Vətəndaş cəmiyyəti
institutlarının beynəlxalq münasibətlər sistemində
yeri və rolu
Müasir beynəlxalq münasibətlər sistemində
vətəndaş cəmiyyəti institutlarının əvəzolunmaz
qüvvəsi olan qeyri-hökumət təşkilatlarının
yerinə və rolu danılmazdır. Lakin buna nəzər
salmazdan əvvəl sistemin mahiyyətinin bəzi aspektlərinə
toxunmaq məqsədə müvafiq olar. Məlum
olduğu kimi, sistem, onu təşkil edən komponentlərin
müəyyən bir qaydada düzülməsidir. Beynəlxalq münasibətlər sistemi müəyyən
qayda ilə düzülmüş, birində baş verən dəyişikliyin
digərinə mütləq şəkildə təsir edəcəyi
komponentlərin məcmusudur. Tanınmış
mütəxəssis Oran Yanq beynəlxalq münasibətlər
sistemini aralarında mütəmadi əlaqələr olan,
ortaq xarakterlərə malik və birində baş verən dəyişikliyin
digərlərinə təsir etdiyi dəyişkən elementlər
toplusu olaraq göstərib. Yanqa görə,
beynəlxalq münasibətlər sistemini digər sistemlərdən
fərqləndirən əsas cəhət ondan ibarətdir ki,
o əsasən, müəyyən sərhədləri ilə
bir-birindən ayrılan və bir-biri ilə mütəmadi əlaqələr
quran dövlətlərin formalaşdırdığı bir
bütövdür.
Morton
Kaplan beynəlxalq münasibətlər tarixində beş sistemin formalaşdığını
müəyyənləşdirərək bu sistemlərin əsas
xarakterini verib:
Beynəlxalq münasibətlərin formalaşmasından
başlayaraq 1648-ci ilə, Vestfal sülhünə qədər
olan dövrü əhatə edən sistem beynəlxalq
münasibətlər tarixində ilk sistem olub. Bu sistemi
formalaşdıran yeganə komponent məhz dövlətlərdir.
Sistemin xarakterini Kaplan daha çox anarxik olaraq
görüb və sistemi saxlayan yeganə ünsürün
dövlətlərin gücə çatmaq arzusu və daha
çox hərbi potensial uğrunda apardığı
mübarizə olduğunu iddia edib. Vestfal
sülhü ilə beynəlxalq münasibətlərdə
ikinci sistem formalaşıb. Bu sistemi Kaplan
güc balansı sistemi adlandırır. Bunun
əsas səbəbi, sistemi saxlayan amilin məhz Avropa dövlətlərinin
aralarında mövcud olan güc tarazlığının
olması olmuşdur. Belə ki, bu sistemdə
heç bir Avropa dövləti güc balansının və
deməli sistemin pozulmasında maraqlı deyildi. Bu sistemin də əsas xüsusiyyətlərindən
biri ondan ibarət idi ki, burada da sistemi təşkil edən
yeganə komponent dövlət idi; Üçüncü sistem
Birinci Dünya Müharibəsi ilə formalaşan
Versal-Vaşinqton sistemidir. Bu sistemdə əvvəlkilərdən
fərqli olaraq artıq yeni komponentlər əlavə olundu ki,
bunların da arasında beynəlxalq təşkilatlarla paralel
olaraq beynəlxalq QHT-lər də var idi. Məhz
Versal-Vaşinqton sistemindən başlayaraq QHT-lərin beynəlxalq
münasibətlər sisteminə daxil olması və sistemə
təsir imkanına sahib olması Kaplan tərəfindən qəbul
olunub; Beynəlxalq münasibətlər sistemində
dördüncü sistem ikiqütblü sistem olub ki, bu sistem
Avropa mərkəzli sistemlərin ilk dəfə
ümumdünya sistemi ilə əvəz olunması ilə də
xarakterizə olunur.
QHT-lərin beynəlxalq münasibətlər sistemində
iştirakı bu sistemdə də davam etmiş və güclənib;
Nəhayət sonuncu sistem ikiqütblü sistemi
formalaşdıran qütblərdən birinin - Sovet
İttifaqının dağılmasından sonra yaranan və
bugün də müvcud olan sistemdir ki, bu sistemin xarakteri ilə
bağlı qəti bir söz demək çətindir. Daha çox təkqütblü
sistemin klasifikasiyasına uyğun gələn bu sistemin
xarakterində çoxqütblülüyün də kifayət
qədər elementlərinin olması bizi qəti bir fikir
söyləməkdən çəkindirir. Lakin bu sistemlə bağlı onu deyə bilərik
ki, QHT-lərin rolu və yeri bu sistemdə xüsusilə
böyüyərək, sistem daxilində QHT-lərin çəkisi
hiss ediləcək dərəcədə artıb.
Beləliklə, göründüyü kimi iyirminci əsrin
əvvəllərindən etibarən beynəlxalq münasibətlərdə
baş verən hadisələr sistemdə köklü dəyişikliklərin
əsasını qoydu. Belə ki, Birinci Dünya Müharibəsi ilə
başlayan yeni dövr ilk növbədə Vestfal sülhü
ilə əsası qoyulan sistemin
iştirakçılarının tərkibini dəyişdirdi
və yeni- Versal-Vaşinqton sistemi iştirakçıların
siyahısına dövlətdən kənar qurumları, QHT-ləri
də daxil etdi.
Doğrudur, beynəlxalq münasibətləri tədqiq
edən müxtəlif alimlər sistemin
iştirakçılarının tərkibi ilə
bağlı vahid mövqeyə malik deyil. Başqa
sözlə, beynəlxalq münasibətlərə prinsipial
yanaşmaları müəyyən edən və beynəlxalq
münasibətlərin xarakterini açıqlayan əsas nəzəriyyələr
olaraq realizm və liberal-idealizm nəzəriyyələrinin
nümayəndələri beynəlxalq münasibətlər
sisteminin iştirakçılarının tərkibi ilə
bağlı fərqli mövqedən çıxış edir
və QHT-lərin sistemin komponenti kimi qəbul edilməsinə
müxtəlif yanaşma nümayiş etdirirlər.
Bütün bunları nəzərə alaraq, realizm və
liberalizm nəzəriyyələrinin nümayəndələrinin
beynəlxalq münasibətlər sisteminə, sistemin
iştirakçılarının tərkibinə və ən
əsası QHT-lərin bu sistemdə tutduğu mövqeyə
yanaşmasını öyrənmək olduqca maraqlı və
əlbəttə ki, QHT-lərin müasir beynəlxalq
münasibətlər sistemindəki yeri və rolunu
araşdırmaqda bizə kömək etmiş olar.
Belə
ki, beynəlxalq münasibətləri sərt məntiqlə
izah edən və nisbətən radikal yanaşma
nümayiş etdirən realizm nəzəriyyəsinin nümayəndələri,
xüsusilə də Hans Margentau və Reynhard Neybör kimi
klassik realizmin simaları beynəlxalq münasibətlər
sisteminə yanaşmada əsasən aşağıdakı
prinsipləri əldə rəhbər tutub: Beynəlxalq
münasibətlər sisteminin xarakteri anarxaikdir; Sistemin tərkibini
formalaşdıran yeganə komponent dövlətdir; Sistemin
mahiyyəti dövlətlərin qarşılıqlı
münasibətlərin məcmusudur; Sistemi saxlayan əsas
ünsür güc və dövlətlərin gücə
sahib olmaq istəyidir.
Göründüyü kimi realizm nəzəriyyəsi
beynəlxalq münasibətlər sisteminin
iştirakçılarını birmənalı olaraq dövlətlərlə
məhdudlaşdırır və hər hansı başqa
subyektin bu sistemdə yer almasını inkar edir. Realizmdən fərqli olaraq,
liberalizm nəzəriyyəsinin klassik nümayəndələri
- Jon Lok, Herbert Spenser, Jan Jak Russo, İmmanuel Kant beynəlxalq
münasibətlər sisteminə yanaşmada əsasən
aşağıdakı prinsipləri əsas
götürür: Beynəlxalq münasibətlər sisteminin
xarakteri anarxaik deyil, beynəlxalq ümumi qəbul olunmuş
prinsiplərlə nizamlanır; Sistemin tərkibini təkcə
dövlət deyil, həmçinin beynəlxalq hökumətlərarası
təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları,
transmilli kooperasiyalar və s. təşkil edir; Sistemin mahiyyətini
yalnız dövlətlərarası münasibətlər
deyil, sistemin digər iştirakçılarının özləri
arasında və onlarla dövlətlər arasında mövcud
olan münasibətlər müəyyən edir; Sistemi saxlayan
ünsür güc deyil, ümumi qəbul olunmuş universal
prinsiplərdi.
Realizm və liberal-idealizm nəzəriyyəsinin klassik
nümayəndələrindən fərqli olaraq, neo-realist və
neo-liberal yanaşmalar nisbətən yumşaq mövqe tutdu və
mövqe cəhətdən bir-birinə yaxınlaşdı. Belə ki,
klassik realizmin beynəlxalq münasibətlərdə dəyişən
hadisələri və yeni halları açıqlamaqda çətinlik
çəkməsi bu nəzəriyyənin yeni dövrün tələblərinə
uyğunlaşdırılmasını zərurətini meydana
çıxartdı. Bu istiqamətdə
ilk addımı Kennet Uolts atdı. Uolts
realizm nəzəriyyəsinin yanaşma tərzində bir
sıra dəyişiklik edərək, liberalizm nəzəriyyəsi
ilə yaxınlaşmışdır. Belə
ki, klassik realizmdən fərqli olaraq, Uoltsun
yaratdığı neo-realizm nəzəriyyəsi beynəlxalq
münasibətlər sistemində dövlətlə
yanaşı digər aktorların da iştirakını qeyd
edir və beynəlxalq QHT-ləri sistemin komponenti və beynəlxalq
münasibətlərin aktoru olaraq qəbul edirdi.
Beynəlxalq münasibətləri izah edən əsas nəzəri
fikirləri təhlil edərək bələ bir nəticəyə
gəlmək olar ki, beynəlxalq QHT-lərin dövlətdən
kənar subyekt olaraq beynəlxalq münasibətlər sistemində
müəyyən yerə sahib olması və müəyyən
rol oynaması əksər nəzəriyyələr tərəfindən
qəbul edilir.
Belə ki, Qraham İvantz və Cefri Nevmanın
"Beynəlxalq münasibətlər lügəti"
kitabına nəzər yetirsək beynəlxalq sistem və beynəlxalq
QHT-lər arasında əlaqəni görmək olar.
Bu gün beynəlxalq münasibətlər sistemi
sayları son bir əsr yarımda iki yüzü keçən
dövlətlərin öz aralarında yaratdığı bir
bütöv olmaq statusunu itirmiş və artan şəkildə
təşkilatlanmalarını davam etdirən beynəlxalq
qurumlar və təşkilatların dövlətlərlə
yanaşı iştirak etdiyi, təsir göstərmək
imkanına sahib olduğu arenaya çevrilib. Başqa
sözlə, sayları hər gün artan beynəlxalq təşkilatlar,
transmilli korporasiyalar və beynəlxalq qeyri-hökumət təşkilatları
artıq dövlətlərlə paralel olaraq beynəlxalq
münasibətlərin subyektinə və sistemi təşkil
edən komponentə çevrilib.
Hazırda bəzi beynəlxalq QHT-nin illik büdcəsi bəzi
kiçik dövlətlərin ümumi daxili gəlirindən
daha çoxdur. Hətta bəzilərinin təşkilatlanması,
sistem daxilində sahib olduqları təmsilçilik qabiliyyəti
onları kiçik dövlətlərdən daha öndə
tutur. Bu hal özünü daha çox
bipolyar sistemin dağılmasından və demokratiya
anlayışının beynəlxalq münasibətlərdə
daha çox önəm qazanmasından sonra xüsusilə diqqəti
cəlb edən olub.
Beynəlxalq münasibətlər sistemində QHT-lərin
yerini və rolunu təhlil edərkən əsas olaraq
götürməli olduğumuz faktor heç şühbəsiz,
beynəlxalq QHT-lərdir. Çünki beynəlxalq
QHT-lər müasir sistemdə iştirak hüququ əldə
etmiş və sistemin vacib bir komponentinə çevrilib.
Fövqəlmilli və ya dövlət sərhədlərini aşan beynəlxalq
QHT-lər ümumi QHT anlayışına əlavə olaraq, bəzi
özəlliklərə də sahibdir ki, bunlarda əsas
etibarı ilə aşağıdakılardan ibarətdir: ən
azı üç dövlətin vətəndaşları və
ya kollektiv subyektləri tərəfindən təşkil
olunması; ən azı
üç dövlətin ərazisində fəaliyyət
göstərməsi; büdcəsinin əsas hissəsinin ən
azı üç dövlətin vətəndaşları və
ya kollektiv subyektləri tərəfindən maliyyələşməsi.
Real olaraq statistikaya baxsaq göstəririk ki, QHT-lər XX
əsrin son 30 ilində xüsusi sürətlə
böyümüş və iqtisadi, siyasi və texniki cəhətdən
yüksək göstəricilər əldə etmişlər. QHT-lərin
daim artan kəmiyyətini, QHT-də çalışan şəxslərin,
üzvlərin və təmsilçilərin sayını nəzərdən
keçirdikdə olduqca böyük rəqəmlərlə
qarşılaşırıq. Təqribi
hesablamalara əsaslansaq bu gün dünyada QHT-lərin
formalaşdırdığı sektorun illik maliyyəsi 1
trilyon ABŞ dolları, işçi sayı isə 19 milyon nəfərdir.
Bu göstəricilərə əsaslanaraq beynəlxalq
ədəbiyyatlarda QHT sektorunu həcminə görə
dünyanın səkkizinci böyük iqtisadi qüdrəti
hesab edirlər. QHT-lər təkcə humanitar, inkişaf
və texniki yardım məqsədi ilə hər il 9-10 milyard ABŞ dolları həcmində bir
büdcə formalaşdırırlar. Bütün bu göstəricilərlə
paralel olaraq QHT-lərin
inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələrdə saylarının artması
tendensiyası davam edir. Bu artım tendensiyası
1990-cı illərdən xüsusi sürət qazanıb.
Belə ki, 1900-cü ildə sayı cəmi 200 olan beynəlxalq
QHT, 1975-ci ildə 5000-ə, 1984-cü ildə 10000-ə,
2000-ci ildə isə böyük bir sıçrayışla
45000-ə çatıb. Hazırda bu rəqəm
daha da artıb.
İstər beynəlxalq, istərsə də yerli QHT-lərin
rolu dövlətlərin nəzarətindən kənar qalan və
ya dövlətin müdaxiləsi ilə həlli mümkün
olmayan sferalardakı fəaliyyətlə müəyyən
olunur. Dövlətlərin fəaliyyətindən kənar
rola sahib olmaları, könüllülük prinsipi ilə hərəkət
etmələri və bir çox qlobal xarakterli problemlərlə
mübarizə aparmaları QHT-lərin beynəlxalq münasibətlər
sistemində yerini xüsusiləşdirir və onlara
ehtiyacı artırır. Müxtəlif
münaqişələr zamanı yaranan humanitar böhranlarda
QHT-lərin çevikliyi dövlətlərin vahid qərara gəlməsindən
və müdaxilə etməsindən daha effektiv olur və daha
böyük fəlakətlərin yaranmasını önləyir.
Belə ki, QHT-lər böhran bölgəsində su, qida və
təcili tibbi yardım
çatışmazlıqlarının aradan
qaldırılmasında fəal rol oynamaqla yanaşı, həm
də, yerli idarəçiliyin, yerli QHT-lərin
inkişafını dəstəkləyir, vasitəçilik
funksiyasını yerinə yetirməklə münaqişə
tərəfləri arasında sülhün əldə
olunmasına birbaşa yardım edir.
Beynəlxalq QHT-lər istər yerli, istərsə də
beynəlxalq səviyyədə əsas etibarı ilə
dövlətlərə və beynəlxalq münasibətlər
sisteminin digər aktorlarına təsir göstərmək və
müəyyən dərəcədə öz məqsədlərinə
istiqamətləndirmək üçün fəaliyyət
göstərirlər. Məhz bu xarakterlərinə görə
bəzən QHT-lərin əsl məqsədlərinin siyasi
olduğu və üzdə görünən məqsədləri
ilə uyğun gəlmədiyi iddia olunur. Dünyanın
ən geniş şəbəkəli və beynəlxalq
münasibətlər sisteminin digər aktorlarına təsir
etməsi baxımından ən güclü beynəlxalq QHT-lərindən
biri hesab olunan Beynəlxalq Amnistiya
Təşkilatının qarşıya qoyduğu məqsəd
insan haqlarının qorunması olsa da, təşkilatın fəaliyyətində siyasi məsələlərin daha
çox yer aldığı bilinən bir həqiqətdir.
QHT-lər son 20 ildə humanitar yardım və inkişaf
sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Soyuq
müharibənin bitməsindən sonra dünyanın müxtəlif
region və bölgələrində yerli və regional səviyyəli
münaqişələrin meydana gəlməsi, böhranların,
daxili qarışıqlığın və təbii fəlakətlərin
olması humanitar problemləri daha çox gündəmə gətirmişdir.
QHT-lərin böhran bölgələrinə
daha asan və tez girə bilmə qabiliyyəti və
yardıma möhtac olan insanlar arasında onlara inamın daha
çox olması, bu konteksdə QHT-lərə olan ehtiyacı
daha da artırmaqdadır. Lakin QHT-lərin
beynəlxalq münasibətlərdə oynadığı rolu
yuxarıda qeyd etdiyimiz çərçivəyə salmaq da
doğru olmazdı. Belə ki, beynəlxalq
QHT-lər onların fəaliyyət sferasına aid olan beynəlxalq
səviyyəli hadisələrə təsir etmək
imkanına sahib olan qurumlardır. Misal
üçün deyə bilərik ki, Antarktika qitəsinin bu
gün sahib olduğu statusu əldə etməsində QHT-lərin
rolu böyükdür. Başqa sözlə Qrinpis (Green
peace) adlı beynəlxalq QHT-nin Antarktikanın dünya parkı
elan edilməsi uğrunda göstərdiyi cəhdlər öz
müsbət nəticəsini vermiş və 1991-ci ildə
imzalanan Madrid Protokolu ilə qitə "sülhə və elmə
yönəldilmiş təbii mənbə" elan olunmuş və
50 il müddətində qitədə hər hansı bir mədən
araşdırması qadağan olunmuşdur. Başqa bir
nümunə 1991-ci ildə Şell (Shell) kompaniyasının
Qrinpis (Greenpeace) təşkilatının
formalaşdırdığı ictimai rəy
qarşısında geri addım atması və Brent Spar
adlı nəhəng neft platformasını dənizdə
batırmasını göstərmək olar.
Başda dövlətlər olmaqla beynəlxalq münasibətlər
sisteminin aktorları olan beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar,
transmilli korporasiyalar ilə QHT-lər arasında sıx
münasibətlər mövcuddur. Bu münasibətlər
özünü əsasən inkişaf proqramlarında,
humanitar yardımların paylanmasında, ətraf mühitin və
sülhün qorunmasında, münaqişələrin həllində
göstərir. Məhz bu kimi amillərə
görə maliyyə imkanına sahib olan digər aktorlar QHT-lərin
inkişafında maraqlıdır. Buna
görə də 1970-ci illərin sonundan etibarən dövlət
və digər beynəlxalq münasibətlər sistemi
aktorlarının QHT-lərə dəstəyi ilə QHT-ləri
sayının artması düz mütənasibdir. Misal üçün, XX əsrin sonlarından
başlayaraq QHT-lərin inkişafı və dünyanın
müxtəlif regionlarına yayılması üçün
ildə təxminən 6-8 milyard ABŞ dolları həcmində
pul ayrılır. Bunlardan təxminən 2 milyard
dolları BMT tərəfindən, 1,5 milyardı Avropa
İttifaqı mənbələrindən, 2-3 milyardı ikitərəfli
yardım agentliklərindən, 1-1,5 milyardı isə ictimai və
özəl fondlardan təmin edilir.
ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveçrə və
Şimali Avropa ölkələrinin dövlət büdcələrindən
ayrılan illik yardımlarının 10-25 faizi QHT-lərə
ünvanlanır. Bu ölkələrin göstərdikləri
yardımlar əsas etibarı ilə inkişaf və humanitar
yardım sahəsində fəaliyyət göstərən
QHT-lərə edilməkdədir. Demokratikləşmə
sahəsində göstərilən yardımlar isə əsas
etibarilə demokratiya, şəffaflıq, rüşvət əleyhinə
fəaliyyət, insan hüquqları, keçid
dövrünü yaşayan ölkələrdə ortaya
çıxan daxili münaqişələri aradan
qaldırmağa yönəlib.
Dövlətlərin birləşməsinin nəticəsi
olaraq fövqəlmilli xarakter almış Avropa
İttifaqı, BMT kimi qurumlar da öz fəaliyyət sahələrində
QHT-lərlə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıqdan
həm beynəlxalq təşkilatlar, həm də beynəlxalq
qeyri-hökumət təşkilatları fayda
götürür. QHT-lər digər
aktorlarla münasibətlərindən istifadə etməklə
beynəlxalq görüşlərə və bu
görüşlərdə qəbul edilən qərarlara təsir
edə bilirlər. Digər tərəfdən
beynəlxalq münasibətlər sisteminin digər
aktorları xüsusilə də dövlət, QHT-lərin
sahib olduğu ictimai təsirdən və imkanlardan istifadə
edir.
Beynəlxalq münasibətlər sisteminin ən
böyük aktoru hesab olunan BMT QHT-lərlə münasibətləri
nizamlamaq, sistemin dövlətdənkənar bu aktoru ilə əməkdaşlığın
daimi çərçivəsini formalaşdırmaq
üçün özünün xüsusi bir qurumunu - ECOSOC-u
təsis edib.
ECOSOC-un işində müxtəlif iri QHT təşkilatlarını
nümayəndələri müşahidəçi və məşvərətçi
qismində iştirak edirlər. 1948-ci ildə
belə QHT-lərin sayı 40 idisə, 2006-cı ildə
artıq 2719 QHT-nin nümayəndəsi ECOSOC-un işində
yaxından iştirak edir. Doğrudur QHT-lərin ECOSOC-un
işində iştirakı BMT-nin yaranma tarixinə paralel olsa
da, BMT-nin əsas orqanı olan Təhlükəsizlik
Şurasında (TŞ) QHT-lərin iştirakı mexanizmi hələ
də mövcud deyil. Lakin 60 illik bir tarixi
dövrdə xüsusilə, Soyuq müharibənin bitməsindən
sonra TŞ-nın ümumi dünya xarakterli məsələlərdə
özəlliklə də, ümumdünya sülhü və təhlükəsizliyi
ilə əlaqədar məsələlərdə beynəlxalq
QHT-lərlə əməkdaşlıq etməsi
tendensiyası mövcuddur. Bu tendensiya
1997-ci ildə öz nəticəsini vermiş və BMT
TŞ-nın nəzdində beynəlxalq münasibətlər
sisteminin 60 ən böyük beynəlxalq QHT-sindən ibarət
bir "Təhlükəsizlik Şurası - QHT
İşçi Qrupu" adlı daimi bir qurum
formalaşdırılmışdır ki, TŞ ilə bu qurum
arasında mütəmadi məsləhətləşmələr
olur. QHT-lər uzun bir müddət BMT-nin
Baş Assambleyasının iclaslarında müşahidəçi
statusu əldə etmək uğrunda
çalışmış və 1990-cı ildə Beynəlxalq
Qırmızı Xaç Cəmiyyəti buna nail olmuşdur.
Yuxarıda deyilənləri ümumiləşdirsək, QHT-lərin beynəlxalq münasibətlərin son üç sistemində özlərinə yer tapmasını xüsusi qeyd etməliyik. Tarixdən QHT-lərə bənzər qurumların və QHT-lərin yaranması, formalaşması beynəlxalq münasibətlərin özü qədər qədim olduğu görünsə də, onlarla beynəlxalq münasibətlər arasında əlaqə yalnız XX əsrin əvvəllərindən başlayaraq formalaşmış və həmin əsrin sonlarına doğru bu münasibətlər intensiv və institusionallaşmış xarakter alıb. Bu gün beynəlxalq QHT-lər tam şəkildə beynəlxalq münasibətlər sisteminin subyekti və aktoru statusunu qazanıb. Bu, inkarolunmazdır ki, dövlət hələdə bu sistemdə əsas komponent olaraq qalır və sistemin xarakterinin müəyyənləşməsində şəksiz söz sahibidir. Lakin bütün bunlarla yanaşı bugünkü situasiya və müşahidə olunan tendensiya belə bir proqnoz verməyi mümkün edir ki, QHT-lərin digər aktorlarla birlikdə beynəlxalq münasibətlər sistemində iştirakı gələcəkdə daha da artacaqdır. Ümid edirik ki, dünyada sülhün və sabitliyin təmsilçisi qismində çıxış edən və humanizmin əsas örnəyi olan QHT-lərin beynəlxalq münasibətlər sistemində davamlı iştirakı bu sistemə daimi sabitlik və təhlükəsizlik elementləri gətirəcəkdir.
AQİL
525-ci qəzet.-
2014.- 6 mart.- S.6.