Qloballaşan dünyada milli ruhda tərbiyə
xüsusi əhəmiyyətə malikdir
"Azərbaycanda
bütün ənənələr yaşamalıdır. Biz
öz milli-mənəvi dəyərlərimizə çox
bağlıyıq. Xüsusilə indiki dövrdə,
qloballaşan dünyada milli ruhda tərbiyə almaq xüsusi əhəmiyyətə
malikdir". Bunu Prezident İlham Əliyev ötən il
sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin
açılış mərasimindəki
çıxışı zamanı dedi. Dövlət
başçısı bildirdi ki, qloballaşmanın həm
müsbət, həm də mənfi tərəfləri var. Biz
isə o mənfi təsirdən özümüzü
sığortalamalıyıq: "Bunun yeganə yolu ondan ibarətdir
ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə
alsınlar, öz Vətəninə bağlı olsunlar,
öz Vətənini sevsinlər və dövlət müstəqilliyini
hər şeydən üstün tutsunlar".
Qloballaşma
nədir?
XX əsrin
axırlarına xas olan və bu gün sürətlə davam
edən qloballaşma prosesi mahiyyətcə iqtisadi, formaca
ideoloji xarakterlidir. Müasir qloballaşmanın mahiyyətində
"azad ticarət" vasitəsilə dünya
iqtisadiyyatının nəzarətdə saxlanması və
dünyanın bir mərkəzdən idarə edilməsi
dayanır. Qloballaşmanın ideoloji tərəfi isə
siyasi, ekoloji, sosial, mədəni, texniki və s. aspektləri əhatə
edir. Qloballaşma prosesinin məğzini düzgün anlamaq
üçün ilk növbədə sivilizasiya və mədəniyyət
anlayışlarının fərqləndirilməsi
lazımdır. Ümumplanetar miqyas kəsb edən - əslində
sivilizasiyadır. Çünki o, öz təbiəti
etibarı ilə bütün bəşəriyyətin
inkişafını ifadə edən prosesdir. Mədəniyyət,
xüsusən, mənəvi mədəniyyət isə
müxtəlif xalqlar üçün fərqli olur. Lakin bir
çox tədqiqatçılar qloballaşmanın məhz
milli mədəniyyətləri də əhatə etdiyini
göstərməyə çalışırlar.
Qloballaşma bəlasının artdığı bir vaxtda
millətin, dövlətin inkişafı üçün yeni
nəsillərin tərbiyəsinin milli prinsiplərlə
aparılması gərəklidir.
"Bu,
bizim əsas
fəaliyyət
istiqamətlərimizdən
biridir"
Azərbaycan
dünyəvi, tolerant dövlət olmaqla yanaşı, adət-ənənələrini
qədim dövrlərdən indiyədək qoruyub
saxlamağı bacarıb. Tarixi ənənələr təkcə
ölkə daxilində deyil, xaricdə də təbliğ
olunmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsinin
təbliğat, informasiya və analitik təhlil şöbəsinin
müdiri Elşad Miraləmin sözlərinə görə,
xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin
milli ruhda tərbiyə olunması, onlara milli-mənəvi dəyərlərin
aşılanması komitənin əsas fəaliyyət istiqamətlərindəndir:
"Biz bu məsələyə böyük diqqət yetirir,
xüsusi önəm veririk. Dünyanın müxtəlif
ölkələrində yaşayan gənc
soydaşlarımızın hər il Azərbaycana səfərini
təşkil edir, onları ölkəmizin görməli,
tarixi yerləri, mədəniyyəti ilə yaxından
tanış edirik. Biz bu layihəni daha çox Azərbaycanda
heç vaxt olmayan soydaşlarımızla bağlı həyata
keçiririk".
Eyni
zamanda diaspor təşkilatlarımız dünyanın
müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin,
milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində
müxtəlif tədbirlər həyata keçirirlər. Bura
həm tariximizə, həm mədəniyyətimizə, həm
də adət-ənənələrimizə dair tədbirlər
daxildir. Belə tədbirlərdən biri kimi milli
bayramlarımızın müxtəlif ölkələrdə
diaspor təşkilatlarımız tərəfindən qeyd
olunmasını göstərmək olar. Komitə nəzdində
distant təhsil mərkəzi də fəaliyyət göstərir.
Mərkəzin əsas funksiyalarından biri tariximizi, mədəniyyətimizi,
milli-mənəvi dəyərlərimizi xaricdə yaşayan
azərbaycanlı uşaq və gənclərə
aşılamaqdan ibarətdir: "İki ildir həyata
keçirilən bu layihəni gələcəkdə daha
geniş coğrafiyada yaymağı
düşünürük".
E. Miraləmin
sözlərinə görə, diaspor təşkilatları nəzdindəki
KİV-lərdə də milli-mənəvi dəyərlərimizi
təbliğ edən materiallara geniş yer verilir. Daha bir diqqətçəkən
addım xarici ölkələrdə həftəsonu məktəblərinin
fəaliyyət göstərməsidir. Diasporla İş
üzrə Dövlət Komitəsi həmin məktəblərin
müvafiq materiallarla təmin olunması istiqamətində
işlər aparır: "Həftəsonu məktəblərinə
üzv olan azərbaycanlı uşaqların milli-mənəvi
dəyərlərimiz, mədəniyyətimiz, tariximiz barədə
daha dərin məlumatlar almaları üçün tədbirlər
görürük. Bununla bağlı təlimatlar, tövsiyələr
verilir. Bir sözlə, öz Əsasnaməmizə və Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyik aktlarına
uyğun olaraq, bu məsələni daim diqqətdə
saxlayırıq və bu, bizim əsas fəaliyyət istiqamətlərimizdən
biridir".
"Əcnəbilər
ölkəmizə bağlılıqlarını da
nümayiş etdirməlidirlər"
Tanınmış jurnalist Elnur Əşrəfoğlu isə indiyədək dünyanın 91 ölkəsində olub. Səfərlərin əksəriyyəti onun Azərbaycan Televiziyasında idman şərhçisi kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edib. E. Əşrəfoğlu 5 Yay, 3 Qış Olimpiya Oyunlarını izləyib, ayrı-ayrı növlər üzrə milli komandalarımızın, klublarımızın qatıldıqları beynəlxalq yarışları şərh edib, idmançılarımızın sevinc və kədərinə şərik olub. Həmkarımızın fikrincə, qloballaşan dünyada gənclərimizin milli və vətənpərvər ruhda tərbiyəsində idman başlıca vasitədir: "Cənab prezidentin bütün fikirləri ilə tam razıyam. Əlbəttə, Azərbaycan gəncləri vətənpərvər ruhda böyüməlidir. Burada biz orta nəslin və yaşlı nəslin də üzərinə böyük yük düşür. Özümüz bu məsələni daim diqqətdə saxlamalıyıq. Hesab edirəm ki, qloballaşan dünyada gənclərin milli və vətənpərvər ruhda yetişməsi üçün idman birinci vasitədir. Azərbaycan dünya idmanına sürətlə inteqrasiya edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən federasiyalar, idman klubları heyətlərinə əcnəbi kadrlar cəlb edərkən, onunla bağlı hər bir məqamı saf-çürük etməlidirlər".
Hazırda ölkəmizin müxtəlif komandalarında yüzdən çox legionerə rast gəlmək olar. Onların cəlb olunmalarında əsas məqsəd Azərbaycanın idman uğurlarının daha geniş vüsət almasına və azərbaycanlı gənc idmançıların yetişməsinə yardımçı olmaqdır. Təsadüfi deyil ki, son illər dünya arenalarında üçrəngli bayrağımızı dalğalandıranlar arasında milliləşmiş əcnəbi idmançılara da rast gəlinir. E. Əşrəfoğlunun sözlərinə görə, legionerlər həm də ölkəmizin tarixi, milli atributları və adət-ənənələri barədə məlumatlandırılmalı, mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdırlar: "Əlbəttə, hər bir idman növündə güclü, perspektivli və ən əsası, medal qazana biləcək legioner olmalıdır. Bununla yanaşı, onlar ölkəmizə bağlılıqlarını da nümayiş etdirməlidirlər. 2006-cı ildə Qazaxıstanla oyun zamanı qol vurduqdan sonra sinəsindəki Azərbaycan gerbini öpən milliləşmiş braziliyalı futbolçu Andre Ladaqa, 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra fəxri kürsüyə Azərbaycan bayrağı ilə çıxan əslən dağıstanlı güləşçi Şərif Şərifovdan gənc nəsil nümunə götürməlidir. Digər tərəfdən, bu faktlar legionerlərin mənəvi dəyərlərimizə sayğısının əyani göstəricisi sayıla bilər".
Dilimizi və himnimizi öyrənən
ukraynalı Avropa çempionumuz
Ölkəmizi təmsil edən əcnəbi idmançılardan biri Sergey Bezuqlıydır. O, vaxtilə Ukraynanı kanoe üzrə milli komandasının şərəfini qorusa da, 2008-ci ildən Azərbaycan yığmasının heyətinə cəlb olunub. S. Bezuqlıy 2010-cu il Avropa çempionatında qızıl, 2011-ci il dünya çempionatında gümüş medal qazanıb. Kanoeçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında isə medal şanslarını son anda əldən verib. Ukraynalı legioner ölkəmizdə yaradılan şəraitdən tam razıdır. Bunun qarşılığında o, dilimizi öyrənib və 2 il öncə himnimizi əzbərlədiyini deyir: "Mən bu himnin növbəti dünya və Avropa çempionatlarında, eləcə də 2015-ci il Avropa Oyunlarında və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında səslənəcəyini gözləyirəm. Nəinki gözləyir, hətta bunun üçün çox çalışıram!"
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədovun fikrincə, əcnəbi idmançının Azərbaycan dilində danışması, himnimizi öyrənməsi qürurvericidir. Legionerlərin parlaq qələbədən sonra bayrağımızı ucaltmasına gəldikdə, A. Məmmədov deyir ki, bu zaman istər-istəməz ikili hisslər keçirirsən: "Bir tərəfdən, sevinirsən, digər tərəfdən, "Bu uğuru niyə öz idmançımız qazanmadı?" sualına cavab axtarırsan. Amma onu da nəzərə almaq lazımdır ki, bu təcrübədən dünya miqyasında, hətta aparıcı idman ölkələrində istifadə olunur. Elə yenicə başa çatan Soçi Qış Olimpiya Oyunlarında əslən cənubi koreyalı Viktor An Rusiya yığmasına şort-trek növündə 3 qızıl, 1 bürünc medal qazandırdı. Elə isə bu təcrübədən nəyə görə biz də yararlanmayaq? Bəzi növlərdə yerli idmançı yetişdirmək üçün vaxt lazımdır. Öz yetirmələrimiz məhz legionerin bazasında püxtələşə bilərlər".
Nə etməli?
Doğrudan da qloballaşma artıq çoxdan ayrı-ayrı sahələrlə yanaşı, dünyanın peşəkar idmanına təsirini göstərib. Bir çox idmançı və məşqçilər daha yaxşı qazanc və ya nəhəng beynəlxalq yarışlarında çıxış etmək istəyi ilə asanlıqla öz pasportlarını və bayraqlarını dəyişirlər. Hazırda idmandakı qloballaşmanın həm tərəfdarları, həm də əleyhdarları var. Lakin fakt faktlığında qalır - müasir peşəkar idmanı onsuz təsəvvür etmək mümkün deyil.
İdman uğurlarımızla yanaşı, iqtisadi islahatlar, siyasi proseslərin müsbət məcrada getməsi, sosial sahədə aparılan işlər, hərbi gücümüzün artırılması, energetika, xüsusilə neft-qaz sahəsində atılan addımlar Azərbaycanın gələcəkdə daha qüdrətli dövlətə çevriləcəyindən xəbər verir. Qloballaşan dünyada əldə edilən nailiyyətləri davamlı etmək üçün isə vahid ideologiya formalaşdırılmalıdır. Yalnız milli ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq və ziddiyyətli girdabından xilas ola bilər.
Elşən
MƏMMƏDOV
Azərbaycan
Respublikasının
Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi
Fondunun keçirdiyi
müsabiqəyə
təqdim etmək üçün.
525-ci qəzet.-
2014.- 7 mart.- S.8.