Yaşam boyu sürən dostluq (Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu)
Bir tərəfdən
Rusiyada Stolıpin irticasının tüğyan etməsi, o
biri tərəfdən isə Osmanlı imperiyasında Sultan II
Əbdülhəmidin taxtdan salınması və
ittihadçıların hakimiyyətə gəlməsi nəticəsində
1908-ci ildə Əhməd Ağaoğlu, aradan iki il keçəndən sonra isə Əli bəy
Hüseynzadə İstanbula köçmüşdülər.
Burada Bakıdan başlanan iş birlikləri daha geniş
miqyas almışdı. Yeni vətəndə və yeni
hakimiyyət sahiblərinin – ittihadçıların dəstəyi
sayəsində türklüyə xidmətin
yaratdığı imkanlardan hərtərəfli faydalana bilmişdilər.
1911-ci ilin sentyabrında
iki dost Osmanlı Türkiyəsində və digər türk
məmləkətlərində böyük maarifçilik
işi aparan, türk insanını öz tarixinə,
soy-kökünə qaytarmağı hədəfləyən
“Türk yurdu”nun qurucuları sırasında yer
almışdı. Təkcə onu xatırlatmaq kifayətdir
ki, cəmiyyətin digər qurucu üzvləri Türkiyənin
milli himninin müəllifi Mehmet Emin Yurdaqul, Türk Tarix
Qurumunun gələcək rəhbəri Yusif Akçura,
Atatürkün özünün “mənəvi atası”
adlandırdığı məşhur fikir adamı Ziya
Göyalp və doktor Aqil Muxtar bəy idi. Cəmiyyətin mətbu
orqanı olan eyni adlı məcmuənin nəşrə
başlamasında da istər Əli bəyin, istərsə
Əhməd Ağaoğlunun xidmətləri az
deyildi. Onlar eyni zamanda Türk Bilgi Dərnəyinin
Türkiyat komissiyası, “Kafkasiyalılar Nəşri-Maarif Cəmiyyəti”
kimi qurumlarda da birgə fəaliyyət göstərmişdilər.
Nəhayət, Əli bəy qurucularından birinin Əhməd
Ağaoğlu olduğu “Türk ocağı”nın
ağsaqqallar heyətinin üzvü idi.
Əli bəy
gələcək baş nazir Tələt Paşa,
Atatürkün yaxın silahdaşı, Türkiyə
Cümhuriyyətinin üçüncü şəxsi
adlandırılacaq Əli Fəthi Okyar, xarici işlər
naziri Əhməd Nəsimi və b. ilə birlikdə 1911-ci
ildə “İttihad və Tərəqqi” partiyasının idarə
heyətinin üzvü seçilmişdi. Amma
buna baxmayaraq ittihadçıların hakimiyyəti
dövründə Əhməd bəy mənsəb pillələri
ilə daha sürətlə irəliləmiş, bir sıra
mühüm nəşrlərin redaktoru olmaqla yanaşı iki
çağırış Osmanlı parlamentinə – Məclisi-Məbusana
üzv seçilmişdi.
Lakin siyasi ierarxiyada yerləri fərqli olsa da, türk
birliyi uğrunda mübarizədə əvvəlki illərdəki
kimi yenə birlikdə fəaliyyət göstərmişdilər. Birinci
Dünya savaşının yaratdığı yeni şərtlər
daxilində bu əməkdaşlıq beynəlxalq xarakter kəsb
etmişdi. Əli bəy Hüseynzadə 1915-ci ildə
Yusif Akçura il birlikdə “Rusiyanın
türk-tatar müsəlman xalqlarının
hüquqlarını mühafizə komitəsi” adlı təşkilat
yaratmışdılar. Tarixi qaynaqlarda bir
çox hallarda “Akçura-Hüseynzadə komitəsi”
adlandırılan bu qurumun əsas hədəfi savaşdan
sonrakı dünya düzənində türk
xalqlarının layiqli yerinin, azadlıq və müstəqilliyinin
təmin olunması idi.
Alman
tarixçisi professor G.Yaşke “Rusiyanın müstəmləkə
xalqlarının 1916-cı il Lozanna konfransında
iştirakı “ adlı məqaləsində
(“Severnıy Kavkaz”, 1937, ą 42-43, s. 20) bu qurumun çərçivəsində
Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə
işbirliyindən bəhs edərək yazırdı: “Digər
azərbaycanlı Əhməd bəy Ağaoğlu komitənin
üzvü olmasa da, özünün Avropaya səfərləri
zamanı Qafqazın azadlığı istiqamətində təbliğat
işi aparırdı. Məlum olduğu kimi,
Birinci Dünya müharibəsi illərində
Ə.Ağaoğlu və Ə. Hüseynzadə bir müddət
İsveçrədə işləmiş, burada Qafqaz
türklərini təmsil etmişdilər. Bu iki Azərbaycan türkü vətənlərinin
azadlığa uğrunda mübarizəyə qoşularaq Avropa
dövlətlərinə müvafiq memorandumlar
ünvanlamış, xalqlarının həqiqi vəziyyətini
olduğu kimi göstərməyə çalışmışdılar”.
1918-ci
ilin mayında onlar illər boyu istər Bakıda və ana vətəndən
uzaqlarda apardıqları türkçülük və milliyyətçilik
mübarizəsinin bəhrəsini gördülər: çar
Rusiyasının süqutu nəticəsində Azərbaycan
müstəqillik qazandı, bütün türk-müsəlman
dünyasında ilk dəfə olaraq demokratik cümhuriyyət
quruldu. Təbii ki, belə zamanda nə Əli bəy,
nə də Əhməd Ağaoğlu kənarda, seyrçi
mövqeyində qala bilərdilər. 1918-ci
ilin iyununda onların ikisini də müvəqqəti paytaxt Gəncədə
görürük. Əhməd
Ağaoğlu Azərbaycana Qafqaz İslam Ordusunun komandanı
Nuru Paşanın siyasi məsələlər üzrə
müşaviri kimi gəlmişdi. Əli bəyin
isə hər hansı rəsmi missiyası yox idi. O, sadəcə
doğma yurdunun məsul və çətin anlarında burada
olmağı özünün ziyalılıq, vətəndaşlıq
borcu saymışdı.
Əhməd
Ağaoğlu Azərbaycanı 1919-cu il
yanvarın 7-də tərk etmişdi. Tarixi vətənində
qaldığı yarım il ərzində milli hökumətin
bir sıra mühüm diplomatik
tapşırıqlarını yerinə yetirmiş, Azərbaycan
Parlamentinə üzv seçilmiş, həmin vaxt İstanbulda olan Əli bəy
Hüseynzadə ilə birlikdə Paris Sülh konfransına
göndərilən nümayəndə
heyətinin üzvü təyin olunmuşdu. Hətta
arada müvəqqəti paytaxt Gəncədə yeni bir qəzetin
əsasını qoymağa da vaxt tapmışdı.
Əli bəy isə Bakı uğrunda şiddətli
döyüşlərin getdiyi 1918-ci ilin avqustunda geri
dönmüşdü. Tanınmış türk tədqiqatçısı
professor Əli Heydər Bayatın “Əli bəy Hüseynzadə”
kitabında (İstanbul, 1992, səh.137-138) onun İstanbula
qayıtdıqdan sonra hadisələrin isti izi ilə
Osmanlı mətbuatına verdiyi “Azərbaycanda
düşündüklərim” adlı maraqlı müsahibəsi
yer almışdır. “İki həftə
olmadı ki, bu gənc dövlətin müvəqqəti
paytaxtı olan Gəncə şəhərini tərk etdim.
Müvəqqəti paytaxt diyorum, çünki
Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan
Bakıdır. Tiflissiz Gürcüstan nə
isə, Bakısız Azərbaycan da odur. Bakını Azərbaycana
çox görən kim olursa olsun, Azərbaycan xalqının
ən mənfur düşmənidir !” – deyən Əli bəyin vətən
yanğısını və geopolitik fəhmini sezməmək
mümkün deyildir.
Dostundan fərqli olaraq siyasi müşavir statusu
daşımasa da, hadisələrə verdiyi qiymət, milli
çıxarları yüksək həssaslıqla dəyərləndirməsi
diqqəti çəkirdi. Əli bəy tarixin son dərəcə
mürəkkəb mərhələsində Türkiyə-Azərbaycan
birliyinin hər iki qardaş türk məmləkəti
üçün bir xilas yolu olduğunu vurğulayaraq deyirdi:
“Bu gün bütün cahanı sarsmaqda olan və yek digəri
ilə təsadüm edərək ortalığı hərc-mərc
eləyən üç mühüm cərəyanın – yəni
imperializm, nasionalizm və sosializm cərəyanlarının ən
fəci sahəyi-fəaliyyəti Kafkasya və bilxassə Azərbaycan
oldu. Oralar bir cəhənnəmə
döndü. Oradakı türk qardaşlarımız
bütün bu yaxıcı, yıxıcı və əzici təsirlərin
altında ağlını itirdi, nə yapacağını
şaşırdı, mühakiməsini qeyb etdi. Osmanlı
türkü imdada yetişməsə məhv olub gedəcəkdi.
Fəqət onun məhv olması ilə Anadolu
da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi-kəndini də
qurtarıyor, buna şübhə etməyiniz. Deyirlər ki, dağ dağa qovuşmaz, insan insana
qovuşar. Xeyr, tarixin oylə anları var
ki, dağ da dağa qovuşur. Bu gün
Ərciyəz dağı Qaf daşına qovuşur və
qovuşduqca da yüksəliyor!”
Artıq
yenidən Rusiyanın, amma bu dəfə birlik və bərabərlik
şüarı ilə meydana atılan bolşevik
Rusiyasının tərkibinə daxil edilmiş sovet Azərbaycanına
ilk və son gəlişindən az sonra –
1926-cı ildə isə yenidən keçmişə
qayıdaraq səkkiz il əvvəlki tarixi günləri belə
xatırlayırdı:
“Digər
bir mühüm səfər də
Qafqaz Cümhuriyyətləri Federasyonu ilə birlikdə
bir sülh mühaidəsi əqd etmək üzrə, xariciyyə
naziri Xəlil bəyin Batumda bulunduğu sıralarda Ağaoğlu Əhmədlə bərabər
xüsusi bir vəzifə ilə əvvəla Batuma (Xəlil bəyin
nəzdinə), sonra oradan da, Federasyondan ayrılıb ayrı
bir hökumət halında təşəkkül etməkdə
olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olan Gəncəyə
(Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir.
Burada türk ordusu sayəsində yenidən istiqlalını
qazanmaqda olan Azərbaycanın münəvvərləri ilə
birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs
və təşəkkül etməsi işlərində
çalışdıq”.
Həmin çalışmaları beynəlxalq səviyyədə
davam etdirmək üçün yuxarıda da, qeyd etdiyim ki,
1919-cu ilin başlanğıcında həm Əli bəy, həm
də Əhməd Ağaoğlu Parisə müharibədən
sonra yeni dünya düzənini hazırlayan Sülh
konfransına getməli idilər. Hər ikisi yüksək
intellekti, zəngin təcrübələri, siyasi proseslərə
və əcnəbi dillərə dərin bələdlikləri
ilə Nümayəndə heyətinə böyük fayda gətirə
bilərdilər.
Lakin bunun əvəzinə ikisi də tük
xalqının milli iradəsinin boğulduğu, Antanta qüvvələrinin
at oynatdığı İstanbulda həbsə
düşdü. İkisi də Türkiyənin vətənsevər,
milliyyətçi insanları ilə birlikdə aylarla
paytaxtın mərkəzindəki keçmiş əsgər
kazarmasında – Bəkir ağa bölüyündə məhbus
həyatı yaşadı.
Bir şans əsəri olaraq Əli bəy
ittihadçıların böyük əksəriyyətinin
taleyinə yazılan Malta sürgünündən kənarda
qaldı.
Əhməd Ağaoğlu isə düz iki il
əvvəlcə Limnos, sonra isə Malta adasında həbsxanaya
bərabər sürgün çəkdi.
Bilərəkdənmi,
yoxsa təsadüfdənmi Britaniya işğal qüvvələri
tərkibinə Əhməd bəyin də daxil olduğu qrupun
sürgün günü kimi 1919-cu il
mayın 28-ini seçmişdilər. Bakıda Azərbaycan
istiqlalının birinci ildönümünün qeyd edildiyi gün
bu istiqlalın memarlarından biri işindən, ailəsindən,
dostlarından, vətənindən zorla ayrılaraq sonu
görünməyən mübhəm yola göndərilirdi.
“O gecə
səhərə qədər uyumadıq, – deyə Əli bəyi
“həyatda üzlərini atam, anam, bacılarım,
qardaşlarımla birlikdə xatırladığım ilk
insanlardan biri” kimi təqdim edən Səməd Ağaoğlu
“Həyat bir macəra!” adlı xatirələrində
yazırdı. – Qohum-əqrəbalar, Hüseynzadə Əli bəy
kimi bir neçə yaxın dost, sonralar yeznəmiz olacaq Nemət, dostu Atif də
yanımızdan ayrılmadılar”.
Həmin gündən başlayaraq təbiətən son
dərəcə həssas və məsuliyyətli insan olan
Əli bəy Əhməd Ağaoğlunun həm də onun
yerinə ingilis əsirliyində zillət çəkməsi
düşüncəsi ilə dostunun ailəsinə əlindən
gələn qədər yardım göstərməyə,
övladlarına həqiqi atalıq etməyə başladı. “Doktor
Hüseynzadə Əli bəy! O qaranlıq illərin
ruhumuza işıq və istilik verən insanlarının bəlkə
də ən başda gələni idi” – Səməd
Ağaoğlunun minnətdarlıq dolu bu etirafı çox
şey deyir.
Xatirələrində “Əli bəyin xarakteri bir
çox baxımdan anama bənzəyirdi. Bütün insanları sevən
ürəyinin nəcib hissləri, hər fənalıq
qarşısında öz acısından daha çox pislik edənin
bədbəxtliyini düşünməsi, fəlakətlərin
təsəllisini sənətdə, bilikdə, fəlsəfədə
araması biri-birinə uyğun gəlirdi” – etirafında
bulunan Səməd də, Ağaoğlu ailəsinin digər
övladları da işdən, yazı-pozudan, siyasi
savaşlardan başı açılmayan səbirsiz, hövsələsiz
atalarında tapa bilmədikləri şəfqət və diqqəti
analarından sonra bir də Əli bəydə
görmüşdülər. Ailə
başçısının Maltada olduğu dövrdə bu
diqqət daha da artmışdı: “Əli bəy bizi ətrafına
toplar, dadlı-dadlı hekayətlər anladar, öyüt-nəsihətlər
verər, atamla bağlı xatirələrini söyləyər,
zaman-zaman yalandan özünü hirslənmiş kimi göstərir,
gözlərini iri-iri açaraq üstümüzə gəlir,
yenə eyni dadlı tərzdə danlayıb məzəmmət
edərdi”.
Təbii ki, Əli bəyin də sərtliyə əl
atdığı məqamlar olurdu. Lakin zərurətdən
doğan belə sərtliklər həmişə mərhəmət
və şəfqətlə müşaiyət edilirdi. Səməd
Ağaoğlu “Həyat bir macəra” kitabında belə
hallarla da bağlı səciyyəvi bir epizod gətirmişdi:
“Bir dəfə xəstələndiyim zaman udmamaq
üçün müqavimət göstərdiyim həbi
qollarımdan bərk-bərk tutaraq vurduğu şillədən
heyrətlənib ağzımı açdığım zaman
dərhal boğazıma dürtdüyünü
xatırlayıram. İri həbin boğazımdan
keçdiyinə əmin olduqdan sonra isə göz
yaşları içərisində mənə sarılaraq
üzümdən, gözlərimdən öpdüyü indiki
kimi xatirimdədir”
(Səməd eyni münasibəti atasından da
görmüşdü. Bu da tamamilə normal idi. Çünki əksi qeyri-adi görünə bilərdi.
“Atam” adlı essesində cağdaş türk memuar ədəbiyyatının
görkəmli nümayəndəsi yazırdı: “Ata kimi onun
sərt davranışlarından zaman-zaman şikayətçi
oldum. Hətta bir dəfə heç vaxt geri dönməmək qərarı ilə mərhum
Yusif Akçuranın evinə getdim. Aradan iki
gün ötəndən sonra qayıtdığım zaman onu
təkbaşına bağçada gəzib-dolaşan
gördüm. Yanına
yaxınlaşdım. Heç bir söz
demədən qollarını açıb məni
qucaqladı”).
Əli bəy sürgünlü dostunun övladlarına
yalnız öyüd-nəsihət verməklə, yaxud
müalicələri ilə məşğul olmaqla kifayətlənmirdi. Həm də onları bədii
sözün sehrli qüvvəsi ilə tanış
etməyə çalışırdı. Bu məqsədlə
müxtəlif əsərlər, eləcə də
özünün orijinal yazı və tərcümələrini
oxuyurdu. Belə tərcümələrdən biri – Fridrix Şillerin antik yunan
mifologiyasının süjeti əsasında yazdığı
“Die Bürgschaft” (“Ölüm”) balladası Əli bəyin
almancadan tərcüməsində və özünün “ahəngli
səsi bir az titrəyərək oxuduğu həyəcanlı
ifasında” uzun illər Səməd Ağaoğlunun
yaddaşında yaşamış və “Həyat bir macəra!”
kitabında yer almışdı:
Damon
namındakı bir vətənpərvər,
Əsvabı
altında gizləyib xəncər
Müstəbid Dionisə təqərrüb etdi.
Dionis sordu sərt bir
hiddətlə:
“Qəsdin nə idi, çəkinmə, söylə!”
“Qəsdim
qurtarmaqdı zalımdan nası,
Olsun dar
ağacı bunun cəzası !”
Maraqlıdır ki, Əli bəy şeri “Kəfalət,
yaxud vəfalı dostlar” adı ilə təqdim etmişdi. Rəvayətə
görə, Pifaqor təliminin davamçıları olan Damon
və Phintius adlı iki gənc Sirakuzada, Kiçik Dionisin
zamanında yaşamışdılar. Tirana xəyanətdə
ittiham olunan Phintias edam cəzasına məhkum
edilmişdi. Lakin işlərini yoluna qoymaq
üçün onu müvəqqəti azadlığa
buraxmışdılar. Dostu Damon isə əvəzində
zamin qalmışdı. Phintius geri qayıtmasa dostunun
yerinə edam ediləcəkdi. Phintias son anda, artıq ilgək Damonun boğazına
keçirildiyi vaxt özünü çatdırmış, dərhal
dar ağacı altında yerini tutmuşdu. Bir-birlərinə
bu dərəcədə sədaqətli olan gənclərin
dostluğu Dionisi o qədər heyrətləndirmişdi ki, tiran edamla bağlı qərarını dəyişdirmiş,
onları sərbəst buraxmaq əmrini vermişdi...
Mübaliğəsiz demək olar ki, oxşar dostluq hissləri,
vəfa və sədaqət duyğuları Əli bəylə
Əhməd Ağaoğlunun münasibətləri
üçün də səciyyəvi idi. Onların hər
ikisi həyatlarının müxtəlif mərhələlərində
təkcə ümumi işə deyil, həm də bir-birlərinə
şəxsi sədaqətlərini dönə-dönə
sübut etmişdilər.
“Atamın
Malta sürgünü
illərində Əli bəy evimizin mənəvi dəstəklərindən
biri oldu, – deyə Səməd bəy yazırdı: – Özü maddi yardım göstərə
bilməyəcək dərəcədə yoxsul idi. Qara
Kamalın dost əli uzanmasaydı, öz evinin güzəranını
da təmin edə bilməzdi. Fəqət mənəvi
yardımını bizim üçün bol-bol xərclədi.
Anam bütün acılarını, bizim
yaramazlıqlarımızdan tutmuş atamın həsrətinə
qədər hər şeyi ona açıb danışmaqdan
çəkinməzdi”.
Burada adı çəkilən Qara Kamal (? – 1926) həm
Əli bəyin, həm də Əhməd Ağaoğlunun
yaxın dostu idi. “İttihad və Tərəqqi”
partiyasının nüfuzlu üzvlərindən biri kimi
tanınırdı. İttihadçıların hakimiyyəti
zamanı az müddət ticarət və
iaşə naziri olmuşdu. İstanbulda ingilislərə
ilk gülləni atmış, Qurtuluş Savaşına
böyük ölçüdə dəstək vermişdi.
Lakin nədənsə, Atatürklə
ulduzları barışmamışdı.
Atatürk onu da tərəfdarları sırasında
görmək istəyirdi. Qara Kamal isə çağırışı qəbul etməmişdi.
1924-cü ildə Əhməd Ağaoğlunun evində onunla
görüşərkən düşündüklərini dilə
gətirərək demişdi: “Paşam, biz
dövrümüzü bitirdik. Osmanlı imperatorluğu
qollarımız arasında can verdi. Siz məmləkəti qurtardınız, yeni dövlət
qurdunuz. Mənə və mənim kimi
“İttihad və Tərəqqi”nin əski liderlərinə
düşən vəzifə müvəffəqiyyətinizə
dua etməkdən ibarətdir”.
Yəqin
ki, bu cür düşünən və danışan şəxs
aradan iki il keçəndən sonra
Atatürkü öldürmək istəyənlərin
sırasına qoşulmazdı. Lakin 1926-cı il
İzmir olayından sonra yaradılan İstiqlal Məhkəməsi
məhz belə bir ittihamla onun həbsinə qərar
vermişdi. Qara Kamal da öz növbəsində
dəmir barmaqlıqlar arxasında oturmaq istəməmişdi.
Polislər onu həbs etməyə gələndə
həyatına intiharla son qoymuşdu. Qara
Kamalla dostluğuna görə Əli bəyin də adı
sui-qəsdçilər sırasına salınmış,
İstiqlal Məhkəməsində uzun-uzadı sorğu-suala
çəkilmişdi.
Həmin günlər, heç şübhəsiz,
Əhməd Ağaoğlunun həyatının ən çətin
dövrü idi. Əvvəla
özünün də vəziyyəti ürəkaçan
deyildi. Cümhuriyyətin demokratik əsaslarla
qurulması, dövlət həyatındakı yolsuzluqların
aradan qaldırılması ilə bağlı Atatürkə
təqdim etdiyi məruzəyə görə qınaqlara
tuş olmuş, baş nazir İsmət
İnönünün simasında barışmaz düşmən
qazanmışdı. Digər tərəfdən,
İstiqlal Məhkəməsinin hakimi Əli Çətinqaya
(məhkəmənin beş üzvündən
dördünün adı Əli – türkcə tələffüzdə
Ali olduğundan müasir türk tarixçiliyində bəzən
müəyyən ironiya ilə ikili mənada “Alilər məhkəməsi”
də adlandırılır, Səməd Ağaoğlu isə
xatirələrində Əli bəy Hüseynzadədən
“dörd Əli önünə çıxarılan
beşinci Əli” kimi
danışır. İşin başqa ironik tərəfi
də, az qala hamısı Əli adı
daşıyan hakim heyətinin “beşinci Əlini” Türkiyədə
şiəlik yaymaqda ittiham etməsi idi! O zaman İstanbul
Darülfünunun hüquq fakültəsində təhsil alan və ara-sıra məhkəmə
iclaslarına gedən Sürəyya Ağaoğlunun
yazdığına görə məhkəmə sədri
Əli bəy Hüseynzadədən “Siz şiəsiniz, elə
deyilmi?” – soruşduqda o, vüqarla “Xeyr, Azərbaycan
türküyəm” – cavabını vermişdi) da, məhkəmə
qarşısında dayananların əksəriyyəti də
yaxın dostları, birgə mübarizə yolu keçdiyi
insanlar idi. Nəhayət, məhkəmə
araşdırmasının mövzusu (Türkiyənin və
türklüyün xilaskarı Qazi Mustafa Kamal Paşanı
öldürmək cəhdi!) o qədər təhlükəli
və insanlarda
qəzəb doğuran bir məsələ ilə
bağlıydı ki, burada kiməsə yardım əli
uzatmaq niyyəti də belə
fikrə düşən şəxsin özü
üçün təhlükə yarada bilərdi.
Əli bəyin
həyatına risk olmadığına inandıqdan sonra
Əhməd Ağaoğlu digər dostlarına, o cümlədən,
kağızları içərisində özünün də
tamamilə başqa mövzulu məktubunun
tapıldığı Mehmet Cavid bəyə (1875-1926),
Salonikli Nazim bəyə (1870-1926) kömək etməyə, cəzalarını
nisbətən yüngülləşdirməyə yollar
axtarmışdı. Bu məqsədlə hətta
xanımını o zaman xarici işlər naziri olan Tofiq
Rüştü Arasın evinə minnətə göndərmişdi.
Atdığı addımlar dövrün
türk mətbuatının diqqətindən kənarda
qalmamış, Əhməd Ağaoğlunu da sui-qəsdin təşkilatçı
və iştirakçıları ilə əlaqələndirməyə
cəhdlər göstərilmişdi. O isə
özünəməxsus sərtlik və ötkəmliklə
haqqında yalan yazanları dərhal yerində oturtmağı
bacarmışdı.
İki dostun biri – Əhməd Ağaoğlu natura
etibarı ilə tribun idi. Hər yerə can atırdı. Həmişə hadisələrin mərkəzində
olmağa çalışırdı. Belə
hallarda bəzən tələsərək səhvlərə
də yol verirdi. Özünün ifrat sərtliyi,
hövsələsizliyi ilə çox vaxt qaşınmayan
yerdən qan
çıxarırdı. Bəzən
xüsusi zərurət olmadan atəşi üzərinə
çəkirdi. Bir sözlə, Rəsul Rzanın məşhur
ifadəsi ilə desəm, “baltanı öz ayağına
vurmayınca sakitləşmək bilməyən adam” idi. Əli bəy isə hətta
ən böyük işləri də nəzər-diqqəti
çəkmədən, gözə dəymədən
görməyi üstün tuturdu. Təsadüfi deyil ki,
dəqiq müşahidələri ilə tanınan Səməd
Ağaoğlu atasının dostları
haqqındakı kitabında onu “Pərdə arxasındakı
adam” kimi təqdim etmişdi.
“Pərdə arxasında” gördüyü işlər
isə kifayət qədər böyük və
cahanşümal idi. Müşahidə və mülahizələrinə dəfələrlə
üz tutduğum
Səməd Ağaoğlunun da qeyd etdiyi kimi,
Əli bəy diqqət mərkəzində
dayanmağa can atmadığına görə “türk fikir həyatına
göstərdiyi böyük xidmətlərə sahib
çıxmamış, “İttihad və Tərəqqi”nin
qurucularından olduğu halda adı çox da bilinməyən
bir üzv kimi qalmaqdan, Göyalpın irəli
atdığı fikirlərin bəlli-başlılarının
əsl qaynağı ikən sadəcə universitetin öz
işləri ilə məşğul olan bir dəri xəstəlikləri
professoru kimi görünməkdən zövq
almışdı...”
Səməd
Ağaoğlu “atasının hər anlamı ilə
böyük humanist olan dostunun” pərdə arxasındakı fəaliyyətini
açıqlayaraq daha sonra yazırdı: “Dövrün
böyük mürşüdünə ( Ziya
Göyalp nəzərdə tutulur – V.Q.) “islam
ümmətindən, qərb mədəniyyətindən,
türk millətindən olmaq” fikrini verən o idi. Osmanlı imperatorluğunun din siyasəti ilə
özünü doğrultmayacağı anlaşılınca
bütün türklərə bir vətən kimi Turan yolunu o
göstərdi. Yox, yox, qətiyyən
mübaliğə etmirəm – atamın bu dostu həqiqətən
də bütöv bir dövrün gizli həyat məktəblərindən
biri olmuşdu. “
Bu mənada
türkçülüyün digər görkəmli təmsilçiləri
kimi Əhməd Ağaoğlunun da Əli bəyin “gizli həyat
məktəbində”, gözəgörünməz “pərdə
arxasında” hasil etdiyi ideya və qənaətlərdən təsirləndiyi,
yararlandığı hallar yetərincə idi. Doğrudur,
o heç vaxt dostunun “turançılıqla” bağlı
fikirlərinə sona qədər şərik
çıxmamışdı. Bütünlükdə isə,
Osmanlı imperiyasının fikir həyatında, xüsusən
də “İttihad və Tərəqqi” partiyasının fəaliyyətində
ideya müəllifliyi, ilkin qaynağı Əli bəyə
gedib çıxan, əqidə dostlarının əməllərində
isə öz praktiki təcəssümünü tapan cəhətlər
az olmamışdı. Səməd Ağaoğlu bu münasibətlə
yazırdı: “...birinci səfin arxasında fikir və
düşüncə aşılayan elə insanlar vardı ki,
günlərin birində onların tarixi xidmətləri bəlkə
də meydana çıxa bilər. Fəqət üzləri
insan olaraq, dost və arkadaş olaraq həmən məchul qalacaqdır .” Və həmin məchulların
içərisində ən parlaq şəxsiyyət kimi bir
vaxtlar Yusif Akçuranın “şimal günəşinə” bənzətdiyi
Əli bəyi önə çəkirdi: “Həmin bu
insanlardan biri də atamın bəyaz saqqallı, pənbə
üzlü, gözəl gözlü şair, rəssam,
musiqişünas, filosof, qəzetçi, münəccim,
professor, doktor qafqazlı arkadaşı idi...”
lll
“İttihad və Tərəqqi” hökumətinin
uğursuzluqları, Türkiyənin Birinci Dünya müharibəsindəki
məğlubiyyəti və Osmanlı imperiyasının
süqutu proseslərin önündə gedən yüzlərlə
türk insanı kimi iki dostun da həyatını dəyişdirmişdi.
Əslində filosof sakitliyi və müdrikliyi ilə
seçilən Əli bəydə bu dəyişikliklərin
miqyası o qədər də böyük deyildi. Siyasi proseslərə
ciddi şəkildə qarışmırdı. Ailə adamı kimi sakit, mütəvazi həyatını
yaşayırdı. Az, lakin son dərəcə
sərrast, birbaşa hədəfə dəyən şeirlər,
məqalələr yazırdı. Dante, Göte, Adam Smit kimi
dünya klassiklərinin bədii, yaxud elmi əsərlərini
orijinaldan tərcümə edirdi. Sufi müdrikləri
kimi aza qane olub yaşayır, dünyanı dəyişdirməkdənsə
onu seyr və dərk etməyi daha üstün tuturdu.
Narahat, üsyankar təbiəti isə Əhməd
Ağaoğlunu bir yerdə qərar tutmağa qoymamışdı. Malta
sürgünündən dönən kimi Qurtuluş
Savaşına qoşulmaq məqsədi ilə Anadoluya
keçmişdi. Qısa zamanda Türkiyə
Böyük Millət Məclisi hökumətinin
başçısı Mustafa Kamal Paşanın böyük
etimadını qazanaraq onun “mətbuat naziri” –Mətbuat və
İstihbarat ümumi müdiri olmuşdu.
1921-1931-ci illər arasında İstanbul sakini kimi
qalmağı daha üstün tutan Əli bəylə yeni
paytaxt Ankarada yaşayan Əhməd Ağaoğlunun bir
neçə görüşü istisna etməklə
bütün əlaqələri məktublar vasitəsi ilə
həyata keçirilmişdi. Amma təəssüf ki, həmin
yazışmanın çox az bir qismi, həm
də yalnız Əhməd bəyin məktubları
günümüzə gəlib çatmışdır. Onlar iki görkəmli fikir adamının şəxsi,
ailəvi münasibətlərini, baş verən proseslərə
baxışlarını, aktual məsələlərlə
bağlı qənaət və mülahizələrini əks
etdirir. Söhbət Feyzavər Alpsar tərəfindən
Ege Universitetinə hədiyyə olunmuş 13 məktubdan gedir.
Əhməd Ağaoğlunun 1922-ci il fevralın 22-də Ankaradan göndərdiyi “Əziz yoldaşım Əli bəy!” müraciətli məktubdakı “Mən İstanbuldan ayrıldıqdan sonra ətrafında bir boşluq hasil olduğundan və o boşluqları doldurmayan kiçikliklərdən, bayağılıqlardan şikayət edirsən” – sözlərindən göründüyü kimi, Əhməd bəyin gedişi dostu üçün az qala əvəzsiz itkiyə çevrilmişdi. Digər tərəfdən tarixi bir mərhələdə türklük uğrunda savaşdan kənarda qalması təəssüratını yaratmışdı.
Əhməd bəy özünün son illərdəki hərəkətli həyatına (Azərbaycan, Malta, Ankara), eləcə də türk insanının azadlıq savaşına diqqəti çəkərək dostunu bütün bu proseslərin içərisində, önündə gördüyünü vurğulayırdı: “Son dörd sənə bütün türk aləmi üçün bir dərbədərlik dövrü olmadımı? Biz burada, bu girdabi-mücadilə içində kəndimizi adəta sərxoş edərkən sənin daima yüksək, daima nəzih və sakin ruhun, heç şübhə etmirəm ki, ətrafını almış olan zülmət və məskənət (sakitlik – V.Q.) içində də kəndisi üçün təsəllilər və ümidlər bulurdu. Türkün əbədi aşiqi olan Əli təbiəti ilə Türkdən heç zaman ümidini kəsməzdi”. Məktubdakı “Mənə göndərdiyin əşarınla da bunu sübut etmiş olursan”, “hələ o aləmi-bəşər haqqında yazdığın mənzumə” sözləri isə Əli bəyin bizə məlum olmayan əsərlərinə işarədir.
Son dərəcə çətin, mürəkkəb dövrü arxada qoyduqlarını, artıq ümid qapılarının açıldığını müjdələyən Əhməd bəy daha sonra yazırdı: “Fəqət şükürlər olsun ki, yenə Türkün əzəli dəhası müharibənin fəlakəti-ümumiyyəsini və Türk milləti üçün hazırlamış olduğu əbədi məzarı bərtərəf etməyə müvəffəq oldu və yenidən pişgahi-xəyalımızda vəsi ümid üfüqləri təhiyyə etdi. Allah verə, bu kərə də bu ümidlərimiz boşa çıxmaya və millətin istehsal etmiş olduğu bu müsaid imkanı biz rəhbərlər sırf məlul olan dimağ və qəlblərimizin təhrikatı ilə yenidən qeyb etməyəlim”.
İzmir savaşında yunanlar üzərində qazanılan tarixi qələbədən sonra sevincini Əli bəylə bölüşən Əhməd Ağaoğlu “indiyə qədər sənə məktub yazmadığımın günah olduğunu çox iyi idrak edirəm”- sözləri ilə üzrxahlıq edir, “içində bulunduğumuz girdabi-həvadis və üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarını düşünmək üçün nə vaxt, nə də hüzur verirdi. Əlhəmdülillah bu kərə mücadiləmizin bu qədər müəzzəm müvəffəqiyyəti ilə hasil olan güşayiş hamımıza bir az rahat nəfəs almaq və yek digərimizi xatırlamaq imkanını bəxş eylədi” – deyə həyatlarında artıq yeni mərhələnin başlayacağını ümidlərini bildirirdi.
Çağdaş Türkiyədə Zəfər günü kimi qeyd edilən İzmir qələbəsinin qazanılmasında Əli bəy Hüseynzadənin nə rolu ola bilərdi? Əhməd bəy üçün bu sualın cavabı aydın idi: dostunun son dörddə bir əsr ərzində çoxcəhətli fəaliyyəti və əsərləri ilə türk insanına aşıladığı türkçülük, milliyyətçilik, vətənçilik hissi əsgərin silahından, komandanın əmrindən az iş görməmişdi. Qələbəyə inamın hasil olmasında süngü ilə qələm yanaşı dayanmışdı. Məktubda deyilirdi: “Türklüyün bir bəəsü bədəlmövt (ölümdən dirçəliş – V.Q.) möcüzəsinə məzhər olaraq yenidən tarix səhnəsinə daha möhtəşəm və daha mühib bir sima ilə çıxır və müqəddərat əmcədə daha çox vəzifələr icra edəcək və hələ Şərqi arxasınca sürükləyərək yeni-yeni üfüqlərə doğru yürütdürəcək qüdrəti haiz olduğunu bütün bəşəriyyətə elan edir. Sən Türklüyə bu ruhu aşılayan amillərdən birisən! Bu həqiqəti dostların heç bir zaman unutmadılar və əmin ol ki, gərək fəlakətli, gərək məsud zamanlarda heç bir dəqiqə sənin xatirən onların qəlblərindən silinmiş deyildi”.
Yüksək çinli dövlət məmuru olduğu halda özü də maddi ehtiyacın, sıxıntının hər üzünü görən Əhməd bəy dostunun daha böyük çətinliklərlə üzləşməsindən xəbərsiz deyildi. Odur ki, ona ürək-dirək verir, hər şeyin lap tezliklə yaxşılığa doğru dəyişəcəyinə inandırmağa çalışırdı: “Dörd-beş sənədən bəri böyük müzayiqələr və sıxıntılar içində bulunduğunu hamımız bilir və lakin hamımız da eyni hal içində qıvrındığımız üçün indiyə qədər bir şey yapmaq imkanı bula bilmirdik. Fəqət hamımız üçün maddi və mənəvi sıxıntıların nəhayətə irişmək üzrə olduğunu və lap yaxında yek digərimizə qovuşaraq güşayişli günlər görəcəyimizi ümid edirəm.” Başqa bir məktubunda isə yazırdı: “İnşallah, məramımıza müvafiq bir sülhə nail olur və yenidən hamımız birləşir və yenə o əski işlərimizə (mətbuat, yaradıcılıq fəaliyyəti nəzərdə tutulur – V.Q.) qayıdırıq. Səni buraya cəlb etmək fikrindəyik, nə deyirsən?”
Əli bəyi yeni Türkiyənin siyasi mərkəzi Ankaraya gətirmək, burada onun geniş bilik və təcrübəsinə uyğun işlə təmin olunmasına şərait yaratmaq, türk milləti qarşısındakı böyük xidmətlərinə uyğun bir güzəranla təmin etmək 1920-ci illərin əvvəllərində Əhməd Ağaoğlunu düşündürən başlıca məsələlərdən idi. 14 iyul 1923-cü il tarixli məktubunda bu barədə yazırdı: “Sənin maaşın haqqında ayrıca Ziya Göyalp ilə bərabər Maarif Vəkili ilə görüşəcəyik və nəticəni, əlbəttə ki, sənə yazacağam”.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 8 mart.- ÜS.10-11;21.