Universitet: ömrümüz, həyatımız...
Beş
il bundan əvvəl elə bu sərlövhə ilə bir yazım getmişdi qəzetdə. Bu gün həmin sərlövhəyə,
həmin mövzuya yenidən qayıtmağımın yeni
motivasiyası var. O zaman həmin yazıda universitet haqqında
düşüncələrimi bu böyük elm və təhsil
məbədinin 90 illik yubileyinə ünvanlamışdım. Bu gün həmin
mövzuya bir daha qayıtmağım Bakı Dövlət
Universitetinin yaxınlaşmaqda olan 100 illik yubileyinə bir
prelüdiya hesab oluna bilər. Prelüdiya ona görə
ki, universitet əməkdaşları və doğma
ocağı bitirmiş jurnalistlərimizin yəqin ki,
xalqın elm, təhsil, mədəniyyət, vətəndaşlıq
faktı kimi qiymətləndirilən Bakı Dövlət
Universitetinin keçdiyi tarixi inkişaf yoluna işıq
saçan yazılarla çıxış edəcəklər.
Universitet
sözünün istər ensiklopediyalarda, istərsə də
ictimai fikirdə çox ağır çəkisi, elm və
tədris sahəsində xüsusi fundamentallıq məzmunu
daşıyan mənası var. Universitet hər bir ölkənin,
xalqın elm, təhsil, mədəniyyət,
dünyagörüşü, bəlkə də milli varlıq
pasportudur. İlk universitetlərin
yarandığı İtaliya, İspaniya, Fransa, İngiltərə
kimi ölkələrin milli qürur mənbələrinin
başında bu elm və təhsil məbədinin
varlığı dayanır. Azərbaycan
xalqı da özünün Təbriz universtitetlərinin qədimliyi
ilə öyünə bilər. Lakin
universitet anlayışının klassik mənasını
özündə daşıyan belə bir müəssisə Azərbaycanda
1919-cu ildə - Xalq Cümhuriyyəti dövründə -
ölkənin müstəqillik əldə etməsilə bir
zamanda yarandı. Azərbaycanda fundamental təhsilin
və elmin inkişaf prosesi bu möhtəşəm hadisədən
sonra başlamışdır.
Azərbaycan
Dövlət Universitetinin - indiki Bakı Dövlət
Universitetinin xüsusi inkişafı daim yüksələn xətlə
getmiş və heç vaxt geriləməmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il
aprelin 25-də "Bakı Dövlət Universitetinin 90 illik
yubileyinin keçirilməsi haqqında" sərəncamında
deyilən aşağıdakı fikir universitetin xalq həyatında
yerini dəqiq müəyyən edir: "Bakı Dövlət
Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb
kimi yarandığı vaxtdan bəri ötən müddət
ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi
naminə əvəzsiz xidmətlər göstərmişdir.
Yüksək ixtisaslı milli kadrların hazırlanması,
yeni-yeni elmi istiqamətlərin formalaşdırılması,
dünya təhsil məkanına inteqrasiya, eləcə də
mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətlərində
universitet üzərinə düşən vəzifələrin
öhdəsindən həmişə layiqincə gəlir".
Bu sətirlərdəki hər bir fikrin ardınca - məsələn,
universitetin Avropa
tipli ali məktəb statusu, ölkədə elm və təhsilin
inkişafındakı xidmətləri, mədəni-mənəvi
dəyərlərimizin
yaşadılması prosesindəki yeri, milli kadr
hazırlığındakı rolu və s. xidmətlərin hər
biri barədə ayrı-ayrı geniş fundamental əsərlər
yaratmaq mümkündür. Prezident sərəncamında
belə bir cəhət də xüsusi vurğulanır ki,
"Azərbaycanın simasını müəyyən edən
dövlət, elm və mədəniyyət xadimlərinin
böyük bir qismi məhz Bakı Dövlət Universitetinin
yetirməlidirlər. Xalqımızın
milli sərvətinə çevrilən universitet bu gün
dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və
mədəniyyətin müxtəlif sahələrində
uğurla çalışan çoxsaylı məzunları
ilə müstəqil Azərbaycanın inkişafına
töhfələrini əsirgəmir". Bunlar Bakı Dövlət
Universitetinə verilən dəqiq qiymətlərdir.
Bakı Dövlət Universiteti bütöv bir xalqın,
dünya azərbaycanlılarının, şimallı cənublu
Azərbaycanımızın güvənc yeridir. Bu günlərdə -
fevralın 24-də universitetin filologiya fakültəsinin
müdafiə şurasında bir dəfəyə iki cənublu
soydaşımız filologiya üzrə fəlsəfə doktoru adı
almaq üçün dissertasiya müdafiə etdi. Bu müdafiələrin
mövzu aktuallığı, tədqiqat sahələrinin cənublu-şimallı
milli varlığımıza bağlılığı bir yana, BDU-nun İran Azərbaycanı
üçün hazırladığı kadrların səviyyəsi
heyranlıq doğururdu. Bakı Dövlət
Universiteti məzunlarının sorağı bu gün
dünyanın ən ciddi elm, tədris ocaqlarından gəlir.
Universitet kollektivi onun inkişaf mərhələlərinin
bütün çağlarında heç bir çətinliyə
əyilməmiş, universitet müəllimi adını qürurla
daşımışlar. Lakin hər
bir inkişaf mərhələsinin öz çətinlikləri
və uğurlarının ayrıca faktları olur.
Bakı Dövlət Universiteti 1990-cı illərin ikinci
yarısından və bu gün öz inkişafının tam mənada
özəl faktlarını yaşayır. Bu günün istər
təhsil, elm, istərsə də quruculuq sahəsindəki
uğurlarına diqqət etdikdə, ilk növbədə belə bir
postulat barədə düşünürsən: hər
şeyi kadr həll edir! Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin
inkişafı uğrunda fəaliyyətdə, sözün
müstəqim mənasında, gecəsi, gündüzü
olmayan bir rəhbərdir. Onun rektor
olduğu illər universitetin bütün yönlərdə
inkişafının xüsusi mərhələsidir.
Ölkə təhsilinin Avropa təhsilinə inteqrasiyası ali məktəblər sistemində Bakı
Dövlət Universiteti və onun islahatçı rektorunun
adı ilə bağlıdır. Bizim universitet
ölkədə ilk olaraq Boloniya sisteminə, magistratura təhsil
pilləsinə keçmişdir. Universitetin
bütün təhsil sistemi yenidən qurulmuş, təhsil proqramları,
müasir dünya standartları səviyyəsində yenidən
hazırlanmışdır. Universitetin kadr arsenalında
8 akademik, 253 elmlər doktoru, 900-ə yaxın elmlər namizədi
var. Universitet Elmi Şurası bu müəssisənin ali idarə orqanıdır. Universitet kollektivi
Elmi Şuranın hər iclasından nəinki Bakı Dövlət
Universitetinin, habelə ölkə ali təhsilinin
taleyinə əsaslı təsir göstərən qərarların
qəbul olunduğunun şahididir. Bu gün
universitet tələbələri əvvəllərdəki
kimi, müəllimə tabe olan bir fərd deyil. İndi müəllimi
tələbə seçir və onun tədris
bacarığından, müasirlik səviyyəsindən asılı olaraq mühazirələrini
dinləməyə qərar verir. Universitet tələbəsi
bu gün sərbəst, müstəqildir, heç kimdən
asılı deyil. Universitetin rektoru həmişə,
bütün məqamlarda tələbənin yanındadır.
İkinci ildir ki, BDU tərəfindən tətbiq
olunan Dövlət imtahanları artıq öz səmərəsini
verməkdədir. Yəqin bu imtahanların nəticəsidir
ki, ölkədə magistraturaya qəbul zamanı tutulan yerlərin
85 faizə qədəri Bakı Dövlət Universitetinin
bakalavr pilləsinin məzunlarına məxsusdur. Abel Məhərrəmov
universitetdə dövlət imtahanlarının tətbiqində
bir məqsəd güdür: universiteti bitirən tələbənin
qalıq biliyinin - yəni onun özü ilə
apardığı biliyin səviyyəsini öyrənmək.
Rektor məqsədinə nail oldu: ölkədə magistratura
pilləsinə qəbulun 85 faizini ancaq bu yolla əldə etmək
olardı. Abel müəllim universitet kollektivinin müasirləşməsi,
çağdaş dünya ilə ayaqlaşmasını ön
plana çəkib. Bunun üçün, əlbəttə,
hər şeydən əvvəl, vətəndaş-alim, vətəndaş-müəllim
keyfiyyəti yaranmalı, yeni, müasir informasiya
texnologiyası tətbiq edilməli, dünya tədris prosesi
öyrənilməlidir. Bütün bunlar
universitet kollektivinin bu gün ciddi məşğul olduğu
proseslərdir.
Universitet özünün ən yeni inkişaf mərhələsində
tamamilə abadlaşıb, təzədən qurulub. Bu ilin yay
mövsümündə universitet nəhəng tikinti
meydanına bənzəyirdi. Yeni tədris korpusları
yeni köməkçi təsərrüfat binaları...
Keçən ilin yayında Qubada Universitetin Tədris Təcrübə
Bazası istifadəyə verildi. Beşmərtəbəli bu Tədris Təcrübə
Bazasının tikintisində rektor A.Məhərrəmovun fəal
bir fəhlə kimi çalışdığı
hamımızın yaxşı yadımızdadır. Onun bir
rəhbər işçi kimi, bir dövlət məmuru kimi fəaliyyət
prinsipi vardır: hər şey tələbə
üçün, hər kəs tələbə
üçün... Bu gün rektorun təşəbbüsüilə
universitetə yeni texnologiya və yeni avadanlığın gətirilməsi
sürətlə davam edir. Bakı Dövlət
Universiteti bu gün tamamilə - istisnasız olaraq ən
müasir və ən yaraşıqlı mebel dəstləri
ilə təmin edilib.
Mən indi bu sətirləri yazıram və bu günlərdə
Bakı Dövlət Universitetində bəzi tələbələrin
yaranmış, amma həll edilməkdə olan problemlərlə
bağlı narazılıqlarını yada salıram. Əslində
respublika təhsil rəhbərliyi tərəfindən qəbul
edilən yeni kredit qərarı ilə bağlı olan bu
problemin həlli üçün də BDU rəhbərliyi ciddi
müzakirələr apardı. Təəssüfdoğuran
odur ki, bəzi kütləvi informasiya vasitələri rektor-tələbə
müzakirələrində özünü göstərən
bəzi emosional anları reklam bazarına giriş naminə
kütləyə qərəzli şəkildə təqdim etmək,
sensassiya xarakterinə faktı şişirtmək təşəbbüsü
göstərdilər. Bu məqamda Bakı
Dövlət Universitetinin dövlətə və dövlətçiliyə,
xalqa xidmət səylərini nəzərə almaq mütləq
lazımdır. Bir neçə tələbənin
əvvəlcədən kəsiri qalmaqdan ehtiyat edərək
öz iddialarını emosional şəkildə bildirməsi
barədə təqdim olunan haylı-küylü, qərəzli,
faktı şişirdən reportajlarda Qərb ölkələrinin
inkişaf etmiş müsəlman ölkələrinə
yeritdiyi dağıdıcı inqilabi arzulamaq məqsədi
güdmürdümü?
Belə anlarda Bakı Dövlət Universitetinin dövlət
və millət yolundakı xidmətlərini xatırlatmaq
imandan olardı.
Bəli, yuxarıda qeyd etdim ki, bütün
ensiklopediyalarda universitet anlayışı elm və təhsilin
birgəliyi kimi izah edilir. Bakı Dövlət
Universitetində bu potensialı və elmi potensialın
gerçəkləşdirilməsinin tarixi ənənələri
mövcuddur. Bu günkü rəhbərlik
bu ənənəni yeni üsullar və yeni fəaliyyət
tapıntıları ilə daha yüksək zirvəyə
qaldırmışdır. Azərbaycan
Milli Elmlər Akademiyası ilə elm sahəsində sinxron fəaliyyət
bu üsullardan biri kimi bir neçə ilin məhsuludur. Bakı Dövlət Universiteti və Milli Elmlər
Akademiyasının hər tədris ilinin sonundakı birgə
elmi hesabatı diqqətəlayiq faktları ilə birgə fəaliyyətin
necə böyük səmərə verdiyini sübut edir.
Belə bir fakt etiraf edilməlidir ki, universitetin bir
sıra fakültələrinin hər biri tədrislə bərabər,
həm də bütöv bir tədqiqat institutunun işini
görür.
Kimya, fizika, tətbiqi riyaziyyat kimi fakültələrin
əməkdaşları artıq onlarca, bəzən yüzlərcə
məqalə və monoqrafiyaları ilə beynəlxalq elmi aləmə
çıxmaqdadır. Azərbaycanda
impakt-faktor statusu ilə nəşr olunan nadir elmi jurnallardan
biri Bakı Dövlət Universitetinin Riyaziyyat Elmi Tədqiqat
İnstitutuna məxsusdur. Elmi əsərlərlə
beynəlxalq miqyasa inteqrasiya rektorun təkcə təşəbbüsü
deyil, həm də qəti tələbidir. Çünki bu gün elmi fəaliyyəti yalnız
ölkə daxilində aparmaqla kifayətlənmək olmaz.
Universitet alimlərinin əsərlərini beynəlxalq
aparıcı jurnallara, nəşriyyatlara çıxarmaq
işində dil baryerini aradan qaldırmaq üçün
xüsusi tərcümə qrupu yaradılmışdır.
Bu qrup alimlərin İnternet əlaqələrini,
elmi populyarlığını təmin etmək öhdəliyini
öz üzərinə götürmüşdür. Hər
il universitet əməkdaşlarının
elmi fəaliyyətinin reytinq cədvəlinin monitorinqi
keçirilir. Bununla həm də ən
yaxşı və ən çox elmi əsərləri olan
alimlər mükafatlandırılır, elmi fəaliyyəti
ilə yüksək göstərici əldə etmiş əməkdaş
"İlin alimi" nominasiyasının qalibi elan olunur.
Bu nominasiyalar sırasında "İlin müəllimi",
"İlin dekanı", "İlin kafedrası" kimi
yaradıcılığa stimul verən mükafatlar vardır.
Bakı Dövlət Universitetində əməkdaşların
elmi fəaliyyəti üçün hər cür şərait
yaradılıb. Ayrı-ayrı elmi sahələr üzrə Müdafiə
Şuraları Azərbaycan Respublikası Prezidentinin yanında
Ali Attestasiya Komissiyası ilə birgə fəaliyyət
göstərir, hər il neçə-neçə
namizədlik, doktorluq müdafiələrinin təşkilinə
şərait yaradır. Universitetin fundamental
kitabxanasının ən müasir avadanlıqlarla təchiz
olunmuş oxu zalında Azərbaycan alimləri ilə
yanaşı Gürcüstanın, Qazaxıstanın,
Rusiyanın və bir çox digər ölkələrin tədqiqatçılarına
rast gəlmək adi haldır.
Ulu öndər Heydər Əliyevin "Bakı Dövlət
Universiteti Azərbaycan xalqının milli sərvətidir"
sözləri universitet kollektivinin qürurla
xatırladığı və universitetin ən görkəmli
guşəsində özünə yazılı yer
tapdığı bir fakir kimi həqiqəti əks etdirir. Həqiqətən
də Bakı Dövlət Universiteti xalqımızın
qürur mənbəyidir. Onun əməkdaşlarının
- texniki işçilərindən tutmuş akademikinə qədər
hər kəsin qəlbində bir universitet patriotluğu var.
Ömrünün 50, bəzən 70 ilini bu universitetə həsr
edən alim-pedaqoqlarımız indi də yaşayıb
yaratmaqdadır.
Nəsildən nəslə keçən bu patriotluq bizim müstəqillik günlərimizdə daha böyük məzmun kəsb edir. Universiteti bitirən ən mükəmməl bilikli, dövlətə, azərbaycançılığa sədaqətli məzunlara burada iş üçün həmişə yer var. Universitetin elmi fəaliyyətinin səsi-sorağı indi uzaq-uzaq ölkələrdən gəlir. Rektor gənc alimlərə diqqəti artırmağı, kadrları cavanlaşdırmağı kafedraların üzərinə ayrıca vəzifə kimi qoymuşdur. İndi universitetin çeşidli kafedralarında yüzlərcə cavan kadr öz potensial imkanlarını gerçəkləşdirməkdədir. Bu sətirlərin müəllifi də taleyini lap yaxın keçmişdə bitirdiyi doğma universitetə bağlamışdır. Jurnalistika fakültəsinin təmiz dünyasında ilk dəfə işə başlamışam. Bir zaman tələbə olduğum auditoriyalarda hər dəfə müəllim kimi dərsə girəndə təmiz dünyası ilə alimlik, müəllimlik istedadı ilə hamıya örnək olan müəllimlərimin üstümüzə qoyduğu məsuliyyəti hiss edirəm. Bu məsuliyyətdə elmə, tədrisə, Vətənə, dövlətçiliyə sədaqət ilk sırada dayanır. Və hiss edirsən ki, hər şey ənənəyə, hər şey doğru qoyulmuş qaydalara bağlıdır. Universitet bütöv xalqın qürur mənbəyi, güvənc yeridirsə, bu inama, bu qürura kölgə salacaq nəyəsə yol vermək Allah və Peyğəmbər qarşısında, Azərbaycan qarşısında günah sayılar. İndi qohumların, tanış-bilişlərin Universitetə ayaq basmaları hər birimizdə qürur hissi yaradır: yaraşıqlı tədris binaları, səliqəli auditoriyalar, tərtəmiz dəhlizlər, yaradıcılığa hər cür imkan yaradan kafedralar, laboratoriyalar, idman zalları, idman hovuzları, futbol meydançası, əməkdaşların avtomobilləri üçün yüksək səviyyəli dayanacaqlar və s. və s. Bütün bunlar rektor Abel Məhərrəmovun xarici səfərlərdən gətirdiyi təcrübəni gerçəkləşdirməyə Azərbaycan hökumətinin yaratdığı maliyyə imkanlarının nəticəsidir.
İndi universitetin onlarca xarici universitetlərlə elmi,
tədris əlaqələri mövcuddur. Türkiyənin,
Rusiyanın, Polşanın, Amerikanın, Fransanın,
İranın, Çinin və digər ölkələrin
universitetləri ilə əməkdaşlığın
konkret nəticələri bütün sahələrdə
aydın hiss olunmaqdadır. Bu ölkələrin bir çoxunun
prezidentləri, universitet rektorları, müxtəlif nümayəndələri
on beş il bundan qabaq bizim universitetə
qonaq gələndə köhnə mebellərə, köhnə
avadanlıqlara görə narahatlıq hissi keçirdiyimiz
vaxtlar da çox olub. Amma bu gün... Bu gün həmin
qonaqların ən gözəl universitet salonlarında, ən
müasir tədris binalarında qəbulu adamda universitet adına yeni bir qürur hissi yaradır. Bakı Dövlət Universiteti indi hər gün, hər
saat inkişaf edir. Daha beş il
keçəcək və bu doğma ocağın 100 illik
yubileyi qeyd olunacaq. Bu yubileyə təkcə
universitet kollektivi, təkcə tələbələr deyil,
bütövlükdə Azərbaycan xalqı
hazırlaşır. Çünki
universitet deyilən bu müqəddəs məbəd doğma
xalqa, Azərbaycana məxsusdur.
Könül NİFTƏLİYEVA
525-ci qəzet.-
2014.- 5 mart.- S.5.