Zeytun - cənnət meyvəsi
BU MİSİLSİZ AĞACLARI QORUYA
VƏ ÇOXALDA BİLİRİKMİ?!
Tənha
bir ağac var park kənarında
Üzündə-gözündə bıçaq izləri.
Qanına
bulanmış yarpaqlarında
Donub, deyəcəyi
ürək sözləri.
Yaralı gözünü zilləyib
göyə.
Kəsilmiş qoluna baxıb ağlayır.
İçində nə çəkir
görsünlər deyə,
Az qala kökündən çıxıb
ağlayır.
Burnunun ucunda açardı çiçək,
Onda canı sulu,
ruhu diriydi.
Kiçik bir budağı
sığınacaq tək,
Gizli sevənlərin
görüş yeriydi.
Ulduzlar qoynunda gecələyərdi.
İlişib qalardı ay yarpağına.
Küləklər növbəylə layla
deyərdi,
Nəğmə göndərərdi pay yarpağına.
Nə vaxtsa əyninə geyinib qara.
Kəsilən qoluna yas saxlayacaq.
Kim bilir, bəlkə də gələn bahara,
Köhnə yaraları qaysaqlayacaq.
Gəl ay tənha
ağac, dayanma naçar.
Bir gün göyərəcək içində
ağrı.
Nə gözəl deyibdir kötük babalar,
Kiminin əvvəli,
kiminin axrı.
Oxuduğunuz bu şeiri 2002-ci ilin oktyabrında yazmışam. Bir zaman evimizin yanındakı parkda illlər öncə "zeytunluq" adlanan yerdə tənha qalmış, hələ də can üstə olan, kötüyünə
sığınmış bir
zeytun ağacının
taleyini şeirlə dilə gətirməyin dərdi elə qırılan ağacların
dərdi qədər böyükdür.
O ağac ki, gövdəsində,
budaqlarında illərin
və nəsillərin
izi var. Bəlkə də sevgisini yarpaq-yarpaq üstünə
qonan quşlar oxuyub, yaşıl çətirinə sevgililər
sığınıb. Yağış da görüb, isti də, soyuq
da, qar da,
şaxta da. Heç biri təsir etməyib, çünki torpağın sevgisi qoruyub onu. Amma bir gün balta
səsinə, mişar
"iniltisi"nə diksinib.
Günəş gözlərinin üstünü
qara buludlar alıb. Qara-qara əllər ürəyini
əzikəzik eyləyib.
Yarpaq-yarpaq, budaq-budaq ümidini
qırıblar. Onu
əzizlərindən ayırıb
tək-tənha qoyublar...
Həmişə ağaclara heyrət etmişəm. Bilirsiniz niyə? Çünki onlar bizdən vəfalıdırlar. Kökü harda
qərar tutursa, harda torpağı
"Ana" deyib qucaqlayırsa,
elə orada da bitir, boy atır,
ömrünü yaşayır.
Bəzən içimdən ağac
olmaq sevdası keçir. Ancaq həm də
istəmirəm ağac
olam. Bilirəm ki, vaxtlı-vaxtsız
qırıb-məhv edəcəklər.
Ya yerimdə bina ucaldacaqlar, ya da əyləncə
mərkəzi tikəcəklər...
Bu gün dünyada
hər hansı bir millətə qarşı soyqırım
törətmiş təqsirkarları
ən ağır cəzaya məhkum edirlər. Bəs, yaşıl soyqırımı
törədənlər nə
üçün cəzasız
qalır, onlar barəsində hər hansı bir şəkildə tədbir
görülmür?
Adı müqəddəs
kitabımız olan
"Qurani-Kərim"də çəkilən bu yaşıl həyat ağacı insanlıq tarixinin yol yoldaşıdır. Meyvəsindən, yağından, hətta yarpaqlarından belə istifadə edib şəfa tapan dədə-babalarımız bu
faydalı bitkini təkcə əkməklə,
becərməklə kifayətlənməyiblər,
həm də onu qoruyub gələcək
nəsillər, yəni
bizlər üçün
saxlayıblar.
Azərbaycanda zeytunçuluğun qədim
tarixi var. Bu barədə
vətənimizə gələn
səyyahların qeydlərini
oxumaq kifayət edər. Zeytunçuluq üçün
ən gözəl əlverişli, münbir şərait Abşerondadır.
Hətta
İkinci dünya müharibəsindən sonra
Abşeronda zeytun bağlarının sahəsi
3 min hektardan çox olub.
Etiraf etmək
lazımdır ki, Bakının müxtəlif
rayonlarında, kəndlərində
salınmış zeytun
bağları imkanlı
adamların, həmin kənd və rayonların elə rəhbər şəxslərinin
"qəzəbinə" tuş gəliblər. Təmiz havaya
böyük ehtiyac duyan, gündən-günə
böyüyən, sənayeləşən
Bakının yaşıl
örtüyünə qənim
kəsilənlər necə
bir günah etdiklərinin fərqindədirlərmi?
Axı sevgili peyğəmbərimiz
ağac əkməyin
xeyirli bir əməl olduğunu bizə tövsiyə edib.
Baltalarının sapı ağacdan olan bəzi əlibaltalılar bu gün ağacları budamaq adı ilə onları məhv edirlər. Zeytun ağaclarının budanması
onların məhvi ilə nəticələnir, ağacların
ətrafı hasara alınır və onlar qırılıb yerində villalar ucaldılır. Qırılan zeytunların yerinə
yeniləri əkilirmi?
Yox! Bəzən aidiyyatı təşkilatların
bu işə seyrçi münasibət
bəsləmələri, cüzi
cərimələrlə kifayətlənmələri
qanunvericilikdə hələ
də boşluqların
olmasını göstərir...
Bəs, nə etmək lazımdır? Fikrimizcə, zeytun ağaclarının qırılmasının qarşısının alınmasını, zeytunçuluğun inkişafı, görülən tədbirlərin davamlılığını təmin etmək üçün xüsusi təbliğat vasitələrindən istifadə ümumi işin xeyrinə olar. Əsas təbliğat işi məktəblərdə aparılmalıdır. Xüsusən də biologiya dərslərində zeytunun faydaları barədə bilgilər verilməlidir. Yaxşı olardı ki, yaz və payız aylarında Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə məktəbyanı sahələrdə, ağac əkmək üçün ayrılmış yerlərdə, parklarda şagirdlər və tələbələr tərəfindən zeytun ağacları əkilsin. Bu işi ümumrespublika hərakatına çevirmək arzususunu gerçəkləşdirmək üçün əlavə heç bir şey tələb olunmur, yalnız bir şey: Sevgi...
Zeytunçuluğun inkişafı dövlətimizin güclənməsinə, onun iqtisadi qüdrətinin artmasına kömək edə bilər. Bu, həm də yeni iş yerlərinin açılması deməkdir...
Əslində, zeytun ağaclarının əkilməsi müstəqilliyimizə qədər sırf yaşıllığa xidmət edirdi. Yaşıllıq zolaqlarının salınmasında zeytun ağaclarından geniş istifadə olunurdu. Zeytun əlavə qulluq tələb edən ağac deyil. Bu gün isə biz zeytunçuluğu məqsədli şəkildə həyata keçirib, onu gündəlik həyatımızın bir hissəsinə çevirməliyik. Erroziyaya uğramış şoran torpaqlarda, sürüşməyə meylli olan ərazilərdə zeytun ağaclarının əkilməsi məqsədəmüvafiq deyilmi? "Hərəyə bir zeytun ağacı əkək" kampaniyasına start verməklə uşaqdan-böyüyə kimi doğma vətənimizin yaşıl sabahına çevrilmək xoşbəxtliyini yaşamaq sevinci ali bir dəyər kimi nəsildən-nəsilə ötürülməlidir. Əgər bu gün hörmətli prezidentimiz cənab İlham Əliyev ağac əkməyi, ekologiyanın qorunmasını, təbiətin mühafizəsini ölkə siyasətinin bir hissəsi hesab edirsə və özü sevə-sevə ağac əkirsə, o zaman bu örnəyi davam etdirmək, bu ideya ətrafında birləşmək olmazmı? Zeytunçuluğun inkişafına ölkə başçısı tərəfindən yetirilən diqqət, iş adamlarına göstərilən qayğı bu yaşıl çətirli cənnət meyvəsini becərməklə Azərbaycanımızı cənnətə çevirmək üçün bir çağırış deyilmi?
Bu gün müxtəlif xarici qidaların, məhsulların, sənaye mallarının Azərbaycanın hər yerində reklamı çox yüksək səviyyədə təşkil olunub. Əlbəttə, biznes maraqları, gəlir əldə etmək istəyi hər bir işin yüksək səviyyədə qurulmasını tələb edir.
Mövzu ilə bağlı əlavə məlumat toplamaq üçün əhali arasında keçirdiyim sorğudan sonra belə qənaətə gəldim ki, hələ bizdə ağac əkmək, xüsusilə də zeytun ağaclarının faydası barədə məlumat qıtlığı var. Ancaq sorğuda iştirak edənlərin maraqlı təkliflərini yazımda qeyd etməyi vacib bildim. Onlar haqlı olaraq bildirirlər ki, hər gün yüzminlərlə adamın nəqliyyat növü kimi istifadə etdiyi metroda bir dənə olsun belə zeytun ağaclarının faydası ilə bağlı reklam roliki göstərilmir. Axı kökündən yarpağına qədər insana faydası olan, xeyri dəyən bu cənnət meyvəsindən niyə bixəbər olmalıyıq?
Müxtəlif layihələrin gerçəkləşməsində, respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının da zeytun ağaclarının qırılmasının qarşısının alınması yönündə KİV-lərlə bərabər, sadə vətəndaşların da haqlı mövqelərinə susqunluq nümayiş etdirmələri cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır.
Bir sözlə, zeytun ağaclarının qırılmasının qarşısının alınması üçün təbliğata səfərbər olmalıyıq. Hər əkilən zeytun ağacı təmiz hava, sağlam can və inkişaf deməkdir.
Bəlkə də pafoslu səslənə bilər, qəsdən yazımın axırında yer verdiyim bu fikir. Amma olsun: əgər zeytun ağaclarının dili olsaydı, Azərbaycan adlı məmləkətimizə, müstəqil dövlətimizə və onun rəngarəng təbiətinə böyük bir sevgi ilə xidmət edən, xüsusən də min bir dərdin dərmanı olan zeytunumuzun dəyərini, qiymətini anlayıb, onu sevilən adlarla bütün dünyada tanıdan "Azərsun Holding"ə təşəkkürlərini, sevgilərini, sayğılarını bildirərdilər.
Hafiz TƏMİROV
525-ci qəzet.- 2014.- 12 mart.- S.8.