Dünyada bundan qəmli hekayət yoxdu...

 

 

 

 

2013-cü ilin payızında Azərbaycan və Türkiyə ekranlarına iki ölkə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında müştərək çəkdikləri “Mahmud və Məryəm” filmi çıxdı. Hal-hazırda bu blokbasterin prokatı Şərqi ərəb ölkələrində və Avropada uğurla həyata keçirilir. Bu filmi görən tamaşaçılar (Azərbaycanda belələri çox deyil. Çünki müasir azərbaycanlı tamaşaçı yeni filmləri internetdən izləməyə, yaxud da televiziya ekranlarında  nümayiş olunacağı günü səbrlə gözləməyə adətkardı) onun bədii dəyərlərini, aktyorların peşəkarlığını, quruluş verilmiş kadrların maraq və parlaqlığını xüsusi qeyd edirlər. Mənsə filmə baxdıqdan sonra düz otuz il əvvəl işıq üzü görən bu romanı təzədən oxumaq, tarixin müəyyən dönəmlərində yazıçı təbiətinin heyrətamiz dərəcədə incəgörənliyi barədə düşüncələrimi bölüşmək istədim.

XX əsrin 80-ci illərində Azərbaycanda və Ermənistanda təxminən eyni vaxtda iki kitab çıxdı: Zori Balayanın “Ocaq” adlı publisistik essesi və Elçinin “Mahmud və Məryəm” romanı. “Ocaq” 1984-cü ildə Moskvada çap olundu, “Mahmud və Məryəm” romanı isə 1985-ci ildə Bakıda rus dilində işıq üzü görəndən sonra dünyanın bir çox dillərinə tərcümə edilib yaxın və uzaq xaricin bir çox ölkələrində nəşr olundu.

Bu əsərlərdə eynilə güzgüdəki kimi dünyanı dərkin iki qütbü, öz xalqının tarixi keçmişinə iki yanaşma əks olunmuşdu. Bir tərəfdə milli əlahiddəliyin şəninə nəğmələr, öz xalqının bütün məşəqqətlərinin səbəbini düşmən mühitdə, “qaniçən” türklərin arasında yaşamağa məhkumluqda axtarmağın uğursuz cəhdi (Z.Balayanın kitabı), o biri tərəfdə Elçinin klassik Azərbaycan, daha geniş götürsək, Şərq ədəbiyyatının çoxəsrlik humanist ənənələrini, milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq, insana sevgini əks etdirən romanı. Əgər Z.Balayanın publisistikasında başqa dinlərin nümayəndələrinə, xüsusən də türklərə qarşı  dözümsüzlük, hətta nifrət hökm sürürsə, Elçinin romanında əksinə, möhtəşəm humanist çağırış var (bizlər hamımız Adəmin və Həvvanın törəmələriyik, müxtəlif dinlərin nümayəndələrinin bir-biriylə birləşməsinə mane olan xurafatçılıq isə son nəticədə faciəyə gətirib çıxarır).

... Film kimi romanda da keçmiş əyyamların hadisələrindən bəhs olunur. XVI əsrin əvvəllərinin Gəncəsi (Şah İsmayılın hakimiyyəti dövrü), güclü, eyni zamanda əsl məhəbbət qarşısında aciz olan Gəncə hakimi Ziyad xan və onun xanımı, gözəllər gözəli Qəmərbanu, Mahmud və Məryəm – gəncliyin çılğın ehtirasıyla bir-birlərini sevmiş bir müsəlman oğlanla, bir xristian qız.

Əsər artıq uzun əsrlər boyu qələm və fırça sahiblərinin ilham aldıqları, musiqiçiləri orijinal əsərlər yaratmağa sövq edən (onların arasında böyük Üzeyir Hacıbəyovun muğam operası da var) ölməz romantik dastan “Əsli və Kərəm”in süjeti əsasında yazılıb. Amma XX əsr yazıçısının romanı dastanda elan olunmuş “bu zalım və ədalətsiz dünyada məhəbbət ölümə məhkumdu” mövzusundan şübhəsiz ki, xeyli dərin, əhatəli və çoxsəslidi .

Mən bu yazıda Elçinin əsərlərini təhlil etmək fikrində deyiləm. Görkəmli Azərbaycan yazıçısının yaradıcılığının araşdırıcıları bu işi artıq çoxdan və peşəkarcasına görə biliblər. Yalnız şəxsi nöqteyi-nəzərimcə, kitabda və onun əsasında çəkilmiş filmdə xüsusi aktuallıq kəsb edən bəzi cəhətləri qeyd edəcəyəm. Bəli, “Mahmud və Məryəm” romanını yenidən oxuduqca, heyrətlənməyə bilmirsən ki, yazıçı müəyyən qədər sabit dövrdə – XX əsrin 80-ci illərinin əvvəllərində XXI əsrin əsas çağırışlarını və təhlükələrini necə görə, dərk edə bilib?!

Kitab hadisələrin çıxılmazlığı, faciələriylə heyrət doğurur: saray çəkişmələri və qanlı çevrilişlər, hökmdarların və onların əyanlarının xəyanətləri, ac-yalavac rəiyyətin güzəranı (Səfillərlə bağlı elə bircə epizod  kifayətdi), türk xalqlarının bir-birinə qənim kəsilməsi və bunun apofeozu, məşhəri kimi Osmanlı və Səfəvi qoşunları arasında baş verən orta əsrlərin ən qanlı döyüşündən sonra Çaldıran yaxınlığında kəsilmiş başlardan ucaldılan dağ...

“Mahmud və Məryəm” romanının ərsəyə gəldiyi müddətdə zamanına (1980-1988-ci illər), həm də verdyi insan tələfatına görə (1 milyondan artıq) İkinci Dünya müharibəsindən sonranın ən qanlı münaqişələrindən biri, İran-İraq müharibəsi baş verdi. Bu müharibədə həlak olanlar arasında bizim soydaşlarımız, azərbaycanlılar da var idi və Elçin Mahmudun diliylə Allaha üz tutub ondan “bir qarış torpağa”, “bir kisə qızıla” görə bir-birlərini qırmamaları üçün insanları din-imana gətirməyi diləyəndə, şübhəsiz ki, mənasız, qanlı müharibəyə cəlb olunmuş  dini bir olan insanları, Arazın o tayındakı qardaşlarını da nəzərdə tuturdu. Yəqin ki, SSRİ-nin Əfqanıstana girməsi də Elçində bu mənəvi etirazı yaradan səbəblərdən olmuşdu – hansı ki, bu dəhşətli yük-200 keçmiş SSRİ-nin digər respublikalarıyla yanaşı, Azərbaycana da gələndə bizlər ilk dəfə həmin o sink tabutların varlığından agah olmuşduq.

Nə yazıqlar ki, gələcəyi görən “Mahmud və Məryəm” romanı, təbii ki, həm də filmi XXI yüzillikdə daha da aktuallaşdı. Hətta ölkəmiz üçün kifayət qədər sabit olan dönəmlərdə Elçinin o dövr üçün “dəbdə olmayan” dini dözümsüzlük mövzusuna müraciət etməsinin özü heyrət doğurur. O dönəmlərdə sovet ideoloqları ölkədəki milli məsələlərin həllindən danışarkən var gücləriylə car çəkirdilər ki, guya SSRİ-də artıq “yeni tarixi birlik-sovet xalqı” formalaşıb. Avropa da var gücüylə birləşirdi və böyük məmnunluq hissiylə “üçüncü” ölkələrdən gələn mühacirləri qəbul edirdi. Həmin illərdə beynəlmiləlçilik, multikulturalizm anlayışları aktual və tələb olunan idi. Odur ki, kitabda baş verən hadisələrin bugünkü günə proyeksiyasına, mən yazıçı öncəgörənliyi, yazıçı hissiyyatından başqa ad verə bilmərəm.

Elçin əsl yazıçı və ziyalı kimi yaradıcılığında həmişə non-konformist olub, həmişə axına qarşı gedib. Bu romanda isə o ilahi öncəgörənlik zirvəsinə yüksəlir: insanlar, ayıq olun, dini fanatiklərin və milli ekstremistlərin fitvasına getməyin, əks halda müasir Mahmud və Məryəmi də eyni faciə gözləyir. Dediyi çin oldu. Digər faktorlarla yanaşı Zori Balayanın qəddar əsəri öz işini gördü. Cəmi bir neçə il sonra Qarabağ hadisələri başlandı, üçüncü dünya müharibəsi təhlükəsi yarandı. Hələlik adı “soyuq müharibə”di, əslində isə əsl muharibələr kimi yetərincə qaynardı, nəticədə bu və digər tərəfdən dinc insanlar ölür, qan su yerinə axır. Mən müsəlman və xristian (Norveçdə təxminən 80 nəfəri qətlə yetirən protestant fundamentalist Breyviki xatırlamaq kifayətdi) dini fanatiklərinin törətdikləri partlayışları və terror aktlarını nəzərdə tuturam. Elçinin romanında verilən bir neçə yüz il əvvəlki kimi dini dözümsüzlük, fanatizm, “öz” dinindən olmayana qarşı əsassız nifrət bu günün insanlarını da bir-birinə qənim kəsib. Budur, rafinə olunmuş Avropa siyasətçiləri miqrantlara  qarşı kəskin qanunlar qəbul edir, məscidlərin inşasına qadağa qoyur, multikulturizmin tənəzzülə uğradığını bəyan edirlər. Müasir Mahmud və Məryəm arasında olan məhəbbət isə neçə yüz il əvvəl olduğu kimi  XXI əsrdə də əksər ölkələrdə yenidən məhvə məhkumdu. Təəssüf ki, siyasətçilər bizlərə israrla “dünyanı yalnız məhəbbət xilas edə bilər” fikrini təlqin edən yazıçı səsini eşitmək istəmir.

Romanda səslənən daha bir heyrətamiz öncəgörənliyi xatırlatmaq istərdim. Bu, Ərzurumun hakimi Süleyman paşanın bir qədər kəskin tərzdə olsa da öz həmsöhbəti Mahmuda izah etdiyi fikirlərdi. Süleyman paşa deyir: “Mənim üçün bəşəriyyət millətdən yüksəkdə deyil. Mənim üçün türklər insandan yüksəkdədi!.. Heyvanlar hamısı bir deyil. İnsanlar da bir deyil. Bütün dünyanın türkləri sifət quruluşlarından, adətlərindən asılı olmayaraq birləşməlidi!.. Bəs biz nə edirik? Uzun Həsən yunanlarla osmanlılara qarşı ittifaqa girib! Qaraqoyunlularla ağqoyunlular bir-birlərini qırdılar! Sultan Səlim nə edir? Taxta çıxan kimi öz təbəələri olan qırx mindən çox qızılbaşlını asır. Bu qızılbaşlılar kimdi? Özümüzünkülər! Şah İsmayıl nə edir? Şeyxlərin şərəfini qoruyur! Türkün şərəfini qorumaq əvəzinə! Özümüz özümüzə balta vururuq...”

Elçin cəmi onca il sonra onun türklərin birləşməsi uğrunda coşğun harayının eşidiləcəyini, SSRİ məkanında müstəqil türk dövlətlərinin yaranacağını, Sultan Səlimin və Şah İsmayılın nəsildaşı böyük Heydər Əliyevin türk qardaşlığıyla bağlı “Türklər və azərbaycanlılar bir millət, iki dövlətdir” kimi müqəddəs formulun ürəklərə yazılacağını necə də heyrətamiz öncəgörənliklə duymuşdu.

Amma qarşıda hələ 10 il var idi, zori balayanların insana nifrət fəlsəfəsinə qarşı ümumtürk, daha geniş anlamda ümumbəşəri həmrəylik çağırışını elan etmək üçün yazıçı cəsarəti və prinsipiallığı tələb olunurdu.

 

lll

 

... İndi isə əslində bu məqalənin yazılmasına informativ əsas verən “Mahmud və Məryəm” filminə qayıtmaq və sıravi tamaşaçı kimi,  təəssüratlarımı bölüşmək istərdim. Tanınmış Azərbaycan jurnalisti Qalina Mikeladzenin yazdığı kimi həmin tamaşaçı nümayişdən əvvəl tərəddüd içindəydi: görəsən, kinematoqrafçılar romanın obrazlı və fəlsəfi qayəsini əsaslı itkilərə yol vermədən kino dilinə gətirə biliblərmi? “Belə  cəsarətli addıma ehtiyatsız yanaşmaq olmazdı. Milyonlarla oxucusu olan və səviyyəli tərcümələr vasitəsilə dünyanın müxtəlif dillərində yayılıb danışan bu bədii material kinematoqrafik üsullarla təmasa girərkən öz cazibəsini və fəlsəfi mənasını itirməyəcək ki? Hər sözü nəfis nəsrin ətrinə, təkrarsız musiqili çoxsəsliyinə bürünmüş müəllif mətni fərqli üslubda təqdim olunarkən bunun təsiriylə öz mənasını dəyişməyəcəkmi?..

Etiraf edim ki, mən də filmə baxmaqdan öncə daxili həyəcan hissi keçirirdim. Bir neçə gün hətta diski diskovoda qoymağa belə ürək eləmədim: bəlkə məni məyusluq gözləyir, birdən baş qəhrəmanların seçimi məni qane etmədi, həm də romanın qəliz çoxqatlı strukturunu kino diliylə necə təqdim edə biləcəkdilər? Beləcə, mən filmə müəyyən qədər skeptik yanaşmayla baxmağa başladım. Üstəlik, pressanın verdiyi məlumatdan öyrənib bilmişdim ki, Xalq yazıçısı Elçin Azərbaycanın  “Salnamə” və Türkiyənin 24 Kare şirkətlərinin müştərək ekran həyatı verdikləri bu  məşhur romanının taleyini əslində kinoda yeni ad olan, debütant rejissor Mehmet Ada Öztəkinə həvalə edib.

Hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəklədiyi bu layihə öz-özlüyündə yalnız müasir ədəbiyyatımızın ən parlaq əsərlərindən birinin ekranlaşdırılması kimi önəm kəsb etmir. Onun daha bir önəmi ilk Azərbaycan-Türkiyə müştərək kino layihəsi olmasıdı. Üstəlik də belə masştablı... Çəkilişlər müxtəlif ölkələrdə və şəhərlərdə aparılmalıydı, aktyorlar qılınc tutmağı və at minməyi öyrənməli, kostyumlar öz qəhrəmanlarını orta əsrlərə aparmalı, operator osmanlılar və səfəvilər arasında olan döyüş səhnələrini lentə almalıydı. Mən hələ ekranda milyonların sevimlisinə çevrilmiş Mahmud və Məryəm obrazlarını canlandıracaq aktyorların axtarışlarını demirəm.

 

Filmə baxdıqca  daxili tərəddüdlərim zəiflədi, filmin sonunda isə tamam əriyib getdi. Hökm birmənalıdı! Çox layiqli film alınıb, yaradıcılar ədəbi materiala ehtiyatla yanaşıblar. Əlbəttə ki, Mahmudun səyahət zamanı rastına çıxan yoxsul xalqın əzabları kimi, səfəvilərlə osmanlılar arasındakı qarşıdurmanın məğzi də kadr arxasında qalıb. Əlbəttə ki, kino dili ikinci plandakı obrazları (Mahmudun müəllimi Səfi, gözəl Ceyran, Qırmızı Tumanlı Kişi, Səfillər dəstəsi və s.) bütün çoxqatlığı və mürəkkəbliyi ilə verə bilməzdi. Bununla yanaşı, filmin yaradıcıları tarixi mövzuda çəkilmiş əksər Azərbaycan filmlərində qüsur kimi görünən uzunçuluqdan və söz yığınından məharətlə qaçaraq, həqiqi mənada, birnəfəsə baxılan və aktyorların, o cümlədən bütün çəkiliş heyətinin peşəkarlığının heyrət doğurduğu parlaq, dinamik film ərsəyə gətirə biliblər.

Filmin uğurunu şərtləndirən əsas məqamlardan biri də Mahmud və Məryəm rollarının ifaçılarının düzgün seçimidi. Aras Bulut İynemli və Yeva Dedova lirik və romantik zahiri görünüşləri, təbiilikləri ilə tamaşaçı qəlbini fəth edir. Onlar bizlərə Leyli və Məcnun, Romeo və Cülyetta, Əsli və Kərəm kimi dünya ədəbiyyatının ölməz obrazlarını xatırladırlar. Bütün bu ədəbi obrazlar vəhdət yaradıb bütöv və möhtəşəm məhəbbət himninə çevrilir. Bəli, bu məhəbbəti yalnız öldürmək olar, onu sındırmaq, başqasının iradəsinə tabe etdirmək mümkün deyil. Məğzi etibarilə film də  bunu deyir: insanın ən ekstremal, ən gözlənilməz vəziyyətlərdə belə seçim imkanı var. Bəzən hətta o, özünə, öz ali məqsədlərinə xilaf çıxmamaq üçün ölümü seçməli olur.

Onu da qeyd etməliyik ki bəzi obrazlar tam açılmır, Elçinin romanını oxumayan müasir tamaşaçı üçün suallar yaradır. Amma bunun bir yaxşı tərəfi də var ki, bizdə və xaricdə bu film özünün ilkin ədəbi mənbəyinə böyük maraq yaradacaq. Və gənc nəsil (kaş ki, belə olaydı) görkəmli Azərbaycan yazıçısının bütün nəsri kimi bu cəzbedici, sirli-sehrli romanına müraciət edəcək.

 

lll

 

... Bu qədər əzab və fəlakətlərin olduğu bir dünyada xoşbəxt olmaq mümkündürmü? Məşəqqətli həyat və qəm-qüssə dünyasında insanın adi insan xoşbəxtliyi yaşamağa haqqı çatırmı? Elçin bu sualların cavabını vermir.

Onun nəsri didaktik deyil, bu nəsr insan ruhunun müalicəsi üçün hesablanmayıb. Onun məqsədi başqadı – insanı realist olmağa məcbur etmək, dünyanı gözqamaşdırıcı rənglərsiz, yalnız həqiqətin rəngində görməkdə ona yardımçı olmaq. Eyni zamanda, onun arzularına doğru fasiləsiz canatımını təqdir etmək. Axı, Elçinin məşhur “Literaturnaya qazeta”da çap etdirdiyi esselərindən birində dediyi kimi yazıçı məğzi etibarilə təbiətən ən xəyalpərvər insandı.

Beləcə, biz əzəmətli romanın sonuncu səhifəsini çevirib, onun istedadla çəkilmiş kino versiyasının sonuncu kadrlarına baxıb arzu edək ki, dini yaxud silki xürafatın hökmüylə məhkum olunmuş məhəbbət mövzusunun dəbdən düşəcəyi, yalnız və yalnız sənət əsərlərində yaşayacağı gün gələcək. Bu mənada, Mahmud və Məryəmin ölməz obrazları da Azərbaycan xalqıyla birlikdə əbədi yaşayacaq.

 

Elmira Axundova

525-ci qəzet.- 2014.- 8 mart.- S.14-15.