Bir rəngin ədəbi tarixçəsi
Tədbirlərdə,adətən, iki-üç bəydən sonra
söz bir xanıma verilir. Mən də bu
yazı silsiləsi üçün həmin prinsipi
seçdim. Bunun gender bərabərliyi tələbindən,
ya rəngarənglik yaratmaq istəyindən, ya da centlmenlikdən
irəli gələn bir addım olduğunu dəqiq deyə bilmərəm.
Hər halda, bu, mənim xoşuma gəlir.
Sənətdə cinsi ayrı-seçkiliyin
doğru olmadığını düşünürəm.
Sənətin öz ölçüləri,
meyarı var. Dəqiq bilirəm ki, cins amili burada heç bir
ölçü, meyar deyil.
Kitab dükanlarımızda əsasən iki xanım
yazıçı – Aqata Kristi və Əlif Şəfəqin
dominantlığı açıq-aydın görünür. Məni Toni
Morrison haqqında yazmağa vadar edən nə gender bərabərliyi,
nə rəngarənglik, nə də ingilissayağı
centlmenlikdir. Bu yazının ən birinci məqsədi
Toni Morrison yaradıcılığının ciddi
problematikası haqqında fikir bildirmək, ikincisi isə bizdə
az tanınan bu yazıçı ilə
oxucuları tanış etməkdir.
Toni Morrison dünyaca məşhur xanım
yazıçılardan biridir. Əsl adı Kloi
Entoni Uofford olan bu romançı 1931-ci ildə Ohayo
ştatında anadan olub. Atası
poçtalyon, kuryer, sığorta agenti olmasından aslı
olmayaraq evinin kandarından ağdərililərin keçməsinə
imkan verməz, onlara heç vaxt etibar etməzdi. Doğulduğu gündən həm ailədə, həm
də cəmiyyətdə ağdərili-qaradərili
qarşıdurmasından yaxasını qurtara bilməyən,
onların bir-birlərinə qarşılıqlı nifrəti
ilə əhatələnən Kloi Entoni çox sonralar
bütün bunları qələmə alacaq, quldarlıq
quruluşunu çılpaqlığı ilə təsvir edəcəkdi.
Toni yazıçının adının
qısaldılmış (Entoni) formasıdır, Morrison
soyadı isə ona keçmiş həyat yoldaşından
qalıb. O, yazıçı karyerasına bir qədər
gec başlayıb. Əvvəlcə müəllim kimi fəaliyyət
göstərib, “Random
house” nəşriyyatında redaktor müavini, bir müddət
sonra isə baş redaktor vəzifəsini icra edib. O, əfsanəvi
boksçu Məhəmməd Əli kimi bir sıra məşhur
afroamerikalıların kitablarını redaktə edib. Yazıçının əsərləri çap
olunduğu gündən böyük oxucu marağına səbəb
olur, müxtəlif mükafatlar qazanır və ən
nüfuzlu jurnallar yazıçının əsərlərindən
parçalar verirlər.
Toni Morrisonun elə bir romanı yoxdur ki, orada qaradərili
insanların ağır həyatından bəhs olunmasın. Yazıçı
bütün ömrünü bir rəngin tarixçəsini
dünyaya çatdırmağa həsr edib. Onun romanlarının hər biri köləliyin,
Amerika quldarlığının başqa-başqa dövrlərini
əhatə edir. Sanki, yazıçının bir
missiyası var: ta qədimdən müasir dövrəcən
qaradərililərə olan münasibətin ən qaranlıq
tərəflərini işıqlandırmaq, ört-basdır
olmuş həqiqətləri üzə çıxarmaq.
Mükafatsız
qalan bir romanı belə olmayan, 1988-ci “Pulitser”ə layiq görülən Toni
Morrison, nəhayət, ədəbi mükafatların son həddinə
də gəlib çatır: “Amerika gerçəkliyinin vacib
aspektini dirçəltdiyi arzu və poeziyayla zəngin
romanlarına görə” 1993-cü ildə Nobelə layiq
görülür.
Toni Morrisonun əsərlərinin əsas obrazları
qadınlardır. O, quldarlığın kişilərin həyatından
daha çox qadınlara, qız uşaqlarına vurduğu zərbələrdən
bəhs edir. Görünür, bu,
yazıçının qadın olması ilə
bağlıdır. Yazıçı
qadın dünyasının ən görünməz tərəflərini
işıqlandırır, onun psixologiyasının dərinliyinə
baş vurur. Bu baxımdan kişi
oxucular onun romanlarında qadınlar haqqında bir çox yeni
məlumatlar əldə edə bilərlər. Toni Morrisonu
feminist adlandıranlar da az deyil.
Düzdür, Toni Morrison bir çox qadın cəmiyyətlərinə
köməklik edib və romanlarında az
da olsa feminizm dalğası əsir, ancaq bu radikal, kəskin
şəkildə deyil. Azad qadın, qadınların kişilərin
tələbləri ilə oturub-durmaması kimi fikirlər irəli
sürsə də, ümumən, romanlarında qütbləşdirilən, kəskin
şəkildə qarşı-qarşıya qoyulan
qadın-kişi obrazı yoxdur.
O, müəllimlik
illərində yazıçılıq cəhdləri edərək
bir neçə qısa hekayələr yazıb. Bunlardan biri də özünə göy gözlər
arzulayan qaradərili qız haqqında olan hekayə idi. Yazıçı sonralar bu hekayəni genişləndirərək
romana çevirir. “Ən göy gözlər”
yazıçının ilk romanıdır (1970). Əsər çap olunduğu gündən
böyük oxucu marağına səbəb olur. Sözün hər iki mənasında roman dörd fəslə
bölünür – Payız. Qış.
Yaz. Yay.
Romanın
əsas obrazları iki bacı: Frida və Klodiyadır. Bir gün onların evinə Pekola adlı bir qız
gəlir. Pekolanın bu evə gəlməsinin
səbəbi isə atasının (Çolli Bridlou) evlərini
yandırması, anasını döyməsi və nəticədə
onların küçədə qalmaları idi. Zaman keçdikcə bu üç azyaşlı
qız dostlaşırlar. Pekola ailəsi ilə
yeni evə köçəndən sonra da onların
dostluqları davam edir.
Romanda ağdərililərlə qaradərililərin
bir-birinə münasibəti bu qızların fonunda təsvir
olunur. Məlum olur ki, təkcə böyüklər
arasında yox, həmçinin məktəblilər
arasında da bir uçurum var. Məsələn, qaradərili
qızlar ağdərililəri fürsət düşən
kimi döymək istəyirlər. Ağdərili
qızlar isə özlərini daha gözəl hesab edir,
onları ələ salırlar. Zənci
qız da (Klodiya) ağdərililərdə qalan
qisasını gəlinciklərdən çıxır.
O, bütün ağdərili gəlinciklərini
sındırır, parça-parça edir. Və
onun içində oyuncağa etdiyini ağdərili
qızların üzərində də yoxlamaq istəyi
baş qaldırır.
...Ata-anasının
dava-dalaşlarından bezən on dörd yaşlı Semmi
azı iyirmi yeddi dəfə evdən qaçır. Pekolanın qız olması ona qaçmağa imkan
vermirdi və onun bu dava-dalaş qarşısında edə biləcəyi
tək şey yorğanın altında gizlənmək və
ağlamaq idi. O, bütün günahı (g)özündə görürdü. Bəlkə də, onun xoşbəxtlik rəmzi hesab
olunan göy gözləri olsaydı, valideynləri belə
gözləri olan qızlarının yanında heç vaxt
dalaşmazdı. Pekola Tanrıya dua edir, Ondan yalnız bir şey istəyirdi
– göy gözlər! O, göy gözlərə qovuşa
bilmədi. Bundan da dəhşətlisi o idi ki, əyyaş
atası Pekolanı zorladı və yazıq qız dəli
oldu.
Yazıçının
Çolli Bridlou kimi ər və ata obrazına nifrəti hiss
olunmur. Çünki hələlik bizim
gördüyümüz üzdə olan məsələdir.
Növbəti səhifələrdə
yazıçı oxucunun diqqətini medalyonun o biri
üzünə fokuslayır. Sən demə,
dördgünlük Çollini başdanxarab anası zibilliyə
atmaq istəyəndə onu bibisi Cimmi xilas edib. O gündən
sonra da anası heç harada görünməyib. Ancaq bu hadisə də hələ Çollinin etdiklərinə
bəraət qazandırmır. Əsl hekayə isə
tamam başqadı: Bir vaxtlar Çolli sevdiyi qızla sevişərkən
iki ağdərili oğlan onları yaxalayır. Və qısaca deyim ki, onlar Çollinin
başına it oyunu açırlar. Beləliklə,
yazıçı yenə irqçilik məsələsini
qabardır. Çolli Bridlounun əyyaşlığa,
qızını zorlamağa vadar edən onun gəncliyində
aldığı psixi zərbəni göstərir. Şübhəsiz ki, yazıçı belə bir
adama haqq qazandırmır. Lakin həm də bunu yazmaqla
göstərir ki, uşaq, qadın, kişi
olmasından asılı olmayaraq qaradərililərin
hamısının öz ağır həyat tarixçəsi,
öz faciəsi var.
Yazıçıya daha çox məşhurluq gətirən,
ünlü mükafatları qazandıran romanı “Sevgili”dir.
Bu əsər ingilis dilində yazılmış 100 ən
yaxşı romandan biri hesab olunur. Əsərin süjet xəttində
nizamsızlıq (xaotiklik) var. Buna görə də oxucu hadisələri
çözməkdə bir az çətinlik
çəkə bilər. Romanın əvvəlində
oxucunun beynində bir çox suallar yaranır. Cavabları tapmaq üçün isə çox da
uzağa getmək lazım deyil. Diqqətlə
oxuduqda bütün sualların cavabını elə əsərin
özündə tapmaq mümkündür. Əsərin süjet xəttini nəql etmək
fikrindən tamam uzaq olsam da, bir neçə məqamları
bölüşmək istəyirəm.
Məncə, doğmalarımızın, sevdiklərimizin vaxtsız (?) ölümü qədər ağır heç nə yoxdur. Yəqin, itirdiyimiz adamlar haqqında bir-iki pis-yaxşı xatirələrimiz var. Buna da şükür! Gəlin, romanın əsas obrazlarından biri olan Bebi Saqzın dediklərini eşidək: “Böyük qızım.... Bircə o yadımdadır ki, çörəyin qızarmış qırağını yaman xoşlayırdı. Necədir sənin üçün? Səkkiz uşaq doğmuşam, yadımda qalan yalnız budur”. Düşünməyin ki, bu qarı dəli olub, ya da amneziyadan əziyyət çəkir. Əsla. Sadəcə, Bebi Saqzın bircə oğlundan başqa bütün uşaqları pul müqabilində satılmışdı...
Bu romanın adını “Bebi Saqz və gəlini Setinin hekayəsi” də qoymaq olardı. Yazıçı köləliyin fonunda analığın məhv olmasından danışır. Səkkiz uşağı haqqında Bebi Saqzın yaddaşında cəmi bir cümlə qalması nə qədər dəhşətdirsə, Setinin başına gələnlər də bir o qədərdi: Seti uşaqlarının da özü kimi kölə həyatını yaşamasını istəməyən bir qadındır. Bir neçə qaradərili birlikdə qaçmağı planlaşdırırlar. O, uşaqlarını əvvəlcədən gedəcəkləri yerə göndərir. Sonra bu plandan xəbər tuturlar və onların hərəsini bir cür öldürürlər. Seti hamilə olduğundan onun bu halda qaça bilməsi heç kəsin ağlına gəlmir və o, qaçmağı bacarır. Hələ qaçmazdan əvvəl isə iki ağdərili oğlan Setinin südünü alır. Bundan sonra onun südü quruyur. Bu hadisəni ev sahibəsinə danışdığı üçün isə hamilə-hamilə onu qamçılayırlar. Seti qaçandan sonra ərini heç vaxt görmür. Çünki onun əri həmin iki oğlanın Setiyə nə etdiyini gizlincə görmüş və dəli olmuşdu...
Toni Morrisonun heç kəsə qəzəbi, nifrəti
duyulmur. O,
yalnız hadisələri yazır, sevməyi, nifrət etməyi
isə oxucunun öhdəsinə buraxır. Yazıçı
birmənalı olaraq ağdərililəri pisləmir, “Sevgili”
romanında iki müsbət ağdərili obrazı
yaradır. Onlardan biri Denevr adlı bir
qızdır ki, o, Setiyə meşədə doğuş
vaxtı kömək edir. Qızına həmin
ağdərilinin adını verməsi ilə Seti bu
yaxşılığın əvəzini çıxır.
Digər müsbət obraz isə ev sahibi
mister Qarnerdir. O, evindəki qaradərili oğlanları kişi kimi böyüdən yeganə
ağadır. Mister Qarner öldükdən sonra
evin hesab işlərini yerinə yetirmək üçün
müəllim gəlir. Müəllim isə mister Qarnerin
bütün kişilərini çöp kimi
sındırır, Setini isə qatilə çevirir: Bir dəfə
Setinin içi qorxu ilə dolur, elə bilir ki, müəllim
onun arxasınca gəlir. O, qızının müəllimin əlinə
keçməməsi, qul olmaması üçün yeganə
çıxış yolu kimi onu öldürməkdə
görür. Buna görə həbsxanada
yatır. Sonra isə öldürdüyü
qızının ruhu Setidən hesab soruşmaq
üçün başqa bir görkəmdə peyda olur...
Toni
Morrison romanlarının əsas obrazları qaradərili
qadınlar olsa da,
onun ideyaları əksər dünya
qadınları tərəfindən müsbət
qarşılandı. Bütün
yaradıcılığı boyu bir rəngin tarixçəsini
yazan bu xanım yazıçı haqqında yüzlərlə
məqalələr, onlarla monoqrafiyalar yazıldı.
Ramil Əhməd
525-ci qəzet.-
2014.- 8 mart.- S.24.