Humanitar fəaliyyətin təşkili prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı

 

 

Bu yazıda vətəndaş cəmiyyəti institutlarının aparıcı qüvvəsi olan QHT-lərin keçən illlər ərzində ölkəmizdə humanitar fəaliyyətin təşkilindəki rolu, əldə etdikləri uğurlar və üzləşdikləri çətinliklər barədə məlumat verərək, bu sahədəki vəziyyətə qısaca nəzər salacağıq.

1988-ci ildən etibarən Ermənistanda yaşayan azərbaycanlıların kütləvi və hamılıqla deportasiya olunması və bunun ardınca  Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə və bütövlükdə ölkədə humanitar böhranın yaranmasına səbəb oldu. Heç kimin belə bir böhranlı vəziyyətə hazır olmadığı kimi, yenicə yaranmağa başlayan qeyri-hökumət təşkilatları da bu ağır duruma hazır deyildilər. Əslində isə müasir qeyri-hökumət təşkilatları məhz həmin hadisələrin diqtəsi və yaranmış gərgin vəziyyətin tələbinə uyğun və buna paralel  olaraq yaranmağa başladı.

Humanitar böhranın ilk illərində təcrübənin az olmasına baxmayaraq, 1991-ci ildə 52, 1992-ci ildə 146 , 1993-cü ildə 160 və sonrakı illərdə yüzlərlə QHT yaranıb fəaliyyətə başladı ki, bunların da bir qisminin əsas missiyası qaçqın və məcburi köçkünlərə maddi və mənəvi dəstək olmaq və işğalın nəticələrini gücləri çatan səviyyədə aradan qaldırmağa köməklik etməkdən ibarət idi.

Qısa olaraq, milli QHT-lərin  Azərbaycanda humanitar fəaliyyətin təşkilində iştirakını ümumiləşdirsək, onları  5 əsas hissəyə bölmək olar: humanitar yardımların paylanılması; sosial dayanıqlıq və reabilitasiya; infrastrukturun yaxşılaşdırılması; institutlaşma icma inkişafı; təlim və məsləhət.

 

Humanitar yardımın paylanması

 

90-cı illərin əvvələrində QHT-lər tərəfindən sistemli və kütləvi yardımlar təşkil etmək mümkün olmasa da, bir sıra cəmiyyətlər beynəlxalq təşkilatlardan və əhalidən könüllü ianələr toplayaraq onları  qaçqın və məcburi köçkünlərə çatdırmağa çalışırdılar. İlk belə təşkilatlardan olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Qaçqınlar Cəmiyyəti, Pəmbək xeyriyyə cəmiyyəti, Xocalı xeyriyyə cəmiyyəti, Haqq və Ədalət Təşkilatı və digər minlərlə qaçqın və məcburi köçkünün müvəqqəti məskunlaşmasına, onların isti paltar və ərzaqla təmin olunmasına köməklik göstərdi. Sonralar yeni qaçqın kütləsinin yaranması və beynəlxalq humanitar təşkilatların fəaliyyətinin genişlənməsi QHT-lərin bu sahədəki missiyasına yeni dəyişikliklər etməsinə səbəb oldu. 1994-cü ildən etibarən QHT-lər beynəlxalq təşkilatlar və xarici həmkarları ilə birlikdə iri həcmli humanitar yardımların paylanması işində yaxından iştirak etməyə başladılar. Həmin ilin yayında yaranan "Həyat" humanitar təşkilatı tərəfindən Beynəlxalq ərzaq proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı, Beynəlxalq İslam Dayaq Təşkilatı və digər bu kimi  qurumların maliyyəsi hesabına  35 min məcburi köçkünə 724 tona yaxın müxtəlif növ ərzaq məhsulları, 26 min nəfərə isə çadır, mətbəx və geyim ləvazimatı paylanıldı.

Bundan başqa yataq, məktəb ləvazimatları, kitab, isti paltar, gigiyenik dəst və s. kimi qeyri-ərzaq humanitar yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti, "Ümid" humanitar sosial dayaq mərkəzi, Tutu uşaq mədəniyyət mərkəzi, Buta Humanitar Uşaq fondu, Azərbaycan qaçqın və məcburi köçkünlərə yardım cəmiyyəti tərəfindən on minlərlə bu təbəqədən olan insanlara çatdırıldı.

 

Sosial dayanıqlıq və reabilitasiya

 

90-cı illərin ortalarından başlayaraq humanitar yardımdan sosial inkişaf və reabilitasiya strategiyasına keçid qaçqın və məcburi köçkünlərin həyatında yeni mərhələnin əsasını qoydu. Bu dövrdə qaçqın və məjburi köçkünlər üçün yeni iş yerlərinin və gəlir gətirən sahələrin yaradılması istiqamətində QHT-lər xeyli uğurlar əldə etdilər. Hər ailəyə 5 baş kiçik buynuzlu mal-qaranın  verilməsi nəticəsində 2,267 ailə olmaqla 12,867 nəfər fərdi təsərrüfat yaradaraq davamlı gəlir mənbəyi əldə etməyə nail oldu. Kənd yerlərində yaşayan 215,712 nəfər qaçqın və məcburi köçkünə bitkiçiliklə məşğul olmaq və qazanc əldə etmək üçün 13 növdə 15 ton  bitki toxumu paylanıldı. Bu imkandan faydalanan köçkünlər növbəti illərdə daha çox məhsul əldə edib, müəyyən səviyyədə öz məşğulluqlarını təmin edə bildilər.

QHT-lər tərəfindən uğurla həyata keçirilən layihələrdən biri də məcburi köçkünlərin pullu xidmət sahələrinin yaradılması və kiçik sahibkarlıq fəaliyyətilə məşğul olmalarına yardım etməkdən ibarət idi. Belə ki, məcburi köçkünlər xüsusi peşə hazırlıq kurslarında bərbər, dərzi, bənna, dülgər və digər peşələrə yiyələnməklə pullu xidmət sahələri açmağa müvəffəq oldular. Bundan başqa QHT-lər tərəfindən 4-7 məcburi köçkün və az təminatlı şəxslərdən ibarət "Yığım və Kredit" qruplarına sahibkarlıqla məşğul olmaq üçün borclar verilərək, bir müddətdən sonra bu qrupların yaratdığı hər bir fondda 2 milyon manatdan çox vəsait toplanmışdı. Nəticədə 3500 nəfər ümumilikdə bu proqramdan faydalanmışdı.

Məcburi  köçkünlərin sosial dayanaqlığının təmin olunmasında BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı, Mərhəmət Korpusu, Danimarka və Norveç qaçqınlar şuralarının maliyyə dəstəyilə Həyat humanitar təşkilatı və Ümid humanitar Sosial dayaq mərkəzi xüsusi fəallıq göstəriblər.

Məcburi köçkünlərin, xüsusilə uşaq və yeniyetmələrin psixoloji reabilitasiyası sahəsində də QHT-lərin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Keçən müddət ərzində Buta humanitar uşaq fondu, Azərbaycan Uşaqlar Birliyi, Təbib Tələbələr Asossasiyası, Təkamül İctimai Asossasiyası, Avropanın Gənc Azərbaycanlı Dostları və digər təşkilatlar tərəfindən minlərlə uşaqların psixoloci reabilitasiyası üçün çoxlu sayda layihə həyata keçirilmiş, bu məqsədlə müxtəlif yerlərdə uşaq yay məktəbləri və düşərgələri təşkil edilib.

İnfrastrukturun yaxşılaşdırılması

 

Məcburi köçkün və qaçqın ailələrinin müvəqqəti məskunlaşdığı yaşayış və istifadə etdikləri sosial obyektlərin yararsız vəziyyətdə olması QHT-lərin də diqqətindən kənarda qalmadı. Belə ki, bu vaxta kimi beynəlxalq humanitar təşkilatların və xarici ölkə səfirliklərinin yardımı ilə 132 ictimai bina təmir olunaraq, bütün kommunal təchizatı ilə 190-dan çox ev tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdi.

Bu istiqamətdə görülən ən əhəmiyyətli işlərdən biri də QHT-lərin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prossesinə yaxından cəlb olunmasıdır. ANAMA və BMTİP-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu Naxçıvan da daxil olmaqla 16 rayonda 1164 icma arasında minaların mənfi təsirinin araşdırılması proqramını həyata keçirmiş, onların 648-də mina aşkarlanıb qeydə alınmış və Fondun "İcma mina aksiyası komandası" 5 milyon kv metr ərazini minalardan təmizlənib. Ərazilərin minalardan təmizlənməsi proqramında yaxından iştirak edən digər bir QHT,  "Dayaq" Azərbayjan təşkilatı 8 milyon kvadrat metrdən çox ərazini  minalardan təmizləyib dövlətə təhvil verib.

Sevindirici haldır ki, həmin ərazilərdə təmir-bərpa işləri həyata keçirildikdən sonra bu ərazilər məcburi köçkünlərin istifadəsinə verilib.

 

İnstitutlaşma icma inkişafı

 

Azərbayjanda humanitar fəaliyyətin təşkilindən danışarkən məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə əhalinin təşkilatlanması və onların icma halında birləşməsini ayrıca qeyd etmək lazım gəlir. Mübaliğəsiz demək olar ki, bu prosesin əsas aparıcılarından biri olan milli QHT-lər təşkilatlanma və idarəetmə sahəsində əldə etdikləri təcrübəni İcmaların yaranması və inkişafı layihələrinə çox həvəslə tətbiq etməyə başladılar. İcmaların yaradılmasında əsas məqsəd qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında, təhsil, səhiyyə və sosial problemlərinin həllində onların özlərinin birbaşa iştirakını təmin etmək, bu istiqamətdə mövcud resurslardan səmərəli şəkildə istifadə etməkdən ibarət idi.

Bir çox beynəlxalq təşkilatların və xarici QHT-lərin yaxından köməkliyi ilə yaradılan yüzlərlə icma əsaslı təşkilatlar biznes, sahibkarlıq, peşə bacarıqlarının artırılması, həmçinin təhsil, səhiyyə, infrastrukturun bərpası və ya yenidən qurulması layihələrinin icrasına cəlb olunaraq, bu sahədə nəzərə çarpacaq uğurlar əldə ediblər. Təsadüfi deyil ki, ölkəmizin müxtəlif ərazilərində məskunlaşan məcburi köçkün icmaları daxili yol şəbəkəsi, elektrik, kanalizasiya, suvarma və su təchizatı sistemlərinin bərpası və ya yenidən qurulması, həbelə yataqxana, ictimai bina və məktəblərin təmiri işində layihə təklifləri ilə çıxış edir, onların reallaşmasına nail olurlar.

Artıq mobil bir qurum kimi formalaşan icmalar bu kimi layihələrdə çətinliklə olsa da öz paylarını qoymağa çalışır və layihələrin icrasına nəzarət edə bilirlər.

Qeyri-hökumət təşkilatlarının xüsusi təlim kurslarını keçən icmalar,  mikro-kreditlərin səmərəli şəkilda istifadə olunması və kiçik sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində qaçqın və məcburi köçkünlər üçün çox gözəl bir vasitədir. Bu işin effektliyini artırmaq məqsədilə son 8 ildə 7-dən çox İcma inkişafı və biznes mərkəzi və 23 QHT və İcma əsaslı təşkilatların Resurs və Təlim Mərkəzləri yaradılıb onların ixtiyarına verilib. Hazırda bu rəqəm daha da artıb.

 

Təlim və məsləhət

 

Milli QHT-lərin  humanitar fəaliyyətin təşkilində iştirakının əsas komponentlərindən biri də qeyd etdiyimiz kimi təlim və məsləhətdir. Qaçqın və məcburi köçkünlərin müasir tələblərə cavab verən bilik və bacarıqlarının artırılması, onlara müxtəlif mövzularda huquqi yardımların göstərilməsi sahəsində bu gün ölkəmizdə çoxsaylı QHT fəaliyyət göstərir.

Bu istiqamətdə ixtisaslaşmış QHT-lər tərəfindən qaçqın və məcburi köçkünlərin ehtiyacları dəqiq araşdırılaraq, onlara aşağıda qeyd olunan sahələrdə mütəmadi olaraq təlim kursları keçirilib ki, kompüter və ingilis dili, ixtisas artırma və peşə, kiçik biznes və kommersiya, İcma inkişafı və təşkilatlanma, ibtidai təhsil və gigiyena, ailə planlaşdırması və repreduktiv sağlamlıq, ali məktəblərə hazırlıq və digərləri bu sıradandır.

Minlərlə şəxsin iştirak etdiyi bu təlimlər nəticəsində çoxlu sayda qaçqın və məcburi köçkün gənclərimiz özlərinə yeni iş yerləri taparaq, pullu xidmət və gəlir gətirən sahələr yaradıb. Həmçinin təhsildən kənarda qalan yüzlərlə uşaq təhsilə cəlb edilib və gigiyenik vərdişlər qazanaraq, ali məktəblərə daxil olub. Nəticə etibarı ilə onlar şəxsi həyatlarında ciddi dönüş yarada biliblər. Bu təlimlərin uğurla həyata keçirilməsində Ümid humanitar Sosial dayaq mərkəzi, Qadın və İnkişaf Mərkəzi, Səhhət ictimai fondu,Təhsil cəmiyyəti, Təbib Tələbələr Assosiasiyası, Sosiologiya Assosiasiyası, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssilər Təşkilatı, Loğman qaçqınlara yardım mərkəzi, Tutu uşaq mədəniyyət mərkəzi, Buta Humanitar Uşaq fondu və digərlərini xüsusi qeyd etmək lazımdır.

Qaçqın və məcburi köçkünlərə hüquq məsləhətləri verən və üzləşdiyi problemləri həll etməkdə yardımçı olan Hüquqi və İqtisadi Təhsil Mərkəzi və  Müstəqil Elmi-Praktik Hüquq mərkəzi onların bu sahədə olan bütün ehtiyaclarını davamlı olaraq qarşılamağa çalışıblar.

Biz bu yazıda milli QHT-lərin Azərbaycanda humanitar fəaliyyətin təşkilində yeri və rolu  haqqında qısa məlumat verdik. QHT-lərin Azərbaycanda humanitar fəaliyyətin təşkilində rolu hər keçən gün daha da artır. QHT-lərə Dövlət Dəstəyi Şurasının  yaranması bu sahənin daha da inkişafına bir təkan verib.

 

AQİL

525-ci qəzet.- 2014.- 7 mart.- S.6.