Vətəndaş cəmiyyətinin
möhkəmlənməsi naminə: Milli QHT Forumunun fəaliyyət
yolu
Məlum
olduğu kimi, 90-cı illərin ortalarında ölkədə
gedən sosial-iqtisadi
və ictimai-siyasi proseslər cəmiyyətin ən müxtəlif nümayəndələrini vətəndaş
cəmiyyəti institutlarının başlıca qüvvələrindən
olan QHT hərəkatına qoşulmağa sövq etdi və yeni-yeni QHT-lər yaranmağa
başladı. İctimai fəaliyyətin bu
yeni, təşkilatlanmış formasının inkişaf
etdirilməsi üçün bir sıra beynəlxalq təşkilatlar
geniş proqramlarla çıxış etdilər.
İlk belə beynəlxalq təşkilatlardan olan
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, ABŞ-ın İSAR-Azərbaycan və
BMT-nin QHT-lər üzrə Resurs və Təlim Mərkəzi
(QRTM) ölkədə qeyri-hökumət təşkilatlarının
yaranmasına və onların fəaliyyətinə maddi və
texniki dəstək verməyə başladılar.
1998-ci ilin sonunda QRTM tərəfindən ölkədə
fəaliyyət göstərən və haqqında məlumat
almaq mümkün olan təxminən 135 QHT-nin siyahısı tərtib
edildi. Bu siyahının tərtib olunmasında əsas məqsəd
əsasən bir-birindən xəbərsiz və pərakəndə
şəkildə fəaliyyət göstərən QHT-ləri
bir araya gətirmək və onların işini əlaqələndirmək
üçün QHT koalisiyası və şəbəkəsi
yaratmaq idi. Bu şəbəkə QHT-lərlə
hökumət, beynəlxalq və donor təşkilatları
arasında, eləcə də ictimaiyyətlə effektiv əlaqələrin
qurulmasına, QHT-lərin bürokratik əngəl və təzyiqlərdən
birgə müdafiəsinə və xüsusilə İctimai
Sektorun formalaşmasına dəstək verməli idi. QHT
liderləri ilə 6 aya yaxın aparılan intensiv məsləhətləşmələrdən
sonra sözü
gedən koalisiyanın QHT Forumu adlandırılması
haqqında qərar qəbul edildi. Beləliklə, nizamnamə
və digər işçi sənədlər hazırlanaraq Forumun təsis qurultayı
10-11 iyun 1999-cu ilə təyin edildi.
Forumun təsis yığıncağı gözlənildiyindən
fərqli olaraq çox qalmaqalla başladı. İlk dəqiqələrdən
bir sıra QHT-lər tədbirin istiqamətini dəyişməyə
və bu mümkün olmadıqda qurultayın işini
pozmağa cəhd etdilər. Bəziləri
hətta "bizim adamımız forumun prezidenti seçilməsə,
biz qurultayı tərk edəcəyik" kimi ultimativ xarakterli
bəyanatlar verməkdən çəkinmədilər.
Açıq-aşkar hiss olunurdu ki, qurultayda əsas mübarizə
mövqe, yəni prezident seçilmək uğrunda gedəcək
və bu da vəziyyəti daha da
ağırlaşdırırdı. Kompromis əldə etmək
üçün edilən ən müxtəlif cəhdlər
nəticəsiz qaldı və təxminən 30 QHT
qurultayı nümayişkaranə şəkildə tərk
etdi. Əlbəttə, bu hadisələrin tam təfərrüatına varmaq və kimisə ittiham etmək
fikrindən tam uzağam (ən azı ona görə ki, bu məsələlər
öz aktuallığını çoxdan itirib), lakin bircə
onu qeyd etməliyik ki, bütün bu çəkişmələrin
arxasında qeyd edilən səbəblə yanaşı siyasi və ya şəxsi
maraqların durması da hamıya bəlli idi.
Nəhayət, uzun müddət aparılan müzakirə
və çəkişmələrdən sonra qurultayın
ikinci günü, iyunun 11-də 95 təşkilat tərəfindən
QHT Forumu təsis edildi. Qurultayı tərk edənlər isə
foruma alternativ qurum yaratsalar da, bu təşkilatın
ömrü qısa oldu və bir müddət sonra bir neçə
yerə bölünərək fəaliyyətini
dayandırdı. Bəzi
anlaşılmazlıqlar aradan qaldırıldıqdan sonra təsis
qurultayını tərk edən bir çox QHT-lər
mövcud reallığı düzgün qiymətləndirərək
ictimai sektorun gücünü daha da artırmaq
üçün QHT Forumuna (2001-ci ildə keçirilən II
Qurultayda Milli QHT Forumu adlandırıldı) qoşuldular.
Bununla da ölkə QHT-lərinin vahid şəbəkə yaratmaq və QHT sektoruna aid bütün məsələlərdə həmrəylik nümayiş etdirmək
imkanı əldə edildi.
Ölkədə
real fəaliyyəti hiss olunan QHT-ləri yavaş-yavaş öz ətrafına
toplayan Milli QHT Forumu (MQF) üzərinə böyük tarixi
missiya götürdü. Belə ki, MQF dövlətçilik
maraqlarını müdafiə etməklə yanaşı
özünün müstəqilliyini qorumalı, müxtəlif
siyasi düşərgələrə bölünmüş
QHT-ləri ümummilli məsələlərdə birləşdirməli
və onların bütün potensialını ictimai sektorun
formalaşmasına və vətəndaş cəmiyyətinin
güclənməsinə yönəltməli idi.
MQF-də
parçalanma meylləri və beynəlxalq təşkilatların
Foruma fərqli mövqeyi
Üzərinə düşən vəzifənin yerinə
yetirilməsi üçün MQF bir sıra ağır
sınaqlardan keçməli oldu. Fəaliyyətinin
ilk 7 ayında ofissiz qalmasına baxmayaraq (əgər QRTM-in
binasındakı heç bir kommunikasiya və rabitə sistemi olmayan
bir otağı nəzərə almasaq) MQF qısa müddət
ərzində təcrübəli QHT rəhbərlərinin və
QRTM-in iştirakı ilə ölkənin ictimai sektorunun
prioritet istiqamətlərini müəyyən etdi. Lakin yenidən baş qaldıran fərdi ambisiyalar
Forumda gərginlik yaratdı. İdarə Heyətində
təmsil olunan bəzi şəxslər təşkilatın əsl
mahiyyətini düzgün dərk etməyərək qeyri-real
maddi tələblərlə çıxış etməyə
və Forumu parçalamağa cəhd göstərdilər.
Kövrək formalaşma mərhələsini yaşayan bir
qurumu sarsıtmağa yönəlmiş bu cür şəxsi ambisiyalar və əsassız
iddialar heç bir nəticə vermədi və tezliklə həmin
şəxslər ictimai qınağa tab gətirməyərək Forumun idarə heyətindən
istefa verməyə məcbur oldular. Bundan sonra MQF-nin bütün rəhbər
heyəti vahid bir komanda şəklində birləşərək
bütün imkanlarını təşkilatın güclənməsinə
sərf etməyə başladılar.
İlk illərdə (1999-2002-ci illər) bəzi beynəlxalq
təşkilatlar Forumu qəbul etmək istəmir və ona
çox soyuq münasibət bəsləyirdilər. Belə ki, bu dövrdə
ölkənin əsas donor təşkilatları sayılan
Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu (Soros
fondu), İSAR-Azərbaycan və Avrasiya Fondu Foruma hər hansı bir dəstək
verməkdən imtina etdilər və bəzən belə bir təəssürat
yaranırdı ki, bu təşkilatlar QHT ictimaiyyətinin bir
alyans
formalaşdırmasına
qısqanclıqla yanaşırlar. Bəlkə də qeyd olunan təşkilatların
o zamankı rəhbərləri üçün ölkə QHT-lərinin
dağınıq və pərakəndə şəkildə
fəaliyyət göstərməsi daha çox sərf edirdi,
çünki onların davranışında (xüsusilə
Soros Fondunun ölkə üzrə rəhbəri cənab Devid
Stabsın) QHT-lərin bir şəbəkə halında birləşməsinə
mənfi münasibəti
açıq şəkildə hiss olunurdu. Yaxşı
ki, belə bir çətin vəziyyətdə BMTİP,
BMTQAK, Dünya Bankı, Norveç səfirliyi və digər
qurumlar MQF-yə yaxından dəstək verdilər və onun
layihələrini maliyyələşdirdilər. Lakin 2002-ci
ildən sonra İSAR-Azərbaycan təşkilatının fəaliyyətinin
dayandırması, Soros və Avrasiya fondlarının rəhbərliyində
baş vermiş dəyişiklikdən sonra Forumla bağlı siyasət də müsbət mənada dəyişdi.
QHT hərəkatı
və yeni qanunların qəbulu
Çox keçmədi MQF əsas təhlükə və
riskləri arxada qoyaraq özünü tam şəkildə
toparlaya bildi.
Artıq Forum minimum texniki imkanlar əldə
etmiş və nisbətən yaxşı şəraitə
malik ofis icarəyə götürərək tam gücüylə
fəaliyyətə başlamışdır. 2000-ci ilin əvvəlindən
etibarən MQF ictimai sektorun aşağıda qeyd olunan 3 əsas
problemini prioritet məsələ kimi gündəmə gətirdi:
qanunvericiliyin təkmilləşdirilməsi: QHT-donor münasibətləri:
ehtiyaclar və çatışmazlıqlar yerli QHT-lərin
inkişafı.
Milli Məclisin
Sosial siyasət daimi komissiyasının hazırladığı "qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar)
haqqında" qanun layihəsinin ictimai müzakirəsini
təşkil edən MQF ilk dəfə
olaraq geniş tərkibdə QHT-ləri bir araya gətirdi. Forumun tərkibində
yaradılmış işçi qrupu təxminən 6 ay ərzində
qanun layihəsi üzərində iş apardı və öz
təkliflərini hazırlayıb Milli Məclisə təqdim
etdi. Sevindirici haldır ki, Milli Məclis 2000-ci ilin may ayında bu qanunu qəbul
edən zaman MQF-nin irəli sürdüyü təkliflərin
böyük bir hissəsini qəbul etdi və bununla da ilk dəfə olaraq
"qeyri-hökumət təşkilatı"
anlayışı ölkə qanunvericiliyində rəsmən
təsbit edildi.
MQF-nin qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəki
fəaliyyəti bununla məhdudlaşmadı. 2003-cü ildə
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyesteri haqqında" qanunun
hazırlanmasında yaxından iştirak edərək layihənin dəfələrlə
yerli və beynəlxalq ekspertlərin iştirakı ilə
ictimai müzakirəsini keçirtdi. Bu qanunun qəbulundan
sonra isə QHT-lərin dövlət qeydiyyatı sahəsində
olan problemlər öz müsbət həllini tapdı. Məhz
bunun nəticəsidir ki, son 4 ildə 1407 QHT dövlət
qeydiyyatına alındı. Qeydiyyat sahəsində
belə bir yüksək göstəricinin əldə
olunmasında MQF ilə Ədliyyə Nazirliyinın birgə
işini və yaxından əməkdaşlığını
xüsusi qeyd etmək lazımdır.
2007-ci ildə QHT Sektorunun qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində işlər davam etdirildi. MQF Counterpart İnternational
Təşkilatı ilə birlikdə "İctimai Birliklər"
(QHT-lər) haqqında",
"Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti
haqqında" və "Könüllülük fəaliyyəti
(Volontyorluq) haqqında qanun layihələrini və digərlərini
Milli Məclisin müzakirəsinə təqdim etdi. O dövr
üçün çox aktual olan "QHT - donor münasibətləri:
ehtiyaclar və çatışmazlıqlar" mövzusunda
müzakirələrin təşkili bütün QHT-lər
üçün "ölüm-dirim" məsələsi
idi. Çünki donor təşkilatların qəbul
etdikləri qərar QHT-lərin gələcək taleyini
müəyyənləşdirə bilirdi. Bu baxımdan
Forum QHT-donor münasibətlərinin o zamankı vəziyyətinı,
mövcud problemləri və ehtiyacları geniş müzakirəyə
çıxartmaqla həm beynəlxalq təşkilatların,
həm də hökumətin diqqətini bu sahəyə cəlb edə bildi. Nəticədə
sonralar beynəlxalq təşkilatların öz fəaliyyətlərində
daima istifadə etdikləri ətraflı hesabat hazırlanaraq
bütün maraqlı tərəflərə təqdim edildi.
MQF-nin
tarixində ən uğurlu layihələrdən biri hesab olunan "Yerli QHT-lərin inkişaf
proqramı" layihəsi 2000-2001-ci illərdə vətəndaş
cəmiyyəti quruculuğunda ən böyük hadisə oldu. Ona
görə ki, məhz bu layihənin sayəsində QHT hərəkatı
paytaxt Bakıdan kənara çıxaraq ölkənin
bütün rayon və şəhərlərinə
yayıldı. Xüsusilə nəzərə
alsaq ki, o zaman dövlət orqanlarında çalışan
insanlarda və ümumiyyətlə cəmiyyətdə QHT
işi düzgün başa düşülmür və bəzən
də qəbul edilmir, onda bu layihənin doğurdan da ictimai
sektorun tarixində önəmli bir hadisə olduğunu qəbul
etmək olar. BMTİP QRTM-in maddi və təşkilatı
dəstəyilə icra olunan bu layihə çərçivəsində
ilk dəfə olaraq (Naxçıvan MR-da daxil) ölkənin
60 şəhər və rayonunda ictimai sektorun vəziyyəti
təhlil edildi, QHT-lər haqqında statistik məlumatlar
toplandı, hakimiyyət orqanları,
siyasi partiyalar və ictimaiyyət nümayəndələri
ilə çoxsaylı görüşlər və
sorğular keçirildi. Hər bir rayonda 3 gün müddətində
keçirilən bu görüşlərdə QHT işi, onun
mahiyyəti, ölkəmiz üçün əhəmiyyəti
və perspektivləri barədə əhaliyə geniş məlumat
verildi. Layihənin sonunda Milli QHT Forumu ölkənin
bütün şəhər və rayonlarında 300-dən çox QHT-nin
yaranmasına köməklik göstərmiş və
onların (əvvəlcədən mövcud olanlar da daxil) əlaqələndirmə
şuralarını təsis etmişdir. Bundan başqa QHT-lərə hərtərəfli
xidmət göstərmək məqsədilə rayon və
şəhərlər 5 müxtəlif coğrafi bölgələrə
(Şirvan, Şəmkir, Mingəçevir, Qəbələ və
Quba) bölünərək həmin ərazilər üzrə
Regional QHT-lərin Resurs və Təlim Mərkəzləri (R-QRTM)
yaradılmışdı. Bütün çətinliklərə
və donor dəstəyinin 2003-cü ildən kəsilməsinə
baxmayaraq peşəkar işçi heyətə, ofis və
lazımi texniki avadanlıqlara malik olan bu mərkəzlər
vasitəsilə ildə 6 mindən çox vətəndaşa
pulsuz olaraq müxtəlif səpkidə xidmət göstərilir
və regionlarda fəaliyyət göstərən 350 müstəqil və 700 mərkəzi
təşkilatların şöbələri olan QHT-lərin
(cəmi 1050 təşkilat) işi əlaqələndirilirdi. Son illər bu rəqəmlər daha da artıb.
QHT-hökumət
münasibətlərində əriyən buzlar
Başlanan işi uğurla davam etdirmək
üçün ilk növbədə QHT-lərin dövlət
təşkilatları ilə münasibətlərinin
qurulmasına böyük ehtiyac duyulurdu.
Regionlarda aparılan işlər zamanı bəzi
rayonların İcra Hakimiyyəti
başçılarının "qeyri-hökumət təşkilatı"
ifadəsindən çəkindiyi açıq şəkildə
hiss olunurdu. Bəzən də bu ifadəni
"anti-hökumət" və ya müxalifət təşkilatı
kimi başa düşürdülər. Belə
olduğu təqdirdə əlbəttə ki, regionlarda QHT-lərin
sərbəst fəaliyyətindən söhbət gedə bilməzdi.
Bunu nəzərə alaraq, MQF "QHT-hökumət
münasibətləri və onun hüquqi əsasları"
mövzusunda rayonlarda və Bakıda seminar-müzakirələr
təşkil etdi. QHT sektorunun tarixində
ilk dəfə idi ki, 53 rayonun icra hakimiyyətinin yüksək
rütbəli təmsilçiləri və QHT-lər bir masa ətrafına
toplaşaraq qarşılıqlı anlaşma şəraitində
mövcud problemləri müzakirə etdilər və birgə
fəaliyyət haqqında ümumi razılığa gəldilər.
Münasibətlərdə olan soyuqluq və
qarşılıqlı inamsızlıq buzu əriməyə
başlamışdı və artıq hökumət rəsmiləri
QHT-lərlə dialoqa getməkdən və onların tədbirlərində
iştirak etməkdən çəkinmirdilər. Bu vacib işi
məntiqi sonluğa çatdırmaq üçün QHT-lərin
hökumət rəsmləri ilə təmaslarını davam
etdirmək lazım idi. Bu səbəbdən 2001-ci ilin aprelindən etibarən
ölkə QHT-lərinin ayda bir dəfə ümumi
toplantısının (Aylıq Görüş) keçirilməsi
qərara alındı. Şübhəsiz ki, bu layihə QHT-lərin
problemlərinin
dövlət orqanları və beynəlxalq təşkilatlarla
birgə müzakirə edilməsi, QHT-lərin özlərinin
bir-biri ilə yaxından tanış olması və
onların potensialının üzə
çıxarılması, ictimai sektorun bütövlükdə
diqqət mərkəzində qalması üçün çox əlverişli bir fürsət
idi. Bu toplantıların kiçik statistikasını aparsaq
görərik ki, bir neçə il ərzində hər birinə
yüzlərlə QHT-nin qatıldığı 40-dan artıq
aylıq görüş keçirilmiş və bu
görüşlərdə 9 nazir, 7 komitə və şirkət
rəhbəri, parlamentin 6
komissiya sədri, 15-dən çox xarici ölkə səfirləri
və beynəlxalq təşkilatların nümayəndələri
iştirak etdi. Məhz bu layihənin sayəsində
QHT-lər hökumət və cəmiyyət tərəfindən
bir institut olaraq daha ciddi şəkildə etiraf və qəbul
edilməyə başladı. Digər tərəfdən
onu da vurğulamaq lazımdır ki, QHT-lərin vahid bir sektor
halında formalaşması, onların ümummilli məsələlərdə
həmrəylik nümayiş etdirməsi və ən müxtəlif
problemlərin həll olunmasında "Aylıq
Toplantıların" müstəsna xidməti olmuşdu.
Daha sonra MQF təmsilçilərinin nüfuzlu dövlət
komissiya və şuralarına üzv təyin edilməsi
hökumətin QHT-lərlə yaxından əməkdaşlıq
etmək istəyinin təzahürü idi. 2006-cı ildə Milli QHT
Forumunun VI Qurultayına Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən ilk dəfə
olaraq təbrik məktubunun göndərilməsi isə QHT
sektoruna verilən ən yüksək önəm və
onların fəaliyyəti üçün yandırılan
yeni bir "yaşıl işıq" oldu. Cənab
Prezidentin QHT-lərlə bağlı sonralar verdiyi sərəncam və fərmanlar
isə bu siyasətin kifayət qədər ardıcıl və
qərarlı olduğunu sübut etdi.
QHT-lər
haqqında əhali qismən məlumatlı idi
2000-ci ilin sonunda əhali arasında QHT sektoru haqqında
məlumat çox zəif və qeyri-dəqiq idi. Təsadüfi deyil ki, həmin
il keçirilən sosioloji sorğu
zamanı bəlli olmuşdu ki, respondentlərin cəmi 7 faizi
QHT-ni tanıyır və onun haqqında müəyyən məlumata
malikdir. Əlbəttə bunun müxtəlif səbəbləri
vardı. Ən birincisi, "QHT" sözü bir termin
olaraq yeni idi və çoxları əvvəl öyrəşdiyi
"ictimai təşkilat" anlayışını
"QHT"dən fərqli olduğunu düşünərək
ona soyuq yanaşırdılar (QHT sözü bizim hüquq
leksikonuna yalnız 2000-ci ilin yazında qəbul olunan "QHT-lər
(ictimai birliklər və fondlar) haqqında qanunla daxil olub). QHT jurnalistikasının olmaması QHT-KİV
münasibətlərinin qurulmasına və birincinin ictimaiyyətə
düzgün təqdim olunmasına mane olurdu.
Üçüncüsü, QHT-lərin özləri zəif
və sayca az idilər və həm də onların ictimaiyyətlə
əlaqə (PR) qurmaq təcrübəsi
yetərincə deyildi. Əhali arasında QHT-lərin
fəaliyyəti barədə ətraflı və
düzgün bilginin yoxluğu cəmiyyətdə müəyyən
çaşqınlıqların yaranmasına və onlara
qarşı bəzən haqsız olaraq neqativ münasibətin
formalaşmasına gətirib çıxarırdı.
Bu
boşluqları aradan qaldırmaq üçün 2001-ci ilin
yanvar ayından etibarən MQF QHT-lərə həsr
olunan informasiya bülleteni nəşr etməyə
başladı. Ayda bir dəfə işıq
üzü görən bu bülletendə QHT-lərin fəaliyyəti,
onların həyata keçirdiyi layihələr və tədbirlər
barədə məlumatlar verildi. Lakin ayda cəmi
400 nüsxədə çap olunan bu bülleten informasiya sahəsində
ehtiyacları tam şəkildə ödəyə bilmirdi.
Artıq yeni, daha geniş informasiya vasitələrindən
istifadə etmək zərurəti meydana gəldi. Bu məqsədlə
"3-cü Sektor televiziya proqramı" layihəsi
işlənib hazırlandı. 2001- 2003-cü illərdə əvvəlcə
Az TV-də, sonra Space TV-də yayımlanan "3-cü
Sektor"da QHT-lərin gördüyü müsbət işlər
və həyata keçirdikləri layihələr haqqında
ictimaiyyətə ətraflı məlumat verildi. "Müsbət QHT imici" yaratmağa istiqamətlənmiş
layihə çərçivəsində 38 veriliş efirə
çıxdı və 160 QHT-nin fəaliyyəti
işıqlandırıldı.
Daha sonra
QHT Sektorunun mətbuat və ictimaiyyətlə əlaqələrinin
möhkəmlənməsi və bu sahədə bilik və
bacarığın artırılması məqsədilə
"QHT-lərin mətbuatla işinin təşkili" layihəsi
çərçivəsində 120 QHT-yə müvafiq təlimlər
keçirildi. 2005-ci ildə isə QHT sektorunun
potensialının araşdırılması baxımından
olduqca əhəmiyyətli olan "Azərbaycanda fəaliyyət
göstərən QHT-lərin Məlumat Bazasının
yaradılması və direktoriyanın yeniləşdirilməsi"
layihəsinin icrası uğurla başa çatdı. Bu layihə
çərçivəsində Azərbaycanın
bütün regionlarını əhatə etməklə 900
QHT haqqında ən vacib məlumatları özündə əks
etdirən "Elektron QHT Məlumat
Bazası" və "QHT Direktoriyası" Azərbaycan və
ingilis dilində hazırlanaraq Milli QHT Forumunun internet səhifəsində
yerləşdirildi və bütün maraqlı tərəflərin
istifadəsinə verildi.
Açıq
Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyilə
2007-ci ilin avqustunda
təsis olunan "MQF Xəbər" elektron qəzeti
(www.mqfxeber.az) layihə müddətinin bitməsinə
baxmayaraq QHT-lərə informasiya təminatını bu gün də davam etdirir.
İndi əhalinin neçə faizinin QHT haqqında məlumata malik olmasını dəqiq deyə bilməsəm də, onu qətiyyətlə deyə bilərəm ki, bu sahədə vəziyyət müqayisə edilməz dərəcədə yaxşılaşıb və vətəndaşların böyük qismi artıq QHT-nin mahiyyəti və missiyası barədə lazımi bilgilərə malikdir.
Bakı-Tbilisi-Ceyhana ictimai dəstək
2002-ci il Bakı-Tbilisi-Ceyhana ictimai dəstək ili oldu. Həmin il dünyanın (Avropa və Amerikanın) 37 ölkəsindən 64 QHT-nin birləşdiyi anti-Bakı-Tbilisi-Ceyhan (BTC) koalisiyası yaradıldı və BTC-nin maliyyələşdirilməsi və inşası əleyhinə kompaniya başlandı. Bu kompaniyanın arxasında duran qüvvələr (maraqlıdır ki, bu siyahıda BP neft şirkətinin adı daha çox hallanırdı) btc-nin iqtisadi yox, siyasi layihə olduğunu göstərmək, ekoloji riskləri şişirtmək və müəyyən ajiotaj yaratmaqla müxtəlif məqsədlər güdürdülər ki, bunların da içərisində "layihənin qiymətini dəfələrlə artırmaq və öz maddi maraqlarını təmin etmək istəyi" haqqında deyilən fikirlər daha inandırıcı səslənirdi. Təəssüflər olsun ki, bu anti-btc kompaniyasına Azərbaycandan qoşulan QHT-lər də tapıldı.
Bu təhlükəli kompaniyanın qarşısını almaq və ölkə QHT-lərini ümummilli layihə olan BTC-ni dəstəkləmək məqsədilə MQF ölkə QHT-lərinin aylıq toplantısını keçirtdi və 2002-ci il noyabrın 11-də "BTC-yə beynəlxalq ictimai dəstək və monitorinq Koalisiyası"nı təsis etdi. Az sonra dəstək koalisiyasına Gürcüstan və Türkiyə QHT-lərinin də qoşulması ona beynəlxalq status qazandırdı. 230-dan çox QHT-nin iştirak etdiyi Koalisiyanın üzvləri tərəfindən BTC-nin əleyhdarları ilə ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrində aparılan görüşlər və müxtəlif tədbirlərdə edilən çıxışlar kəmərə ictimai dəstəyin verilməsi baxımından əhəmiyyətli oldu.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.-
12 mart.- S.6.