Ümidlə inamın
işığında
“Poeziya kədərsiz təsəvvüredilməzdir. Amma
böyük poeziyaya böyük kədər, dünyəvi kədər,
bəşəriyyətin taleyi haqqında narahatlıqlardan
doğan kədər lazımdır”.
Aydın
Məmmədov
Sovet rejiminin ədəbiyyat siyasətində qəmə,
kədərə yer yox idi. Tənqid hamını “ələmdən
nəşəyə” səsləyir, mahiyyətində kədər
ifadə olunan hər cür sənətə, xüsusən “qəmin
poeziyası” kimi yaranan romantik şeirə, romantizm ədəbi
cərəyanına da bu mənada “daloy” deyilir, onlar ideolojinin bütün
gücü və təlqinləri ilə təhrif olunur, gözdən salınırdı. Bu, sovet rejiminin düşünülmüş siyasəti
idi. Çünki sənətdəki qəmin,
kədərin qnesioloji kökləri milli yaddaşla
bağlı idi, milli özünüdərkin bədii ifadəsi
idi.
Ancaq milli müstəqillik dövrünün ədəbiyyatında qəm, kədər motivi sənətə, xüsusən poeziyaya total şəkildə nüfuz edərək, əgər belə demək mümkünsə, onun aparıcı pafosuna çevrilmək imkanı qazandı. Fikrimizcə, milli müstəqillik dövrünün poeziyasının qəm, kədər notuna köklənməsinin kökündə XX əsrin əvvəllərinin poeziyasında olduğu kimi, fəal vətəndaşlıq düşüncəsi dayanır. Elə bilirəm ki, bu motivi məhz estetik düşüncənin milli varlıq, milli birlik və dövlətçilik uğrunda mübarizəsinin tərkib hissəsi kimi başa düşmək lazımdır. Qəti bir əminliklə onu da demək olar ki, yeni əsrin ədəbi prosesində hər gün daha artıq şəkildə özünü göstərən “qəmin poeziyası”nın “ağladıqca kişi qeyrətsiz olur” tendensiyası ilə heç bir bağlılığı yoxdur. Hərgah ki, tənqid və ədəbiyyatşünaslıqda ədəbiyyatın bu motivinə zəiflik əlaməti kimi yanaşmaq psixologiyası da özünə yer alıb.
Çağdaş şeirimizdə “qəmin poeziyası”nı yaradanlar sırasında Firuzə Məmmədlinin özünəməxsus yeri vardır. F.Məmmədlinin oxuculara təqdim olunan “Dərd üzünü gizləyir” kitabı (Bakı, “Adiloğlu” nəşr., 2011) zamanla üz-üzə duran, nəhəng zaman nəhrinin axınına qarşı üzən, həm də yorulmaz-usanmaz bir güc-qüvvətlə üzən vətəndaş şairənin vətəndaş narahatlığının konseptual əksidir.
Həcmcə çox da böyük olmayan bu şeir kitabında toplanan şeirlərin birinci “oxu”su poetik “Söz”ün həqiqətlərini bütövlükdə görməyə mənə imkan vermədi. Birinci “oxu” ənənəvi milli-realist üslubda yazılmış bu şeirlərin qeyri-ənənəviliyi haqqında ilkin qənaətlər formalaşdırsa da, bu qənaətlərin məzmunu mənim üçün tam aydın deyildi. Firuzənin şeirləri çətin “ələ gəlir”, çətin qavranılırdı. Bəlkə, bu, rasional düşüncənin şairənin şeirlərindəki sərhədsiz aktivliyi ilə bağlı idi? Axı, şairə:
Hər üzünə – hazıram
Yaxşı, yaman ... yazıram.
Dibindən söz qazıram,
Ağrıyır, beynim daha –
misralarında özü də sanki bizim düşündüyümüzü təsdiq edirdi. Lakin bədii mətnlərin ilkin təəssüratları belə, bu ehtimalı birmənalı həqiqət şəklində qavramağa imkan vermirdi. Çünki Firuzənin söz dünyasında onun inikas üsulunun mürəkkəbliyinə işarə edən başqa simvollar da aydın görünməkdədir. “Gəlir” şeirində şairə etiraf edirdi ki, sözlərim:
Qəlbimdə yoğrulur, beynimdən sızır,
Boyumdan, çəkimdən, eynimdən sızır,
Oynumdan, fəndimdən, felimdən sızır,
Məni yorub əldən salmağa gəlir.
“İlkin oxu”dan alınan əsas qənaətlərdən biri də bu idi ki, Firuzənin şeirləri həqiqi yaşantının məhsuludur. Burada hissi və rasional düşüncə metaforik düşüncə ilə üzvi bir sintez yaradır. Şeir Firuzənin bütün varlığından qopur. Həyatın ona təlqin etdikləri, hissini, düşüncəsini əsir edərək şairəni yorub əldən salanda qələmə əl atmamaq mümkünsüzləşir. Ruhi rahatlıq yalnız bu zaman – “ürəkdən yük atılanda” (N.Kəsəmənli) gəlir.
Sanki hər şey aydındır. Hamı kimi, bütün digər həmkarları kimi, Firuzə də həyat materialını hissindən və düşüncəsindən keçirib, istedadının imkanları çərçivəsində onu bədii həqiqətə çevirir. Yəni bədii sözün ənənəvi ifadə yolu. Elə isə “Dərd üzünü gizləyir” kitabında toplanmış şeirlərin hələ “ilk oxu”dan oxucuya təlqin etdiyi, intuitiv olaraq dərk edilən nə isə bir qeyri-adilik nədən ibarətdir? Bu “nə isə”ni başa düşmək üçün şeirləri ikinci dəfə oxuyuruq.
İkinci “oxu”nun ilk təəssüratı belə idi: bu ki, “Şikayətnamə”dir. Orta əsrlərin yox, yeni əsrin “Şikayətnamə”si. Bu həqiqətdir ki, Firuzənin şeirlərindən orta əsrlər “Şikayətnamə”sinin “salam verdim, rüşvət deyildir – deyə almadılar” motivi özünəməxsus bir şəkildə keçib gedir.Firuzə orta əsrlərin Füzuli həqiqətinin ölməzliyini yeni əsrin ibtidasında aşağıdakı kimi təqdim edir:
Darthadart
bazarında
Vallah, ortaq malım yox.
Tanrım,
məni görmürlər,
Ya
rüşvətsiz salam yox?
Bu, bəlkə də heç Füzuli–Firuzə
bağlılığının estetik təzahürü
deyil, Firuzənin Füzuliyanə “nəfəs”i deyil, bu, bəlkə,
daha çox “rüşvətsiz salamlar”ın
olmadığı zamanlar arasındakı əlaqənin həssas
müşahidəsindən doğan bir keyfiyyət kimi təcəssümünü
tapır? Qəti fikir söyləmək çətindir.
Ancaq bir məsələ də var ki, bu,
irs-varislik əlaqəsinin heç də sadə təbiətli
olmadığını, üzdən görünən tərəflərlə
sonuclanmadığını göstərir. “Şikayətnamə” ruhu Firuzə
yaradıcılığında ancaq “Gəlir” şeirində
üzə çıxan bir xüsusiyyət deyildir. Fikrimizcə, “Gəlir” Firuzə şeirini “Şikayətnamə”yə,
Füzuli kədərinə bağlayan ən üzdə olan,
prozaik bir cəhətin ifadəsi kimi daha çox səciyyəvidir.
İrs-varislik əlaqəsinin həqiqi mahiyyəti
Firuzə şeirinin həyat materialına münasibətinin
estetik dərinliyindədir, bu poeziyanın fəlsəfi
ümumiləşdirnə gücündədir. Ümumən götürəndə Firuzə lirik
şairdir. Ancaq “Dərd üzünü
gizləyir” kitabındakı lirikanın daxili ahəngi tənqidə
köklənib. Bu tənqid öz ruhu,
pafosu ilə Zakirdən Sabirə qədər satiranın
keçdiyi klassik yolun ahəngindən köklü şəkildə
fərqlənir. Baxmayaraq ki, tənqid və
ədəbiyyatşünaslıq sübut edib ki, Füzulidən
Sabirə qədər Azərbaycan poeziyasının
keçdiyi yolda Füzuliyə yaradıcı münasibət ən
həqiqi bir məzmunda Sabir yaradıcılığında
üzə çıxıb. Yəni lirik
şeirlə satirik şeirin üzvi
bağlılığı ədəbiyyatımız
üçün qanunauyğun bir hadisədir.
Çağdaş poeziyada dərdin aparıcı motiv səviyyəsinə
qalxmasının təkzibedilməz bir həqiqət
olduğunu qəbul etsək, onda dərdin “şairliyin əsas
sərmayəsi” olmasına dair Füzuli həqiqətinə gəlib
çıxmış olarıq. Bu cəhət təkcə
Füzuli poeziyasının ölməzliyini sübut edən
bir göstərici deyil, bu həm də çağdaş
dövr milli poeziyamızın Füzuli şeirinin varisi kimi
çıxış etmək imkanlarının göstəricisidir.
Dərd “şairliyin əsas sərmayəsi” kimi
çağdaş poeziyanın da estetik həqiqəti kimi təzahür
edirsə, bu, müasirlərimizin “Füzuli orbitində
fırlanmaları”nın əlaməti deyiı. Bu,
şeirə məxsus əlamətdar keyfiyyətin, şeir
poetikasının özünəməxsusluğunun zaman-zaman öz əslini
qoruyub saxlaması, böyük poeziya məktəbinin
imkanlarının bitib-tükənməzliyidir. Firuzənin
sənət yolu da bu poeziya məktəbindən keçib həyata
vəsiqə alır, poeziya ümmanının bir damlası
kimi özünü təsdiq edir.
Firuzə
Məmmədli şeirlərinin birinin ilk bəndində
yazır:
Bu dərd
sənə ürək açıb,
Köynəyindən keçir daha.
Həmin
şeirin son bəndi isə belə bitir:
Yüklə
ürəyinə, daşı,
Dərd ürəyin çəkisidir.
Dərdin
bu cür poetik mənalandırılması, dərdə olunan
“elani-eşq” ona Məcnunsayaq, lap elə “dərd əlindən
dağa çıxan” Füzulisayaq münasibətin cizgilərini
özündə əks etdirsə də, şairə, bir
çox şeirlərində yenə də Füzulisayaq “dərd
əlindən dağa çıxdığını” elan etsə
də,
Dərd
başıma – mərəkə,
Uduram
çəkə-çəkə,
Yaxud
Gələninin
üzünə
Qapını
dərd açacaq –
deyərək
“dərd dolu illər” yaşadığını poetik
düşüncənin predmetinə çevirsə də və
biz bu şikayətin səmimiliyinə, həqiqətin bədii
ifadəsindən doğduğuna inansaq da, bu şeirlərdə
hələ dərd “şairliyin əsas sərmayəsi” kimi
çıxış edə bilmir.Yazımızın pafosunu
nikbinliyə kökləyən cəhət isə odur ki, bu
tipli şeirlər ümumən Firuzənin
yaradıcılığında fərdi üslubun
daşıyıcısı rolunda çıxış etmir,
dominantlıq yaratmır.
“Dərd üzünü gizləyir” kitabında F.Məmmədli
ədəbiyyatın bu estetik missiyasından
çıxış edir. İlk növbədə,
milli-mənəvi varlığımızı analitik təhlil
müstəvisinə gətirərək, mənəviyyatın
ekologiyasında baş verən sapmalar, bunların səbəbləri
və profilaktikası haqqında düşüncələrini
oxucuları ilə bölüşür.
Bu
“bölüşmə”də sənətkarın poetik
düşüncənin sərhədlərini şüurlu
şəkildə genişləndirmək istəyi hiss olunmur.
Hiss olunur ki, “üzünü gizlədən” dərdlər
lirikanın predmeti olmamışdan, lirik “mən”in daxili
dünyasına daxil olmamışdan qabaq bir vətəndaş
kimi, bir insan kimi daim Firuzəni
düşündürmüş, narahat
etmişdir. Firuzənin içi “dərd”lə
doludur, O, daim bu “dərdlər”in ağrısı ilə
yaşayır, bu ağrıların dözülməzliyi
çox vaxt onları poetik sözə çevirir.
Böyük “Söz”ün Firuzənin yaradıcılıq
laboratoriyasında məhz bu cür ətə-qana dolmasına
dair sənətkar bizə heç nə demir. Ancaq
biz bunu bütün varlığımızla duyur, hiss edirik.
Çünki Firuzənin poetik “söz”ə
çevirdiyi ağrıları biz də yaşayırıq.
İnsan əxlaqı, mənəviyyatı Firuzə Məmmədlini
milli-tarixi planda da düşündürür. Yaşı, həyat
təcrübəsi, milli-tarixi varlığa
bağlılığı imkan verir ki, insanın daxili
dünyasına dəyişən zamanların kontekstində
nüfuz edə bilsin. Firuzənin insanlıq, əxlaq, mənəviyyat
haqqında düşüncə konsepsiyası öz
başlanğıcını milli varlığın tarixi xarakterindən
götürür. Görünür ki, tarixi
yaxşı bilən sənətkar milli xarakterin tarixi təbiətinə
də yetərincə bələddir. O,
çağdaş zamana, onun insanına milli-tarixi varlıqdan
baxır, onun təbiətində əmələ gələn
metamarfozaları məhz bu meyarla görüntüyə gətirib,
ona kəskin tənqidi münasibət bildirir.
Firuzə
Məmmədli “əyilməkdən dörd qat olub”, boyunda “taqət
qalmayan” çağdaş insana tarixi xarakterimizin əyilməz
dünyasından baxır. Çağdaş
insanın görünməmiş surətlə əxz etdyi
yalançılıq, ikiüzlülük, əyrilik, natəmizlik,
yaltaqlıq, vəzifə hərisliyi, bu yolda namusunu belə
çəkinmədən hərraca qoyması Firuzəni daxilən
sarsıdır. Məhz bu “sarsılma”
anında lirik qəhrəmanın əhvali-ruhiyyəsində
bir pessimizm müşahidə edirik. Firuzə
bütün bu bu psixoloji məqamları, insan haqqında
düşüncələrini gerçəkliyin dəqiq ifadəsi
kimi tam təbii şəkildə poetikləşdirir:
Dağını,
daşını yeyir,
Min illik yaşını yeyir.
Dünyanın başını yeyir,
İndi gözü açdı adam.
Bu poetik qənaətlər artıq neçə əsrlərdir ki, maddiyə köklənən insanın çağdaş durumu haqqında acı həqiqətləri əks etdirməklə bərabər, insanlığın keçib gəldiyi tarixi yolu da öz içərisinə alır.
“Dərd üzünü gizləyir” kitabındakı şeirlərin hamısının estetik qayəsi milli intibah düşüncəsinə hesablanıb. F.Məmmədli həyat hadisələrinə, gördüklərinə, müşahidə etdiklərinə, bədii təsvirin predmetinə çevirdiyi çoxsaylı insan xislətlərinə, əməl və hərəkətlərinə ancaq bu mövqedən yanaşır, dəyər verir. O öz şeirlərini gümandan ümidə, ümiddən inama, inamdan həqiqətə gedən yolun işığında yazır. Bu şeirlərdə lirik qəhrəman tapındığı həqiqəti gümanının, ümidin və inamın işığında axtarır. “Dərd üzünü gizləyir” kitabı oxucusunu da gümanın, ümidin, inamın işığında həqiqəti tapmağa səsləyir.
Təyyar Salamoğlu
525-ci qəzet.-
2014.- 8 mart.- S.26.