“Azərbaycan”ın leksikası
Azərbaycan dilinin (türkcəsinin) tarixən (və təbii olaraq!)
müəyyənləşmiş
öz leksik- semantik sistemi var... Mən hamının ixtiyari
şəkildə dərhal
anlayacağı və
ya anladığını
güman edəcəyi
olduqca “neytral” bir anlayışdan – sadəcə lüğət
tərkibindən danışmaq
istəmirəm, söhbət
leksik semantikadan (hətta imkan daxilində onun sistemindən) gedəcəkdir.
Keçən yüzilliyin 30- cu illərində
– müasir Azərbaycan
ədəbi dilinin leksik normalarının qərarlaşdığı
bir dövrdə meydana çıxmış “Azərbaycan”
şeirinin lüğət
tərkibi, mənim fikrimcə, həm dövrün müəyyənləşməkdə
olan leksik norma axtarıcılığı tendensiyalarının
mənzərəsini əks
etdirmək, həm də həmin normalaşma prosesinə təsir göstərmək baxımından
tarixi maraq doğurmaya bilməz. “Azərbaycan” şeirinin müəllifi
(və XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış
azərbaycançılıq məfkurəsinin sovet dövründəki
davamçısı!) Səməd
Vurğunun 20- ci illərdən başlayıb
50-ci illərdə bitən “söz zövqü”nün
obyektivliyinə də,
yəqin ki, heç kimin şübhəsi ola bilməz.
Ona görə də “Azərbaycan” şeirinin leksikasını bütün
sosial-semantik canlılığı
ilə yalnız müəllifin (Səməd
Vurğunun!) deyil, bütövlükdə Azərbaycan
ədəbi dilinin leksik normativliyinin göstəricisi saymaqda yüz il sonra
belə məni qınayacaq bir dil (və
fikir!) tarixçisi meydana çıxacaqsa, ona minnətdar olardım.
Təxmini hesablamalarıma görə,
“Azərbaycan” şeirində
200-dən artıq söz
işlənir. Elə sözlər də var ki, təkrarlanır
(bu da 350-yə qədər edir)... Təkrarları nəzərə
almasaq, həmin 200-dən
artıq sözün təxminən
75 faizi türk, 15 faizi fars, 10 faizi isə ərəb mənşəlidir.
Ancaq nə fars, nə
ərəb mənşəli
sözlərdən, demək
olar ki, heç biri bugünkü Azərbaycan
ədəbi dili üçün yad və ya qeyri-normativ
deyil. Yalnız “bəhr”
(dəniz) sözünə
etiraz etmək olar ki, bu
da o qədər ekzopoetik kontekstdə təqdim edilir ki, leksik normativliyin keçən əsrin 30-
cu illərində pozulduğu
bugün ağıla gəlmir:
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər...
Və nə keçən yüzilliyin 30- cu illərinə
qədər, nə də keçən yüzilliyin
30- cu illərindən sonra
Azərbaycan şeirində
yəqin ki, bu qədər bir- birindən fərqli coğrafiyanı əhatə edən yer adı işlənməmişdir:
Araz, (lar), Azərbaycan, Xəzər,
Muğan, Eldar, Astara, Lənkəran, Afrika, Hindistan, Qazax, Kəpəz dağı, Göygöl,
Qarabağ, Bakı. Və Qoca Şərq.
Cəmisi
üç şəxs
adı işlənir...
Xan (Şuşinski) və ümumi şəkildə: nizamilər,
füzulilər.
Vətən sözünə cəmisi
3 dəfə təsadüf
olunur, ancaq bu anlayışı bilavasitə ifadə edən yurd, yuva, məskən, el, gün, oba, bu yerlər, yaxud dolayısı ilə həmin mənanı verən bu dağlar,
durna gözlü bulaqlar, ana (sən bir ana),
bu düzlər, ala gözlü gündüzlər,
sıra dağlar, gen dərələr, ürək
açan mənzərələr,
oylağın, aranın, yaylağın,
dağların, səngər,
göy yaylaqlar, çinarlar kölgəsi,
günəş ölkəsi,
beşik, günəşin
qucağı, şeir,
sənət ocağı,
hər dağ, dərə, sahillər... və (Qoca Şərqin)
qapısı kimi söz və ifadələr bir şeirə sığmayacaq
qədərdir.
Və bu, sadəcə, dövrün şairə diqtəsi yox (əgər belə olsaydı analoji nümunələrə də
təsadüf edərdik),
daha çox Şairin dövrə diqtəsidir ki, sonralar nə qədər populyarlaşdığını müşahidə
etmək o qədər
də çətin deyil.
Səməd Vurğun “Azərbaycan”
şeirində Vətəni
az qala illərlə
görmədiyi anasını
tapmış bir uşaq emosiyası (və ehtirası!) ilə sevməyin leksikonunu, frazeologiyasını, hətta
leksiko-sintaksisini təqdim
edir... Və hamının dilinin
əzbəri olan “el bilir ki, sən
mənimsən” kimi kifayət qədər sadəlövh bir ifadənin poetizmə çevrilməsi də həmin sevginin nə qədər dərindən gəlməsinin
ifadəsidir. Vətənə
“ana” deyən maarifçi mütəfəkkirlərin
(məsələn, Abbas
Səhhətin) hisslərini,
duyğularını siyasi-ideoloji
bir səviyyəyə qaldıra-qaldıra
sələflərinin səmimiyyətinə
heç bir xələl gətirməyən
Səməd Vurğun daha irəli gedərək həm Vətəni dəqiqləşdirir, konkretləşdirir,
yəni “Azərbaycan!
Azərbaycan!..” deyir, həm də ona “anam!”
deyir:
...Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!
Ancaq Abbas Səhhətdən, ümumən sələflərindən
fərqli olaraq Səməd Vurğunun poetik leksikonunda Vətən həm də tarixi faciə predmetidir:
...Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın
sənin.
Yaxud:
Düşdün uğursuz dillərə,
Nəhs
aylara, nəhs illərə...
Və böyük Şair Vətənin başqa bir tarixi faciəsini
də dərk etməyə bilməzdi...
Ancaq bu faciə Vətənin
(və Şairin) imtina edə bilməyəcəyi konyuktur
olduğu qədər
də qaçılmaz
bir “tərcümeyi- hal” idi:
Gözəl vətən! O gün
ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın, yarandım
mən...
“Azərbaycan” şeirində
Şairin səmimiliyini
təmin edən ən mühüm göstəricilərdən biri,
övladın Vətənə,
yəni mən-in sən-ə müraciətidir. Olduqca çoxlu,
bütöv bir poetik sistem təşkil
edən qrammatik faktları nəzərə
almasaq, şeirdə mən əvəzliyi altı, sən əvəzliyi isə on iki dəfə işlənir. Buraya mən-in davamı olan (və ümumən
xalqı bildirən)
biz əvəzliyinin də
altı dəfə işləndiyini nəzərə
alsaq, məlum olar ki, şeirdə polemika və ya mükalimə, yaxud da Səməd
Vurğun üslubu üçün səciyyəvi
olan müraciət-tribunluq
intonasiyası “Azərbaycan”ın leksikasını
da müəyyən edir.
Vətən, şeir, nəsil,
məskən, tərəf,
insan, zülm, məna, sakit, rəng, azad, bahar, dost, və s. kimi ərəb, fars mənşəli normativ sözlərlə yanaşı Şair müəyyən qədər
etnoqrafik məzmun-təəssüratlı
elə sözlər işlədir ki, o dövrdə ilk baxışda
onların ərəb
və ya fars mənşəli sözlər qədər normativ olduğuna inanmaq çətindir; məsələn: sınamaq,
dən (saçlarıma
dən düşəndə),
qınamaq, dolaşmaq
(xəyalım dolaşar
gəzər), keçmək
(keç bu dağdan, bu arandan), yaranışdan (bir səngərdir yaranışdan), acqarına,
qan-tər, ocaq (şeir-sənət ocağısan)
və s.
Yüzillər boyu Azərbaycan
ədəbi dilində
işlənən, xüsusi
ədəbi nüfuz qazanan ərəb, fars mənşəli sözlərlə yanaşı
bu cür milli etnoqrafik leksikanın ədəbiləşdirilməsi,
onlara normativ status verilməsi Səməd Vurğunun (və dövrün!) hünəri idi ki, çox keçmədən müasir
Azərbaycan dili lüğət tərkibinin
tipologiyasına, xarakterinə
çevrildi.
Şeirin
dilində ərəb
və ya fars mənşəli
sözlər türk mənşəli şəkilçilərlə,
bir növ, yarımmilliləşdirilir: gəncləşmək,
havalanmaq, nazlanmaq və s.
Şair
mövcud, ənənəvi
frazeoloji vahidləri işlətməkdən daha
çox öz (üslubi) frazeologiyasını
yaratmağa çalışır:
ayrılıq məndən
düşəndə; boğar
aylar, illər məni; düşdün uğursuz dillərə; xəyalım dolaşar gəzər; mənzil uzaq, ömür yarı; zülm əlindən qurtulmuşlar;
hər üzümdən
bir şirə çək; doyunca iç bu bahardan;
alqış günəş
ölkəsinə; aşıq
deyər sərin- sərin; günəşin
qucağı; deyilən
söz yadigardır; sahillərə sinə gərək və s.
Üslub
fərdiliyi (və yeniliyi) ümumən Azərbaycan şeiri üçün səciyyəvi
olan bədii təyinlərdə (epitetlərdə)
də hiss edilir: durna gözlü bulaqlar, nəhs aylar, nəhs illər, alagözlü gündüzlər, dilbər
gəlin, xallı xalça, səhərlərin
ülkər gözü,
al bayraqlı bir səhər və s.
Və şeirin dilində, əgər belə demək mümkünsə, sel kimi bol-bol işıq gətirən, onu məzmunca nurlandıran çoxlu təntənəli (ancaq səmimi!) sözlər, ifadələr var ki, onları bu bolluqda, bu səmimilikdə yalnız Səməd Vurğun işlədə bilərdi: gündüz, ağ üz, ürək açan mənzərə, dümağ qar, rəng- rəng, pambığımız çiçək- çiçək, səhər- səhər, günəş, çıraq- çıraq, işıqlanmaq, səhərlər, Şərq və s.
“Azərbaycan” şeirinin leksik-semantik sistemində etnoqrafiklik nə qədər güclü olsa da, o, mahiyyəti etibarilə, siyasi-ideoloji məzmunlu əsərdir. Və həmin siyasi-ideoloji məzmunun öz leksikonu olmaqla yanaşı mətndəki az qala hər sözdə, ifadədə təəssüratı mövcuddur. “El bilir ki, sən mənimsən” misrasından başlamış “Qoca Şərqin qapısısan!” misrasına qədər hər sözdə siyasi-ideoloji məna əks olunur: Azərbaycan, (sakit axan) arazlar, Vətən, (böyük bir) keçmişin (vardır), (uğursuz) dillər, (nəsillərdən-nəsillərə keçən bir) şöhrət, səngər, azad, bizim Bakı və s.
Səməd Vurğunun “Azərbaycan” şeiri ümumən Azərbaycan şeirinə (və dilinə!) xüsusən leksik- semantik sistemi ilə dərhal, heç bir mübahisəsiz ənənəyə çevrilən elə bir yenilik gətirdi ki, neçə on illərdir diqqəti cəlb edən söz, ifadə yeniliyi axtarışları Səməd Vurğun miqyasından, demək olar ki, kənara çıxmır.
Nizami Cəfərov
525-ci qəzet.- 2014.- 8 mart.- S.23.