Ədəbi-tənqidi fikrimizin patriarxı
- Yaşar Qarayev
Ədəbiyyat elminin,
tarixçiliyinin və ədəbi, tənqidi,
estetik fikrinin YAŞARIlığını təmin edən, onu durduğu yerdən yeni bir istiqamətə hərəkətə gətirən tədqiqatçılar, elm, düşüncə, fikir adamlarımız bütün həyatını ədəbiyyatşünaslıq elminə, onun gəlişməsinə, yeni elmi konsepsiyaların yaranmasına, bir sözlə ədəbiyyatşünaslığın yeni mərhələyə daşınmasına həsr etmiş və bu sahədə önəmli
işlər görmüşlər. Belə adamlar ədəbiyyatımızı,
ədəbi fikir tariximizi YAŞARI etməklə özlərinin
də yaşarılığını təmin etmiş
olurlar. Bu adamlardan biri də ədəbiyyatımızın
böyük bir dövrünün inkişaf yolunun,
ayrı-ayrı mərhələ və problemlərinin
araşdırılmasında ölçüyəgəlməz
qatqıları olan YAŞAR QARAYEVDİR. Onun Azərbaycan ədəbiyyatşünaslığında,
tənqidində və ictimai fikrində (ona görə ictimai
fikri deyirik ki, onun tənqidi həm də
bütünlükdə ictimai münasibətləri
özündə ehtiva edirdi!) yeri və rolu zaman keçdikcə
daha aydınlığı, işləkliyi,
funksionallığı, ictimai məzmunu ilə üzə
çıxır. Yaşar Qarayev yalnız ədəbiyyatın
inkişaf yolları, problemləri, tarixi, bu günü və
perspektivləri ilə bağlı nəzəri məqalələr,
fundamental əsərlər yazmamış, eyni zamanda uzun
müddət həm də ədəbi siyasəti birbaşa həyata keçirən
bir ədəbiyyat rəhbəri və başçısı
olmuşdur. Mən onun AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutuna etdiyi uzun müddətli rəhbərliyi ilə
elmin inkişafına böyük
dəstəyini, qeyri-adi, orijinal
nəzəri
düşüncələrinin bir müddət ədəbi
mühiti məşğul etməsini, son dərəcə məhsuldar
entuziazmı ilə yeni elmi
işlərin yazılmasına daim rəvac verməsini,
konseptual tədqiqatların aparılmasına
yaratdığı azad, yaradıcı şəraiti nəzərdə tuturam. Bu mənada Yaşar Qarayevi özünəqədərki ədəbiyyatşünas, nəzəriyyəçi, tənqidçi, teatrşünas
tipini ən yaxşı şəkildə birləşdirən və özündən
sonrakı nəsil
üçün böyük bir ədəbi, nəzəri irs
qoyub getmiş elm və fikir adamlarımızdan biri hesab etmək
olar. Hələ uzun illər bu
komponentlərin hamısını özündə daşıyan ədəbiyyatçı
nəsli onun bu zəngin ədəbi
irsinin Yaşarılığını daha aydın hiss edəcək. Qətiyyətlə
söyləmək olar ki, XX
yüzil Azərbaycan elmi, tənqidi, nəzəri
düşüncəsində, eləcə də teatr və
dramaturgiya nəzəriyyəsində özünün
yaratdığı obrazın və fəth etdiyi elmi səviyyənin yenidən təkrarlanması mümkünsüz
görünür, çünki Yaşar Qarayev özü təkrarsız
və bənzərsizdir .
Yaşar
Qarayevin tədqiqatçı portreti son dərəcə zəngin,
geniş palitralı, çoxtərəfli faktorları
özündə əks etdirir və onun haqqında
düşünərkən, əlbəttə, daha çox ədəbiyyatşünas,
teatrşünas, nəzəriyyəçi və tənqidçi tipi üzərində dayanmalı
olursan. Doğrudur, buraya ictimai, sosial publisist və
ömrünün sonlarında daha çox meyl etdiyi və
özünəməxsus portret oçerklər və icmallar
yazdığı ədəbiyyat tarixçiliyini,
eləcə də yaradıcılığında epizodik
şəkildə yer alan daha bir neçə potret cizgiləri
də əlavə etmək olar, ancaq bunlar, mənim fikrimcə,
onun yaradıcı şəxsiyyət potretində müəyyən
yer tutsa da, ana xəttini təşkil etmir. "Yaşar Qarayev
fenomeni"nin (Ş. Alışanov) əsas sütununu yuxarıda qeyd etdiyimiz dörd
parametr-ədəbiyyatşünas, teatrşünas, ədəbiyyat
və estetika nəzəriyyəçisi və tənqidçi
keyfiyyətləri təşkil
edir. Tədqiqatçının ədəbiyyatşünaslıq
debütündə ilk elmi əsəri "Faciə və qəhrəman"
(1965) yalnız mövzu və problematikası ilə deyil,
problemin qoyuluşu, eləcə də sovet ideolojisinin
cızdığı düşüncə orbitindən kənara
çıxması ilə diqqəti cəlb edirdi. Monoqrafiyada böyük ədəbiyyat və sənət
məsələlərinin qabardılması, ədəbiyyatşünaslığımızın
nəzəri müstəviyə çıxaraq müstəqil
fikir yürütməsini şərtləndirən amillərdən
olur. Tədqiqatçı alim Y.Qarayev bu tədqiqatı
ilə ədəbiyyatı sosiolojidən ayırmaqla
yanaşı, ədəbiyyatşünaslığa fəlsəfi,
problematik istiqamət verməklə yeni bir status
qazandırmış oldu. Problemin özü (faciə və
qəhrəman) kifayət qədər dövrün ədəbi
ideolojisi və siyasəti üçün yad bir problem
olmasına rəğmən, elmdə ilk addımlarını
atırdı, tədqiqatçı ədəbiyyat
tarixçiliyinə və mövzuya baxışda, elmi həllində
yeni, nüfuzlu fikir deyə bilmişdi. Y.Qarayevin
araşdırmalarını fərqləndirən problemə çağdaş
baxış, nəzəri erudisiya, ədəbiyyatşünas
cəsarəti, ədəbi faktı dəyərləndirmə
bacarığı və s. keyfiyyətlər onun sonrakı
yaradıcılığında artan xətt üzrə
inkişaf edərək bu sahədə
böyük bir nüfuz sahibinə çevirdi. Azərbaycan ədəbiyyatşünaslığında
elmi həllini gözləyən araşdırmalar bundan sonra
alimin nüfuz dairəsinə daxil olur və yalnız
özünün deyil, bütövlükdə ədəbiyyatşünaslığımızın,
ədəbi elmi düşüncəmizin simvoluna çevrilən
"Realizm, sənət və həqiqət" fundamental
monoqrafiyası ilə, bəlkə də çoxları
üçün dar sahə hesab olunan ədəbiyyatşünaslıqda
maksimal nəticə əldə etmənin əsasını
qoyur. Bizdə Y.Qarayevə qədər
maarifçi realizm, realizm və tənqidi realizm haqqında həm
nəzəri cəhətdən, həm də ədəbiyyatımızda ifadə olunması
baxımından yüksək nəzəri fikir deyilməmişdi.
Ədəbiyyat tariximizin böyük bir mərhələ,
istiqamət və keyfiyyətlərini əhatə edən bu problemlər, hətta
bir çox cəhətdən dünya nəzəri fikri ilə
həmahəng səsləşən yeni düşüncəni
özündə ehtiva edirdi. Burada sadəcə ədəbiyyat
məsələləri araşdırılmırdı, həm
də xalqın keçdiyi milli düşüncə
coğrafiyasının, milli şüurun, ictimai münasibətlərin
formalaşması, milli kimliyin təzahürü problemləri
təhlil obyekti olurdu. M.F.Axundzadə
yaradıcılığının müxtəlif parametrləri
məhz bu əsərdə özünün nəzəri qiymətini
aldığı kimi, əsərləri yeni düşüncə
orbitindən şərh olunurdu. Bu
araşdırmalarda dövrün sosioloji meylləri, ideoloji təmayülləri
özünü göstərmədiyindən, tədqiqatlar bu
gün də canlılığını, enerjisini qoruyub
saxlaya bilir. M.F.Axundzadə əsərlərinin fundamental
araşdırılması bu böyük fikir mücahidi ilə
bağlı ayrıca bir monoqrafiyanın yaranmasına səbəb
olur. O, "Mirzə Fətəli Axundov" (1982)
monoqrafiyasında komedioqraf, yazıçı, tənqidçi
və filosofun həyatı, məramı, əsərləri
haqqında ən son elmi qənaətlərini bölüşdürürdü. Sonralar Yaşar
Qarayevin ədəbiyyat tarixçiliyi, onun ayrı-ayrı mərhələ
və problemləri, şəxsiyyətləri ilə
bağlı bir çox tədqiqatları dərc olundu.
"Ədəbi üfüqlər" (1985), "Meyar şəxsiyyətdir"
(1989), "Tarix: yaxından, uzaqdan" (1996) və s. kitablarının
hər biri ədəbi, elmi mühitdə bir hadisəyə
çevrilirdi. Ömrünün sonlarına
yaxın ədəbiyyatşünas alimin ədəbiyyat
tarixçiliyi, ayrı-ayrı şəxsiyyətlərin həyatı,
taleyi ilə bağlı araşdırmaları onun
yaradıcılığının yeni bir keyfiyyətini
üzə çıxardı.
Onun tarixi və ədəbi faktlara yeni ruh və can verməsi,
onu mənalandırması, elmi
interpretasiyaları ədəbiyyat tarixçiliyi
janrını yenidən aktuallaşdırdı. Cümhuriyyət ədəbiyyatı,
Əlibəy Hüseynzadə, Cəfər Cabbarlı, Əhməd
Cavad, Məmməd Əmin Rəsulzadə
yaradıcılığı məhz onun
araşdırmalarında istiqlal məzmununun obrazlı ifadəsini
tapdı. Cümhuriyyətin qurulmasında və
ictimai fikirlə qoşa addımlayan bədii düşüncənin
istiqlalçılıq motivləri, rəmzləri, fikir və
ideyaları tədqiqatçının
araşdırmalarının əsasını təşkil
edirdi. Y.Qarayevin son elmi araşdırmalarının yekunu
olaraq "XIX-XX yüzillərdə Azərbaycan ədəbiyyatı"
və "Min ilin sonu" kitabları ədəbiyyatşünaslığımız
qarşısında yeni perspektivlər açırdı. Onun ədəbiyyat tarixi ilə
bağlı araşdırmaları və ədəbiyyat
tarixçiliyi ənənəvi ədəbiyyat
tarixçiliyindən fərqlənirdi; haradasa burada müəyyən
uyğunsuzluqlar da tapmaq olar (yəni sırf ədəbiyyat
tarixçiliyi baxımından), bəzi təkrarlara da rast gəlmək
olardı, ancaq Y.Qarayev dövrün bədii düşüncəsinin
tarixinə öz baxışını yaratdı, burada ədəbiyyatın
inkişaf yollarının xüsusiyyətləri
araşdırılır, son illərin tibbi müayinə
aparatları səviyyəsində ədəbi diaqnozlar qoyulur,
elmi araşdırmalar aparılır: özü də görkəmli
alimin ədəbiyyat tarixinə baxışı fəlsəfi
mahiyyət daşıyır, ədəbi, bədii
düşüncə ictimai fikirlə paralel olaraq təhlilə
cəlb olunur. Buna görə də Y.Qarayevin ədəbiyyat
tarixçiliyi özünəqədərki və
özündən sonrakı ədəbiyyat tarixlərindən
özünəməxsusluğu ilə seçilir. Bir çox məqalələrində isə tədqiqatçı
alim min ilin milli bədii düşüncəsinə fəlsəfi,
ictimai baxışını ifadə etməyə nail olur.
Y.Qarayevin
tədqiqatçı alim portretini ifadə edərkən onun
teatrşünas olaraq milli teatrımızın dünəni və
bu günü ilə bağlı yazdığı əsərləri,
məqalələri xüsusi qeyd etmək lazım gəlir;
belə ki, Azərbaycan teatr sənətində Mehdi Məmmədov,
Tofik Kazımov kimi rejissorların teatr məktəbi məhz
onun məqalələrində bütün təfərrüatları
ilə açılırdı. Cəlil Məmmədquluzadə,
Sabit Rəhman, İlyas Əfəndiyev və
başqalarının əsərlərinin tamaşa həyatı
onun fəlsəfi yozumu ilə yeni həyat qazanmış
olurdu. Bu dövrdə teatr məktəblərinin
tamaşaçı ilə təmasında Y.Qarayev məqalələrinin
təsiri də az olmurdu. Bu məqalələrin
"Səhnəmiz və müasirlərimiz" (1972) adı
ilə kitab şəklində dərc olunması teatr tənqidinin
yeni bir mərhələyə daxil olmasında ən önəmli yerlərdən birini tuturdu.
Ədəbi, ictimai tənqidimizin YAŞARI patriarxı Yaşar Qarayev həm də bir tənqidçi idi; belə ki, Azərbaycan tənqidinin sosioloji, ideoloji meyllərdən azad olmasında və fəlsəfi, obrazlı məzmun daşımasında onun tənqidinin böyük rolu vardı. Ədəbiyyatımızın keyfiyyət baxımından dəyişilməsində 60-cılar nəslinin rolu qabardılarkən, nədənsə, tənqid və tənqidçilər unudulur. Halbuki yeni ədəbiyyatın və ictimai fikrin təşəkkülündə Məsud Əlioğlu, Asif Əfəndiyevlə yanaşı Yaşar Qarayevin də obrazlı, fəlsəfi tənqidinin funksionallığını yaddan çıxarmamaq gərəkir. Hər hansı bir əsər onun tənqidində yeni bir ədəbi həyat qazanmış olurdu; tənqidçinin yaradıcı baxışı, yanaşması bədii əsərlə yanaşı tənqidin özünə də müstəqil janr olaraq nüfuz qazandırırdı. Onun tənqidi məqalələri böyük ədəbiyyat, saf sənət yolunda yeni nəzəri istiqamətlər verirdi. "Tənqid: problemlər, portretlər" (1976), "Poeziya və nəsr" (1979) kitabları bütövlükdə tənqidin gəlişməsinin təməl faktorları kimi çıxış edir. Y.Qarayev tənqidi bir çox həmkarlarının yaradıcı məhsulları ilə birlikdə Azərbaycan tənqidinə yeni bir status qazandıraraq vəzifələrini genişləndirdi, məzmununu zənginləşdirdi. Yaşar Qarayev marksist tənqidin tüğyan etdiyi bir zamanda bu janra millilik və ictimailik qazandırdı, tənqidin öldürücü, məhvedici gücünü azaldaraq ideya və mülahizələrinə liberalizm qatdı, bədii düşüncənin bir xətli olmayıb çoxyönlülüyünü təsdiq etmiş oldu. Onun hər bir əsərə yanaşma tərzi və təhlil-baxış bucağı, obrazlı ifadələri tezliklə "Yaşar Qarayev tənqidi" terminin yaranmasına nədən oldu. Onun yaradıcılığında tənqidin vəzifəsi dünya ədəbi fikrindəki funksiyasına yaxınlaşdırıldı, yeni fikir cərəyanı meydana gətirərək onun populyarlığını daha da artırdı. Yaşar Qarayev tənqidinin qərarlılığı, dürüstlüyü, saflığı, təmizliyi, obyektivliyi, hər bir əsərə sənət düşüncəsi ilə yanaşması və bu bucaqdan da təhlil etməsi onun tənqidçi şəxsiyyətini də önə çıxardı. Tənqidin vəzifəsini düzgün anlamayanlar belə Y.Qarayevin arqumentli, canlı, qərəzsiz, obrazlı tənqidinin obyekti olmaq fürsətini qaçırmaq istəmədilər.
Yaşar Qarayev şəxsiyyəti haqqında düşünərkən istər-istəməz onun fəaliyyətinin idarəçilik yönünü xatırlamalı oluram; nədən ki, mənim namizədlik müdafiəm də, doktorluq işimin müzakirəsi də onun Ədəbiyyat İnstitutunun direktoru olduğu dövrə düşdü. Müdafiə Nazirliyinin orqanı "Azərbaycan ordusu" qəzetinin redaktor müavinliyindən və Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxıldıqdan sonra Ədəbiyyat İnstitutunda işə başlayarkən Yaşar Qarayevlə tez-tez görüşmək, onun ədəbiyyat siyasəti və strategiyası ilə yaxından tanış olmaq imkanım oldu. Bəlkə də elmi toplumu idarə etmək, iş tələb etmək, İnstitutun canlı orqanizm kimi fəaliyyəti yönündə onun imkanları elmi fəaliyyət sferasının yanında zəif təsir bağışlaya bilərdi, ancaq mən qəti əminəm ki, Yaşar Qarayevin ədəbi siyasəti həyata keçirmək üçün nəzəri bazası, potensial imkanları hüdudsuz idi, onda Azərbaycan ədəbiyyatının dünəni, bu günü və sabahı, prioritet istiqamətləri, perspektivləri haqqında aydın təsəvvürlər vardı, sadəcə bu təsəvvürləri reallaşdırmaq üçün zəngin kadr potensialını səfərbərliyə almaq imkanlarını, səylərini birləşdirmək lazım idi. İyirmi ilə yaxın bir müddətdə Ədəbiyyat İnstitutuna və ədəbi siyasətə rəhbərlik edən Yaşar Qarayev maksimum dərəcədə bu imkandan yararlanaraq ədəbiyyatşünaslığımızda yeni elmi istiqamətlər açmağa müvəffəq oldu. Onun son dərəcə bənzərsiz elmi, tənqidi əsərlərinin hər biri bu gün də ictimai fikrə təsir etmək gücünü, enerjisini, canlılığını qoruyub saxlayır. Ədəbi prosesi uzun müddət öz təsiri altında saxlayan Yaşar Qarayev üslubu, elmi, tənqidi düşüncəsinin bənzərsizliyi onun əsərlərinin, eləcə də şəxsiyyətinin Yaşarılığını hələ bundan sonra da yaşatmaq gücündədir.
Bədirxan Əhmədov
professor
525-ci qəzet.-
2014.- 6 mart.- S.7.