Xaricdə hər bir azərbaycanlı - Azərbaycan daşıyıcısıdır

 

Küləkli, şaxtalı qış havası, güclü qar yağır. Ermənilər bərk sevinir. Çünki əmindirlər ki, belə havada azərbaycanlıların, daha doğrusu uzaq Virciniyada oxuyan bir məktəblinin təşkil etdiyi tədbirə kimsə gəlməyəcək. Amma alınmır, 17 yaşlı Hüseyn Mustafabəylinin açıq havada keçirdiyi aksiya uğurlu olur.

Hüseyn Mustafabəyli orta məktəbin yuxarı siniflərini Amerikada oxuyub. Yüksək səviyyəli təhsil ardınca Virciniyaya gedən Hüseynin gördüyü ilk - müəllimlərinə Azərbaycan haqqında təbliğat materialları paylaması olub: "Əsas iki məqsədim vardı: yaxşı təhsil almaq Azərbaycanı tanıtmağa çalışmaq. Məktəbim 45 min əhalisi olan Chavlottesville şəhərində yerləşirdi. Fikirləşdim, qədər ki, bu məktəbdə erməni, azərbaycanlını tanımırlar, qoy, onda qabağa düşüb özümüzü tanıdaq. İlk dəfə Amerikaya gedəndə, Azərbaycanın müxtəlif musiqi alətləri, balaca xalçalar, müxtəlif suvenirlər aparıb hər bir müəllimə hədiyyə verdim, hamısına da həmin hədiyyənin  tarixçəsini danışdım. İndi məktəbin kampuslarında elə otaq qalmayıb ki, orada Azərbaycana aid nəsə olmasın".

 

Ermənilərin sevinci gözlərində qalıb

Yazının əvvəlində barəsində söz açdığımız tədbirə gəlincə, həmin gün Hüseyn amerikan çinli dostlarının köməyilə  Qarabağın səsini  amerikanlara çatdırıb. Üzərində 'Voices for Karabakh' yazılan böyük bir banner düzəldərək onu şəhərin mərkəzi küçələrindən birinə qoyub: "Musiqiçilər tutduq, klassik musiqi sədaları altında bannerin qabağında guşə yaradıb öz materiallarımızın təqdimatını keçirdik.  Şəhərdəki ermənilər havanın pis keçdiyinə çox sevinirdilər, elə güman edirdilər ki, havaya görə təqdimata gələn olmayacaq. Yaxşı ki, şəhərdəki restoran sahiblərindən biri restoranı bağladı, qabağındakı terrasda bizə aksiya keçirməyə imkan yaratdı. Bir  neçə saat ərzində insanlar bizə yaxınlaşıb musiqimizi dinləyir, broşür şəkillərə baxırdılar. Onlara ermənilərin əməlləri haqda hər şeyi danışdıq. Bütün bu zorakılıqları sadalamaqla yanaşı, onu da vurğuladıq ki, biz sülh, mehribançılıq, dostluq axtarırıq. Çünki məhz bu yolla onların zehninə təsir etmək olur". Hüseyn deyir ki, yerli sakinlər 200-dən çox broşürun hamısını öz istəyi ilə götürüblər. Hətta sonradan onunla əlaqə saxlayıb daha ətraflı informasiya istəyənləri olub. H.Mustafabəyli 800 tələbənin oxuduğu bir məktəb təqdimat keçirdib.

 

"Vətəndən uzaqda yaşamaq ona biganə qalmaq demək deyil"  

Bu, yalnız bir tələbənin təkbaşına, öz qüvvəsi hesabına gördüyü bir işdir. Amma bu missiyanı təşkilatlanmış formada, şəbəkə şəklində həyata keçirənlər var. "Azərbaycanın ən böyük gənclər təşkilatından olan ASAİF-in (Xaricdə təhsil alan məzun olmuş azərbaycanlıların forumu) əsas qayəsi məhz milli-mənəvi dəyərlərə sadiqlik, Azərbaycanın təmsilçiliyidir". Bunu ASAİF-in sədri Ramin Həkimov deyir. Onun sözlərinə görə, bu qurumun məqsədi gəncləri milli ideologiya, lobbiçilik, dövlətçilik, millətçilik azərbaycançılıq ətrafında birləşdirməkdir: "Vətəndən  uzaqlarda yaşamaq, xarici ölkələrdə təhsil almaq heç onun qayğılarına laqeyd yanaşmaq demək deyil. Xaricdə olan hər bir gənc dərk etməlidir ki, Azərbaycanın müasir siması bizim şəxsiyyətimiz, istedadımız biliyimiz, tərbiyəmiz, əhatəmizdə olan insanlara münasibətimiz prizmasından formalaşır. Bu baxımdan, azərbaycançılıq ideyasının inkişafının mühüm tərəflərindən biri olan qlobal diaspor fəaliyyəti milli maraqlarımızın müdafiəsinin dövlətimizin nüfuzunun artmasının, onun müsbət imicinin daha da möhkəmləndirilməsi prosesinin zəruri elementlərindən birinə çevrilib".

Təşkilat sədri deyir  ki, gənclər  həmişə Azərbaycan diasporunun ayrılmaz tərkib hissəsi fəal qüvvəsi hesab olunublar. Məhz bu baxımdan gənclərimizin təşkilatlanması, vahid mərkəz ətrafında birləşməsi xüsusi əhəmiyyət kəsb edir: "Biz daim ölkəmizin təbliği, ümummilli problemlərimizin xarici ölkələrdə müzakirə olunması üçün müxtəlif platformalar yaratmağa çalışırıq.  Tələbə məzunlarımız vasitəsilə Azərbaycanın müsbət imicinin təbliği, taleyüklü məsələlərdə beynəlxalq dəstəyin əldə olunmasına nail olmaq təşkilatımızın əsas dəyəridir. Biz öz üzvlərimizi təhsillə yanaşı, həm xaricdə diaspora lobbiçilik işində sosial-ictimai fəal olmağa, məzun olduqdan sonra cəmiyyətə inteqrasiya prosesində aktiv olmağa səsləyirik". R.Həkimov indiyə kimi bu istiqamətdə xeyli işlərin görüldüyünü xatırladır gələcəkdə daha genişmiqyaslı  təşəbbüslərlə çıxış edəcəklərini vəd edir.

 

İspan siyasətçisi Patrisiya Rivera:"Azərbaycanın təbliği üçün görə biləcəyimiz işlər çoxdur"

Azərbaycanın təbliği ilə bağlı müzakirə doğuran məsələlərdən biri - bu təmsilçiliyin yolları ilə bağlıdır. Azərbaycanı kim necə təbliğ etməlidir? Belə fikirlər səslənir ki, istənilən cəmiyyətdə məhz o cəmiyyətin öz içindən kimsə Azərbaycanı tanıtsa, onların səsini daha yaxşı eşidərlər. Yəni, Azərbaycanı tanıtmağın ən effektiv yolu  öz ölkəsində ictimai-siyasi aktiv şəxslərin marağını cəlb etməkdir. İspaniyalı gənc fəal Patrisiya Rivera məhz belə gənclərdəndir. Bu xanın xaricdə keçirilən tədbirlərdən birində Azərbaycanın sorağını alandan sonra ölkəmizlə tanış olmaq qərarına gəlib. Bakıda bir çox görüşlər keçirib, ölkəmiz haqqında daha çox məlumat toplayıb.

Xanım Rivera  İspaniyada Sosial Partiyasının gənclər təşkilatının sədridir. Bildirir ki, öz ölkəsində Azərbaycan haqqında deməyə sözü çoxdur: "Etiraf edim ki, əsasən "Eurovision" mahnı müsabiqəsindən sonra Azərbaycanla maraqlanmağa başladım. Sonradan bu marağım ictimai-siyasi müstəviyə keçdi. Həmçinin, sadə vətəndaşlarla görüşmək, azərbaycanlıların adət-ənənələri öyrənmək, onların bir-birilərinə insani münasibətləri haqqında məlumat toplamaq mənə çox cəlbedici göründü. Burada keçirdiyim görüşlər arasında "ASAN xidmət" mərkəzlərində gördüklərim məni müsbət mənada təəccübləndirdi. Azərbaycanda insana yatırılan kapitalın dəyərini hiss etdim".

P.Rivera hesab edir ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin gündəmə gətirilməsində Azərbaycana yardımçı ola bilər: "Çünki sülhün ədalətin bərqərar olması sadəcə Azərbaycan üçün deyil, həm Avropa üçün çox vacib bir məsələdir. Bu problemə gənc liderlər tərəfindən daha çox təsir edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin düzgün formada təbliğində, bu məsələdə Azərbaycanın mövqeyinin müdafiə olunmasında rəhbərlik etdiyim təşkilatın köməyindən yararlanmaq olar. Artıq azərbaycanlı dostlarla birlikdə koalisiya yaratmışıq. Bu qurum çərçivəsində əldə edəcəyimiz təcrübə, görə biləcəyimiz işlər çoxdur. Həm təbliğatımızın prioritet istiqaməti adi vətəndaşlar üzərində qurulmalıdır. Çünki onsuz da ictimai-siyasi dairələr Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mövqeyi haqqında müəyyən mənada məlumatlıdır.  İndi isə daha çox vətəndaşlar məlumatlandırılmalı, bu dərdə şərik çıxmalıdır. Bu missiya da bizim üzərimizə düşür".

 

Millət vəkili Cavanşir Feyziyev: "Avropadakı azərbaycanlılar bu həqiqəti anlayıb"

Millət vəkili, Mətbuat Şurasının beynəlxalq münasibətlər komissiyasının sədri Cavanşir Feyziyev xarici ölkələrdə yaşayan ya təhsil alan hər bir soydaşımızın öz ölkəsini təmsil etməsi fikri ilə tam razıdır: "Hər bir azərbaycanlı yaşadığı ölkənin mədəniyyətini öyrənməlidir, oradakı qayda-qanunlara uyğun davranmalıdır. Onlar öz yaşadıqları cəmiyyətdə müsbət cəhətdən qəbul olunmalıdırlar. Bu baxımdan, Avropada yaşayan azərbaycanlılardan arxayın ola bilərik. Çünki orada ölkəmizi təmsil edənlər - gənclər, tələbələr, biznes elm adamlarıdır. Məhz bu kəsim soydaşlarımızın Azərbaycanı layiqincə təmsil etməsində problem görmürəm, çünki onlar daha hazırlıqlı insanlardır".

C.Feyziyev öz müşahidələrinə arxalanaraq qeyd edir ki, Avropada olan azərbaycanlılar artıq bu həqiqəti anlayıblar: "Onlar sadəcə xaricdə yaşamır, həm də Azərbaycanı təmsil edirlər. Avropanın hər hansı bir böyük şəhərində Azərbaycanla bağlı tədbirlər keçiriləndə, biz bunun şahidi oluruq. Onlar şüurlu şəkildə könüllü olaraq toplantılara qatılırlar, Parisdə, Londonda, Berlində və digər şəhərlərdə mədəni-kütləvi tədbirlər təşkil edirlər. Orda yaşayan azərbaycanlılar əsasən intellektual cəmiyyətinə qovuşduqlarına görə daha səmərəli təmsil edə bilirlər".

 

Xaricdə yaşayanlar və oxuyanların sayı artacaq 

Reallıq isə budur ki, xarici ölkələrdə Azərbaycanı təmsil və təbliğ edəcək şəxslərin sayı yaxın illərdə daha da artacaq. Çünki "Azərbaycanlı Gənclərin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı" belə gənclərin sayının artmasına xidmət edir, Azərbaycanlı gənclərin qızıl fondunun yaranmasında ən böyük töhfəni verir. İndiyədək bu proqram çərçivəsində 2 minə yaxın gənc xaricdə təhsil alıb, həm də müxtəlif tədbirlərin təşkilatçısı olub. Artıq proqramın 2020-ci ilə qədər uzadılacağı haqqında ilkin məlumatlar təsdiqlənib. Deməli, hələ bir çox Azərbaycan gənci Azərbaycanı təbliğ etmək və bu sahədə özünü təsdiqləmək imkanını qazanacaq.

sonda... İndiyə kimi xaricdə oxuyan, işləyən, yaşayan insanlarla müsahibələrimdə müşahidə etdiyim bir məqamı xüsusi vurğulamaq istəyirəm. Onların hamısı demək olar, eyni sözləri deyirlər: nədənsə, xaricdən baxanda, Azərbaycan haqqında tamam ayrı cür düşünürsən. Bəlkə də Azərbaycanda olanda heç vətənin qədrini bilmirsən, amma kənara çıxan kimi səndə vətənpərvərlik hissləri güclənir. Və istər-istəməz ürəyində "Azərbaycan üçün nəsə etmək lazımdır" istəyi  baş qaldırır. Ümid edirik, məhz bu istəyin reallaşması üçün onlar əllərindən gələni əsirgəməyəcəklər.

 

Fərəh Sabirqızı

525-ci qəzet.- 2014.- 7 mart.- S.5.