Yusif Səmədoğlunun gülüşü

 

 

“İnsanın necə güldüyündən tərbiyəsi,

nəyə güldüyündən isə zəkası və səviyyəsi aydın olar”.

Mövlana Cəlaləddin Rumi

Bir var ürəkdən gülmək, birvar nəyinsə xətrinə gülmək. Bir var ürəkdən qəhqəhə çəkib gülmək, birvar kimsə güləndə onun ağzına baxıb yamsılamaq. Hər nə cürsə gülənlər çoxdur. Hərə bir cür ömür eləyir, bir cürgülür. Bizim cəmiyyətimiz gülən cəmiyyətdir, özübu gülüşün axırı heç də yaxşı görünmür. Məsələ orasındadır ki, bizi güldürənlərdən, bizim güldüklərimizdən, bizə gülənlərdən az-çox halı olanlar biixtiyar bu sözləri dodaqaltı mızıldanırlar: ya imami-zühur.

Dostoyevski yazırdı ki, “Gülüş, ruhun heç çaşmayan aynasıdır”. Ona görə də bu rus yazıçısı insanı sözlə anlamaqdan daha çox üz ifadələri və jestlərlə qanmağın üstünlüyünü dönə-dönə vurğulayırdı. Dəvəsi ölmüş ərəbdən fərqlənməyən indiki ədəbi əsərlərdə “ölməmiş gülüşnadir hallarda yaranır, naqis cəhət odur ki, yaranan da ilğım misalıdır. Hazırkı nəsrimizdə ironiya o qədər çılpaq, “anabülbülüdür ki, sözü-sözün altından keçirib göstərmək deyilən işdən zərrəcə əsər görmək olmur. Quşları da görmək olur, güllələri də – ta buovçuluq oldu?!

Mirzə Cəlildən sonra Azərbaycan ədəbiyyatında gülüş səngidi. Axırıncı qulağımızda qalan şaqqanaq səsi Kefli İsgəndərindir. Hərçənd ki sonradan ogülüşün ipini hərə bir dirəyə çəkib bağlamaq istədi, ya da özü fırlandığı səmtə çəkmək istəyənlər tapıldı. Daha sonra Sovet ədəbiyyatında diri olan, yayılan və yaşayan, ən əsası, ağlı başında olan gülüş demək olar ki, az oldu. Yaddaşımı qurdalayanda bu qəbildən xoş xatırlanası Anarın “Molla Nəsrəddin-66” əsəri yada düşür.

60-cı illərdən dünyada gedən dürlü tendensiyalar fraqmentar təfəkkürə gətirib çıxardı. Selincerin qəhrəmanları Kefli İsgəndər kimi yerində dayanıb gülmürdü ki, hamı ona diqqət kəsilsin. Artıq türklər demiş, “gülüb geçmekmeydana gəlmişdi, görünür, bu da müasir dünyanın sürətiylə bağlı idi. Məhz bu cürgülüb keçmək” aspektindən yanaşanda Yusif Səmədoğlunun, sözün əsl mənasında, böyük nəsr nümunələrini həm də onun gülüşü ilə, ironiyasıyla çözə bilərik. Y.Səmədoğlunun bütün nəsr nümunələrini diqqətlə oxuya-oxuya onun əsərlərindəki yumor, ironiya, o dövrkü gülüş məni heyran qoydu. Onun nəyə və necə gülməsi barədə ağlımkəsən qədər düşünməli oldum. Misallara keçməmişdən irəli bir məqamı bəri başdan vurğulayıram, təvəqqem ondan yanadır ki, bu mətn daxilində gülüş sözünü dar mənada yox, geniş mənada (ironiya, ezop dili, yumor, eyhams.) qəbul edəsiniz. İndi isə Y.Səmədoğlunun əsərlərindəki ironikyumoristik məqamlara nəzər salaq:

***

Restorana gələn qızlar, qadınlar hərdən məqam tapıb kişilərin çiyinləri üzərindən, yan-yörələrindən ona baxırdılar. Bu baxışların adını Səbzəli kişi “gəl məni aparqoymuşdu. (“Bayatı-Şiraz” hekayəsi)

***

 – Nə vurursan, ağrın alım.

Kardiaminis cartes!

– Yaxşı dərmandımı, bizimkidi, ya onnarın? – Salatın Mahmuddan soruşdu.

Zülfüqar kişi arıq boğazının hulqumunu oynada-oynada bığaltı gülürdü. Çünki o da Mahmud kimicartesin mənasını bilirdi, bilirdi ki, bu söz erməni dilində “yıxıldı”, “dağıldı”, “öldü” deməkdir. (“Qətl günü” romanı)

***

Dünya tamam qarışıb, ay Temir, hər yanda dava gedir.

– Mənə nə!

– Məxluq qırılır, a kişi!

Biz ha qırılmırıq. (“Qətl günü” romanı)

***

Mahmud da vacib bir işi-filanı olmayanda, hər axşamVremyaya qulaq asırdı. “Vremya”nı Bakı da verirdi, Tiflis də. Mahmud, televizorla çox əlləşməsin deyə, əvvəlcədən kanalı Tiflisə keçirdi. Diktor görünən kimi ucadan dedi: ölmüş genə qırmızı paltardadı, fətə-bərəkallah, əh, sənin xaliqin, canan! (“Qətl günü” romanı)

***

Znaçit, ağa deyir ki, sür dərəyə... Arvad, bunu, mən ölüm, düz dedin. Lap düppədüz! Bu ağalar az qala desinlər ki, Cavadov, dombal, sənnən işimiz var. (“Deyilənlər gəldi başa” romanı)

***

  Ay nənə, mələklər niyə göydə yaşayırlar? Niyə gəlib bizimnən olmurlar?

  Bizimnən olsalar, ağrın ürəyimə, onlar murdar olarlar.

  Murdar nədi ki?

– Yəni erməni kimi bir şey olarlar... (“Deyilənlər gəldi başa  romanı)

***

“Səməndərin bu da yadına düşdü ki, adətən, axşamlar, bulvarda rastlaşıb söhbət elədiyi  adamların arasında ağıl sarıdan bəxti gətirməyənlər az deyildi.  Hətta birisi hər dəfə çayxanada əlinə keçən bir adamı çənəsinin altına salıb, şapkasından çıxardığı qalın dəftəri varaqlaya-varaqlaya kosmosda Azərbaycanın payına düşən Ulduzları bircə-bircə sadalayardı. (“Deyilənlər gəldi başa” romanı)

***

Dörd xoruzdur, altı da fərə.

– Afərin Xallıya.

Ay canım, qırqovulları vuran biz, sən afərini tulaya deyirsən. (“Gözlər” hekayəsi)

    ***

Mahmud, Salahlı Sadığın inəyinə vurduğun iynədən olar birdən, məni də halvalıq eləyərsən.

  bilim e, a kişi, səhər uşaq gəldi ki, tez ol özünü yetir Sadıxgilə. Heç əməlli başa düşmədim naxoş kimdi, Sadıxdı ya inəyi?.. Nə yaxşı kişiyə vurmamışam (“İncə dərəsində yaz çağı” hekayəsi).

Yuxarıda çəkdiyim misalları oxudunuz. Gözünüzün qarşısında yaranan mənzərə nə oldu?  Bu təbii ki, dünyada baş verənləri anlayan, iti gözlə izləyən, yeri gələndə öz əsərlərində də uğurla istifadə edən, həyatın özündən doğan yumoru, zarafatı əks etdirən əsl usta yazıçının gülüşüdür. Y.Səmədoğlunun gülüşü mənə beş cəhətə görə maraqlı görünür.

1. Onun gülüşü gülüşə qədərki, situasiyanın ahəngini pozmur.

2. Onun gülüşü süjetdən və situasiyadan kənarda da öz batini xarakterini saxlayır.

3. Onun gülüşü obrazın xarakterini açır, mövzunun ipini bir az da dərinə sallayır (kor quyuda da həyat var).

4. Onun gülüşü gülüş xatirinə deyil, əsərin mahiyyətindən doğur.

5. Onun gülüşü ifşaedici gülüş, “qara yumordeyil, analitik gülüşdür, şərhə gəlir, konteksti var.

Yumorironiya yarada bilmək bacarığı ustalıq tələb edir. Çünki yumor iki kontekstdə risklidir. Birincisi yumor anlaşılmaya bilər əsərin mahiyyətini dolaşığa salıb oxucunu azdırar, ikincisi isə ironik fikrin başqa dillərdə eyni effekti doğurmur. Ancaq Y.Səmədoğlunun ironiyası yumoru bu iki problemi dinməzcə aşır. Maraqlıdır; bizi əsərin yazıldığı dövrlə həm həmin yumor ironiyalar bağlayır. Bununla da bizə aydın olur ki, o dövrdə nəyə gülürlərmiş ən əsası yazıçı nəyə ironiya edirmiş, təbəssümdən yaranan qırışların dərinliyi nədir.

Əsərlərdən gətirilən misalların bəziləri, olsun ki, müstəqil olduğundan hansı dərəcədəsə öz qüvvətini itirir, ancaq biz o sağlam yumorla əsər daxilində tanış olanda, uzağa vuran nişanlar yaxşı aydınlaşanda təbii ki, daha təsirli olur. Y.Səmədoğlunun yaradıcı üstünlüyü həm ordadır ki, o, əsərə müdaxilə etmir, snayper atıcısı kimi elə yer seçib hədəfi vurur ki, öz yeri (müəllifin yeri) bilinmir. Bu anlamda Y.Səmədoğlu azsaylı nasirlərimizdəndir ki, onun mənini əsərin içində aşkarlamaq, “bunları o yaşayıbmı deyədüşünmək bir az çətin olur.

Çexovun 6000-ə qədər qəhrəmanı olduğunu nəzərə alsaq və yazıçının hər obrazında özündən nəsə var fikri ilə razılaşsaq, bizi həmin xətti tutub Çexova sarı getsək, heç də dəqiq ünvana yetişmiş olmarıq. Çexov yazırdı ki, “hekayələrimdəki 5 obrazdan biri mənəm”. Bəs görəsən, hansı idi o? Y.Səmədoğlu da bu mənada ustalıqla yazıb və öz mənini ələ verməyib, ancaq bir az xatirələrdən, bir az yazıçıyla bağlı bioqrafik məqamlardan ONU tanıyırıq. Onun əsərlərindəki yumoristik məqamlardan belə bir nəticə hali etmək olur, kənarda xeyli həyat təcrübəsinə malik, alnının qırışları cahanın qədimliyi ilə həmahəng olan, xeyli təcrübəli bir yazıçı bütün məsələlərdən xəbərdardır, özü dinmir, sadəcə hamını (Temiri də, Səbsəzli kişinis.) danışdırıb dillərinin altından çıxardır və kimisə pərt eləmədən “ürəyində gülür”. Bu göz önünə gələn, gümandır həm də. Çünki indi mətni müəllifin həyatı ilə bağlamaq o qədər də keçərli sayılmır.

Y.Səmədoğlunun yumoru bir məqama görə də diqqətə layiqdir. Bu hadisələrə gülüb dayanmırsan, gülüb sonrasa düşünürsən. Eyni zamanda, gülüb unutmursan, situasiyanı-situasiyaya xatırlayırsan. Sanki iksirli bulaqdan götürülüb – tükənmir.

...“torpağı bir yerdən götürülüb” məsəlini müəyyən məqamda həm də oxucu ilə mətnə aid edə bilərik. “Qətl günü” romanı əsasında fikrimi əsaslandırım. Y.Səmədoğlunun “Qətl günü” romanını oxuyub unudursan, bəlkə də yaddaşında bir cümlə də qalmır, ancaq bircə kəlmə kimsə xatırladan kimi, sanki yaddaşın bərpa olunur, oxuduqlarını xatırlayırsan. Romanın da mahiyyətində yaddaşın müəyyən mərhələdə bərpa olunması, baş verənlərin unudulmaması və s. məqamları var. Əsərdəki Sarıca oğlu Məhəmməd və Zülfüqar kişi münasibətləri elə bil həm də oxucu  və yazıçı münasibətlərdir. Kitab Sarıca oğlu Məhəmməddir, oxucusa Zülfüqar kişi. Yaxud “Qətl günü”ndəki üstün bir cəhət də odur ki, anlamadığın məqamları belə yüngül, yalançı intellektuallıq hesab etmirsən, əksinə beyninin qırışlarını daha tarım “çəkib” düşünməli olursan, sövqi-təbii anlayırsan ki, problem səninlə bağlıdır, əsərə aid deyil. Bu əsərdəki ironik məqamlar o qədər canlı, təravətli və arifanədir ki, doğurdan da, insan heyrət edir. Dövrlərin dəyişimindən yazılmış bu əsər hər üç dövrdə də zaman uyğun ironik çalar tapılıb. Qəribədir ki, Y.Səmədoğlunun yarımçıq qalan “Deyilənlər gəldi başa” romanı da dövr dəyişiminə təsadüf edir. Dövr dəyişimi ironiya etmək üçün çox uyğun dönəmdir. Çünki keçmiş artıq dəbdə deyil, ələ salınası tərəfləri var, yaranansa hələ oturuşmayıb, bəyənilmir. Ona görə də müəllifin “dörd bir tərəfə” deyəsi sözü var.

Bu günlərdə Anarın Y.Səmədoğlunun “Seçilmiş əsərləri”nə yazdığı ön sözü oxudum, “Deyilənlər gəldi başa” romanı barədə yazır: “Hər dəfə soruşandaRoman necə oldu, haçan bitirirsən? – “İşləyirəm, işləyirəm, ciddi işləyirəm, sağlıq olsun”.  Doğrudan da, Y.Səmədoğlunun 16 hekayəsini, 2 romanını oxuyanda hiss etdim ki, o bütün yazdıqlarını “sağlıq olsun” təmkiniylə işləyib. Bütün əsərlərin “dəmə qoyulduğuaşkar görünür. Ona görə də onun əsərlərində gülüş tələskən irişmək deyil, rahat gülüşdür, mahiyyətlidir.

 

Fərid Hüseyn

525-ci qəzet.- 2014.- 8 mart.- S.22.