Vətənə sevgi, dövlətə sədaqət, xalqa xidmət

 

12 mart - Azərbaycanda Daxili Qoşunların yaradılması günüdür

 

 

Haqqında söhbət açacağım şəxslə yollarımız  20 il bundan öncə respublikamızın şimal-qərb bölgəsində kəsişmişdi. Mən hər şeydən əvvəl dünyasının zənginliyinə, əxz edə biləcəyim ali keyfiyyətlərin çoxluğuna görə bu tanışlıqdan məmnun idim. Mən orada doğulub böyümüşdüm, yerli qəzetdə çalışır, region televiziyasına verilişlər hazırlayırdım. Şahin müəllim - Şahin İsgəndər oğlu Məmmədov isə Azərbaycan DİN Daxili Qoşunlarının həmin ərazidə dislokasiya olunmuş əlahiddə taborunun komandiri idi. Vaxtaşırı idarə-müəssisə hüquq-mühafizə orqanlarının rəhbərləriylə birgə rayon tədbirlərinə qatılır, lazım gələndə mövzuya uyğun dəyərli çıxışlar edirdi. Dərin biliyi, geniş dünyagörüşü, ünsiyyət mədəniyyəti ilk görüşlərdən boy göstərsə , sonralar tabeliyindəki hərbi hissədə müddətdən artıq xidmət keçərkən onu daha yaxından tanıdım. Mükəmməl idarəçilik qabiliyyətinə çoxcəhətli fəaliyyət sferasına malik bu adam özündə əsl rəhbərə xas keyfiyyətləri birləşdirmişdi. Elə həmin əhatəliliyinə, zəhmət çəkməkdən qorxmadan hər cür çətinlikləri ram etmək imkanlarına görə hərbi işi, uniformanı, çiynində daşıdığı səkkizguşəli ulduzları çox sevməsinə baxmayaraq, həvalə olunan başqa mülki vəzifələrdə belə etimadı doğrultmağa qadir idi. Onda həkimlə tibb sahəsi üzrə, mühəndislə tikintidən, yazıçı ilə ədəbiyyat barədə peşəkar müzakirə aparmaq qabiliyyəti vardı. Bəs rəsmi bioqrafiyasına görə kimdir bu yazımızın qəhrəmanı?

Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub. 1986-cı ildə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini bitirib.

1986-1992-ci illərdə keçmiş İttifaqın Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini - qərargah rəisi vəzifələrində çalışıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra - 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

1992-1997-ci illərdə Daxili Qoşunlarımızda hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini - qərargah rəisi, hərbi hissənin (alay) komandiri kimi xidmət göstərib. Vətənimizin suverenliyi ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi sayəsində ərazi düşməndən azad edilib, özü isə yaralanıb. 1998-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat döyüş hazırlığı İdarəsinin rəisi, Qərargah rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib. Azərbaycan Prezidentinin 9 mart 2011-ci il tarixli sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib. Ölkə başçısının 15 noyabr 2013-cü il tarixli sərəncamı ilə isə daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunub. Bir çox medallarla, o cümlədən, Prezidentin 30 iyun 2002-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə", 10 mart 2012-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Bu sətirlər onun vikipediyada yayılmış tərcümeyi-halındandır. Təvazökarcasına yazılsa da, bir zabitin həyat yoluna, xidmətlərinə işıq tutur. Amma mənim tanıdığım insan haqqında xatirələri bir-iki səhifəyə sığışdırmaq müşkül məsələdir. Çünki hər şeydən öncə qayşıkeşliyi, həmdərdliyi ünsiyyət qurmaq bacarığı ilə qısa müddət ərzində hamının sevimlisinə çevrilmişdi. Hətta bir hərbi hissədən digərinə dəyişildikdən sonra belə, istər kollektiv, istərsə əhali arasında barəsində azacıq da olsa narazılıq, mənfi rəy eşitmək mümkün deyildi. Həmin dövrdə belə bir sağlam rabitənin qorunub saxlanması çox vacib sayılırdı. Əvvəla ona görə ki, ərazilərimizin 20 faizini işğalda saxlayan məkrli düşmən, nisbətən sakitliyin, əmin-amanlığın hökm sürdüyü guşələri qan çanağına çevirmək niyyətindəydi. Sonralar baş verən hadisələr göstərdi ki, adıçəkilən məkan da həmin bədnam siyahıdan kənarda deyilmiş. 

İkinci, təsadüfi adamların qısamüddətli hakimiyyət böhranından sonra ölkənin parçalanması təhlükəsini görən xalq ali kürsüyə ümummilli lider Heydər Əliyevi dəvət eləmişdi və vəzifələrini "donduranlar" "bəlkə də qaytardılar" xəyalı ilə qarışıqlıq törədərək öz gizli məqsədlərinə çatmaq istəyirdilər.   

Üçüncüsü, sərhədyanı bölgədə 20-dən artıq etnik millətlərin yaşaması və o taydan mütəmadi şəkildə körüklənən separatçılıq meylləri ayıq-sayıqlıqla bərabər, camaatın yanında olmağı, sadə kütlələrin bəzi cümləpərdazların toruna düşməsinə imkan verməməyi tələb edirdi. Elə insanların ürəyində yuva salmış Şahin Məmmədov məhəbbəti də bir çox olayların qarşısının sülh yoluyla alınmasına şərait yaratdı.

Savaşın məşəqqətlərini görmüş komandir fiziki cəhətdən hazırlıq,  nizamnamə davranışı, intizam tələbləriylə yanaşı, tabeliyindəki hərbçilərlə səmimi münasibətlər tərəfdarı idi. Zabit-gizirlərin məişət çətinlikləri ilə maraqlanır, onların da hər bir əsgərə fərdi yanaşmasını istəyirdi. O vaxt hərbi hissə XIX əsrin otuzuncu illərində tikilmiş qalanın uca divarları ilə əhatə edilsə də, həmin səddin arxasında qaynayan həyat tərzindən kifayət qədər məlumatı vardı. Yaxşı yadımdadır, bir dəfə ikinci bölüyün "zampolit"ini çağırıb hansısa əsgəri soruşdu. Bildirdilər ki, axşam postda qaravulda dayanacağı üçün dincəlir. Cavabdeh zabiti danlayıb qəti tapşırıq verdi: "Təcili dəyişin. Bu gün onun sevdiyi qızın toyudur. Belə vəziyyətdə əsgəri silahla xidmətə göndərmək olmaz".     

Müəyyən pedaqoji üsullara söykəndiyindən, Şahin müəllimin iradı, töhməti, cəzası da qəbuledilən idi və buraxılmış səhvi düzəltməyə,  nöqsana yol verməməyə çağırırdı. Amma biz həm də elə rəhbərlərlə işləmişik ki, riya rənginə bulaşmış boğazdan yuxarı tərifi, mükafatı belə, xoş təəssürat oyatmaqdan uzaqdır.    

Xatirimdə qalan başqa bir məqam isə onun fenomenal yaddaşa və diqqətə sahib olmasıdır. Yuxarı vəzifəyə - alay komandirliyinə təyinat aldıqdan sonra bir məsələ barədə məsləhətləşmək üçün telefon açmışdım. Dinləyib rəyini bildirdikdən sonra gözlənilmədən "sabah sənin ad günündür, təbrik edirəm" söylədi. Şübhəsiz ki, çox sevindim, ancaq polkovnikin adi bir gizirin doğum gününü yadda saxlaması və arzularının dildə izharını rəva bilməsi məndə şok effekti yaratmışdı.   

Ş.Məmmədov daim fəaliyyət göstərdiyi sahənin nüfuzunu qaldırmaq, tabeliyindəkiləri peşə şərəfinə xələl gətirəcək addımlardan çəkindirmək, rastlaşdığı ruh düşgünlərinə və passiv mövqelilərə dirilik bəxş etmək arzuları ilə yaşayıb. Deyirlər Xalq şairi Səməd Vurğunun yanında qeyri-sənətdən olan birisini tərifləyəndə bığaltı gülümsünüb, "ayə, sözüm yoxdur ey, yaxşı mütəxəssisdir, amma şair ha deyil" söyləyərmiş. Cənab generalın da ən ümdə məqsədi hərbçi şəxsiyyətinin bütövlüyü,  zabit adının pak və müqəddəs saxlanılmasıdır. Hələ 18 yaşından - müddətli hərbi qulluqçu kimi taleyinin bağlandığı Daxili Qoşunlara isə xüsusi rəğbəti var. Bir dəfə ona, kimliyi açıqlanmayan komandirin hərbi hissəyə gələn mülki məmuru "farağat" komandası və "heç bir hadisə baş verməyib" məruzəsi ilə qarşıladığı deyiləndə, başını aşağı salaraq bunu qoşunlar üçün xəcalət hesab etmişdi.

Yaxın keçmişə səyahətə çıxaraq ötüb bitənləri xatırlayarkən həmişə vüqarlı gördüyüm insanın qamətinin əyildiyi gün - Gəncədə hərbi hissə komandiri olan qardaşı rəhmətlik Şahin Məmmədovun vaxtsız ölümündən sarsılması da gözlərim qarşısında canlanır. (Doğrudur, belə bədbinlik Qarabağ və ətraf rayonların təcavüzkarın nəzarətinə keçdiyi vaxtlarda da yaranırdı, ancaq sülh danışıqlarının nəticə verməyəcəyi halda, cənab Ali Baş Komandanın əmriylə xalqımızın öz ərazi bütövlüyünün bərpası üçün ayağa qalxacağına inamı tezliklə əhvalını nikbin notlara kökləyirdi). Düşünürəm ki, nə yaxşı özündə güc tapıb həmin ağır itginin təsirindən qurtuldu, irəli getdi və mərhum qardaşının yarımçıq arzularını başa yetirdi.

Bizim tanışlığımızın ömrü 20 ili arxada qoyub. Bu müddət ərzində o, fəxarətli bir general yolu qət elədi. Yəni, 1993-cü ildəki tabor komandiri, mayor Şahin Məmmədov bu gün ağlı, səriştəsi, professionallığı, idarəçilik məziyyətləri və ölkə rəhbərliyinin böyük etimadı sayəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı məqamında, general-mayor rütbəsindədir. Lakin yenə də özünü Azərbaycanımızın sıravi əsgəri, cənab İlham Əliyevin təbirincə söyləsək, xalqın xidmətçisi sayır.

Bu məqaləni də 12 mart - Daxili Qoşunlarımızın yaranması günü münasibətilə, cənab Komandandan xəbərsiz qələmə aldım. Hədsiz təvazökar xarakterə malik özü buna heç vaxt razı olmayacaqdı, hətta "gərək şəhidlərdən yazaydın"- deyə məni qınayacaq da. Amma axı, hələ savaşın bitmədiyi məmləkətimizdə zəruridir ki, belə şəxsiyyətlərin örnək və ibrət dolu həyat yolunu gənc nəsillərə təqdim edək. Şahinlərin timsalında balalarımıza doğma yurd sevgisi, vətənpərvərlik duyğuları aşılayaq.

 

Qurban CƏBRAYIL

525-ci qəzet.- 2014.- 12 mart.- S.5.