"Ölsəm, gəlləm sabaha mən..."

 

 

ŞABRANDA AĞALAR MİRZƏ YAD EDİLİB

Doğulub boya-başa çatdığı Şabran şəhərində rayon mədəniyyət turizm şöbəsinin təşəbbüsü ilə əməkdar incəsənət xadimi, şair, tanınmış telejurnalist, folklorşünas alim Ağalar Mirzənin mədəniyyət sarayında anım günü keçirilib.

Tədbirdən əvvəl qələm dostları Əjdər Ol, Sadıq Elcanlı, Tofiq Nurəli, Oktay Abbasov, Avdı Qoşqar, Ağalar İdrisoğlu, Aydın Tağıyev, rayonun yaradıcı adamları, ziyalılar Ağalar Mirzənin Dəvəçikənd qəbiristanlığındakı məzarını ziyarət ediblər, qəbri üstünə təzə-tər güllər düzüb, şairin adını daşıyan küçədə olublar.

Sonra şəhər mədəniyyət sarayında tədbir davam etdirilib. Tədbirin sonunda Ağalar Mirzənin oğlu Tural Mirzə çıxış edərək atasının xatirəsinə hörmət diqqətə görə rayon rəhbərliyinə, qələm dostlarına minnətdarlığını bildirib.

Ağalar Mirzənin vəfatından 6 il keçdi. İş belə gətirmişdi ki, qırx ildən çox uzun bir müddət ərzində yaxın olduğum, dostluq etdiyim tez-tez görüşdüyüm Ağalar Mirzəni az, çox - düz səkkiz ay olardı ki, görə bilmirdim. 2008-ci il fevral ayının 28-də, çərşənbə günü Bakıda, "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin həyətində təsadüfən rastlaşıb görüşdük. Son vaxtlar o zamanki Dəvəçiyə az-az gəldiyini, gələndə məni axtarıb tapmadığını dilə gətirdim, həmişəki kimi ərkyana giley-güzar, umu-küsü etdim. Bir həftədən sonra Dəvəçiyə gələcəyini, özü bu dəfə 4-5 gün qalacağını dedi, hökmən görüşüb "dərd-sər" etməyə söz verdi...

Ağalar Mirzə sözü bütöv insanlardan idi, dediyi sözün ağası idi. Düz bir həftədən sonra Şabrana gəldi, amma dediyi kimi daha 4-5 günlük yox, həmişəlik gəldi...

Şabranda torpaq almışdı, ev tikdirirdi. Təqaüdə çıxandan sonra Bakıdan birdəfəlik yığışıb Şabrana, doğulub boya-başa çatdığı yurda qayıtmaq istəyirdi. Ancaq təqaüdə çıxmamış, ömrünün 54-cü ilini heç tamamlamamış Şabrana qayıtdı, gözü dolu, könlü dolu bir ömürdən sonra vaxtsa axır ki, ədəbi sakini olacağı bir mənzilə çox erkən, vaxtsız köç etdi...

Ağalar Mirzə həmişə yurda bağlı, dünyaya göz açdığı torpağın təəssübünü çəkən oğullardan idi. Az qala hər söz-söhbəti balaca Vətəni Şabrandan olardı. Şeirləri , telejurnalistlik fəaliyyəti elə buna köklənmişdi. İlk şeiri 15 yaşında indi "Şabran" adında nəşr olunan "Qurucu" qəzetində çap edilmişdi.

Bu doğma torpağın adı Dəvəçi,

Beşiyim quruyur, qəbrim göyərir.

Mənim sevinclərim o yerdən gəlir,

Mənə o yerlərin daşları dəyir...

 

Ona dəyən o yerlərin "daşları" da Ağalara əziz idi...

beləcə Şabranı sevə-sevə, adını tanıda-tanıda öz adı da, imzası da Azərbaycan oxucularına, çoxmilyonlu televiziya tamaşaçılarına tanındı, doğma oldu, əziz oldu. gizlədək, biz dəvəçililərin milli televiziyamızın verilişlərinə baxanda çox vaxt gözləri tanıdığımız, uşaqlığı, gəncliyi gözümüz qarşısında keçən bir yaxın adam kimi Ağalar Mirzəni axtarırdı. O da "Qoşma", "Karvan", "Bayatı", "Oğuz", "Qala", "Dəmirqapı Dərbənd" kimi maraqlı müəllif verilişləri ilə həmyerlilərini sevindirirdi. Çox zəhmətkeş, işgüzar sənət adamı idi. Bir-birindən maraqlı şeir kitabları çap olunmuşdu. elmi işlə məşğul idi. On səkkizinci yüz illiyin məşhur sənətkarlarından Xaltanlı Aşıq Tağının həyat yaradıcılığı haqqında tədqiqat aparıb, filologiya elmləri namizədi olmuşdu, doktorluq işini başa çatdırıb müdafiəyə hazırlaşırdı.

Yarımçıq işləri, yarımçıq  söz-söhbətləri sevməzdi. Bütöv adam idi. Ancaq ömrü yarımçıq qaldı. Ağalar Mirzənin - respublikamızda tanınmış bir qələm əhlinin, məşhur televiziya jurnalistinin ömrünü yarımçıq qoymağa nə yazıqlar ki, ölümün gücü çatdı!

Ağalar Mirzənin işıqlı xatirəsini onunla ülfətdə olanların qəlblərində, yaddaşlarında unutdurmağa isə çətin ki, ölümün gücü çatsın...

Bu qarı keçib gəlməsəm,

Tanrı keçməz günahımdan.

Bu gün gələrəm, ölməsəm,

Ölsəm, gəlləm sabaha mən.

 

Aydın TAĞIYEV

525-ci qəzet.- 2014.- 6 mart.- S.7.