Çağdaş teatr prosesləri: zaman
müstəvisində baxış
(Teatr və musiqi )
İkinci
yazı: Teatr və musiqi
Canlı orqanizmə bənzər teatr sənətində
musiqi, heç şübhəsiz ki, onun əsas elementlərindən
birini təşkil edir. Bu sənət növü yaranandan musiqi
ifadə vasitələri heç vaxt yalnız təsviredici
funksiyalar yerinə yetirməmişdir. Əksinə,
teatr sənətinin ilkin formalarında, daha dəqiq desək,
prototeatr nümunələrində musiqi, quruluşun əsas
vasitələrindən biri kimi çıxış etmişdir.
Türk teatr düşüncəsinin qaynaqlarına nəzər
saldıqda, aydın görmək olar ki, ritual-mifoloji kompleksdə
və qədim mərasimlərdə musiqi önəmli təlqinedici
funksiya yerinə yetirmişdir. Mifoloji simvolika ilə
zəngin olan ayinlərdə hətta bir sözdən ibarət
olan oxumalar da müəyyən rəmzi məna
daşıyırdı. Türk bədii təfəkkürünün
parlaq təzahür forması olan yuğ mərasimlərində,
oğuznamə və dastanların ifasında musiqidən
geniş istifadə olunurdu. Qədim
insanların dünyagörüşünə görə,
musiqinin sədaları, qədim çalğı alətlərinin
özünəməxsus tembri həm ifaçını, həm
də dinləyiciləri sanki zaman və məkandan qopararaq,
onları bədii obrazlarla zəngin sehrli dünyaya
aparırdı.
Teatr sənətinin erkən inkişaf tarixi mərhələlərini
nəzərdən keçirərək belə qənaətə
gəlmək olar ki, artıq o dövrün tamaşaları
ayrı-ayrı sənət növlərinin bəsit şəkildə
uzlaşması əsasında deyil, bədii sintezin zəngin təzahür
formaları üzərində qurulurdu.
Artıq
XVIII əsrin sonundan başlayaraq teatr musiqisinin özünəməxsusluğu
nəzəri
şəkildə də təsbit edilmişdur. Alman nəzəriyyəçiləri İ.
Şeynbe və Q. Lessinq tərəfindən işlənilmiş
bu bədii-estetik prinsiplər indiyədək öz
aktuallığını qorumaqdadır.
Təbii ki, teatr musiqisi digər musiqi janrlarından bir
sıra cəhətləri ilə fərqlənir. Teatr musiqisi
tamaşada önəmli dramaturji funksiyalar yerinə yetirir.
O, tamaşanın ümumi ideyasını ifadə etməklə
yanaşı, onun emosional ovqatını
formalaşdırır, sürət-ritmini təyin edir, dramatik
inkişafın mühüm məqamlarına diqqət yönəldir,
müəyyən tarixi dövrün və ya mühitin ab-havasını
səciyyələndirir, təbiət
hadisələrini təsvir edir və s. Ümumi şəkildə
desək, tamaşaya yazılmış musiqi sırf teatral
xarakter daşımalıdır, yəni bilavasitə pyesin məzmunu
ilə bağlı olmalı və rejissor konsepsiyasını
ifadə etməlidir.
XX əsr teatr musiqisi tarixinə gərgin bədii
axtarışlar və cəsarətli eksperimentlər
dövrü kimi daxil olmuşdur. Həmin dönəmdə
yaşamış teatr xadimlərini düşündürən
problemlərdən biri də bu sənət növünə
xas olan sintetizmin tamamilə yeni səpkidə təfsiri ilə
bağlı idi. Məsələn, keçən əsrin
teatr sənətinin ən görkəmli simalarından biri
olan V.Meyerxold
musiqi ilə teatrın daxili əlaqələri
probleminə öz münasibətini aşağıdakı
kimi bildirmişdir: "Musiqi ən kamil sənət
növüdür. Simfoniyanı teatr sənəti
ilə müqayisə etmək olar. Ritm,
temp, təzadların mübarizəsi, əsas və köməkçi
mövzuların vəhdəti - bu anlayışlar musiqidə
olduğu kimi, teatrda da mövcuddur. Musiqi əsərlərinin
kompozisiya özəllikləri tamaşanın quruluş
prinsiplərinin dərk edilməsində sizə yardım
göstərə bilər".
Qeyd edək ki, keçən əsrin sonunda teatr məkanında
müxtəlif incəsənət növlərinin
çarpazlaşması nəticəsində bədii sintezin
yeni-yeni formaları meydana gəlmişdir.
Ötən əsrin Azərbaycan teatr musiqisi də son dərəcə
maraqlı və zəngin ənənələrə malikdir. Ayin və
marasimlərdən, xalq oyun və tamaşalarından,
aşıq dastanları və şəbihlərdən
qaynaqlanan Azərbaycan teatr musiqisi bir əsr ərzində
möhtəşəm inkişaf yolu keçmişdir.
Azərbaycan teatr musiqisinin təşəkkül
dövrü XX əsrin 20-30-cu illərinə təsadüf
edir. Görkəmli Azərbaycan bəstəkarı Asəf
Zeynallı o dövrdə fəaliyyət göstərən Tənqid-təbliğ
teatrının tamaşalarına musiqi bəstələməklə
Azərbaycan teatr musiqisinin bünövrəsini qoymuşdur.
Respublikada bu sahənin inkişaf tarixinin ilk mərhələlərində
Müslüm Maqomayev və Əfrasiyab Bədəlbəylinin
də böyük xidmətləri olmuşdur. Bu bəstəkarların dram tamaşalarına
yazdıqları musiqi örnəklərində Azərbaycan
incəsənətində ilk dəfə olaraq teatr musiqisinin
özünəməxsus xüsusiyyətləri öz ifadəsini
tapmışdır. Azərbaycan bəstəkarlıq
məktəbinin sonrakı nəsillərinə aid nümayəndələrin
yaradıcılığında bu ənənələr
uğurla davam etdirilmişdir.
Ötən
əsrin 50-60-cı illərində teatr musiqisi sahəsində
fəaliyyət göstərən bəstəkarlardan Niyazi, Səid
Rüstəmov, Soltan Hacıbəyovun
yaradıcılığına nəzər saldıqda belə
qənaətə gəlmək olar ki, artıq o dövrün
dram tamaşalarında musiqi önəmli dramaturji funksiyalar
yerinə yetirirdi. Məsələn, Səid Rüstəmovun
Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Cəfər
Cabbarlının "Od gəlini", Səməd Vurğunun
"Vaqif", Sabit Rəhmanın "Toy", "Nişanlı
qız" tamaşalarına yazdığı teatr musiqisi
obrazların konkretliyi, parlaq melodizmi, milli musiqinin səciyyəvi
xüsusiyyətlərinin özünəməxsus şəkildə
təfsiri ilə seçilirdi.
Azərbaycan teatr musiqisinin inkişafının keyfiyyətcə
yeni bir mərhələsinin başlanğıcı Qara
Qarayevin adı ilə bağlıdır. Tam cəsarətlə demək
olar ki, bəstəkarın teatr musiqisi sahəsində
yazdığı əsərlər bu janrın ən parlaq nümunələri
sırasına daxildir.
Qara Qarayevin teatr
musiqisi XX əsrin 60-cı illərində Azərbaycan incəsənətində
baş verən mühüm bədii-estetik prosesləri əks
etdirirdi. Onun Şekspirin "Antoni və Kleopatra",
"Hamlet", Cəlil Məmmədquluzadənin
"Ölülər", Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu" dram əsərlərinə
yazdığı musiqi dərin psixologizmi, gərgin dramatizmi,
intellektual zənginliyi, əsl simfonik vüsəti ilə
seçilir. Xatırladaq ki, "Antoni və
Kleopatra" tamaşasına yazdığı musiqisinə
görə bəstəkar Azərbaycan SSR-in Dövlət
Mükafatına layiq görülmüşdür. Bəstəkarın
SSRİ-nin digər teatr kollektivləri üçün, o
cümlədən də A.S.Puşkin adına Leninqrad Dram
Tearında səhnəyə qoyulmuş V.Vişnevskinin
"Nikbin faciə", M.Yermolova adına Moskva Dram
Teatrında səhnələşdirilmiş Nazim Hikmətin
"Qəribə adam" və s. əsərlərə
yazdığı musiqi də
böyük əks-səda doğurmuşdu.
Keçən əsrin 60-70-ci illərində Azərbaycan
teatr musiqisinin inkişaf tarixinə parlaq səhifələr əlavə
edilmişdir.
O dövrün tamaşaları üçün Fikrət
Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov,
Aqşin Əlizadə, Emin Sabitoğlu və digər bəstəkarlar
musiqi bəstələmişlər. Bütün
bunlara nəzər saldıqda bu nəticəyə gəlmək
olar ki, o dövrdə Azərbaycan teatr musiqisi püxtələşərək
bir sıra yeni keyfiyyətlər əldə etmiş, musiqi sənətimizin
müstəqil qollarından birinə çevrilmişdir.
Səciyyəvi
haldır ki, həmin dövrdə Azərbaycan
dramaturgiyasında parlaq şəkildə
təzahür etmiş lirik-psixoloji üslub teatr sənətinin
bütün sahələrində, o cümlədən teatr musiqisinin inkişafında yeni üfüqlər
açmışdır. Azərbaycan teatr
tarixində bu üslubun yaradıcısı olan İlyas
Əfəndiyevin əsərləri, bir sıra tədqiqatçıların
fikrincə, "təkcə bədii ədəbiyyatımızı,
o cümlədən də dramaturgiyanı zənginləşdirməklə
kifayətlənməmiş, bütövlükdə teatr sənətinin
və mədəniyyətimizin müxtəlif sahələrinin
inkişafına təsir göstərmişdir".
Teatr
tariximizdən bəlli olduğu kimi, İlyas Əfəndiyevin
pyeslərinə Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov,
Süleyman Ələsgərov, Arif Məlikov, Vasif
Adıgözəlov, Emin
Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarlar musiqi bəstələmişlər.
Qeyd etmək lazımdır ki, lirik-psixoloji
üslubda yazılmış pyeslərin səhnə təcəssümündə
musiqi son dərəcə önəmli dramaturji funksiyalar yerinə
yetirərək əsərin emosional ab-havasının, rəngarəng
psixoloji çalarlarının yaradılmasında
böyük rol oynayır. Bu baxımdan təsadüfi
deyil ki, əsərin məna yükünü özündə
əks etdirən musiqi parçaları teatr səhnələrindən
qaynaqlanaraq müstəqil əsərlər kimi də ifa
olunurdu. Misal üçün, Emin Sabitoğlunun teatr
musiqisi nümunələri kimi bəstələdiyi "Dayan
zaman, dayan" və "Bəlkə də" əsərləri
qısa zamanda estrada mahnıları kimi də
məşhurlaşdı.
Ötən əsrin sonu - yaşadığımız əsrin əvvəlində teatr tamaşaları üçün bəstələnmiş musiqidə o dövrdə cərəyan edən mürəkkəb bədii proseslər və yaradıcılıq axtarışları öz əksini tapmışdır. Bu illərdə teatr musiqisi janrına Aydın Əzimov, Sevda İbrahimova, Polad Bülbüloğlu, Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar müraciət etmişlər.
Həmin dövrdə teatr musiqisi sahəsində bədii sintezin yeni formaları üzərində qurulan novator səciyyəli nümunələr meydana gəlmişdir. Bəstəkar Rəhilə Həsənovanın C. Cabbarlı adına İrəvan Dram Teatrının hazırladığı Hüseyn Cavidin "Maral" pyesinə yazdığı musiqi buna misal ola bilər. Həmin tamaşada musiqinin rolu o dərəcədə önəmli idi ki, əsərin quruluşçu rejissoru E. Məlikova onun janrını "birhissəli faciəvi oratoriya" kimi müəyyən etdi. Özündə çağdaş avanqard yazı üslubu ilə milli musiqimizin klassik xüsusiyyətlərini uzlaşdıran tamaşa Cavid fəlsəfəsinin, Cavid poetikasının orijinal musiqi təcəssümüdür.
Təəssüflə qeyd etmək lazımdır ki, son dövrdə səhnəyə qoyulmuş bəzi tamaşalarda musiqi tərtibatı heç bir dramaturji funksiya yerinə yetirmir, çox vaxt səthi və təsviredici xarakter daşıyır.
Teatr musiqisi öz daxili qanunauyğunluqlarına, özünəməxsus ifadə vasitələr sisteminə və janr özəlliklərinə malik olan yaradıcılıq sahəsidir. Bu qanunauyğunluqlara bələd olmadan, teatr sənətinin sintetik təbiətini dərk etmədən teatr musiqisi sahəsində dəyərli əsər yaratmaq çətindir. Ona görə də bəstəkarlıq sinfində təhsil alan tələbələrə teatr musiqisi haqqında dolğun məlumat vermək son dərəcə vacibdir. Digər tərəfdən, müasir rejissor musiqi sənətinin incəliklərini dərindən duymalı və musiqi sahəsində müəyyən nəzəri biliklərə malik olmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənəti üzrə təhsil alan tələbələrin tədris proqramında "Tamaşanın musiqi tərtibatı", "Rejissorun bəstəkarla işi" kimi fənlər önəmli yer tutur.
Azərbaycan teatr musiqisi tarixinə saldığımız nəzər bir daha göstərir ki, yaradıcılığın bu sahəsində uzun illər ərzində zəngin ənənələr toplanmışdır. Mübaliğəsiz demək olar ki, milli teatr sənətimizin özünəməxsus, bənzərsiz simasının formalaşmasında Azərbaycan bəstəkarları tərəfindən yazılmış musiqi az rol oynamayıbdır. Gəlin bu ənənələri qoruyaq və onların gələcək inkişafı barədə düşünək.
Timuçin Əfəndiyev
525-ci qəzet.-
2014.- 7 mart.- S.7.