bağçası,
2 orta məktəb, 2 klub, 3 kitabxana var idi.
Səlim Əzimovun yeni çapdan çıxmış
"Həyat hekayələri"
kitabı bütün
kitabsevərlərin və
xüsusilə Novruzlu
əhalisinin ən sevimli kitabı olacaq.
Surxay Əlibəyli
525-ci qəzet.- 2014.- 5 mart.- S.8