Sadəcə, Məcid müəllim
Dəfələrlə şahidi olmuşam, elə insanlar var ki,
onlar həyatda yiyələndikləri peşəni,
tutduqları vəzifəni,
özlərinin daxili zənginliyi, bu sənətə məhəbbəti
ilə bir az da hörmətli və nüfuzlu edirlər. Məcid Bağırov belələrindən
idi. Onu yaxından tanıyanlar
sanırdılar ki, o,
elə anadan müəllim doğulub, müəllim kimi dünyaya gəlib. Məcid müəllimin yiyələndiyi
peşə onu, sözün əsl mənasında, hörmət
və nüfuz sahibi eləmişdi.
1944-cü
ildə uzaq dağ rayonu Gədəbəyin Əli-İsmayıllı
kəndində dünyaya
gələn bu insan harada oldusa,
harada işlədisə,
harada yaşadısa
- uşaqlıq
illərindən üzü
bu yana qəlbinə,
ruhuna köçürdüyü
sərin dağ havasını, qalın meşələrin yaşıllığını,
çölün, çəmənin
ətrini, bulaqların
təmizliyini, dağ çaylarının coşğunluğunu
bir insan kimi özünün təbiətində yaşatdı.
1962-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat
fakültəsinə daxil
oldu. 1967-ci ildə gənc müəllim Məcid Bağırov təyinatla Salyan rayonuna göndərildi. Neftçala
qəsəbəsindəki internat-məktəbdə
üç il
riyaziyyat müəllimi
işlədi. Onda çoxlarına
elə gəlmişdi
ki, tamam fərqli bir iqlimdə, uca dağlar qoynunda doğulub boya-başa çatan Məcid Bağırov aran mühitinə uyğunlaşa
bilməyib, müəyyən
bəhanələr gətirib,
təyinat yerindən geri qayıdacaq. Amma belə olmadı. Daxilindəki
əzmkarlıq və
iradə həyatı
boyu ona bütün çətinliklərə
sinə gərdirə
bildi. Dözümlü və mərd
xasiyyəti ilə fərqlənməyi bacardı.
"Mənim üçün sinfin, auditoriyanın böyüyü-kiçiyi
yoxdur. Əgər
sinifdə bircə şagird, auditoriyada bircə tələbə varsa, o, artıq mənim üçün iş yeridir və mən orada öz vəzifəmi
axıradək yerinə
yetirirəm" deyirdi.
Öyrənmək və öyrətmək
sözləri onun ən çox işlətdiyi sözlər
idi. Öyrənənlər və öyrədənlər
onun gözünün
işığı olardı.
Öyrənməyənləri, öyrətməyə can atmayanları
isə qəbul edə bilməzdi. Elmin yoxdursa, sənin heç nəyin yoxdur deyərdi.
Bəli, elm, bilik, savad Məcid
müəllim üçün
dünya malından, şan-şöhrətdən irəli
idi. O, təyinat illərini
başa vurub yenidən pedaqoji fəaliyyətini davam etdirmək arzusu ilə Bakıya qayıtdı. İki il şəhərdəki
29 ¹-li orta məktəbdə riyaziyyat
müəllimi işlədi.
1971-ci ildən ömrünün böyük
bir mərhələsini
Azərbaycan Dövlət
Neft Akademiyası ilə bağladı.
Ali riyaziyyat kafedrasında
baş laborant, assistent, baş müəllim oldu. 1986-cı ildən isə həmin akademiyanın tətbiqi riyaziyyat kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışdı.
2006-cı ildən Azərbaycan Respublikası
Prezidenti Yanında Dövlət İdarəçilik
Akademiyasında dosent və dekan müavini
vəzifələrində işlədi.
2007-ci ildən ömrünün sonuna kimi Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində
çalışdı. Mən onu burada daha
yaxından tanıdım.
İş yoldaşım,
dostum Yusif Əliyev
Məcid Bağırovla
görüşməkdən, onunla söhbət etməkdən, elmi-pedaqoji
diskussiyalar aparmaqdan xüsusi bir ləzzət alardı. Doğulduqları Gədəbəy
rayonundan söhbət
düşəndə isə
hər ikisi ləzzətlə "bizim
dağlar", "bizim
yerlər", "bizim
insanlar" deyib, qürurla köks ötürərdilər. Məcid müəllim
deyirdi ki, hayıf ki, insan qayğılardan, işdən-gücdən baş
açıb, o yerlərə
tez-tez gedə bilmir. Bizim ruhumuz da, varlığımız da
orada təzələnir.
Məcid müəllim bir şeylə heç vaxt barışa bilmirdi. "Bu dövlət ali məktəbdir, bu özəl ali məktəbdir". Axı necə ola bilər
deyirdi? Təhsil təhsildir, elm elmdir.
Biz təhsil ocağını
universitet adlandırırıqsa,
bu ad özünün
geniş mənasını
tam şəkildə doğurmalıdır.
Azərbaycan Universitetində təhsilin,
tədrisin yeni bir keyfiyyət almasında Məcid müəllim universitet rəhbərliyi ilə birgə yorulmadan fəaliyyət göstərdi.
Bu gün Azərbaycan
Universitetinin adı ölkədə öncül
ali məktəblər
sırasında çəkilir.
Burada Məcid müəllimin də payı var. Bu, uzun illər belə olacaq, çünki gözəl
ənənələr həmişə
yaşarı olur.
Unudulmaz
qələm dostumuz, alim və yazıçı,
uzun illər ali məktəbdə
Məcid müəllimlə
çiyin-çiyinə çalışan
Aslan Qəhrəmanov deyirdi ki, Məcid
müəllim öz prinsipiallığı və
inadkarlığı ilə
neçə-neçə tələbəni
sözün əsl mənasında elm və bilik müstəvisinə qaytardı. O, işıqlı
adam idi,
işıqlı insanları
da sevirdi. Elmi olmayanların içi qaranlıqdır söyləyərdi.
Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev də həmkarını, müəllim dostunu böyük məhəbbətlə xatırlayaraq yazır: "Məcid müəllim öz nurlu sifəti, nəzakətli danışığı ilə həmsöhbət olduğu hər kəsə müsbət emosiyalar bəxş edirdi. Kollektiv üzvləri və tələbələr arasında dərin hörməti var idi. Sözün əsl mənasında saf insan idi. Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Onu çoxlarından fərqləndirən cəhətlərdən biri həmsöhbətlərini, tabeliyində olan işçiləri və tələbələri səbrlə, diqqətlə dinləmək qabiliyyəti idi. Məcid Bağırov halallığı, düzlüyü, xeyirxahlığı, mənəvi saflığı həyatının mənası hesab edərdi. O, insanlara qarşı həmişə ədalətli olmağa çalışar, heç kimdən köməyini əsirgəməzdi. Başqalarının səhv işini görəndə əsəbiləşdiyi vaxtlar da olardı. Amma heç vaxt insanların qəlbinə toxunan hərəkətə yol verməzdi. Şübhəsiz ki, onun səmimi, qayğıkeş, təvazökar, xeyirxah insan, ciddi, bacarıqlı rəhbər işçi kimi formalaşmasında aldığı tərbiyə, keçdiyi həyat yolu böyük rol oynamışdır".
Məcid müəllimin qardaşı Arzu Bağırov isə hər dəfə ondan söhbət düşəndə gözləri dolur, nəzərləri uzaq bir nöqtəyə zillənir: "Bizim ailəmiz çoxuşaqlıdır. Doqquz bacı-qardaşıq. Mən uşaq olanda atam dünyasını dəyişdi. Adama elə gəlirdi ki, atasızlıq hər şeyin üstündən xətt çəkəcək, arzuların sonu olacaq. Amma belə olmadı. Biz günəbaxanlar kimi həmişə böyük qardaşımız Məcid müəllimin işığına üz tutduq, onun kimi olmaq, onun kimi oxumaq, onun kimi yaşamaq, həyatda onun kimi mövqe tutmaq istədik. Rayondan kim oxumaq adı ilə şəhərə üz tuturdusa, Məcid müəllimin yanına, onun evinə gəlirdi. O, ali təhsil almaq, oxumaq istəyənləri əvvəlcədən özü sorğu-suala tutardı, imtahan edərdi. Kim ki elmli, savadlı idi, az qalırdı onu bağrına bassın. Mən Azərbaycan Dövlət Neft Akademiyasında oxuyanda akademiyada üç-dörd tələbə Lenin təqaüdü alırdı. Onlardan biri də mən idim. Mənə elə gəlirdi ki, qardaşımın mənim üzərimdə olan haqq-sayını ancaq belə bir təqaüdlə oxuyub qaytara bilərəm. Onun mənzili bizim üçün sanki yataqxana idi. Burada qalardıq, oxuyardıq, nə Məcid müəllim, nə də onun ailəsi bundan qətiyyən darılmazdı. Oğlum olanda utana-utana dedim ki, qardaş, istəyirəm onun adını Məcid qoyam. Mənə elə gəldi ki, o, bunu bir az tərəddüdlə qarşılayacaq. Əksinə, qardaşım çox sevindi. O sevindi, mən isə elə bildim onun insani payını, bizə çəkdiyi zəhməti övladımın adını Məcid qoymaqla cüzi də olsa qaytardım".
Bu il martın 10-da düz bir ildir ki, Məcid müəllim dünyada yoxdur. Bu bir ildə çox şeylər olub. Ən azı, onu həmişə hörmətlə sevib-qiymətləndirən Aslan Qəhrəmanov da dünyadan köçdü. Bu bir ildə Məcid müəllimin həmkarları, doğmaları onu çox böyük məhəbbət və sevgi ilə xatırladılar, bundan sonra da xatırlayacaqlar. Bəli, elə insanlar var ki, onlar öz təbiətləri ilə yiyələndikləri peşəni, bağlandıqları sənəti hörmət, izzətə mindirirlər, həyatı sevib, sevdirə bilirlər. Belələrindən biri də Məcid Bağırov idi. Sadəcə, Məcid müəllim!
Taleh HƏMİD
525-ci qəzet.- 2014.- 7 mart.- S.8.