Yalan, aldatma, məkr və hiyləgərlik

(son hissə)

 

 

 

 

Afrika üçün həlledici döyüşün başlanğıcını Belçika kralı II Leopold qoymuşdu. Onun hərəkətlərinin başlıca motivi acgözlük, tamahkarlıq idi. 1870-ci ilin əvvəlində o, belə bir xəbərlə tanış oldu ki, Konqo çayının hövzəsində heyranedici və çox varlı olan bir ölkə yerləşir. O, ABŞ ərazisinin 1/3-nə bərabər olan bu nəhəng ərazini ələ keçirmək üçün alışıb yanırdı. Bu məqsədlə o, Henri Stenlini öz xidmətinə dəvət etdi. Bu vaxt o, Afrikanın içərilərində Livinqstonun itmiş ekspedisiyasını axtarırdı.

Stenli Belçika kralının tapşırığı ilə xüsusi missiyanı həyata keçirmək üçün Konqoya göndərildi. Hiyləgərlik və aldatma yolu ilə o, Afrika tayfa başçıları ilə əraziləri ələ keçirmək məqsədilə bir neçə müqavilə bağladı. 1882-ci ilədək Belçika kralı 1 milyon kvadrat kilometrlikdən çox ərazini ələ keçirməyə müvəffəq oldu. O, canfəşanlıqla Afrikada imperializmi tətbiq edirdi. O deyirdi: “Sivilizasiyaya açılmaq üçün bizim yer kürəsinin yalnız bir hissəsinə hələ nüfuz edilməmişdir, bütün əhalini əhatə edən cəhaləti dağıtmaq elə Səlib yürüşüdür. Mən bunu deyirəmsə, Səlib yürüşü bu proqress əsrinə layiqdir”.

II Leopold Konqoda yerli əhaliyə qarşı hər cür vəhşiliyə əl atırdı. Təbii kauçuku – heveya ağacının şirəsini yığmaq üçün cəlb edilən zəncilərdən gündəlik normanqı yerinə yetirməyənlərin sağ qolu kəsilirdi. Bir müddətdən sonra qolları kəsilmişlərin sayı həddən çox artdıqda, bu qayda ləğv edildi, başqa cəza növləri işə salındı. Belçikanın paytaxtı Brüsseldə qara dərililər üçün heyvanxana tipli xüsusi sərgi yaradılmışdı, zəncilər vəhşi heyvanlar kimi dəmir qəfəslərdə nümayiş etdirilirdi. Belçikalılar ekzotik heyvanlar kimi onlara maraqla tamaşa edirdilər.

Avropa dövlətləri Afrikanın ərazi bölgüsü ilə daha yaxından məşğul olmağa başladılar. 1884-cü ildə Almaniya kansleri Otto fon Busmarkın təşəbbüsü ilə Berlin Beynəlxalq konfransı keçirildi. 14 dövlət (Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları) konfransda Afrikanın ərazi bölgüsünü qanuniləşdirdilər.

Afrika ərazilərini ələ keçirəndə avropalılar əksər hallarda aldatmaya və hiyləgərliyə əl atırdılar. Axı onların bağladıqları müqavilələri digər tərəfdən tayfa başçıları imzalayırdı, onlar isə heç oxumağı da bilmirdilər və çox vaxt sənədin məzmununa belə diqqət vermirdilər. Torpağın əvəzində tüzemlər bir neçə butılka cin, qırmızı yaylıq və ya müxtəlif rəngdə olan paltarlar alırdılar. Axı bu təcrübədən Şimali Amerikada hindu torpaqlarını ələ keçirmək üçün hələ hollandlar və ingilislər geniş sürətdə istifadə etmişdilər. İndiki Nyu-Yorkdakı Manhetten adasını hollandlar hindulardan 60 quldenə və ya 24 dollara almışdılar. Avropalılar hinduları içirib sərxoş edir və belə vəziyyətdə onlar hər cür ədalətsiz sövdələşmələrə razılıq verirdilər. Hinduların mədəsində spirti parçalayan ferment olmadığından (Qrenlandiya eskimoslarının bədənində də eyni ferment defisiti mövcuddur), onlar azacıq spirtli içki içdikdən sonra tezliklə sərxoş olurdular, şüurlarını itirdiklərinə görə ən ağır təkliflərlə də razılaşırdılar.

Avropalılar insanlığa məhəl qoymadan, lazım gəldikdə silahdan istifadəyə də əl atırdılar. 1884-cü ildə saniyədə 11 güllə atan “Maksim” pulemyotu ixtira edildikdən sonra hərbi üstünlük tamamilə müstəmləkəçilərin tərəfinə keçdi. Ona görə də yaxşı deyirlər ki, imperializm pulemyotun köməyi ilə hakim kəsildi və pulemyotun özü də ona sonluq bəxş etdi. Amerikanın ağdərili sakinləri hindulara ağır zərbə vurmaq, həm də sənayenin dəriyə olan tələbatını ödəmək üçün bizonları qırırdılar. Vinçester tüfəngi icad edildikdən sonra isə irqdən olanlar qırmızıdərililərin əsas qida mənbəyi olan bu çöl heyvanlarının kütləvi surətdə məhv edilməsinə nail oldular. Amerika preriyalarındakı bizon sürüləri demək olar ki, yoxa çıxdı. Odlu silahların təkmilləşdirilməsi və onların yeni növlərinin kəşfi müstəmləkəçiliyin, əslində vəhşiliyin uğurlarına qapıları taybatay açırdı.

Afrikaya gəldikdə, qitənin işğalı təsadüfi deyildir ki, tarixə “böyük Afrika ovu” altında daxil oldu. 1893-cü ildə Zimbabvedə 50 avropalı 6 pulemyotla 3 min qaradərilini öldürdü. 1998-ci ildə Sudandakı Omdurmanda gedən döyüşdə ingilislər 5 saat ərzində 11 min sudanlını məhv etdilər, özlərinin isə itkisi 20 əsgərdən ibarət idi.

 

 

Müharibədə də yalan

ən güclü silah kimi

 

 

Yalan, hiyləgərlik, aldatma müharibənin ən səmərəli silahlarından biri hesab olunur. Bəzən yalan gətirdiyi faydaya görə onlarla diviziyanı əvəz edə bilir. Çünki yalanı işə salan tərəf bu metodun tətbiqinə görə heç bir itki vermir. Çingizxandan miras qalan həmin metod digər silahlardan fərqli olaraq heç vaxt köhnəlmir, yararlılığını qoruyub saxlamaqla, öz yerini hansısa təkmilləşmişinə vermir. Müttəfiq qoşunlarının (İngiltərə, ABŞ və Kanada qüvvələrinin) 1944-cü il iyunun 6-da Normandiyaya 3 milyon nəfərlik desantının uğurlu və əsasən az itkili olmasında istifadə edilən yalan informasiyanın böyük faydası oldu.

Xuan Qarsia Pujol adlı, 1912-ci il təvəllüdlü bir ispan alman agentinə çevrildikdən sonra Böyük Brataniyaya getmək barədə əmr aldı. Orada o, əlavə agentlər cəlb etməli idi. Ailəsi ilə birlikdə Britaniyaya gəldikdən sonra  Pujol ingilislərə əməkdaşlıq təklif etdi, britaniyalılar onun təklifini qəbul etdilər. Burada o, Qarbo agent ləqəbini qəbul etdi, almanlar üçün isə onun agent ləqəbi Arabel idi. Beləliklə, İkinci Dünya Müharibəsi ərzində o, ikili agent oldu və bu dövrdə uzun müddət almanların Baş Qərargahını aldatdı.

Pujol – Qarbonun ən böyük xidməti Normandiya desantı ərəfəsində baş verdi. O, almanları yalan məlumatlarla aldadaraq, əməliyyatın Pa-de-Kaledə deyil, Normandiyada aparılacağının tam sirr olaraq qalmasına nail oldu. Almanlar onun məlumatına əsaslanaraq Pa-de-Kaledə güclü istehkamlar qurdular. Buna görə də müttəfiq qoşunlarının baş komandanı Duayt Eyzanhauer Normandiya istiqamətini seçdi.

Desant gününə (D-day) 71 gün qalmış Qarbo almanları əməliyyat barədə aldatmağa başladı. Almanlar tam əmin idi ki, hədəf Pa-de-Kaledir, Duvr boğazıdır. Hitler həm də güman edirdi ki, D-day iki aydan sonra başlayacaqdır. Almanlar müdaxilənin belə tez və başqa yerdə olacağını gözləmirdilər. Müdafiə qoşunlarına komandanlıq edən Rommel desant ərəfəsində arxayın qaydada Berlinə, arvadının ad gününə getmişdi. Qarbo xəbər verirdi ki, Normandiya diqqəti yayındırmaq cəhdidir, hücum Pa-de-Kaledə olacaqdır. Ona görə də Hitler 300 min əsgəri Pa-de-Kaledə saxlayırdı.

Hitler Normandiyaya desant kimi hazırlanan “Neptun” əməliyyatından xəbərsiz idi. Çünki Britaniya Duvr ətrafında da kamuflyaj qaydasında rezindən çoxlu tanklar düzmüş, Kent yaxınlığındakı aerodromda taxtadan və parçadan düzəldilmiş çox sayda təyyarələr qoymuşdu. Alman hərbi-hava kəşfiyyatı bunları müşahidə edib, komandanlığa həqiqi qüvvələr kimi məruzə edirdi. Bu da Qarbonun çaşdırmaq üçün verdiyi məlumatlara alman Qərargahının inamını daha da artırırdı. Saxta informasiya öz işini görmüşdü. Normandiyada ciddi hazırlıq işləri görülməmüşdü. Kale rayonundan oraya vaxtında qüvvə atmaq da asan məsələ deyildi, çünki onların arasındakı məsafə 249 km idi.

Qarbo alman komandanlığını Müttəfiq qoşunlarının müdaxiləsinin vaxtı və yeri barədə ciddi surətdə azdırmaqla, əməliyyatın uğurunda mühüm rol oynamışdı.

Əlbəttə, özlüyündə də Normandiya desantı sadə bir iş deyildi və hücum edənlər müəyyən itki verməli oldular. Desant əməliyyatında beş min gəmi iştrak edirdi. Əgər almanlar desantın vaxtını və yerini düzgün bilsəydilər, bu itki bəlkə də dəfələrlə çox olardı və elə uğurla başa çatdırılmasına nail oluna bilməzdi.

 

Pujal müharibədən sonra Venesuelaya getdi və 1988-ci ildəki ölümünə qədər orada yaşadı.

 

Yalanın, hiyləgərliyin müharibədə nəyə qədər olduğunu Qarbonun saxta informasiyasının uğurlu nəticəsi bir daha göstərir. Bu ikili agent həm Böyük Britaniyanın, həm də faşist Almaniyasının hərbi mükafatları ilə təltif edilmişdi. Almanlar müharibənin sonunadək öz casusları olan Arabelin (Qarbonun) onlara necə ağır zərbə vurduğundan hali ola bilmədilər. Demokratik ölkə olmasına baxmayaraq, Uinston Çörçill hərbi informasiyanın sirrinin qorunmasına xüsusi fikir verirdi. Almanların “Eniqma” kod şifrələri açıldıqdan sonra Çörçill bunu “ultrasirli” məsələ adlandırmışdı və bu iş “ultra” adı altında daim gizli saxlanmışdı. Hətta ən ağır anlarda da, müttəfiqinə ağır zərbə dəyəndə də (məsələn, 1941-ci ilin 7 dekabrında yaponlar Pyorl-Harbora ağır nəticəsi olan hücumlarını edərkən) bu sirr gizli saxlanmışdı ki, almanlar kodun açılmasından xəbər tutmasınlar.

 

Yalan istehza vasitəsi kimi

 

Bəzi hallarda yalan istehza, ələ salmaq qaydasında istifadə edildikdə, gözlənilmədən olduqca yaxşı effekt verir, cahil adamların iç üzünün açılıb, ifşa edilməsinə köməklik göstərir. Bu yolla aldadılan adam çox asanlıqla öz səviyyəsizliyini üzə çıxarır. Böyük rus yazıçısı F.M.Dostoyevski katorqadan qayıtdıqdan sonra Peterburqda küçədə bir yazıçı ilə görüşdü. Həmin yazıçı qəzəblənməyə başladı: “Sizi katorqaya göndərmək – nəyə görə?! Kitabları oxumağa görəmi? Vəhşilik? Asiya qaydası! Özbaşınalıq!”

Dostoyevski onun sözünü kəsdi: “Yox! Biz rus xalqının əleyhinə getdik və xalq bizi katorqaya göndərdi! Və ədalətə uyğun olaraq!”

Yazıçı evinə gəlib, qeyd dəftərində yazdı: “Dostoyevskini gördüm. O, həmişə Səfeh idi. Katorqadan qayıtdıqdan sonra lap Dəli olmuşdur!” Dostoyevski yəqin ki, bundan xəbər tutsaydı, həmin cahilin belə qiymətinə görə sevinə bilərdi, çünki bu səfeh adam onun istehzalı “Xalq bizi katorqaya göndərdi” sözlərinə inanmaqla, dahinin adı kinayəsini anlamadığından onun haqqında özünə bilavasitə daha çox uyğun gələn ifadələri işlətmişdi.

 

lll

 

Yalan, aldatma məkr və hiyləgərlik asan yolla fayda götürməyə cəhd edənlər üçün əvəzedilməz vasitə rolunu oynayır. Yalanda yaşamaq təkcə həqiqətə göz yummaq deyildir, həm də insanı mənəvi cəhətdən aşınmaya aparan yoldur. Mənəviyyata vurulan zərbə isə lepra yarası həyati orqanları çürüdüb məhv etdiyi kimi bütövlükdə cəmiyyəti də ağır fəsadlara mübtəla edir. Ona görə də qüsurların yaratdığı mənəvi eroziyaya qarşı diqqətli olmaq tələb olunur. Azad cəmiyyətlərdə onların minimuma endirilməsinə çalışılmalıdır. Ona görə də ayıq olmaq xəbərdarlığı edilməli, bu sahədə güzəştə yönələn tolerantlığa və mürgüləmə imkanlarına yol verilməməlidir. Həqiqət axınında, bu dirilik suyunda azacıq nəzərə çarpan yalan damlası da nəzarətdən kənarda qalmamalıdır.

Yalanı danışanların günahı nə qədər çox olsa da, yalana inananların, onu mütləq həqiqət kimi qəbul edənlərin də təqsiri az deyildir. Böyük alman şairi Höte yazırdı ki, “ Bizi heç vaxt aldatmırlar, biz özümüz özümüzü aldadırıq”. Həqiqətən də özümüzü aldatmasaq, yalan belə böyük qüvvə kəsb edə bilməz.

 

  son

Telman Orucov

525-ci qəzet.- 2014.- 8 mart.- S.19.