Uzaqda yurd qoxusu var...

 

 

 

... Söz  Yerlə Göy arasında  ən etibarlı rabitə vasitəsidir. Göydən Yerə enər,  Yerdən Göyə buxarlanar...Söz  vaxt adlı dəyirmanın boğazından qaçan bugda dənidir, üyütsən üyünməz, öz "torpağını"  tapıb cücərər...Söz zamanın yaddaşını, əhval-ruhiyyəsini, dərdini-sərini nəsildən-nəsilə ötürən gözəgörünməz  körpüdü, daş körpülər sınar, söz körpüsü yaşayar...

Tahir Talıblının ötən ilin sonlarında işıq üzü görən "Qurdu qəmgin, quşu qərib"  kitabıbu mənada bir şairin yox,  bütövlükdə bir xalqın  taleyindən, yaşantılarından,  dərdlərindən bağlanan yaddaş kitabıdır.

Vərəqləri çevrildikcə, əsrlərin səsi,  insan ovqatının fəsilləri, rənglərin ətri  bir-birinə qarışır, sevginin o üzündən kədər, həyatın bu üzündən ölüm, dünyanın o üzündən işıq  boylanır. Bunlardan da betər, torpaq həsrəti, yurd itkisi, qəriblik dərdimin çalarda boy verir.

Çünki tanıyanlar tanıyır, bilənlər bilir ki, Tahir Talıblı sözü-sözdən seçən söz adamıdı - ŞAİRDİ.  Allah ona SÖZ verib, o da  ağlı kəsəndən, əli qələm tutandan YARADANın verdiyini şükranlıqla qəbul edib. SÖZÜ sevib, SÖZƏ sığınıb, elə qorxduğu da SÖZ olub:

Su kimi torpağa hopduq,

Atadan, anadan olduq

Bu dünyada nədən qorxduq

Sözdən, Allahdan savayı.

 

"Vücudnamə"

 

"Mən sözə vaxta baxan kimi baxıram" - deyən şair Yerlə Göy arasında imkan tapıb vaxtın əqrəblərindən  asa biləcək, zamanın yaddaşına yaza  biləcək  şeirlər yazıb.

Sular dəyə-dəyə gedir,

Daşı döyə-döyə gedir,

Adam gizlənməyə gedir

Bəlkə torpaq altına.

lll

Tahir Talıblı bütöv ŞAİR ömrü yaşasa da, özü dediyi kimi az yazıb. "Əslində hər doğulan şeir ölüm ayağının şeiri kimi yazılmalıdır. Bəlkə buna görə az yazdım. Çox az yazdım. Şairliyimi yazanda yox, yazmayanda daha çox hiss eləmişəm. Şeir yazmayanda daha çox şair oluram" - deyir söz zəmisindən söz seçən şair.

Bu necə əfsundu ki,

Min illərdi əsirəm.

Xan Kərəmin səsiyəm,

Xan Əslimi gəzirəm.

 

"Yanıq Kərəm"i dinlərkən

 

"Qurdu qəmgin, quşu qərib" kitabında  ömrün fəsillərinin rəngi ən gözəl biçimdə, ən gözəl ritimdə bir-birini tamamlayır. Uşaqlıq, tələbəlik,  gənclik müdriklik çağının şeirləri 247 səhifədə sıralanır. Bütün şeirlərin, bütün yaşantıların, bütün duyğuların içindən keçən isə SAİRin özü, sözü, ürəyi   duyğularıdır.

Bürünüb göylərin qəribliyinə

Harasa bir durna təklənib gedir.

Bir qatar durnanın intizarı da

Onun qanadına yüklənib gedir.

                         

"Tək durna"

 

Tahir Talıblının hər misrasında  ürək döyüntüsünün izləri, səmimiyyətin istisi,  həyatın özü var. 1971-ci ilin soyuq noyabr günlərinin birində  yazdığı "Balıqçı su pərisi" şeirində olduğu kimi:

Sular qalxa-qalxa, gah enə-enə,

Sular ləpə-ləpə axdı baxtına.

Bir gün tor atmışdı sulara yenə

Bir gün su pərisi çıxdı baxtına.

Tahir Talıblının yaradıcılığı çoxqatlı, çoxçalarlı, çoxsəslidi. Diqqətli oxucu hər şeirin öz nəğməsini, hər misranın zümzüməsini eşidər, ozanvari, nağılvari axara düşüb üçbəndlik şeirlərin belə dastan yükünü hiss edər. Bəlkə , bu, Tahir Talıblının xalq yaradıcılığını dərindən bilməsindən, şifahi xalq yaradıcılığının gizli kodlarına, şifrələrinə bələd olmasından irəli gəlir.

Dünya minilki dünyadı

Elə, bildirki dünyadı

Bir üzdə iki dünyadı

Yoxdandımı, haqdandımı.

 

"Yazı"

 

yazıq ki, yurd itkisi, qürbət ağrıları Tahir Talıblının yaradıcılığından qara yol kimi keçir.

Yanır, yanır...

İçim qürbət havasına.

Bu ağıvari misraları  ürəyi  Vətən həsrəti ilə alışıb-yanan, dərdi içindən, kədərin köynəyindən keçən SÖZADAMI yaza bilər.

Uzaqda yurd qoxusu var,

Neçə bələn, dağ ayırır.

Təzə qürbət qoxusu var

Gözlərim qürbət səyirir.

 

"Qürbət"

 

Görün daha deyir ŞAİR:

Gedəmmirəm, gələmmirəm, ay Allah,

uğrunda öləmmirəm, ay Allah,

Gennənsə görəmmirəm, ay Allah,

Mən qədər yuxularda yurd görüm?!

 

"Yuxularda yurd"

 

Zaman-zaman taleyimizə yazılan yurd itkisi, yaddaşımıza yazılan kədər, dərd, qınaq misralarda belə cücərir:

Yollar yol gəlmir köyünən,

Ruhlar perikib ölünnən.

Allah çəkilir göyünnən

Kişi ki, zülmü götürür.

Məncə artıq şərhə ehtiyac yoxdu...

İnanmıram ki, dünyanın hansısa şairi qurdun qəmginliyini, quşun  qəribliyini özünədərd edib misralara çevirsin:

Beləcə dörüb, törəyib

Qurdu qəmgin, quşu qərib.

Bizi yiyəsizmi görüb

Ölüm üstümüzə gəlir.

Vətən haqqında o qədər şeirlər var ki... min ovqatda, min çalarda... Tahir Talıblı Vətənə belə deyir:

Bağında gülşən olmağa,

Dağında yovşan olmağa,

Çölündə kövşən olmağa

Yaradasan, Vətən, məni.

 

"Vətən silsiləsindən"

 

Tahir Talıblı həm kədərin, dərdin, ağrıların içindən sıyrılıb  çıxan şairdir. Pisi yaxşıdan, haqqı nahaqdan, doğrunu yalandan, tükü-tükdən seçən şairdi.

Tanrıdan aşağı

başımızdan yuxarı

dünya səslə doludu

Ama gözüqıpığın səsi olmur.

Ahı-vayı çox olsa da

Qara kütlənin

Qələbəsi olmur.

"Qara budun"

 

Sözümün əvvəlində Tahir Talıblı sözün bütün mənalarında ŞAİRdi - dedim. Bir kollektivdə çalışdığımızdan Tahir Talıblını bir az da yaxından tanımaq imkanı qazanmışam. Tahir müəllim Azərbaycan Radiosunun Xalq Yaradıcılığı Redaksiyasının baş redaktorudur, Əməkdar jurnalisti, "Bulaq" verilişinin yükünü illərlə, elə günün bu günüdə  çiyinlərində daşıyan, şifahi xalq yaradıcılığının incilərini günümüzdə yaşadan, dilimizin gözəlliyini qoruyan  tək-tük qələm sahiblərindəndir.  Verilişlərinin, filmlərinin sayı-hesabı olmasa da,hamıdan  təvazökar, hamıdan sadədir.  Tahir müəllim qanadı qırılan sözün, budağı sınan ağacın, yuvası dağılan quşun, ruzi axtaran  qarışqanın dərdini çəkən İNSANdı. Hərdən küləkdən, yağışdan, yayın cırhacırında bürküdən  inciyə bilər, amma heç kimi incitməz, xətrinə dəyməz.

Beləcə ömrü bitirdik

Əmri yerinə yetirdik,

Gəldik, gördük, nə götürdük

Quru günahdan savayı?!

 

"Vücudnamə"

 

ŞAİRin yükü söz, yolu düz, qazancı savab olar. Söz yolun da, ömür yolun da uzun olsun, Tahir müəllim!Yurda dönən köçlərin sevinci misralarında tumurcuqlasın, qurdun qəmgin, quşun qərib olmasın.

 

Təranə Vahid

525-ci qəzet.- 2014.- 6 mart.- S.8.