Vətəndaş cəmiyyətində
qeyri-hökumət təşkilatlarının yeri
və mövqeyi
Azərbaycanda vətəndaş cəmiyyətinin
əsas institutlarından
olan QHT-lərin yaranması və inkişafı ictimai sektorun formalaşmanın tərkib hissəsinə çevrilib. Ölkəmizdə “QHT” adı altında
yaranan bu institutlar Azərbaycan cəmiyyətində uzun müddət birmənalı
qarşılanmayaraq, bəzən
müəyyən siyasi
dairələrin qınaq
hədəfində olublar.
Lakin xoşbəxtlikdən, bu dövr arxada qalıb və QHT-lər özlərini milli inkişafın beynəlxalq aləmdə təsdiq olunmuş ictimai funksiya və missiyalarının daşıyıcısı kimi
tanıtmağa nail olublar.
Bu gün Azərbaycan
cəmiyyətində QHT hamı
tərəfindən qəbul
olunan və ictimai təşkilat olaraq, dəstəklənən
bir quruma çevrilib.
Qeyd etmək lazımdır ki, XX əsrin sonlarından başlayaraq dövlət müstəqilliyinin
ilk, kövrək addımlarını
atan əksər ölkələrdə, o cümlədən
Azərbaycanda da, bu tanınma bilavasitə ali
dövlət struktur və qurumlarının
QHT-lərə münasibətdə
pozitivə doğru dəyişmiş mövqeyi
sayəsində formalaşa
bilib. Bu metamorfoza birdən-birə, təsadüfən
baş verməmişdir:
burada ölkənin gələcək inkişafını
ictimai sektorsuz təsəvvür edə bilməyən ilkin QHT-çilər dəstəsinin
təşəbbüskarlığı və inadı ilə bərabər Azərbaycanda fəaliyyət
göstərən bir
sıra beynəlxalq təşkilatların, eləcə
də ölkədə
siyasi sabitliyin bərqərar edilməsinə
çətinliklə nail olmuş
Azərbaycan hakimiyyətinin
konstruktiv modelçi düşüncəsini qeyd
etmək yerinə düşərdi.
QHT fəaliyyətinin özünəməxsus unikallığı
onun çox funksionallığındadır. Doğrudan da,
cəmiyyətin o sahəsi
yoxdur ki, ona aid QHT fəaliyyətini
nəzərdə tutmaq
mümkün olmasın.
Bu baxımdan, QHT-ləri rəsmi dövlət strukturlarının
alternativi kimi deyil, onların partnyoru və çiyindaşı kimi qəbul etmək lazımdır. Məsələn, ötən əsrin sonlarında dirçələn,
əsasən siyasi mücadilə xarakteri daşıyan milli azadlıq mübarizəsi
təşkilatları, o cümlədən
bu yöndə yaranmış Azərbaycan
Xalq Cəbhəsi dövlət strukturlarının
fəaliyyətinə nəzarət
prinsipini özünün
Nizamnamə vəzifələrindən
biri kimi təsbit edirdi. Məsələnin belə qoyuluşu
hakimiyyətlə qeyri-formal
təşkilat arasında
dərhal konfrontasiya, qarşıdurma və qıcıq yaradırdı.
İndi həmin qarşıdurmadan
kimin qalib çıxdığını araşdırmağa bəlkə
də ehtiyac yoxdur. Dövlət müstəqilliyinin əldə edilməsi məsələnin belə
sərtliklə qoyuluşunu
öz-özlüyündə aradan götürdü.
Hərçənd ki, burada hələ də mövcud olan müəyyən izafi “inadkarlıqdan” danışmaq
olar. Ancaq bütövlükdə, QHT-lər,
proletariatın dahi rəhbərinin vaxtilə
dediyi sayaq, “başqa yolla getdilər”: onlar sivil cəmiyyət, inkişaf və anlaşma xatirinə əməkdaşlıq yolunu
seçdilər.
Önəmli olan
odur ki, bu yol hamını
qane etdi və siyasi partiyalardan fərqli olaraq, QHT-lərə müəyyən ictimai immunitet verdi.
Ona görə də bu gün müəyyən
məqamlar üçün,
konkret olaraq Azərbaycanda QHT-lər siyasi partiyaların önəm və təşəbbüskarlığına rəqabət yaratmaqdan çəkinmirlər.
Azərbaycan QHT-lərinin fəaliyyət yönümü ölkənin
ümumi siyasi-iqtisadi,
sosial-mənəvi durumu
ilə diktə olunur. Təsadüfi deyil
ki, ölkə QHT-lərinin böyük bir hissəsi, az qala dördə biri, bilavasitə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin yaratdığı
nəticə və fəsadların aradan qaldırılmasına yardım
etmək üçün
çalışır. Yeri
gəlmişkən, cənab
Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli
sərəncamı ilə
təsdiq edilmiş
QHT-lərə dövlət
dəstəyi Konsepsiyasında
dövlətin ilk növbədə
maliyyə dəstəyi
göstərəcəyi on beş əsas fəaliyyət istiqamətindən
ilk üçü məhz
münaqişədən zərər
çəkmiş insanlara
bu və ya digər hüquqi,
maddi və mənəvi yardımın
göstərilməsini nəzərdə
tutur.
Bununla yanaşı, Azərbaycan
formalaşmaqda olan gənc bir dövlət
kimi, ölkənin dünya birliyinə inteqrasiya olunmasına, cəmiyyətdə siyasi-hüquqi
və vətəndaş
mədəniyyətinin formalaşdırılmasına,
insan, hüquq və azadlıqlarının
təmin edilməsinə,
söz, fikir və iradə azadlığının genişlənməsinə,
habelə regionların
sosial-iqtisadi inkişafının
təmin edilməsinə,
təhsil, elm texnika, mədəniyyətin və
incəsənətin inkişaf
etdirilməsinə, əhalinin
sağlamlığının və ətraf mühitin qorunmasına, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafına ciddi diqqət yetirməyə bilməz.
Azərbaycan dünyanın siyasi-geostrateji
baxımdan çox həssas nöqtəsində
yerləşdiyi və
şərqlə qərbin
ciddi maraqlarının
qarşılaşdığı nöqtədə olduğu
üçün burada
bütün növ fəaliyyət istiqamətləri
üzrə çalışmaq
istəyən QHT-lərin
ortaya çıxması
təəccüblü görünmür. Hakimiyyət orqanlarını
və QHT birlikləri
cəmiyyətə sağlam
təşkilatlanma üçün
verilən azadlıqlardan
sui-istifadə hallarına
qarşı çıxmağa
həmişə özündə
təpər tapmalıdırlar.
Ancaq bütövlükdə götürəndə,
ölkənin QHT sektoru
istər-istəməz cəmiyyətin
sağlam meyllərinə
tərəfdar çıxmağa
və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir. Belə fəaliyyət
QHT-ni vətəndaşla
dövlət arasında
mühüm və əvəzedilməz bir vəsiləyə çevirməklə
yanaşı, yeri gəldikdə, ona vətəndaşı və
ayrı-ayrı toplumları
inzibati aqressiyadan qoruya bilən bufer mütəhərrikliyi
verir. Mütəxəssislərin fikrincə, Azərbaycanda
güclü hüquq müdafiəsi sisteminin yaranması bu gün reallığın
diktə etdiyi zərurətdən doğur.
Təkcə Ombudsman Aparatının
formalaşdırılması QHT fəaliyyətində insan
haqları və azadlıqlarının müdafiə
edən neçə-neçə
yeni təşkilatın
yaranmasına səbəb
oldu: belə ki, cəmiyyət dövlət inzibatçılığının
bəzən özünü
doğrultmayan sərtliklərinə
və amansızlıqlarına
qarşı mübarizədə,
bir növ, dövlətin özünün
də maraqlı olmasını hiss etdilər
və ümumi mübarizə həmrəyliyindən
ruhlanaraq, yeni-yeni təşkilatlarda birləşməyə
başladılar. Heç
kim bu
gün həmin prosesin sona çatmaqda
olduğunu təsdiq edə bilməz, yəni proses davam etməkdədir.
Azərbaycanda QHT fəaliyyətinin vacib sahələrindən biri də media, söz və fikir azadlıqlarını
əhatə edir. Mətbuatımız ad və çeşid baxımından çox rəngarəng görünsə
də, burada mütəmadilik və obyektivlik qanunlarına dəqiq riayət edən ciddi informasiya vasitələri çox deyil. Media sahəsində QHT-lərin həyata keçirdiyi həm jurnalist hüquqlarının
qorunması sahəsində,
həm də bütövlükdə media fəaliyyətinin
mütəmadi olaraq qiymətləndirilməsində bəzi QHT-lər fəallıq göstərir.
Qeyd etmək lazımdır ki, ölkədə
KİV qeydiyyatının son dərəcə sadələşdirilməsində,
faktiki olaraq arzu edən hər kəsin informasiya vasitəsi təsis etmək hüququnun reallaşdırılmasında
QHT-lərin rolu böyük olub. Azad informasiya yayımına
malik olan ölkədə heç bir avtoritarizm və tarixin səhnəsindən silinmiş
digər növ antidemokratik meylli idarəçilik formaları
tətbiq oluna bilməz.
QHT fəaliyyətinin önəmli sahələrindən biri kimi, uşaq, gənclər və qadın təşkilatlarının yerinə yetirdiyi missiya qeyd edilməlidir. Müvafiq dövlət strukturları və beynəlxalq təşkilatlarla sıx əlaqədə çalışan bu yönlü QHT-lərin mövcudluğu öz-özlüyündə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edir. Ayrı-ayrı vətəndaşlarla və lokal toplumlarla işləyən bu QHT-lər dövlət orqanlarından fərqli olaraq, cəmiyyətdə məhz vətəndaş həmrəyliyini və vətəndaş fəallığını artırır, insanların qayğı və problemlərinin başqaları ilə bölüşməsinə şərait yaradır. Son dövrlər Azərbaycanda həddi-buluğa çatmamış qız uşaqlarının ərə verilməsi kimi ciddiləşməkdə olan problem ilk növbədə QHT-lərin dövlət orqanları qarşısında qaldırdığı problemlərdən sayıla bilər. Qadın alverinə, qadınlara qarşı ictimai və məişət zorakılıqlarına qarşı prinsipial mübarizə məhz QHT-lərin bütün ictimaiyyətin gündəminə verdiyi problemdir. Aydın məsələdir ki, qadın azadlığını həzm edə bilməyən cəmiyyət heç zaman sözün tam mənasında azad ola bilməz.
Ölkədə uşaq, gənclər və qadınlarla bağlı normativ-hüquqi aktların, qanun layihələrinin liberallaşdırılması, onların hüquqlarının ciddi qorunması kimi vacib məsələlər də QHT-lərimizin gərgin əməli fəaliyyətindən keçir.
QHT-lərin elm, təhsil və mədəniyyət, ekologiya sahəsindəki fəaliyyəti də artıq cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bütün layihələrin, o cümlədən qanun layihələrinin də, öncə QHT ekspertizasından keçirilməsinin ənənə halına düşməsi cəmiyyətimizin son dövrlər nail olduğu ciddi uğurlardan sayılmalıdır. Bu yöndə atılan addımlar ona aparır ki, yaxın gələcəkdə ölkənin əsas iqtisadi qanunlarından biri olan büdcə qanunu da hər il qəbul edilməzdən öncə QHT-lər tərəfindən müzakirə ediləcək. Bu halda büdcəyə daha bir nəzarət formasının ortaya çıxması bütün cəmiyyətdə aşkarlıq və şəffaflığın artmasına səbəb olacaqdır. Ölkəyə daxil olan neft gəlirlərinin xərclənməsi və mədən sənayesində şəffaflığın artırılması sahəsində mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi də QHT-lərimizin həyata keçirdikləri vacib missiyadır. Bir sözlə, bu gün həyatımızın bütün sahələrini əhatə edən QHT fəaliyyəti cəmiyyətdə hamı tərəfindən qəbul olunur və bu fəaliyyət gün-gündən təkmilləşərək, beynəlxalq standartlara uyğunlaşmaqda davam edir.
Şübhəsiz ki, Azərbaycan dövləti cəmiyyətin rifahı üçün müəyyənləşdirdiyi vəzifələri yerinə yetirdikcə QHT-lərin də fəaliyyətini nəzərə alacaq və qarşılıqlı anlaşma səviyyəsində qurulan belə əməkdaşlıq getdikcə daha böyük sahələri əhatə edəcək.
AQİL
525-ci qəzet.- 2014.- 8 mart.- S.30.