Vətəndaş cəmiyyəti
institutları beynəlxalq hüquqi aktlarda
Vətəndaş cəmiyyəti institutlarının
aparıcı qüvvələrindən biri qeyri-hökumət
təşkilatlarıdır. Qeyri-hökumət təşkilatları
əsas etibarı ilə ictimai mənafe və mənfəətləri
nəzərə alaraq formalaşdırılan və əsasən
ictimai sferada fəaliyyət göstərən qurumlar olsa da,
artıq bu gün onların beynəlxalq siyasi proseslərdə
fəal iştirakından danışmaq mümkündür.
Bu iştirak heç də birdən-birə
mümkün olmayıb və tədrici prosesin məntiqi yekunu
olaraq meydana çıxıb.
QHT-lərin
beynəlxalq siyasi proseslərdə iştirakı
onların beynəlxalq hüquqla əlaqəsini
formalaşdırıb. Başqa sözlə,
dövlətlər tərəfindən, onların özləri
və onlarla beynəlxalq qurumlar arasında münasibətləri
tənzimləmək üçün formalaşdırılan
beynəlxalq hüququn müddəaları bu münasibətlərin
bütün iştirakçılarına, o cümlədən
QHT-lərə də aiddir. Lakin beynəlxalq
hüquq normalarında QHT-lərin öz əksini necə
tapdığı və onlar üçün müəyyən
edilən rolun nədən ibarət olduğunu təhlil etməzdən
əvvəl QHT-lərin beynəlxalq münasibətlərə
təsirinin və onların beynəlxalq hüquq normaları
ilə nizamlanması zərurətinin necə
formalaşdığını öyrənmək məqsədəuyğun
olar.
Ümumiyyətlə, qərb demokratiyasının tərkib
hissələrindən biri sayılan qeyri-hökumət təşkilatlarının
yaranmasına müxtəlif yanaşmalar var. Belə ki, bir
sıra mütəxəssislər qədim dövrdə
mövcud olan vətəndaş birliklərini qeyri-hökumət
təşkilatları hesab edir, dövlətdən kənar
yaranan hər bir kollektivçiliyi qeyri-hökumət təşkilatı
adlandırırlar. Əslində, bu yanaşma ümumiliklə
qəbul olunub. Məsələ
burasındadır ki, qədim dövrlərdə
yaranmış dövlətdən kənar qurumlar öz
xüsusiyyətləri ilə müasir qeyri-hökumət təşkilatlarından
fərqlənirdi. Belə ki,
müasir
qeyri-hökumət
təşkilatları üçün xarakterik
xüsusiyyətlər
bir
çox beynəlxalq təşkilatın, o cümlədən
BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində
də aşağıdakı kimi öz əksini tapıb:
xüsusi şəxslər tərəfindən qurulması;
dövlətdən asılı olmaması; şəxsi qazanc
güdməməsi; İctimai maraqları əsas
götürməsi; könüllülük; legitimlik.
Bu tip
xüsusiyyətlərin qədim və orta əsrlər
dövrünün dövlətdən kənar təşkilatlarının
hamısında olduğunu demək doğru olmaz. Buna görə də müasir beynəlxalq məxəzlərdə
indiki anlamda qəbul olunan qeyri-hökumət təşkilatlarının
yaranma tarixini, bir qayda olaraq, XIX əsrin ortalarından etibarən
hesablayırlar. Bu dövrdə qeyri-hökumət təşkilatlarının
yaranmasını stimullaşdıran əsas faktor kimi
müharibələr və onların törətdiyi humanitar fəlakətləri
qeyd edirlər. 1847-ci ildə yaradılan Amerikalıların
Tibbi Assosiasiyası (American Medical Association) və 1919-cu ildə
yaradılan Save the Children təşkilatları bu istiqamətdə
təsis edilən ilk qeyri-hökumət təşkilatları
idi. İkinci Dünya Müharibəsi illərində
formalaşdırılan Oxfam (1942-ci ildə təsis
edilmişdir), Catholic Relief Services (1943-cü ildə təsis
edilmişdir) və CARE (Cooperative American Relief Everywhere) (1945-ci
ildə təsis edilmişdir) kimi qeyri-hökumət təşkilatları
da əsasən müharibə nəticəsində
böyük dağıntıların baş verdiyi və ciddi
humanitar yardıma ehtiyacı olan avropalılara yardım məqsədi
ilə yaradılmışdı. Avropanın
dirçəlməsindən sonra bu təşkilatlar
"üçüncü dünya ölkələri"
adlandırılan, zəif iqtisadiyyata malik ölkələrə
yardım etmək üçün fəaliyyətlərinin
ünvan və istiqamətini xeyli dəyişdirdilər.
İkinci
Dünya Müharibəsindən sonra yaranan reallıqlarda
qeyri-hökumət təşkilatlarının üzərinə
düşən vəzifələr
və
bu vəzifələrdən irəli gələrək
oynadıqları rol onların beynəlxalq hüquqi
subyektliliyini təsdiq etdi. Başqa sözlə
desək, İkinci Dünya Müharibəsindən sonra
qeyri-hökumət təşkilatları da dövlətlər
kimi beynəlxalq münasibətlər sistemində önəmli
yer tutmağa başladı və bu hal onların beynəlxalq
hüquq normalarının obyekti olmasını şərtləndirdi.
Qeyri-hökumət təşkilatlarının
beynəlxalq hüququn obyektinə çevrilməsi zərurəti
hələ birinci dünya müharibəsindən sonra
yaranmışdı. Lakin Birinci Dünya
Müharibəsindən sonra formalaşdırılan
Versal-Vaşinqton sistemində dövlətdən kənar
qurumlara o qədər də ciddi fikir verilmədi. Bunun ən
əsas səbəblərindən biri
dövlətmərkəzli yanaşmanın hələ kifayət
qədər güclü olması
və
qeyri-hökumət təşkilatlarının özlərini
yetərincə göstərə bilməməsi olmuşdu. Bütün bunlara baxmayaraq, İkinci Dünya
Müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi
sənədi olan BMT Nizamnaməsində qeyri-hökumət təşkilatları
ilə də bağlı müddəa öz yerini alıb.
Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu
müddəa aşağıdakı kimidir: "İqtisadi və
Sosial Şura onun səlahiyyətləri çərçivəsində
olan məsələlərlə məşğul olan
qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə
aparılması üçün müvafiq tədbirlər görə
bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və
buna lüzum varsa, maraqlı Təşkilat Üzvü ilə məsləhətləşmədən
sonra milli təşkilatlarla razılaşdırıla bilər".
Yuxarıda qeyd etdiyimiz bu müddəa Nizamnamənin
İqtisadi və Sosial Şuraya aid bölməsində öz əksini
tapmışdır. İqtisadi və Sosial Şura BMT-nin beş
əsas orqanından biri olmaqla, qlobal səviyyədə
iqtisadi və sosial məsələlərlə məşğul
olur və ümumi dünya sülhünün və təhlükəsizliyinin
təmin olunmasına öz töhfəsini verir. İqtisadi və Sosial Şuranın öz işində
qeyri-hökumət təşkilatlarının gücündən
faydalanması və onlarla mütəmadi məsləhətləşmələr
aparması ilə bağlı bu bəndin BMT Nizamnaməsində
yer alması o deməkdir ki, hələ 1945-ci ildə dünya
dövlətləri qeyri-hökumət təşkilatlarının
beynəlxalq sülh və təhlükəsizlik
üçün əhəmiyyətini anlayırdılar.
Bütün bunlar isə o zamandan bu yana belə
bir tendensiya formalaşdırdı ki,
əsas
beynəlxalq sənədlərdə
sosial
müddəalar qeyri-hökumət təşkilatları ilə
əlaqələndirilir.
Bu gün
artıq İqtisadi və Sosial Şura BMT-nin qeyri-hökumət
təşkilatları ilə iş üzrə orqanı kimi səciyyələndirilir.
Bununla yanaşı artıq BMT-nin digər
orqanları, həmçinin Təhlükəsizlik
Şurası da qeyri-hökumət təşkilatları ilə
daimi məsləhətləşmələr aparır və
beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin
sosial və ictimai aspekti ilə bağlı məsələlərdə
onların rəyini diqqətə alır.
Yuxarıda qeyd olunan 71-ci maddədən əlavə BMT
Nizamnaməsində bir sıra müddəalar da vardır ki,
orada əksini tapan sosial məsələlərin həllində
qeyri-hökumət təşkilatlarının iştirakı
birbaşa bildirilməsə də, dolayısı ilə nəzərdə
tutulmuşdur.
BMT-nin Nizamnaməsi ilə yanaşı bir
çox digər beynəlxalq sənədlərdə də
qeyri-hökumət təşkilatlarının əhəmiyyəti,
onların vətəndaş cəmiyyəti quruculuğu,
demokratiya prinsiplərinin bərqərar olmasındakı rolu
xüsusi olaraq qeyd olunur. Bu cür sənədlərə
İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi,
Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq
Müqavilə, İnsan Hüquqları və Əsas
Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası,
İnsan Hüquqları üzrə Afrika Xartiyası, İnsan
Hüquqları və Vəzifələri üzrə Amerika Bəyannaməsi,
İnsan Hüquqları üzrə Amerika Konvensiyası kimi
beynəlxalq hüquqi sənədlər də daxildir.
1948-ci ildə
imzalanmış İnsan Hüquqları üzrə
Ümumdünya Bəyannaməsinin 19-20-ci maddələrində
müvafiq olaraq hər bir kəsin "sərbəst söz
söyləmək" hüququ və "sülh məqsədli
toplaşmaq və birləşmək" hüququ
tanınır. Bu Bəyannamə 1948-ci ildə BMT tərəfindən
qəbul olunduqdan sonra beynəlxalq hüquqda normativ sənəd
kimi tanındı və bu sənəddəki yuxarıda da
ifadə etdiyimiz
mülki
cəmiyyət quruculuğu ilə bağlı müddəalar,
onların reallaşmasında qeyri-hökumət təşkilatlarının
rolu təsdiqləndi.
İnsan
Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən
başqa Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq
Müqavilədə də insanın əsas hüquqları
müəyyən olunub ki, bu hüquqların qorunub
saxlanmasında dövlətlə yanaşı vətəndaş
cəmiyyəti institutlarının, xüsusilə də
qeyri-hökumət təşkilatlarının üzərinə
böyük yük düşür. Mülki və
Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilənin
müddəaları ona tərəfdar olan 149 dövlət
üçün icbari xarakter daşıyır. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq
Müqavilənin 19, 21 və 22-ci maddələri
bütövlükdə əsas insan hüquqlarının və
azadlıqlarının təmin olunmasına yönəlib.
1966-cı ildə qəbul edilən və 1976-cı ildə
onu imzalamış
ölkələrdə ratifikasiya olunduqdan sonra
qüvvəyə minən Birinci Əlavə Protokol Mülki və
Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqaviləni daha
da gücləndirdi. Belə ki, Əlavə Protokola əsasən
yaradılan İnsan Hüquqları Komitəsi fərdlərlə,
onların Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq
Müqavilə ilə müəyyən olunmuş
hüquqları pozulduğu təqdirdə əlaqə
qurmalı idi. Bu zaman
mülki
cəmiyyət institutlarının üzərinə ciddi məsuliyyət
düşürdü,
çünki ölkələrdə mülki əhali beynəlxalq
hüquq normalarının onlar üçün müəyyən
etdiyi və yaradılan qurumlar tərəfindən onların
hüquqlarının qorunmasından xəbərsiz, ən
yaxşı halda isə az məlumatlı idi.
Bu gün insan hüquqları ilə bağlı ən
önəmli sənədlərdən biri də İnsan
Hüquqları və Əsas Azadlıqların Qorunması
üzrə Avropa Konvensiyasıdır ki, bu sənəd əksər
hüquqi qərarlarda istinad rolu oynayır. 1953-cü ildə
Avropa Şurasına üzv olan 44 ölkə tərəfindən
imzalanaraq qəbul olunan bu sənəd öz mükəmməlliyi
və məcburi təsir qüvvəsinə malik imkanları
ilə digərlərindən xeyli fərqlənir. Belə ki, sənəd bu gün də Avropa
Şurasına daxil olan ölkələr tərəfindən
imzalanır və bu sənədin müddəalarının
ciddi pozulması həmin ölkənin Şuradakı statusunun
dondurulmasına və ya üzvlüyə son qoyulmasına gətirib
çıxara bilər.
İnsan Hüquqları və Əsas Azadlıqların
Qorunması üzrə Avropa Konvensiyasının 10 və 11-ci
maddələri əsas insan hüquqlarını özündə
əks etdirib.
Bununla yanaşı, Konvensiyanın 25-ci maddəsi fərdlər
üçün, onların hüquqlarının pozulduğu
təqdirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
şikayət etmək imkanı verir:
"Hüquqlarının pozulduğunu iddia edən hər
hansı fərd, qeyri-hökumət təşkilatı və
ya fərdlərin qrupu" bu imkandan istifadə edə bilər.
Maraqlı məqam ondan ibarətdir ki, İnsan
Hüquqları və Əsas Azadlıqların Qorunması
üzrə Avropa Konvensiyası digər hüquqi sənədlərdən
fərqli olaraq, hüquqlarını qoruduğu subyektlər
arasında qeyri-hökumət təşkilatlarının
adını birbaşa çəkir. Digər
sənədlərdə adətən "şəxslər"
ifadəsi istifadə edilməklə həm fiziki, həm də
hüquqi şəxslər (o cümlədən qeyri-hökumət
təşkilatları) nəzərdə tutulurdu. Doğrudur, İnsan Hüquqları və Əsas
Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası
regional bir sənəd olmaqla müəyyən bir region daxilində
üzv olan dövlətlər üçün icbari xarakter
daşıyır. Lakin bu Konvensiyanın
müddəalarına digərləri ilə müqayisədə
daha çox əməl olunur. Avropa
İttifaqı kimi nəhəng bir qurumun da Avropa Şurası
ilə yanaşı bu Konvensiyanı dəstəkləməsi
bu hüquqi sənədin, ona tərəfdar ölkələr
arasında nüfuzunu artırır. Belə ki, Avropa
İttifaqı
Avropa
regionu ölkələrində
vətəndaş cəmiyyəti institutlarının inkişafı
və
insan hüquqlarının (başqa sözlə İnsan
Hüquqları və Əsas Azadlıqların Qorunması
üzrə Avropa Konvensiyasının müddəalarının)
qorunmasında fəal iştirakı stimullaşdırmaq
üçün hər il
büdcədən milyardlarla avro ayırır.
Yuxarıda qeyd etdiyimiz Konvensiya və Bəyannamələrlə
yanaşı ATƏT-in 1975-ci ildə qəbul olunan Yekun sənədində
də qeyri-hökumət təşkilatlarının rolu
müəyyən olunub. ATƏT-in Yekun Aktı, o dövrə qədər
sayı yeddi olan beynəlxalq hüququn əsas prinsiplərinin
sayını ona qaldırmaqla, bu prinsiplərin həyata
keçirilməsində vətəndaş cəmiyyəti
institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının
rolunu artırdı. Belə ki, ATƏT-in Yekun Aktında qeyd
olunan 10 prinsipi təhlil edərək, bu nəticəyə gəlmək
olar ki, bu prinsiplərdən ikisində qeyri-hökumət təşkilatlarının
birbaşa iştirakı mümkündür. Bu
prinsiplər "beynəlxalq mübahisələri dinc yolla həll
etmək" və "insan hüquqları və
azadlıqlarına hörmət edilməsi" prinsipləridir.
Beynəlxalq hüquqi sənədlərin izlənməsi qeyri-hökumət təşkilatlarının beynəlxalq hüquqi sənədlərdə kifayət qədər ciddi mövqe tutduğunu göstərir. Lakin onu da qeyd etmək lazımdır ki, qeyri-hökumət təşkilatları yalnız beynəlxalq sənədlərdə deyil, həmçinin dövlətlər arasında imzalanan ikitərəfli müqavilələrdə də tərəf kimi çıxış edir. Başqa sözlə desək, beynəlxalq hüquqi sənədlərin obyekti kimi çıxış edən qeyri-hökumət təşkilatları artıq dövlətlərarası münasibətlərdə də sosial sfera əməkdaşlığının əsas iştirakçılarından biri kimi çıxış edir. Bu isə o deməkdir ki, qeyri-hökumət təşkilatları dövlətin xarici siyasətinə birbaşa təsir imkanına malikdir və xarici siyasətin inkar olunmaz obyektlərindən biridir. Bu məsələyə yanaşmada mütəxəssislər vahid fikrə malik deyillər. Belə ki,
qeyri-hökumət təşkilatlarının
dövlətin xarici siyasətində birbaşa iştirakının qanunauyğunluğu
ilə bağlı beynəlxalq hüquq üzrə ekspertlər arasında fikir ayrılığı mövcuddur.
Bəzi hüquqşünaslar "A" dövləti "B" dövlətini istədiyi vaxt və istədiyi formada "X" hərəkətini etməyə məcbur edə bilirsə, deməli güclüdür və qeyri-hökumət təşkilatlarının bunda əvəzsiz rolu vardır fikrini dəstəkləyirlər və hesab edirlər ki, qeyri-hökumət təşkilatlarının dövlətin xarici siyasətində iştirakı müsbət bir tendensiyadır.
Lakin bəzi hüquqşünaslar dövlət mərkəzli yanaşmanı əldə əsas tutur və xarici siyasətin əsasən dövlət inhisarında qalmalı olduğu fikrini dəstəkləyirlər. Başqa sözlə, onlar qeyri-hökumət təşkilatlarının dövlətin xarici siyasətində və beynəlxalq hüquqda subyekt olaraq iştirak etməsini mənfi tendensiya kimi qiymətləndirirlər. Dövlət mərkəzli yanaşmanı əsas tutan hüquqşünaslar isə xarici siyasətin "populyarlaşdırılması"nın dövlət suverenliyini daha da aşındıracağını və nəticə etibarı ilə beynəlxalq hüququn ən birinci prinsipi olan suverenlik prinsipinin pozulacağını iddia edirlər.
Sonda onu qeyd etmək istərdik ki, qeyri-hökumət təşkilatları bu günün reallığı üçün dövlətdaxili, dövlətlərarası və beynəlxalq əlaqələrin ən vacib tərəflərindən biridir və beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasında, qlobal səviyyədə əməkdaşlığın stimullaşdırılmasında əvəzedilməz rol oynayırlar. Bütün bunlar isə öz növbəsində, qeyri-hökumət təşkilatlarının beynəlxalq hüququn obyekti və beynəlxalq hüquqi münasibətlərin subyekti olmasını şərtləndirir.
AQİL
525-ci qəzet.-
2014.- 5 mart.- S.6.