Əzablı yollardan keçərək...
O,
1914-cü ilin 14 yanvarında dünyaya gəldi. Atası Yusif Hüseyn oğlu Qasımov əslən
naxçıvanlı idi. İrəvan
gimnaziyasını bitirəndən sonra Azərbaycanın
müxtəlif rayonlarında poçt-teleqraf idarə işində
çalışırdı, Yevlaxda, Dilicanda, Şuşada,
Tiflisdə işləmişdi. Bizim bu
yazının qəhrəmanı- Ənvər Yusifoğlunun
doğulduğu yer Yevlax oldu və atasının müxtəlif
şəhərlərdə işləməyindən
asılı olaraq o da bu şəhərlərdə
yaşamışdı.
Ənvər Yusifoğlunun bundan sonrakı tərcümeyi-halında
xoş günlər, illər, uğurlar oldu, amma itkilər
ölümlər, repressiya, sürgün illəri də
çox oldu və o xoşbəxt günlərin üstünə
kölgə saldı.
Onun ana tərəfdən qohumları tanınmış
bir nəslin nümayəndələri idi. Bir dayısı Azərbaycanın
görkəmli şairi, "Molla Nəsrəddin"
jurnalının qurucularından biri, Cəlil Məmmədquluzadənin
ən sadiq silahdaşı, hətta jurnalın müəyyən
illərdə Mirzə Cəlillə birgə redaktoru olmuş,
1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər"
pyesində Şeyx Nəsrullah rolunun ilk ifaçısı
Əliqulu Qəmküsar idisə, o biri dayısı
tanınmış naşir və inqilabçı Rzaqulu Nəcəfovdu.
Heyif,
Əliqulu Qəmküsar az yaşadı,
daha doğrusu, qətlə yetirildi, 1919-cu ilin 14 martında,
Tiflisdə qaragüruhçular tərəfindən
öldürüldü. Heç şübhəsiz
ki, Ənvər Yusifoğlunun dünyagörüşünə,
bir insan kimi formalaşmasına dayılarının, Tiflis
mühitinin böyük təsiri olmuşdu. Sonralar
-Əliqulu Qəmküsarın qızı, Azərbaycanın
ilk qadın kino rejissoru Qəmər Salamzadə "Kiçik
pəncərədən görünən dünya" xatirələr
kitabında yazacaq ki: "Ənvərin görkəmli
yazıçı olacağına əmim Rzaqulu şübhə
etmirdi. Çünki ta uşaq vaxtlarından dəftər və
qələm əlindən düşməzdi: ailədə onu
"Ənvər Ülvi" deyə
çağırardıq".
Ənvər Yusifoğlunun ilk gənclik illəri Tiflisdə
keçib, o, burada pedoqoji texnikumu bitirib. Onda cəmi on beş yaşı vardı, elə ilk hekayəsi
-"Bir matrosun xatirələri" də Tiflisdə,
"Ədəbiyyat cəbhəsində" jurnalında dərc
edilir. 1932-ci ildə Gürcüstan Proletar
Yazıçılar İttifaqına üzv olur. O, Tiflisdə "Yeni
kənd" və Gəncədə "Kirovabad
bolşeviu" qəzetlərində də əməkdaşlıq
edir. Sonra 1932-ci ildə Moskvaya, Kinematoqrafiya İnstitutuna təhsil
almağa gedir,
amma ailə vəziyyətilə əlaqədar təhsilini
yarımçıq qoyur, bu dəfə Bakıya gəlir.
Onda elə uşaqlıqdan təsviri sənətə, rəssamlığa
böyük şövq, həvəs vardı. Bir müddət
"Kommunist" qəzetində ədəbi işçi kimi
çalışdıqdan sonra, Ə.Yusifoğlu Azərbaycan
İncəsənət Muzeyində işə girir, Şərq
şöbəsinin müdiri vəzifəsində
çalışır. Bu illərdə o,
tənqidçi Orucəli Həsənov və sənətşünas
Rəfibəyovla birlikdə "Azərbaycan incəsənət
tarixi" oçerklər kitabını hazırlayırlar.
Bu kitab tamamlanmasa da, az tirajla
yayılır.
Amma bundan sonra, 1938-ci ildən başlayaraq bu xoşbəxt
günlərə qara kölgələr düşür.
Ənvər Yusifoğlunu - o zaman 24 yaşı təzəcə
tamam olmuş bu gənci həbs edirlər. 20 yanvar 1938-ci
ildə. İstintaq zamanı məlum olur
ki, guya Ənvər Yusif oğlu Qasımov əksinqilabi-millətçi,
üsyançı-terrorçu, təxribatçı-zərərli
təşkilatın üzvüdür. Guya
o (24 yaşlı gənc) Azərbaycanı SSRİ-dən
silahlı üsyan yolu ilə ayırmaq və Sovet hakimiyyətini
devirməyi qarşısına məqsəd qoymuşdur
(Ə.Yusifoğlunun həbsi və repressiyası ilə
bağlı faktları filologiya elmləri doktoru Cəlal
Qasımovun və jurnalist İlqar Əhmədoğlunun
müxtəlif qəzetlərdə dərc etdirdikləri məqalələrdən
və Ə.Yusifoğlunun qızı Nərgiz xanımın
xatirələrindən əxz etmişəm-V.Y.) Niyə, nə səbəbə onu həbs
etmişdilər? Birincisi; Ənvər
Yusifoğlu müstəqil düşünən, daxilən
azad bir insan idi, kiminsə nöqsanını üzünə
deyərdi. Ziyalı idi. Mütaliə dairəsi geniş idi. Hakimiyyət adamı deyildi. Kommunist
diktaturasına belə ziyalılar lazım deyildi və onları
təmizləyirdilər. İkincisi; konkret
səbəb bu olmuşdu ki, mollanəsrəddinçi
şair-Əli Razi Şamçızadə (o, artıq
güllələnmişdi), istintaqda Ənvər
Yusifoğlunun adını çəkmişdi və bu ifadədən
yapışan kapitan Panov saxta bir arayış düzəldib
NKVD komissarı əvəzi Borşova təsdiqlətmişdi.
Birinci istintaqda o, üzərinə atılan
ittihamların əsassız və böhtan olduğunu söyləyir.
İkinci istintaqda isə o, bu ittihamları təsdiqləyir.
Yəqin fikirləşmişdi ki, yenə inad eləsə,
başqaları kimi onu da güllələyərlər.
Beləliklə, istintaq başa çatır və iş məhkəməyə
verilir. Məhkəmədə isə o, "Mən özümü
müqəssir hesab etmirəm!" deyir. Beləliklə,
gözlənilməz bir hadisə baş verir və məhkəmə
heç bir şeyi ona sübut edə bilmədiyindən
işi əlavə istintaqa göndərir. 14 ay həbsdə yatdıqdan sonra o, azad edilir.
Bu birinci həbs idi. Amma hələ
qarşıda daha dəhşətli günlər gözləyirdi
onu.
Birinci həbs zamanı bir məqamı xatırlatmaq istəyirik. Bacısı Sənubər
xanımın dediklərindən: "Birinci dəfə onu həbs
edəndə payıza yaxın Hüseyn Cavidlə bir kamerada
saxlayıblar. Təsadüfən Ənvər zümzümə
edirmiş, qonşu kameradan Hüseyn Cavidin səsi gəlib:
"Ay oğul, kimsən?"- Qardaşım deyib ki, Ənvər
Ülviyəm, Əliqulu Qəmküsarın bacısı
oğlu. Onu Cavidin yanına
köçürüblər". "Ədəbiyyat qəzeti"nin 10 aprel 2009-cu il, 10 aprel sayında Ənvər
Yusifoğlunun H.Cavidlə bağlı "Unudulmaz xatirə"
adlı kiçik bir yazısı dərc edilib. Ənvər
müəllim yazırdı: "Cavid kimi şəxsiyyətlə
ata-oğul, həmfikir, həmsayə, ümdəsi-müəllimlə
şagird kimi keçən bu altı aylıq
görüşü sehrləyən mühüm bir cəhət
də vardı. Mən ona şagird kimi, oğul
kimi əbədi surətdə bağlanmışdım.
Ümdəsi oğul kimi... Otağımızda əlliyə
qədər bizim kimi bəxtini, taleyini, aqibətini gözləyən
var idi.
Biz
Keşlə həbsxanasında 37-ci il
dövrünün haqsız cəzalarını (içimizdə,
əlbəttə, haqlı cəza çəkəcək
şəxslər də yox deyildi) gözləyənlərdik.
Heç inana bilmirəm ki, "Şeyx Sənan" və
"İblis" əsərlərinin müəllifi ilə
aylarla bir yerdə olmuşam, onun birgə məclislərində
iştirak etmişəm, onunla baş-ayaq yatmışam: Cavid
şairdən çox möcüzə idi, onun bildiklərini,
dediklərini, xatirələrini yad etmək həyatımın
ən şirin, əlvan, rəngarəng və umulmaz-unudulmaz
anları idi... Cavid... Cavid. Şübhəsiz
ki, onun Cavid kimi bir insanı, şairi, mütəfəkkiri ləkələməsi
bu günümüz üçün xüsusən, tariximiz
üçün böhtandır və bu cinayət nəinki
onun üçün, o tipli adamlar üçün unudulmaz
cinayətdir, elə bir cinayət ki, gələcək bu cinayəti
heç zaman unutmayacaqdır və
bağışlamayacaqdır".
Həbsdən azad edildikdən sonra, o, yenə işinə
qayıdır.
Amma yaxşı bilirdi ki, gec-tez yenə gəlib
onu aparacaqlar. Elə də oldu. 1942-ci
ildə Ənvər Yusifoğlunu yenidən həbs edib sorğu-suala tuturlar. Bacısı Sənubər
deyir ki: "Gecə qapımız döyüldü. Ənvər bizdə qalırdı. Ənvəri apardılar. Bu andan
gərgin günlərimiz başladı. Ənvəri
xeyli istintaqda saxladılar. Görüş ala bilməsək
də, məlumat çatırdı ki, türmədə ermənilər
türklərə qan uddururlar, işgəncə verirlər...
SSRİ NKVD-si Ənvəri 5 il
Qazaxıstanın Kokçetav rayonuna sürgün etdi. Ad qoymuşdular ki, guya o, Sovet ordusunun
döyüşə bilmədiyini söyləyib, sovet
xalqının güc və birliyinə inanmayıb".
Xalq şairi Nəriman Həsənzadə Ənvər
Yusifoğlu ilə qonşu idi. O, yazıçının
"Yaşamaq həvəsi" kitabına yazdığı
müqəddimədə deyirdi: "Ənvər müəllim
bir sözün güdazına getmişdi, demişdi ki, mən
"Mayn Kampf"ı oxumuşam. Çörək
kəsdiyi qələm yoldaşı səhərisi gedib
"lazımi yerə" məlumat vermişdi ki, o, Hitlerin
kitabını oxuyub". Bacısı qızı
Xanım Məmmədova deyir ki: "Bir dəfə Abbas müəllimin
(Abbas Zamanov nəzərdə tutulur-V.Y.) özündən
eşitdim ki, dayım Yazıçılar İttifaqına gələn
zaman təsadüfən o dövrdə ziyalıların
üzünə duran bir adam dayımı
görüb, onunla görüşmək istəyib. Amma
dayım həmin adamın uzanan əlini rədd edib: "Mən
cəhənnəm, Müşfiqə, Cavidə
yazığın gəlmədimi?" - deyib
və o adamın gözünün içinə
tüpürüb. Heç bizə də bildirmədi
ki, o mərdümazar kimdir. Hər şeyi
sirr olaraq özü ilə apardı".
1947-ci ildə, o, sürgündən qayıdır, amma
ona Bakıda yaşamaq yasaq olunur, bu səbəbdən ucqar bir
rayona - Balakənə göndərilir. Ənvər
Yusifoğlu Katex kəndində, ağac emalı zavodunda fəhlə
işləyir.
Əlbəttə,
Qazaxıstanda keçirdiyi soyuq, şaxtalı
sürgün illəri hara, Balakənin gözəl təbiəti-meşələri,
dağları, çayları hara? Qətiyyətlə
deyə bilərik ki, Balakəndə keçirdiyi illər
(1956-ci ildə, Bakıya qayıdana qədər), Ənvər
Yusifoğlunu bir yazıçı kimi formalaşdırır.
Ənvər müəllim təbiətlə
üz-üzə qalır, dağların, meşələrin,
çayların gözəlliyini canına sindirir, həm də
ekoloji nizamın pozulmasının şahidi olur və əlbəttə,
burada yaşayan insanların taleləri də onun gələcək
yazılarına mövzular, süjetlər bəxş edir.
Amma Balakəndə
kimsə bilmirdi ki, əyninə fəhlə paltarı geyən
bu adam ziyalıdır, vaxtilə yazı-pozu ilə məşğul
olub.
1956-ci ildə, bəraət qazandıqdan sonra Ənvər
Yusifoğlu Bakıya qayıdır. Qeyd edək ki, o, Balakəndə
yaşayanda ailə həyatı da qurmuşdu.
Ənvər Yusifoğlunun həyatı,
yaşadığı sürgün illəri doğrudan da
acı təəssüf hissləri doğurur. Sürgündən
qayıdanda onun 33 yaşı vardı. Qalır daha 42 il. Burada Balakəndə
yaşadığı illəri də çıxsaq, Ənvər
Yusifoğlunun bir yazıçı kimi tanınmağı əllinci
illərin sonlarından başlayır. Onun həyatı
və yaradıcılığından söz açan müəlliflər
öz yazılarına
"Sitəm", "Talesiz sənətkar" və
s. adlar seçirlər. Amma sitəmi, bu talesizliyi onun
bütün həyatına aid etmək olmaz, çünki
Balakəndən Bakıya qayıdandan sonra Ənvər
Yusifoğlunun taleyində işıqlı günlər
başlayır, o, hər şeyi yenidən başlayır, illər
boyu içində yatıb qalan yazıçılıq
istedadını ortaya qoyur, doğrudur, Nəriman Həsənzadənin
qeyd etdiyi kimi, canında bir qorxu qalsa da, danışanda ehtiyat
etsə də, gözəl hekayələr, povestlər
yazır, yazıçı və rəssam yoldaşları
haqqında məqalələrlə mətbuat səhifələrində
çıxış edirdi. Ona görə də
bu illərdə ona "Talesiz sənətkar" yox, öz
taleyini yazan sənətkar demək daha doğrudur.
1960, 1964 və 1966-cı illərdə onun eyni adda -
"Hekayələr" adlı üç kitabı
işıq üzü görür. O, "klassik nəsr qanunu"na riayət
edib, hekayə janrında qüvvəsini sınayandan sonra
povestə keçir, 1967-ci ildə "Cərrahlar"
povestini çap etdirir.Daha sonrakı illərdə
"Hamballar" (daha geniş variantı "Gənclik illərinə
səyahət"), "Alazan sahillərində",
"Dağlarda tonqal" povestlərini qələmə
alır, hekayə yaradıcılığını da davam
etdirir. Nəhayət, yetmişinci illərdə
"Düşmənimin düşməni" kimi gözəl
bir romanı ədəbi ictimaiyyətə təqdim edir.
Ənvər
müəllim səkkiz il "Ədəbiyyat və incəsənət"
qəzetində, on bir il də "Azərbaycan"
jurnalında əməkdaşlıq edir, 1976-cı ildən
ömrünün sonuna - 1989-cu ilə qədər
yaradıcılıqla məşğul olur, üç
kitabını nəşr etdirir, ara-sıra məqalələri
mətbuatda dərc olunur. Sözün əsl mənasında
bir yazıçı ömrü yaşayır.
Ənvər Yusifoğlu keçən əsrin əllinci
illərin sonlarında ədəbiyyata gələn bir nəslin
nümayəndəsidir. Sağlığında onun on kitabı
işıq üzü görüb. Bu
kitabların biri istedadlı Azərbaycan rəssamı Maral Rəhmanzadəyə
həsr edilib. Ənvər Yusifoğlunun rəssamlıq
sənətinə bələdliyi bu kitabda
açıq-aşkar nəzərə çarpır.
Onu bir
yazıçı kimi səciyyələndirməyə,
özünəməxsus fərdi üslubunu, dəst-xəttini müəyyənləşdirəndə,
ilk növbədə, həyatı duyan və
yazılarını real müşahidələr əsasında
qələmə alan bir yazıçı ilə üzləşirik.
Ənvər Yusifoğlu yaşadığı
dövrün həqiqətlərini qələmə
alırdı.
"Həyat
həqiqəti" deyəndə biz
50-80-ci illərin Azərbaycan gerçəkliyini nəzərdə
tuturuq. Ə.Yusifoğlunun yalnız bir əsəri-"Hamballar"
povesti iyirminci illərin hadisələrindən söz
açır, qalan əsərlərinin hamısı onun bir
yazıçı kimi yaşadığı illərin mənəvi
ab-havasını əks etdirir.
Ənvər Yusifoğlu nədən yazırsa-yazsın,
onu İnsan və onun taleyi düşündürürdü. Onun hekayələrində də
("Yaşamaq həvəsi", "Gəlsin, gəlməsin",
"Xamlamış cığırlar", "Üç
oğul, üç ana, bir nənə",
"Yaşasın insan", "Gecə
qardaşları", "Dəniz, baba və nəvə",
"Atalar və oğullar" və s.), "Cərrahlar"
povestində də biz bunun əyani şahidi ola bilərik.
Başlıcası, Ənvər Yusifoğlu insanda insanilik axtarırdı, təmizliyi,
mənəvi saflığı təbliğ edirdi. Onun qəhrəmanları sadə insanlar idi və
Ə.Yusifoğlu hekayələrində təsvir etdiyi qəhrəmanları
əsasən istehsalatdan, fəhlə həyatından, ya da kənd
təsərrüfatının müxtəlif sahələrindən
seçirdi, amma yazıçını bu adamların əməkçi
fəaliyyəti deyil, mənəvi dünyası
maraqlandırırdı. Azərbaycan nəsrində ən
çətin həkimlik peşəsi olan cərrahların həyatından
yazılan ilk povestin müəllifi də Ənvər Yusifoğludur
və bu povestdə həkimlərin gərgin, ağır, amma
şərəfli peşəsi ilə yanaşı, onların
daxili aləmi, mənəvi dünyası, bir insan kimi hiss və
duyğuları da öz əksini tapmışdır. Povestdə
Ata və Oğul qarşılaşması da diqqətdən
yayınmır və o da maraqlıdır ki, müəllif Ata
obrazını müsbət planda təqdim edib, Oğul isə
istedadlı cərrah olsa da, daxilən ziddiyyətli, bir
sıra mənfi xüsusiyyətləri özündə əks
etdirən bir obrazdır.
"Alazan sahillərində" povestində də müəllifin həyatı, insanları, təbiəti dərindən müşahidə etməsi diqqəti cəlb edir. Müəllif povestdə Salam-Səhər sevgisini çox zərif, incə boyalarla rəsm etmişdir,-desək, heç də yanılmarıq. Burada təbiətlə insan vəhdətdə götürülür, ekoloji problem müəllif məramını ifadə edən bir vasitəyə çevrilir. Amma bunların hamısından əzəl həmin o sevgi xəttidir. Bir-birindən ayrı düşən sevgililərin sonda qovuşa biləcəyi gözlənilir.Süni yox, hadisələrin məntiqindən, məna və mahiyyətindən yaranan situasiya bunu tələb edir.
Ənvər Yusifoğlu bir yazıçı kimi şöhrətləndirən əsər isə "Düşmənimin düşməni" romanıdır və qətiyyətlə deyə bilərik ki, bu əsər son əlli -altmış ildə yaranan Azərbaycan romanları içərisində ilk iyirmiliyə düşən romanlardan biridir. Bu fikrimiz havadan asılı qalmasın deyə, aşağıdakı mülahizərimizi oxucuların nəzərinə çatdıraq.
1. "Düşmənimin düşməni" roman janrının tələblərinə, daha doğrusu, onun estetikasına və poetikasına uyğun şəkildə qələmə alınmışdır. XX əsr Azərbaycan romanının bir çox komponentləri bu əsərdə öz əksini tapmışdır: problematika zənginliyi, insan-cəmiyyət-təbiət üçbucağının romanda bədii inikası, dolğun xarakterlər, süjet şaxəliliyi-kompozisiya dürüstlüyü, təsvirlərin və detalların dəqiqliyi... və bütün bunları özündə əks etdirən romançı texnikası, mədəniyyəti.
2. Yazıçının təsvir etdiyi aləmə, insanlara dərindən bələdliyi. "Dərindən" sözünü təsadüfü işlətmirik. Ənvər Yusifoğlu "Düşmənimin düşməni"ndə insan və təbiət problemini başlıca problem kimi romanın əsasına çevirmiş, necə deyərlər binanın əsas sütununa hörmüşdür.
Romanda Azərbaycan meşəsi bütün gözəlliyi və həm də ağrıları və yaraları ilə gözlərimiz qarşısında canlandırılır. Ənvər Yusifoğlunun on ilə yaxın meşəçi olması, təbiəti dərindən duyması, hər otun, gülün, çiçəyin, heyvanların, quşların "dilini" bilməsi romanın bəddi -estetik sanbalını xeyli artırmışdır.
3. "Düşmənimin düşməni" təkcə meşələrin, ümumən təbiətin ekoloji sisteminin pozulmasını deyil, həm də bu proseslərin insanla da həmahəng getməsini təsvir edir, yəni, təbiətdə hansı proseslər gedirsə, insanda da o proseslər öz əksini tapır. Təbiətdə qırılan meşələrdir, yox olan meşə sahələridir, dağıdılan quş və heyvan yuvalarıdır, ceyran sürüləridir, insanlarda isə bu proses mənəviyyatın pozulması, çat verməsi, şərin, yamanlığın insan qəlbində yuva qurması şəklində cərəyan edir. Hər ikisi-həm təbiət, həm də insan ekoloji cəhətdən yardıma, qayğıya möhtacdır; təbiət fiziki-bioloji mənada, insan isə təmiz mənəviyyat, ruhun sağlamlığına ehtiyac duyur.
4. "Düşmənimin düşməni" Azərbaycan romanının iki tipini özündə əks etdirmək baxımından da maraq doğurur. Bu əsərdə hadisəçiliklə psixoloji qat iç-içədir, biri o birsini tamamlayır. Romanın qəhrəmanları: Uğurlu, Müslüm müəllim həm baş verən, bir-birini sürətlə əvəz edən hadisələrin əhatəsindədirlər, həm də psixoloji durumu ilə diqqət çəkirlər.
Bir sözlə, "Düşmənimin düşməni" yetmişinci illərdə Azərbaycan təbiətinə, xüsusilə, meşələrə edilən qəsdlərin bədii ədəbiyyatda harayı, fəryadı kimi səslənirdi . İnsan və Təbiət paraleli, onların qarşılıqlı əlaqəsi, vəhdəti romanda bu məsələlər bədii şəkildə öz əksini tapırdı və deyək ki, indi də, təbiətə daha dəhşətli qəsdlər müqabilində öz aktuallığını itirmir.
Bu yazıda biz XX əsr Azərbaycan nəsrində özünəməxsus yeri olan bir yazıçının ömür yolundan söz açdıq. Bir insan kimi XX əsrin repressiya burulğanına düşən, amma mənəvi təmizliyini, saflığını itirməyən, ən başlıcası isə, xalqını sevən bir yazıçını sizlərə tanıtdırdıq. İyirmi beş il öncə dünyasını dəyişən Ənvər Yusifoğlunun əsərləri və onunla bağlı xoş xatirələr yaşadacaq onu.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 5 mart.- S.7.