Çağdaş teatr prosesləri: zaman
müstəvisində baxış (Teatr və rejissura)
Son dövrdə humanitar sahədə gündəmdə
olan problemlərdən biri də mədəniyyət və incəsənətin
ekologiyası ilə bağlıdır. Akademik sənət
ilə müqayisədə kütləvi mədəniyyətin
sürətlə və çox vaxt kortəbii şəkildə
yayılaraq geniş vüsət alması və qloballaşma
proseslərinin özünü doğrultmayan tərəfləri
nəticədə yüksək bədii meyarların
unudulmasına gətirib çıxardır. Belə halları incəsənətin müxtəlif
sahələrində müşahidə etmək
mümkündür. Bu proseslər teatr sənəti
və onun ayrılmaz tərkib hissəsi olan teatr
rejissurası, musiqisi və rəssamlığından də
yan keçməmişdir. Bu məqaləni
yazmaqda əsas məqsədimiz teatr xadimləri, bəstəraklar
və rəssamların diqqətini göstərilən sahələrdə
olan uğurlarımıza və problemlərimizə cəlb
etmək, çoxəsrlik zəngin ənənələrə
malik teatr mədəniyyətinin xüsusiyyətlərini bir
daha nəzərdən keçirməkdir.
Birinci
yazı: Teatr və rejissura
Teatr kollektiv sənətdir. Bu sənətlə
bağlı olan bütün sahələr, ixtisaslar çətin
və şərəflidir. Təbii ki,
teatr sənətinin inkişafında hər bir sahənin,
ixtisasın öz payı vardır. Lakin həmin
ixtisaslar içərisində rejissura sənəti xüsusilə
seçilir.
Son illərdə aktyor və rejissor ixtisaslarına maraq
göstərən gənclərin sayı xeyli
çoxalmışdır. Bu da
yaşadığımız dövrdə teatr sənətinə
artan marağın göstəricilərindən biridir.
Respublikamızın universal ali mədəni
təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində (ADMİU)
çalışan görkəmli sənət xadimləri tələbə-rejissorlara
peşəkar biliklər verir, onillərlə
formalaşmış yaradıcılıq ənənələrini
istedadlı gənclərə ötürürlər. Teatr sənəti
bu ali təhsil ocağında tələbələrə həm
perspektiv, həm də real-tarixi və müasir tendensiyaların
sintezi müstəvisində öyrədilir. Gələcək
rejissorun şəxsiyyətinin, onun insani, vətəndaş və
mənəvi mahiyyətinin toxumları burada "cücərdilir".
Gənc rejissorda teatr kollektivinin rəhbəri olmaq, onun bədii-inzibati
heyətini bitkin yaradıcılıq ideyasının ətrafında
cəmləşdirmək bacarığı bu ali
məktəbdə tərbiyə edilir.
Məlumdur ki, teatr rejissorsuz fəaliyyət göstərə
bilməz. Teatra bədii rəhbərlik edən də, onun
yaradıcılıq yolunu müəyyənləşdirən
də məhz rejissordur. Teatr sənətinin
istisnasız bütün məsələləri rejissordan
asılıdır. Tamaşaya görə ən
böyük məsuliyyət daşıyan da rejissordur.
O, həm seçilən pyesə (zəifdirsə!),
aktyorların oyununa (mükəmməl deyilsə!), həm də
hətta zaldakı tamaşaçılara görə (əgər
yerindəcə səhnədəkilərə reaksiya verməyiblərsə,
yaxud da yersiz gülüblərsə!) cavab verməli olur. O,
teatr kollektivinin adından danışır və bir qayda
olaraq, rejissorun mövqeyi istənilən aktyorun fikrindən
daha üstündür.
Rejissor geniş dünyagörüşünə,
güclü intellektə, kamil savada, biliyə və
şübhəsiz ki, ilk növbədə fitri istedada malik
olmalıdır. O, musiqini, təsviri sənəti, teatr
texnikasını, teatrın təşkilat məsələlərini
incəliklərinə qədər bilməklə
yanaşı, həm də ədəbiyyatın,
dramaturgiyanın, tarixin... də bilicisi olmalıdır. İndi gəlin görək, rejissor sənəti
çətin, mürəkkəb, yoxsa asan bir fəaliyyət
sahəsidir? Mən bu suala belə cavab verərdim: əgər
rejissuranı yalnız peşə kimi dərk edirsənsə,
onda asandır, yox əgər rejissuranı incəsənətin
ali növü olan bir sənət kimi anlayırsansa, onda bu
çətindən də çətin bir sənətdir
.
Bu gün dünyada tamaşanı necə
hazırlamalı, rejissorları necə yetişdirməli
sualına cavab verən çoxsaylı kitablar, elmi-tədqiqat
əsərləri, məqalələr, proqramlar mövcuddur. Amma mən bu ixtisas
üçün kadr hazırlayan ali məktəbin
rektoru kimi bir həqiqəti təsdiqləməliyəm ki,
fitri istedadı, rejissorluq duyumu olmadan heç zaman əsl
rejissor yetişmir. Olsa-olsa, rejissor sənətinin
tələblərini yaxşı mənimsəyən, təşkilatçılıq
bacarığı olan və bu işə yarayan mütəxəssis
yetişə bilər. Əlbəttə, sənət
duyumu olan tələbə-rejissora fitri istedadının
inkişafına, cilalanmasına kömək etmək, peşənin
əsaslarını öyrətmək, onu maraqlı yozumlara
yönəltmək, səhv yollardan yayındırmaq,
rejissorluq fantaziyasını daha da inkişaf etdirmək,
formalaşdırmaq mümkündür. Ümumiyyətlə
bu bir həqiqətdir ki, istedad insana ilahidən verilir. Bəstəkara, yazıçıya, müğənniyə,
rəssama və ümumiyyətlə bədii
yaradıcılıqla məşğul olan insana istedad öyrətmək
mümkün deyil. Yəni böyük sənət
istedadsız adamı qəbul edə bilmir. Olsa-olsa orta səviyyəli sənət adamlarından
söhbət gedə bilər. Üzeyirbəyləri,
Mirzə Cəlilləri, Səttar Bəhlulzadələri, Mərziyə
Davudovaları, Tofiq Kazımovları
hər il tapmaq və yetişdirmək imkan xaricindədir.
Təbii ki, bir insana ilahidən oxumaq
üçün səs verilməyibsə, universitet ondan xanəndə-müğənni
yetişdirə bilməz. Rejissor sənəti də belədir:
əgər tələbədə fitri istedad, müşahidə
qabiliyyəti, fantaziya və təxəyyül yoxdursa, yumor
hissindən, temperamentdən, ritm və temp qabiliyyətlərindən
və s. məhrumdursa, o heç zaman yaxşı rejissor ola bilməz. Bu sahəyə ali
mövqedən yanaşsaq etiraf etməliyik ki, rejissor sənəti
dünyada ən çətin sənətlərdən biridir.
Teatrın dünəni də, bu günü və sabahı da
rejissordan asılıdır, çünki o teatrı təşkil
edən bütün elementləri "qaynaqlayan", calayan,
birləşdirən bir şəxsdir.
Bu gün dövri mətbuatda və televiziya verilişlərində
tez-tez "Bu gün rejissorlar yetişmir!" fikri haqsız
şəkildə hallandırılır. Gəlin
görək bu belədirmi?
Son illərin yaradıcılıq əhval-ruhiyyəsi
teatr sənətinin, o cümlədən, rejissor sənətinin
inkişafına təkan vermişdir. Diqqətlə izlədiyimiz teatr
prosesi bizə onu deməyə əsas verir ki, bu gün milli
rejissor sənəti yeni inkişaf mərhələsinə qədəm
qoymuş və nəsil
dəyişikliyi sürətlənmişdir. Teatr tarixinə nəzər
salanda görürük ki, rejissor peşəsi heç vaxt
kütləvi olmamış, bütün inkişaf mərhələlərində
dünya teatrında olduğu kimi Azərbaycan teatrında da
barmaqla sayılacaq qədər az sayda əsl
professional rejissor kadrları yetişmişdir.
Azərbaycan Teatrının ilkin təşəkkül
dövründə rejissor kadrlarının yoxluğu
ucbatından görkəmli aktyorlar eyni zamanda rejissor fəaliyyəti
ilə də məşğul olmağa məcbur idilər. İlkin mərhələdə
Azərbaycan teatrında tez-tez rejissor kadrlarının dəyişikliyi
müşahidə olunmuş, A.M.Şərifzadə, R.Təhmasib,
A.İvanov, V.Uqryumı kimi sənətkarlar qısa müddətdə
Dram Teatrında baş rejissor vəzifəsində
çalışmışlar. 1924-cü ildə A.A.Tuqanov Tiflisdən
Bakıya gələrək, Azərbaycan Dövlət Dram
Teatrında baş rejissor vəzifəsinə təyin olunur.
1938-ci ildə
Moskvada professional rejissorluq təhsili almış
Ədil İsgəndərovun Milli Dram Teatrına baş
rejissor təyin edilməsi ilə isə Azərbaycan rejissor sənətində
yeni bir mərhələnin əsasını qoydu.
Azərbaycan
milli rejissor sənətinin ən parlaq dövrləri görkəmli
rejissorlardan Adil İsgəndərov, İsmayıl Hidayətzadə,
Məhərrəm Haşımov, Zəfər Nemətov, Mehdi
Məmmədov, Tofiq Kazımov və başqalarının
yaradıcılıqları ilə bağlıdır. Bu sənətkarlar eyni zamanda ADMİU-da pedaqoji
işlə məşğul olaraq milli rejissor
kadrlarının yetişdirilməsi işində böyük
tarixi xidmətlər göstərmişlər.
Zaman keçdikcə yeni rejissor nəsli yetişir. Bu gün Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Rejissor sənəti" ixtisasının məzunları
respublikanın müxtəlif teatrlarında səmərəli
fəaliyyət göstərirlər. Hal-hazırda
görkəmli rejissorlardan mərhum professor Vaqif
İbrahimoğlunun, Ağakişi Kazımovun, Azər Paşa
Nemətin, Cənnət Səlimovanın, Bəhram Osmanovun
yetişdirmələri artıq peşəkar rejissorlar kimi
ölkənin teatr həyatında xüsusi çəkiyə
malik yaradıcı qüvvəyə çevriliblər. Böyük istedada, zəngin nəzəri biliyə,
həmçinin güclü pedaqoji qabiliyyətə malik Vaqif
İbrahimoğlu gənc rejissor nəslinin yetişməsinə
böyük önəm verirdi. Yaratdığı
və rəhbərlik etdiyi Azərbaycan Dövlət Yuğ
Teatrında ətrafına çox sayda gənc rejissor və
aktyor kadrlarını toplayan professor Vaqif İbrahimoğlu əsl
müəllim olub. Universitetdə tədris etdiyi elmi və
sənət biliklərinin daha da cilalanması, gənc
rejissorların təcrübi vərdişlərinin, peşəkarlıq
səviyyəsinin yüksəlməsi naminə Vaqif İbrahimoğlu
onları fəal teatr prosesinə, canlı
yaradıcılıq aləminə qoşa bildi. Təsadüfi deyil ki, rejissorun kursunu bitirmiş gənclərin
hər biri bu gün ölkənin teatr mühitində
özünü təsdiqləyə bilibdir. Onun tələbələri
içərisində Gümrah Ömər, Mikayıl
Mikayılov, Tural Mustafayev, Günay Səttarova, Sahib Ağayev,
Ərtoğrul Kamalov, İradə Gözəlova, Aytən Məmmədova
və başqalarının adlarını çəkmək
olar. Bu gənc rejissorların hər
biri hazırladıqları tamaşalarla həm teatr tənqidinin,
həm də teatr
ictimaiyyətinin diqqətini cəlb edə biliblər. Onların bir qismi respublikanın müxtəlif
bölgələrində baş rejissor kimi fəaliyyət
göstərirlər. Gənc yaşlarında Gümrah
Ömərovun Gəncə, Günay Səttarovanın Mingəçevir,
Tural Mustafayevin Lənkəran Dövlət Dram teatrlarına
baş rejissor təyin olunması milli teatr tariximizin görünməmiş
faktı olmaqla yanaşı, həm də Azərbaycanda yeni
rejissor nəslinin yetişməməsi ilə bağlı
iddiaların əsassız olduğunu təsdiqləyən
mühüm faktdır. Bu gün Azərbaycanda
yetişməkdə olan gənc rejissor nəslinin
uğurları ölkənin hüdudlarından kənara
çıxır, onlar xarici ölkələrdə
keçirilən Beynəlxalq Teatr Festivallarında,
simpoziumlarda, ustad dərslərində fəal iştirak edirlər.
Ən sevindirici məqam isə ondan ibarətdir
ki, gənclərimiz bu tədbirlər çərçivəsində
yalnız passiv müşahidəçi mövqeyində
qalmır, əksinə, fəal yaradıcılıq
mübadiləsinə qoşulurlar.
Bu gün
20-25 il öncə arzu etdiklərimiz
reallaşmaqdadır. Universitetimizin məzunları
olmuş rejissorlarımız xarici ölkələrdə
tamaşalar hazırlayır, tamaşalarımız nüfuzlu
Beynəlxalq Festivallarda göstərilir və uğur qazanır.
Bu gün Azərbaycan teatr sənətinin
dünya teatr məkanına inteqrasiyası istiqamətində
misilsiz işlər görülməkdədir.
Bir
neçə il öncə məzunlarımız
olan gənc rejissorlar müxtəlif xarici ölkələrdə
- Polşa, Çexiya, Rusiya, Türkiyə və s. təcrübə
mübadiləsində iştirak edərək doğma
teatrlarına qayıdıblar. Yuğ Dövlət
Teatrının rejissoru Gümrah Ömərin bir neçə
il öncə Estoniyanın Uqala
Teatrında Kamal Abdullanın "Kim dedi ki simurq quşu var
imiş" pyesinə quruluş verməsi və uğur
qazanmsı bizi sevindirir.
Hal-hazırda universitetimizin məzunu rejissor Mikayıl
Mikayılov respublikanın müxtəlif teatrları ilə
yanaşı Rusiyada, Qazaxıstanda və b. ölkələrdə
uğurla tamaşalar hazırmaqda davam edir.
Daha bir məzunumuz rejissor Kamran Şahmərdan Finlandiyada
rejissor fəaliyyəti ilə məşğuldur. Finlandiyada
yaşayıb-yaradan həmyerlimiz İmatra şəhərində
"Ağ-qara" adlı teatr açıb. Artıq uzun illərdir ki, Kamran Şahmərdan
"Ağ-qara" adlı Beynəlxalq teatr festivalı
keçirir.
Ötən
il məzunumuz rejissor İradə Gözəlova
Rusiyanın İjevsk şəhərində (Udmurtiya
Respublikası) keçirilən gənc rejissorların
laboratoriyasında iştirak edib və iki mərhələdən
ibarət müsabiqədə qalib olub. Rusiyanın Mədəniyyət
Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə
layihəsi əsasında dahi ingilis dramaturqunun xatirəsinə
həsr edilmiş "Şekspir kainatı" adlı bu
yaradıcılıq laboratoriyasında dünyanın müxtəlif
ölkələrindən teatr xadimləri iştirak edib. İştirakçılar 10 gün ərzində
İjevsk Rus Dram Teatrının aktyorlarının
iştirakı ilə yarım saatlıq tamaşalar qurublar.
Sonuncu mərhələdə müsabiqəyə Moskva,
Sankt-Peterburq, Xarkov və İjevskdən təqdim olunan
altı tamaşanın arasından həmyerlimizin
hazırladığı "Şıltaq qızın
yumşalması" tamaşa-eskizi peşəkar teatr tənqidçilərindən,
rejissorlardan ibarət münsiflər heyəti tərəfindən
birinciliyə layiq görülüb. Bu ilin aprel
ayında gənc rejissor İjevsk Rus Dram Teatrında tamaşa
hazırlığına başlayacaq.
ADMİU-da istedadlı gənc rejissor kadrlarının
yetişməsini və bu prosesin dövlət tərəfindən
stimullaşdırılmasını təsdiqləyən daha
bir neçə faktı qeyd etmək istərdim. Ötən il Yuğ
Dövlət Teatrının gənc rejissoru Aytən Məmmədova
və Kukla Teatrının rejissoru Elşad Rəhmanzadə Azərbaycan
Teatr Xadimlərinin sədri, Xalq artisti, professor Azər Paşa
Nemətin təşəbbüsü və yaxından dəstəyi
ilə Moskvada A.P.Çexov festivalı çərçivəsində
keçirilən "Gənc rejissorların
laboratoriyası"nın işində iştirak edib. Azərbaycanlı
rejissorlarla yanaşı, keçmiş MDB məkanına daxil
olan ölkələrdən - Rusiya, Belarusiya, Ukrayna, Moldova,
Gürcüstan, Latviya, Litva və s. eləcə də
Çin Xalq Respublikasından gənc rejissorların iştirak
etdiyi "XXI əsrin teatrı. Keçmiş təcrübə
və gələcək axtarışlar" adlı
laboratoriyada gənc rejissor həmvətənlərimiz Moskvanın teatr mühiti ilə
tanış olmaq, nəinki Rusiya, eləcə də dünya
teatr məkanında kifayət qədər tanınan
rejissorlardan Kirill Serebrennikov, Kama Ginkas, Viktor Rıjakov, Timur
Çxeidze, teatrşünas Marina Davıdovanın ustad dərslərində
iştirak etmək imkanı qazanıblar. Təbii
ki, bütün bu qeyd olunan faktlar Azərbaycanda yeni rejissor nəslinin
yetişməsi fikrinin doğruluğunu təsdiqləyir.
Gənc rejissor nəslinin yetişməsində ustad rejissorlardan professorlar Ağakişi Kazımov, Azər Paşa Nemət, Cənnət Səlimova, həmçinin Bəhram Osmanov kimi sənətkarların xidməti böyükdür. Professor Cənnət Səlimovanın rəhbərliyi ilə formalaşan rejissorlardan danışarkən Nofəl Vəliyevin, Elvin Mirzəyevin və İlkin Mehdiyevin adlarını çəkməmək olmaz. Teatr Xadimləri İttifaqının təşkil etdiyi Xalq artisti, ADMİU-nun professoru C.Səlimovanın rəhbərliyi ilə keçirilən "Rejissor laboratoriyası" da Azərbaycanda gənc rejissor nəslinin yetişməsinə xidmət edən layihələrdəndir. Ümumiyyətlə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemət həmişə teatr sənətinin inkişafının, gənc rejissor, aktyor və teatrşünas kadrlarının yetişməsinin qayğısına qalır. Hal-hazırda ustad rejissorun yetişdirdiyi tələbə-rejissorlar müxtəlif teatrlarda fəaliyyət göstərirlər.
Bu gün Azərbaycan teatrında bir neçə yaş nəslinə mənsub rejissorlar çiyin-çiyinə fəaliyyət göstərir: yaşlı nəslin nümayəndələri ustad Azər Paşa Nemət, Cənnət Səlimova, Mərahim Fərzəlibəyov, Oruc İzzətoğlu, orta yaş nəslinə mənsub istedadlı rejissorlardan Bəhram Osmanov, İrana Tağızadə, Mehriban Ələkbərzadə, Namiq Ağayev, Firudin Məhərrəmov, gənc rejissorlar Gümrah Ömərov, Mikayıl Mikayılov, Tural Mustafayev, İradə Gözəlova, Sahib Ağayev, Günay Səttarova, Toğrul Kamalov, Aytən Məmmədova, Elvin Mirzəyev, Nofəl Vəliyev, Nicat Kazımov və b. ölkənin müxtəlif teatrlarında fəal yaradıcı fəaliyyətlə məşğuldurlar.
İstedadlı rejissor, Xalq artisti İranə Tağızadənin S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında hazırladığı tamaşalar, eləcə də Akademik Milli Dram Teatrında Elçinin pyesi əsasında hazırladığı "Sənətkarın taleyi" tamaşası milli rejissor sənətinin parlaq uğurlarından sayıla bilər.
İstedadlı rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrında hazırladığı "Qatarın altına atılan qadın" (A.Məsud), "Qatil" (Elçin) tamaşaları da ölkənin teatr həyatında parlaq sənət hadisəsinə çevrilə bildi. Sevindirici haldır ki, bu tamaşaların hər ikisi ölkənin hüdudlarından kənarda nümayiş etdirilərək, rəğbətlə qarşılanmışdır. "Qatarın altına atılan qadın" tamaşası İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında, "Qatil" tamaşası isə Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirilmişdir.
Göründüyü kimi, sadaladığımız faktlar "bu gün rejissor kadrları yetişmir" fikrini obyektiv və real dəlillərə əsaslanaraq inkar edir.
Bu gün istər Azərbaycanın ali teatr təhsilinin uğurlu göstəriciləri, istərsə də çağdaş milli teatr prosesinin nikbin mənzərəsi bizə böyük ümidlər verir. İnanırıq ki, yetişməkdə olan gənc nəsil böyük ənənələr yaratmış teatr sənətinin uğurlarını yaşadacaq, bu uğurları müasir dövrdə daha da inkişaf etdirəcəklər.
Timuçin Əfəndiyev
525-ci qəzet.-
2014.- 6 mart.- S.4.