ARZU

 

(Ağdaban dəftərindən)

... Sizə nənə olan Güllü nənəni,

Kaş mən də görəydim, ay Məmməd Aslan.

Dədə, dədə deyib, dədə Şəmşirin

Qoluna girəydim, ay Məmməd Aslan.

 

Yeddi qardaş dağı qədimdi hacdan,

Ziyarət eyləyib, çıxaydım borcdan...

Gədikdən, bələndən, yaldan, yamacdan,

Çiçəklər dərəydim, ay Məmməd Aslan.

 

Ağdaban kəndindən baxaydıq Aya,

Mən palıd olaydım, Cavid bir qaya.

Füruzə nənəyə, Qənbər babaya,

Sirrimi verəydim, ay Məmməd Aslan.

 

Ay Allah, qalmadı bəndə o kənddə,

Allahlıq etmirsən sən də o kənddə.

Nəticə Şəmşirlə mən də o kənddə,

Bir süfrə sərəydim, ay Məmməd Aslan...

 

Haçan dillənəcək susan adamlar?

 

...Sən çətin adamsan, mən də bilirəm,

Heç asan deyilmiş asan adamlar.

Sözümüzü qulaq ardına vurdu,

Sənə, mənə qulaq asan adamlar.

 

Yandırmazlar sönən şamları niyə?

Buymuş arzuları, kamları niyə?

Yaddan çıxardılar damları, niyə

Saraylara ayaq basan adamlar?!

 

Bu ağac şikəst yox, kor ağacıymış,

O kor da lal imiş, kar ağacıymış.

Kəndiri boynunda dar ağacıymış,

Özünü özündən asan adamlar.

 

Yatan, oyaqların altında qalar,

Duran, dayaqların altında qalar.

Qalar, ayaqların altında qalar,

Millətin başından basan adamlar.

 

Könlümdən söz gəlir dilimə doğru,

Gəlirsə, gedəcək əlimə doğru.

Üz tutub getdilər ölümə doğru,

Olumdan inciyib küsən adamlar.

 

Ağzı var, dili var, bu niyə dinmir?

Od-ocaq lal olub, su niyə dinmir?

Sən dindin, mən dindim, o niyə dinmir?

Haçan dillənəcək susan adamlar?...

 

OTUZ İLİN AĞRISI

Lirik poema

(ixtisarla)

...Ömür ötüb gedir durnalar kimi,

Mən otuz, sən qırx üç yaş arasında.

Dünyada nə qədər ayrılan varsa,

Ayrılıb göz ilə, qaş arasında.

O səni sevirdi, mən isə nəsə...

Kimə qismət oldun, gördün, sən kimə?

Atasız bir qızın ümid yeriyəm,

Məni sevdiyini heç kimə demə.

     

Ayrılıq bəladı, qəfildən gəlir,

Sevənlər bəladan sovuşa bilmir.

Hamı bir-birinin sevdiyin alır,

Heç kim sevdiyinə qovuşa bilmir.

O yazıq nə çəkir, biz nə bilirik,

Sən dərdə tuş gəldin, mən isə qəmə...

Keçə bilmədiksə Sədd dərəsindən –

Həsrət dərəsindən, dərd dərəsindən,

Məni sevdiyini heç kimə demə!

 

Yollar dirənəndə dirəşmək olmur,

Adamlar da belə duymur adamı.

Arzular, arzular, sonsuz arzular,

Rahat yaşamağa qoymur adamı.

Diləklər diləyə-diləyə qaldım, 

Nə arzuma çatdım, nə istəyimə.

Ağılnan ürəyin arasındayam,

Məni sevdiyini heç kimə demə.

       

Məni sevdiyini bilsələr əgər,

Bax topa-tüfəngə tutarlar bizi.

Cəfər dərəsində tonqal qalayıb,

Yığışıb alova atarlar bizi.

İnan mənə, Əziz ocağı haqqı,

Tələyə düşərik toxunsaq simə!

Ağ it ölən yerdə ölər sevgimiz,

Məni sevdiyini heç kimə demə!

 

...Evciklər tikərdim, böyüdüm, ancaq..,

Ev tikə bilmədim evciyim kimi.

Sevmə, sevmə, sevmə, sevdiyin kəsi

Unuda bilməsən sevdiyin kimi.

Bir də eşitdim ki, nişanlanmısan,

Nə qədər yalvardım, etmə-eləmə!

Gəlinciyin kimi gəlin olmadın,

Məni sevdiyini heç kimə demə! 

                    

Sağımız, solumuz dağlardı, dağlar,

Biz hara üz tutaq, hara, dərədən?...

Sən gəlin köçəndə ağlatdın məni,

Qara gün başladı Qara dərədən...

Dalınca ağlaya-ağlaya qaldım,

Göz yaşa öyrəndi, kirpiklər nəmə,

Yolumuz Haça da haçalandısa,

Ürəyimiz bölünüb parçalandısa,

Məni sevdiyini heç kimə demə.

 

Sən o yana getdin, mən də bu yana,

O qaldı arada, görən neyləyir?...

Baxsan enib-qalxan yollara, baxsan,

Görərsən yollar da səcdə eyləyir.

Su pərisi suya, arı çiçəyə,

Quş göyə möhtacdı, pərvanə şəmə,

Canım, canlıları sevgi yaşadır,

Məni sevdiyini heç kimə demə.

 

Mənə üç göz dağı verəsən deyə,

Üç bala almısan qucağına ki.

Xoşbəxtlik atlıdı, bizsə piyada,

Bu kəndin küncünə-bucağına ki.

Cin vurub başına Cinni dərədə,

O kimdi əlinə götürüb qəmə?

Səni də, məni də öldürə bilər,

Məni sevdiyini heç kimə demə!

 

Ona da, sənə də, mənə də elə

Əzrayıl qəşş edib güləcək bir gün.

Dünya da doğulub dünyaya gəlib,

Dünya da qocalıb öləcək bir gün.

Bax bu Yer üzündə, bax, nə vardısa

Ölümə məhkumdu, hər şey ölümə!...

Ölüb qovuşarıq bir-birimizə,

Məni sevdiyini heç kimə demə.

                   

And olsun Şıxqəmər ocağına ki,

Dünyanı fırladır sevgi nədisə...

Bu kənddə qovuşa bilməyən kəslər

İnili dikində inildədisə,

Qaybalı şahiddi, yalan demirəm,

O zilə qalxanda sən endin bəmə.

Taya qoymadıqsa taya yerində,

Məni sevdiyini heç kimə demə.

 

...Öldürən də Odu yaşadan da O,

Közərən közü var, yanan odu var.

Bir adı olsaydı yaddan çıxardı,

Nə yaxşı Allahın minbir adı var.

Böyüklər kiçiklik eyləyən zaman,

Allahın özü də gəlməz rəhmə.

Bəndələr bir-birin bədbəxt edirlər,

Məni sevdiyini heç kimə demə.

              

Dünya yaranandan sevgi özün şah..,

Bütün sevənləri kölə bilirsə;

Məhlədə, mahalda bölünməz eşqi,

Mişarçay ikiyə bölə bilirsə;

Sahibdən xəbər al, o bənddə su var?

O bənddə su varsa, tələs, ləngimə,

Məni sevdiyini gedib suya de,

Məni sevdiyini heç kimə demə.

 

Oğul evləndirib, qız ərə verdin,

Vaxt səni həyatla barışdırırmı?

Mənim saçlarımı qarışdıran əl,

Sənin də yuxunu qarışdırırmı?

Qalmışam mən onnan sənin aranda,

Ağıl vermək olmur ağıldan kəmə.

Onu da, səni də başa düşürəm,

Məni sevdiyini heç kimə demə.

                                 

Gözlərin göynəsə yuxudan ötrü,

Mürgülə dağında, yat dərəsində.

O da, sən də, mən də muradımıza

Çata bilmədiksə At dərəsində;

Düşdük burulğana Burru dərədə,

Biz nə sözə baxdıq, nə də him-cimə.

Biyanlıq təpədən biyan yığmadıq,

Məni sevdiyini heç kimə demə.     

           

Məni də könülsüz evləndirdilər,

Könülsüz verdilər ərə də səni...

Məktəbin altında, bulağın üstdə,

Nə qədər gözlədim dərədə səni.

Dərə döşəyimdi, dağ da balıncım,

Duman yorğanımı çəkim üstümə.

Gedək düzənliyə düzdən danışaq,

Məni sevdiyini heç kimə demə.

                   

Şəhriyar düzündə düzdə qalanın

Canavar kanından xəbəri yoxdu.

Bir kişi əlinə möhtac qadının,

Ağrıyan canından xəbəri yoxdu.

Vaxt bizə nə macal, nə çəm vermədi,

Əlimiz yetmədi fürsətə, çəmə.

Çəkək, on üç ilin ağrısın çəkək,

Məni sevdiyini heç kimə demə...

 

Ağrımız, acımız tükənən deyil,

Dolub- boşalacaq bəbəklərimiz.

Allahın yazdığı cümlələrik biz,

Qoyduğu nöqtədi göbəklərimiz.

Baxsan,  işarələr görə bilərsən,

Ağzıma, burnuma və qaş-gözümə.

Cavabsız sualdı qulaqlarımız,

Məni sevdiyini heç kimə demə.

                  

Cincilim axtarıb, yemlik gəzərdik,

Qılçınlı olardı köynəklərimiz.

Başımız söhbətə qarışan zaman

Zəmiyə girəndə inəklərimiz,

Abdindən, Mətləbdən gizlənmək üçün

Qəfildən əlini alıb əlimə,

Qaçıb girmədiksə Gəndələşliyə,

Məni sevdiyini heç kimə demə.

 

Bəlkə də min dəfə unudum dedim,

Nə etdim, unuda bilmədim səni...

Nə yaxşı şəklini cırmadım o gün,

Nə yaxşı ikiyə bölmədim səni.

Şəklini üzümə tutub ağladım,

Sonra da qaytarıb qoydum cibimə.

Şəklin özündən vəfalı imiş,

Məni sevdiyini heç kimə demə.

 

Bax Fəti yerində bir qız ağlayır,

Ağlayan o qızı ovutmaq olmur.

Bir göz qırpımında sevdiyin kəsi,

Min göz qırpsan belə unutmaq olmur.

Məlik qırağına çıxıb kəndə bax,

Görərsən görünmür gördüyün kümə.

Mərzivan  yurdunda yurd salmadıqsa,

Məni sevdiyini heç kimə demə.

 

Ağac doğrananda, odun yananda,

Ocaq da keçinib sönəndə ölür.

Bəstəkar bəstəyə, rəssam da rəsmə,

Şair də şeirə dönəndə ölür.

Sənətkar öləndə sənət doğulur,

Hardansa bu misra gəldi beynimə:

Bütün istedadlar eyni yaşdadı,

Məni sevdiyini heç kimə demə.

                 

Necoldu o sevgi, bilə bilmədik,

Doğdu Günəş kimi, batdı Ay kimi.

Yazda çiçəkləyən hisslər, duyğular,

Yayda quruyursa İncəçay kimi;

Sevgi də nəzərə gəlir, əzizim,

Ağlımdan keçənlər gəlmir dilimə.

Mirzəxanın gözü daşı dəlirsə,

Məni sevdiyini heç kimə demə.

 

İldırım  gurlayıb, şimşək çaxanda,

Qaya parçalanır, daşlar tökülür.

Bəlkə heç daş deyil, daş şəkilində

Qayanın gözündən yaşlar tökülür.

Daş daşı ağlayır, insan insanı,

Axır göz yaşlarım, axsın içimə.

Gizlət gözlərində göz yaşlarını,

Məni sevdiyini heç kimə demə.

 

Anar Amin

525-ci qəzet.- 2014.- 8 mart.-S.29