Tapılmayan dərman

 (davamı)

 

 

 

O, məzlum bir görkəm alıb başını aşağı dikdi, əskini  əlində burub gücü gəldikcə sıxdı. Qırıq səslə:

– Amma nədənsə bizim latareyamız maşın udmur. Atam rəngsazdır. Rəngsazların bəxti Ağalətif dayınınkı kimi deyil. Atama da deyirəm, sən elə evləri bəzəyirsən. Xaş bişirən olsaydın, indi çoxdan bir “Volqa” udmuşduq. Lap “Moskviç”ə də razıyam. Atam da sözümə baxmır. Mənə acığı tutur. Bəzən də gülür, deyir ki, sən hələ uşaqsan, çox şeyi qanmırsan, səfehləmə. Hə... –O davam etdi. –Ağalətif dayı yamanca xaş bişirir. Dadından doymaq olmur. Özü də cavan cöngə dırnağından. Yeyənlərin hamısı tərifləyir. Dibində artıq qalanda mənə də verirlər. Səhərin gözü açılan kimi hamı Ağalətif dayının xaşxanasına axışır. Ağalətif dayı deyir ki, xaş elə şeydir ki, gərək onu alaqaranlıq yeyib qurtarasan. Lap işıqlaşmamış. Ağalətif dayının hazırladığı sirkə-sarımsaqdan olmaz. Özü evdə xüsusi düzəldir. Bizim şəhərdə hər adam Ağalətif dayının sirkə-sarımsağını düzəldə bilməz. Bu sirri bircə Ağalətif dayı özü bilir, heç kimə də demir. Heç uşaqlarına da.

 

Dadan qürrələnə-qürrələnə:

– Ağalətif dayının əlindən hər iş gəlir. Böyük vəzifəlilər də onu görəndə baş əyirlər. Hələ indiyənəcən bir sözünü iki eliyən olmayıb. Bütün dükançılar, pavilyon işçiləri, satıcılar obaxeyisi görəndə özlərini itirirlər. Amma Ağalətif dayı obaxeyisləri sayıb, adam yerinə də qoymur. Əksinə, obaxeyis işçiləri Ağalətif dayıdan çəkinirlər, hətta obaxeyis işçilərinin işi düyünə düşəndə Ağalətif dayının  yanına  yüyürürlər ki, kömək eləsin. Çünki Ağalətif  dayı obaxeyislərin böyüyü ilə dostluq edir. Hamısı Ağalətif dayı ilə çaşka-loşkadırlar.  Nəçənniyin özü Ağalətif dayının başına and içir. Böyük nəçənniklər Ağalətifə Ağalətif dayı deyirlər.

Dadan maşınını təmizlədiyi adamın əmisindən fəxrlə danışırdı. Bütün bunların mənimçün o qədər əhəmiyyəti yox idi. Mən  ayrı şey barədə düşünürdüm. Soluks, quş lələyi, bir də şəhəri başdan-ayağa gəzib axtardığım Naftalan haqda. Dərd məni götürmüşdü.  Dadan Ağalətif  barədə danışdıqca öz-özümə deyirdim: “Kaş onun bəxti məndə olaydı. “Volqa” zad  istəmirəm, elə axtardığım ikicə şüşə Naftalanı tapa bilsəydim... Əgər uduşa Naftalan düşsəydi, maaşımın yarısını yox, lap hamısını latareya biletinə verərdim...”

Sonra düşünüb-daşınırdım: “Hanı məndə o bəxt?!” Dərindən köks ötürdüm. İstədim Dadanı dilə tutub ələ alım və soruşum görüm o, Ağalətifə desə, Naftalan tapa bilərmi?! Fikrimdən daşındım, dedim sözüm yerə düşər. Düşündüm ki, obaxeyislərin baş əydiyi, nəçənniyin çaşqa-loşqa olduğu bir adam Dadanın ağzına qurud verməz, sözünü saymaz. Bir də ki, Ağalətifdə hanı o hünər?! Naftalanı yəqin o da tapa bilməz.

Yol boyu hər addımda qabağımdan bir “Volqa” şütüyüb keçirdi. Özü də cürbəcür rənglərdə, , qara, yaşıl, perlamotr. Hərəsi də, bir cür siqnal verirdi. Biri qarmon çalır, biri bülbül kimi cəh-cəh vurur, biri zilə qalxır, biri bəmə enirdi. Amma səhərdən bəri bütün aptekləri ələk-vələk eləmişəm, bircə şüşə Naftalan tapılmır ki, tapılmır. Elə bil qəhətə çıxıb. “Volqa” udmağa nə var?! Əgər Dadanın tərif vurduğu kimi Ağalətif dayının o cür ad-sanı, cürəti varsa, qoy Naftalan tapsın! Əlbəttə, tapa bilməz. Bu barədə Dadanla nədən desən, mərc də gələrəm. Latareya bileti ilə və ya sprintlə maşın udmağa, xaş bişirməyə, sirkə-sarımsaq hazırlamağa nə var?! Amma Naftalan tapmaq müşkül məsələdir. Hər oğulun hünəri deyil.

 Dadan əlindəki yaş əskini bir neçə dəfə suya salıb çıxartdı. Əskinin suyu süzülə-süzülə qara “Volqa”nın şüşələrini, fənərlərini dönə-dönə yudu. Üstündən də sabunlu maçalka çəkdi. Axırda da ağappaq cuna çıxardıb, yuduğu yerləri quruladı. Geri çəkilib maşını yenə də diqqətlə nəzərdən keçirdi. Orda-burda qalan ləkələri bir də sildi. Qabaq qapısını açıb maqnitafonu işə saldı. Zənci xalq musiqisinin guppultusu başlandı. Qarma-qarışıq çığırtılar ətrafı bürüdü. Maqnitafon oxuduqca cürbəcür – qırmızı, yaşıl, sarı işıqlar saçırdı. Dadan yaşına uyğun hərəkətlərilə, məni daha da  təəccübləndirmək üçün fəxrlə:

– Görürsən dəə! – dedi. – Yaponskidi. Hacıhəsən deyir ki, “Volqa”nın üçdə bir qiyməti qədər dəyəri var. Həm radiodur, həm də maqnitafon. Stereodur. Ağalətif kimi hörmətli bir adamın arvadı xəstələnmişdi. Bakıya, Tbilisiyə, Vilnusa, Moskvaya, Leninqradacan adam saldılar. Hər yerə sifariş göndərdilər. Hara getdilər əlləri boşa çıxdı. Həmin dərman tapılmadı. Axırda yenə də məcbur olub Hacıhəsənin üstünə gəldilər.

Dadan özündən razı halda qəddini şax tutub fəxrlə gülümsündü:

–Hacıhəsən elə o dəqiqə həmin dərmanı tapıb verdi. Adlı-sanlı kişinin xəstə arvadı dərmanı içən kimi sağaldı. Həmin xəstə arvadın qardaşı da əvəzində, bax, bu maqnitafonu Hacıhəsənə bağışladı. Şəhərdə heç kimin “Volqa”sında beləsi yoxdur. Lap böyuk vəzifədə olanların maşınında da bu maqnitafondan görə bilməzsən.

Dadan bunları deyib sonra da “Volqa”nın fənərlərini tərifləməyə başladı:

–Bu da xaricidir. Nə qədər qaranlıq gecə, qatı duman olsa da, bu faralar yolu gün kimi işıqlandırır. Qabaq apaçıq görünür. Birinin əli dara düşmüşdü. İnstitutu qurtaran nişanlı qızı can üstə idi. Neçə yerə getdi, dərman tapılmadı. Hacıhəsən düzəltdi. Qız da sağalıb durdu ayağa. Bax, bu faraları da həmin qızın nişanlısı bağışlayıb:

– O, qibtə ilə:

– Bilirsən, Hacıhəsən necə aptekçidir?! – Səsini alçaltdı. – Onun gizlində elə dərmanları var ki, ölüyə versən dirilər.

 Dadanın dedikləri məni xeyli yüngülləşdirdi. Durub getmək istəyirdim, fikrimi dəyişdim. Gördüm ki, bu söz-söhbətdə işıq ucu var. O cür dərmanları tapıb düzəldən adam məndən Naftalan əsirgəməz. Heç mən də Hacıhəsənə borclu qalmaram. Gücüm çatandan bir hədiyyə tapıb bağışlayaram.

 

Dadan əlini siqnala toxundurdu. Mənə elə gəldi ki, kimsə maşının kabinəsində gizlənib qaboy çalır. Dadan heyrətləndiyimi görüb boynunu yana əydi və bic-bic güldü. O, şirnikləşib əlini başqa bir düyməyə toxundurdu. Bu dəfə yanğınsöndürən maşınların verdiyi həyəcan siqnalı eşidildi. Dadan bu ecazkar səslərin necə təsir bağışlayıb, təəccüb doğurduğunu yoxlamaq üçün mənə tez-tez sınayıcı nəzər yetirirdi. Etdiyi hər bir hərəkətdən sonra zənlə sifətimin ifadəsinə baxırdı. Dadanın barmağı başqa bir siqnalın düyməsinə toxundu. Qulağımda elə bil balabanın həzin dili səsləndi. Bu, Dadana ayrı cür ləzzət elədi. O, sadəlövhlüklə:

 

– Bu siqnalların da hərəsini bir adam bağışlayıb. Hacıhəsənin bahalı dərman tapıb verdiyi adamlar.

Dadan təkəş-təkəş kabinəyə keçib “Volqa” işə saldı. Maşını ustalıqla yerindən tərpətdi. İsladıb çirkləndirdiyi yerdən araladı. Tərtəmiz quru asfaltın üstündə əyləci basıb düşdü. Maşının əsl sahibi kimi kişiləndi. “Volqa”nın arxasına, qabağına keçdi. Yalın ayağı ilə təkərlərin hərəsinə bir təpik ilişdirdi. Nasosu işə salmamasından aydın oldu ki, təkərlər normal doldurulub. Məccani vəzifəsini bu cür canıdildən yerinə yetirməsi onda özünə qarşı məmnun əhval-ruhiyyə yaradırdı.

Dadan kepkasının əzilmiş dimdiyini yuxarı qaldırıb fıştırıq çala-çala dayaz arxa girdi. Ətsiz baldırına bulaşan palçığı, dizlərindən maşın yağı ləkələrini silib yudu. Nimdaş paltarına bulaşan toz-torpağı çırpıb təmizlədi. Hələ tüklənməmiş qəşəng üzünə şappıltı ilə iki ovuc su vurdu. Damcı-damcı suyu süzülən qaşının altından mənə yenə bic-bic göz vurub arxdan çıxdı. Dadanın bu hərəkətlərini başa düşürdüm. O, bu eyhamları ilə anlatmaq istəyirdi ki, görürsən də, Dadan da özünə görə bir kişidir. Bax, papaq altında belə oğullar var. Balaca olmağıma baxma, mənə belə bir təm­təraqlı “Volqa” etibar edirlər. Maşının açarlarını da üstündən götürmürlər. Bax, özün şahid oldun də. Hələ desən, “Volqa”nın kabinəsində də əyləşdim. Maşını işə saldım. İrəli-geri verdim. Özü də lap Hacıhəsənin oturduğu yumşaq yerdə əyləşmişdim. Kürəyimi də rahatca arxaya söykəmişdim. Əlim-üzüm oturacağın yumşaq vilvet örtüyünə toxunurdu, həzz alırdım. Bax, bu şəhərdə belə xoşbəxtlik hər adama qismət olmur. Nə olsun ki, Dadaş olduğum halda, məni – Dadan – deyə çağırırlar. Dadan olmağımı neyləyirsən, Ağalətiflə Hacıhəsən ki, məni yaxından tanıyırlar, özlərinə məhrəm  bilirlər, etibar eləyirlər. Mən də onların hər işinə yarayıram, buyruqlarını yerinə yetirirəm. Belə-belə işlərində kara gəlirəm...

Bu sözləri mən onun hərəkətlərindən, baxışlarının ifadəsindən oxuyurdum. Mənə bic-bic göz vurmasından hiss edirdim. Dadan bir neçə dəqiqə ayaq üstə şəstlə dayandı. Dizlərinin suyu quruyana qədər. Sonra çirmələdiyi şalvarını aşağı saldı. Göyümtül damarları görünən ətsiz baldırı örtüldü. Burnu deşilmiş corabını ayağına keçirtdi. Ayağının  ölçüsündən xeyli böyük olan çəkməsini geyib bağlarını düyünlədi. Əlbəttə, kiminsə köhnəsi idi.

Dadanın üzünü silməyə cib dəsmalı olmasa da, dibində dayandığı yaşıl ağaclar qanadlarıyla yelpikləyib cılız boynunun, balaca qulaqlarının, ensiz alnının, qəşəng qaşlarının suyunu, tərini qurutmuşdu. Ancaq çəkdiyi əzabların qəmli kölgəsi qansız çöhrəsindən silinməmişdi. Baxışları bəzən qəribə təsir bağışlayırdı. Hərəkətlərindən hiss olunurdu ki, onun müti itaətkarlığının arxasında düçar olduğu mühitdən doğan xoşagəlməz bir sırtıqlıq da vardır.

Dadan başındakı kepkanın əzilib gözünün üstünə sallanan dimdiyinin altından mənə tərəf maddım-maddım baxaraq laqeydcəsinə soruşdu:

– Doğrudan, dərman almağa gəlmisən?

– Bəli, – dedim.

– Hacıhəsən qağa düzəldər, – dedi. – Arxayın ol. Ehtiyatlı adamdır. Onda hər cür dərman var. Birdən-birə fikrə getdi. Sonra tərəddüdlə:

– Ancaq adamına baxır də, dayı   əlavə etdi. – İncimə  ee, dayı, – dili dolaşdı, – bilirsən də, indi hər şey tanışlıqnandı. Atam deyir ki, adamın gərək dəyirmanda da tanışı ola. İndi dostsuz, tanışsız iş aşmır dayı. Onsuz baş girləmək çətindir. Hacıhəsən dayı ilə tanışlığın vaar?

– Xeyr, – dedim, – tanımıram.

– Ağalətif əmini necə?!

– Onu da tanımıram.

– Yaxşı, onda  yuxarılarda adamın-zadın yoxdur ki?

– Xeyr,  yoxdu. – dedim. – Dərman almağa nə adam?

Dadanın mənə yazığı gəlirmiş kimi çöhrəsi tutqunlaşdı:

– Deməli, yuxarılardan də tapşırmayıblar?!

Cavab verməkdə çətinlik çəkdim. Hesabı içəri verib başımı buladım. Dadan yenə halıma acıyırmış kimi yerində yırğalandı. Onun aydın baxışlarında gizli istehza duyurdum. Mənim bu cavablarım Dadanı heç açmadı. Onu təəccüb götürmüşdü. Gözlərini geniş açıb çəlimsiz boynunu mənə tərəf uzatdı:

– Düz deyirsən? Yəni Ağalətif əmini, Hacıhəsən qağanı tanımırsan?!

– İstəyirsən and içim, Dadan, tanımıram.

Bu sual-cavabdan sonra Dadanın miskin görkəmi başqalaşdı. Bu aptekdən Naftalan ala biləcəyim haqda bayaqdan yaranan ümidlərim bir andaca alt-üst oldu. Ağalətifin xaşxanasında olmamışam, Hacıhəsənlə də tanışlığım yoxdur. Yuxarılardan da deməyiblər. Onda, deməli, nahaq yerə burda bir belə dayanıb vaxt itirmişəm. Dadanla da çənə-boğaz olmağıma dəyməzmiş. Lakin yenə də ümidimi üzmədim. Bir neçə dəqiqə də gözləməli oldum. Ancaq “Ağalətiflə Hacıhəsəni tanımıram, yuxarılarda da adamım yoxdur” kəlməsi Dadanla mənim aramda qəribə bir soyuqluq yaratdı. İndi Dadan mənə əvvəlki rəğbətlə baxmırdı. O cür mötəbər adamlara səmt olmamağım məni Dadanın gözündən bir qədər salmışdı. Elə bil onun qarşısında “dərisi bir köpüyə dəyməyən”, hansı əcnəbi ölkədənsə peyda olmuş bivec, gərəksiz bir adam dayanmışdı. Daha mənimlə kəlmə kəsmək istəmirdi. Burada durmağıma da məhəl qoymurdu. Bircə o qalmışdı ki, mənə desin:

– Ağalətif əmi ilə Hacıhəsən qağanı tanımayan kəsin bu şəhərdə yaşamağa haqqı yoxdur, Naftalan yerinə qulağının dalını görərsən. Nahaq yerə burda durma. Yaxşı olar ki, itilib gedəsən. Sənin kimi adamın yeri cəhənnəmdir! Bu lap əfəlin biri imiş ki.

Bu çılğın qəzəblə yanaşı, onda mənə qarşı çətin hiss olunan bir rəhmdillik, şəfqət də duyurdum. Kepkasının dimdiyini gözünün üstünə əyib oğrun-oğrun məni süzürdü. Sanki dillənib məni məzəmmət etmək istəyirdi: “Yazıq adam! Sən Ağalətiflə Hacıhəsəni tanımırsansa, yuxarılarda da söykəyin yoxdursa, dünyanın məğmun bəndəsisən. Axtardığını çətin taparsan”.

 

(Ardı var)

Əli İldırımoğlu

525-ci qəzet.- 2014.- 8 mart.- S.28.