İlqar Muradovun həmkarlarından
fərqi nədir?
Bu sualın cavabı bir qədər sonra...
Mən həmişə
düşünmüşəm ki, bizim müğənnilər
ancaq oxumalıdır.
Təbii
ki, mən kitab oxumağı nəzərdə tutmuram...
Bizim şou-biznes aləmində
kitab oxuyanların az olduğu
bir yana, onlar həm də kitab oxuyanlara
bir az pis
baxırlar. Ən azı özlərinin
həyat şəraitinin
kitab oxuyanlardan daha yüksək olması həqiqətini gördükləri üçün.
Bu, son illərin daha bir qəribə
reallığıdır və
bunun niyə belə olduğu barədə müzakirə
açmaq həvəsim
yoxdur.
Mən oxumaq deyəndə onu nəzərdə tuturam ki, müğənnilər
öz işləri ilə - mahnı oxumaqla məşğul olmalıdır. Çünki onlar, daha doğrusu,
onların əksəriyyəti
danışanda işləri
korlayırlar. Evlərini, villalarını
göstərməkdən həzz
alırlar.
Söz demək üçün
əllərinə mikrofon
düşən kimi
"sənətkar" sözünü
öz personalarına şamil etməklə təvazökarlıq deyilən
sözün üstündən
xətt çəkirlər.
Hələ mən bu danışıqların
məna və məntiqinə toxunmuram...
Amma...
Amma sən demə, bütün müğənnilər belə
deyilmiş. Bu qənaətə
gəlməyimə də
yenə müğənni
səbəb oldu.
Daha doğrusu, bir həmkarımın müğənni İlqar
Muradov haqqında dedikləri...
Övladına toy eləməyə hazırlaşan həmkarım
İlqar Muradovun mobil nömrəsini tapır və ehtiyatla soruşur:
- İlqar müəllim,
siz toya, adətən, neçəyə
gedirsiniz? Xeyir işimiz var, istərdik
ki, sizi də dəvət edək...
Başqa
həmkarlarından fərqli
olaraq telefona hansısa prodüser və ya köməkçilər
(!) vasitəsilə yox,
özü cavab verən İlqar Muradov:
- Əgər siz istəyirsizsə, heç
bir problem yoxdur, mən gəlib övladınızı məmnuniyyətlə
təbrik edərəm...
- Amma qiyməti bilmək pis olmazdı... Ola bilsin...
- Qətiyyən narahat olmağa dəyməz, siz ürəyinizdə nə tutursunuzsa, kifayətdir... Sadəcə,
toydan 10 gün qabaq bir də
yada salın...
Bu da İlqar Muradov!
Özü və oxuduğu mahnılar kimi sadə, anlaşıqlı və təvazökar...
Mən bilmirəm, İlqar Muradov həmkarımızın
övladının toyunda
oxuyacaq, ya yox?.. Ola bilsin ki, hansısa
texniki problem üzündən
bu, baş tutmasın. Amma həmkarım artıq hesab edir ki,
İlqar Muradov onun övladının toyunda oxuyub...
Bu, bir insani münasibət reallığıdır.
Bu söhbət həm
də bir sadəlik, təvazökarlıq,
mən deyərdim ki, əsl sənətkarlıq
nümunəsidir. Baxmayaraq ki, İlqar
Muradov həmin telefon danışığında
nə sənətkar olduğunu xatırladıb,
nə özünün
bu günkü reytinqini yada salıb. O, sadəcə,
səmimi söhbət
eləyib və bu söhbəti ilə toya hazırlaşan
bir ailəni bəri başdan sevindirə bilib. Belə müğənninin oxumaqdan
əlavə danışmağa
da haqqı var. Çünki o, həm də danışa bilir. Başqa həmkarlarından fərqli olaraq özünü göylərə
qaldırmır. İlqar Muradov
onsuz da hər zaman zirvədədir.
Mən müasir estradamızın
zirvəsini nəzərdə
tuturam...
Müsəllim Həsənov
525-ci qəzet.- 2014.- 6 mart.- S.7.