Ədəbiyyatımızın Bişkek təntənəsi
Bişkekə çatırıq. Hava
yavaş-yavaş qaralır. Ağappaq duman
içindədi alaqaranlıq şəhər. Səfir
Hidayət Orucovun səfirliyin işçiləriylə bərabər
Manas hava limanında sıcaq qarşılamasından, al
qırmızı güllər, qırğız piyaləsində
çay və xoş söhbətlərdən sonra şəhərin
soyuqluğundan çaşmışıq bir az.
Bura şəhərin kənarıdı. Səfirliyin əməkdaşları
“oteliniz mərkəzdədi, oralar belə soyuq deyil, səhər
isti olacaq...” deyib ürək-dirək verirlər bizə.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı
Lalə xanımla eyni maşındayıq, yolların bəyazlığına,
qar altında qalmış uczuz-bucaqsız çöllərə
baxıb suallar veririk səfirliyin işçisinə. Keçmə qadınların hər şeyi bilmək,
öyrənmək meylindən. Buranın
ticarət mərkəzlərindəki brend firmalardan tutmuş,
gənclərin necə əylənməsinə kimi hər
şey soruşuruq. Təəccüblənmək,
gülüşmək üçün cavabların hərəsində
bir çalar tapıb şənlənirik. Elə bil neçə saatdı bir
uçağı o birinə dəyişə-dəyişə,
ətirlərimizə, kremlərimizə görə sərt
özbək kömrüyü ilə müharibə eləyə-eləyə
mənzilbaşına gəlib çatan heç biz deyilik.
Cavanlıqdı da! Amma heç böyüklərimiz
də bizdən geri qalmırlar.
...Bilmirəm
nədəndi, hamıda qəribə bir ovqat, ruh yüksəkliyi
var. Elə təkcə şam yeməyindəki zarafatlardan,
xoş sözlərdən, mehriban dialoqlardan bir ömür
danışmaq olar; Səfirimiz Hidayət müəllim
yazıçılar günü olduğunu yada salıb
hamımızı öyür, tərifləyir, işimizin
müqəddəsliyindən danışır. Mələkxanım
Əyyubova Fikrət Qocanın sözlərinə
yazılmış mahnıları zümzümə edir və
şairə öz səmimi təşəkkürlərini də
çatdırmağı unutmur. Beləcə,
Fikrət müəllimin “günəş sönər, mən
sönmərəm...”, “məndən küsüb özgələrdən
halım soruşanım mənim...” misraları bütün
axşamı dilimizdən düşmür. Hələ operativliklərindən qalmayan Rauf müəllim
və Xəyal Rza - şəhərə çatar-çatmaz
sosial şəbəkələri şəkillərlə,
şərhlərlə bəzəyirlər. Rəşad Məcidin həmişəki məclis
adamı xasiyyəti, şux zarafatlarıyla prosesi ələ
almaq, hərdən aranı “qarışdırmaq” məharəti
də necə lazımdı işləyir. Lalənin
sifariş etdiyi pitsadan tutmuş italyan aşpazın canfəşanlığına
qədər hər şey mövzudu... İndi bütün
bunları xatırladıqca o sehrli auranın,
hamımızı sarmış xoş əhvalın səbəbini
anlayıram.
Qarşıdakı günün fərəhi, havası
öncədən vururmuş bizi. Sabah Xalq
yazıçısı Anarla qırğızların
görüşü keçiriləcək. Səbəbkarın
özünün ovqatı, davranışı, söhbətləri
isə ayrıca mövzudu... Yazıçının
hazırlıq işləri haqda danışılanlara, öz
şəkli ilə dəvətnamələrə, şəhəri
bəzəyən afişlərinə reaksiyası qəribə
gəlir adama. Özü haqda söhbətləri dəyişmək
üsullarına isə heyrətlənməyə bilmirsən...
Məsələn, Möhlət Müslümovun “Evləri
köndələn yar”da mahnı mətnləri necə gözəl
seçilib, adama ləzzət edir... deyəsən
özünüz də şeir yazırsız...” sözlərinə
heç düşünmədən “Hə, mən də arada
şeir-filan yazıram, amma Fikrət Qoca çox böyük
şairdi...” – deyir və Fikrət müəllimin
poeziyasından xeyli danışır. Yəqin hər
şeyə bu qədər sakit, təvazökar, ağayana
yanaşmaq zaman-zaman cilalanan, formalaşan xüsusi xarakterdi.
Daxili tamlıq, bütövlük hissi
öyünməyə, özündən deməyə imkan
vermir. Buna heç ehtiyac da yoxdu... Sabah opera teatrı
qarşısında bayraq kimi dalğalanan afiş,
qırğız yazıçılarının, mədəniyyət
işçilərinin heyranlıq dolu
çıxışları, dopdolu zal, ayaqda
alqışlayanlar, gözlərdəki fərəh, sevinc
yaşları hər şeyi deyəcək... Özü deməsə
də, olar!
***
Bişkekdə ilk səhərimiz günəşlidi. Dünənki
havadan əsər-əlamət yoxdu. Qar
günəş şüaları altında par-par
parıldayır, adamın gözünü
qamaşdırır. Şəhərin
görkəmi, yolların kələ-kötürlüyü
isə sovet dövrünü xatırladır. İndi Azərbaycanda nəinki paytaxtda, heç əyalətlərdə,
rayon mərkəzlərində də belə “qədimlik”
qalmayıb. Qırğız
Tarixşünaslıq muzeyinə ekskursiya isə həm də
Sovet Qırğızıstanına səyahət sayıla bilər.
Nə zamansa adı Lenin muzeyi olub, əsasən
Leninə, SSRİ-yə aid eksponatlar nümayiş etdirilib
burada. Müstəqillikdən sonra Tarix
muzeyi ediblər binanı. Amma Lenindən, SSRİ-dən
tam xilas ola bilməyiblər hələ. Bizləri şəxsən qarşılayan muzey
direktoru özü də bunu etiraf edir, amma
qırğızlarda tarixi çox qədim olan qızıl,
gümüş əşyalar, qırğız yurtaları
haqda maraqlı bilgilər alàcağımıza
da söz verir. Beləliklə,
qırğız “qızılşünaslığı” haqda
alim dəqiqliyi, sənətkar coşqusu ilə danışan
bələdçi xanımı dinləyərək ən
balacadan tutmuş böyüyə, ən qədimdən
müasirə kimi bütün eksponatlara baxırıq. Və mən təqdimatın nə qədər
vacib, əsas rol oynadığını fikirləşirəm.
Kiçicik, dırnaq boyda qızıldan
hazırlanmış bir qoç fiqurunu geniş şərh edən,
bu eksponatın varlığını yüz yerə yozan
qadın çox düşündürür adamı. Qonaqları yormayaq, ayıbdı,
özümüzü tərifləməyək - deyərək
nə qədər qısa danışırıq (çox
vaxt da susuruq!) öz incəsənətimiz, tariximiz, mədəniyyətimiz,
ədəbiyyatımız haqda. Hələ
keçmişə çamur atanlarımızı, sənətimizi,
millət kimi varlığımızı təsdiq edən,
qoruyan ziyalıları aşağılamaqdan ötrü min fənd
qurub, hiylə işlədənlərimizi demirəm... Hə, çox kədərləndirir məni bələdçi
xanım. Dəvə yunundan parçalarla, keçələrlə
qurulmuş qırğız yurtasındakı gənc toxucu
qız maketini göstərib “bu, subay xanımdı, ona görə
başı açıqdı, siz onun gözlərindəki
saflığa baxın bir...” – deyəndə də həsəd
aparıram. Biz belə deyilik, ona görə... Biz
qızlarımızın gözündəki saflıqdan
danışa bilmirik, ağızdolusu dedi-qodu, milləti
aşağılayan söhbətlər nə qədər istəsən...
Xaricilərə müsahibə verib ölkəmizdə
sənətin, ədəbiyyatın, mədəniyyətin
yoxluğundan danışırıq, bununla fəxr edirik,
cılız azadlıq imitasiyalarımızla
öyünürük də hələ bir. Beş-on
yazıçı adı əzbərləyib intellektual
sayırıq özümüzü, şəhərimizin
gözəlliyi ilə qürurlana da bilmirik adam
kimi, əksinə, arxa, ucqar küçələrimizdəki
palçığı, kiri soxuruq qonaqların gözünə.
O səhər
Qırğız Tarixşünaslıq muzeyini gəzdikcə
çox şeylər keçirdi fikrimdən. Yurtadan
çıxanda bələdçi xanımın əlini
sıxıb təşəkkür edirəm: “Sadəcə
danışmırsız, sevgiylə danışırsız”.
Bir az
sonra Rəşad Məcidlə birgə Manas radiosunun “Dostluq
körpüsü” verilişində, canlı yayımda
qırğızlara qonaqpərvərliklərinə görə
təşəkkürlərimizi çatdırır və
axşamkı tədbirdən gözləntilərimizi dinləyicilərlə
bölüşürük. Verilişin
aparıcısı, həmyerlimiz, Qırğızıstanda,
Qazaxıstanda mədəniyyətimizin təbliği
üçün çoxlu işlər görən Ramiz Məşədhəsənli
hələ muzey ekskursiyasından bizimləydi. Ðadioda da
Anarla görüşün qırğızlar
üçün, ədəbi əlaqələrimizin möhkəmlənməsi
üçün önəmli olmasını vurğulayır.
Verilişdəki bayram ovqatı, od çərşənbəsinə
təsadüf etdiyi üçün xalqımızın adətlərindən
danışmağımız, Mələkxanım
Əyyubovanın ifasında səsləndirilən mahnılar əhvalıma təsir
edir, muzeydən qalan fikirlərin qırıntıları da
yox olub gedir.
A.Maldıbayev
adına Qırğız Akademik Opera və
Balet Teatrının qarşısındakı qələbəlik
çaşdırır bir anlıq adamı. İki
gündü sakit, hətta adamsız görünən şəhərdən
belə hay-küy gözləmirdik bəlkə də. Teatrın direktoru binanın önündə söhbət
edən Azərbaycan heyətinə yaxınlaşıb “belə
davam eləsə, yerlərinizi tutacaqlar...” – deyir. Dəstə-dəstə qızların,
oğlanların axınına qoşulub zala giririk. Hələ
tədbir başlamamış gördüyümüz mənzərəyə,
kamera işıqlarına, mətbuatın canfəşanlığına,
uzun illərdi Bişkekdə yaşayan yerlilərimizin Anara,
Fikrət Qocaya necə sevinclə yaxınlaşmasına,
ümumiyyətlə, zaldakı auraya yalnız sevinmək olar.
Ədəbiyyatımızın təntənəsidi bu. Və
yazımın bu yerində Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucovun xidmətini
xüsusi vurğulamağın tam məqamıdı. Hidayət müəllim bir ildən çoxdu ki, səfir
vəzifəsində çalışır. Öncələr Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri olub. Bütün
fəaliyyəti boyu onun ziyalı mövqeyi,
işgüzarlığı, son dərəcə təmkinli,
təvazökar xarakteri, gördüyü işlərin həcmi,
çəkisi hər kəsin gözü önündədi.
Amma məncə, bütün bu dövlət
işlərindən, vəzifələrindən əlavə həm
də yazıçılığı, ədəbiyyat sevdalısı
olması təsir edib onun xarakterinə. Hidayət
Orucov otuzdan çox poeziya, nəsr, tərcümə
kitablarının müəllifidi. Pyesləri
teatr səhnələrimizdə dəfələrlə
oynanılıb, əsərləri müxtəlif xarici dillərə
tərcümə edilib. Amma məgər
özü istedadlı olub başqalarına qısqanclıqla
yanaşan, dünya dağılsa da, bir nəfərin
adını çəkməyən, dilindən xoş söz
çıxmayan adamlar azdımı? Hələ az qala
özünü kiçik padşah elan edən, ölkəmizin nüfuzuna
görə gördüyü hörməti öz adına
çıxaran, özünü səfir yox, kurortda dincələn
turist kimi aparan səfirləri demirəm... Hidayət müəllimi
müşahidə etdikcə düşünürdüm ki,
yaxşı adam, əsl ziyalı
bütün sahələrdə eynidi. İstər
səfir olsun, istər yazıçı, yaxud da dövlət
müşaviri. Hidayət müəllim və onun
komandasının bizlərə diqqəti, bütün işlərini
buraxıb hər an qonaqlarla məşğul
olmaları, elə o axşam Anarla Opera teatrındakı
görüşün təşkilati işlərində dəqiqlikləri
hələ uzun illər unudulmayacaq. Səfirimizin o gün Anar
haqda çıxışı kimi... Unudulmayacaq! Xalq
yazıçısının fəaliyyətindən,
yaratdığı əsərlərdən, filmlərindən
geniş söhbət açan səfirin səsindəki fərəh
aydın duyulur: “Əziz dostlar! Mənim bu
çıxışım sadəcə diplomat sözü,
çıxışı deyil. Mən
sevimli yazıçım haqqında səmimi hisslərimdən,
fikirlərimdən danışıram. Hələ gənclik
illərimdən Anar yaradıcılığının
vurğunuyam. Məqalələrimdə,
çıxışlarımda onun əsərlərindən
tez-tez sitatlar gətirmişəm, haqqında
danışmışam. Lakin Anar haqda
ayrıca məqalə yazmaq üçün hələ
hazır deyiləm. Çünki Anar
çox böyük adamdı və onun haqqında söz demək
məsuliyyətlidir. Bunun üçün çoxlu
düşünüb-daşınmaq lazımdır...” Səfir bu günlərdə yaradılmış
Türkdilli Ölkələrin Yazarlar Birliyindən və məhz
Anarın Áirliyin ilk sədri
seçilməsinin önəmindən danışır, bu
hadisənin qırğız, azəri, ümumiyyətlə,
türk dünyası ədəbiyyatları arasında əlaqələrin
genişlənməsi üçün faydalı
olacağını vurğulayır.
Sonra
Qırğızıstanın Mədəniyyət,
İnformasiya və Turizm nazirinin birinci müavini Akimbek
Tekeşovun Azərbaycan ədəbiyyatı və Anar
haqqında dedikləri xüsusi maraqla qarşılanır. Nazir müavini Anarın kino
yaradıcılığını xüsusi vurğulayır,
hələ sovet dövründən Üzeyir Hacıbəylini
məhz Anarın “Üzeyir ömrü” filmindən daha
yaxşı tanıdığını, sevdiyini deyir. Ötən ilin dekabrında Azərbaycanda yüksək
səviyyədə keçirilən Çingiz Aytmatov yubileyinə
görə xüsusi minnətdarlığını bildirir.
Tədbirin davamında Anar səhnəyə dəvət
olunur, ona qırğız milli geyimi hədiyyə edilir. Gecəni
Qırğızıstanın Xalq yazıçısı,
Moskvada ssenari kurslarında Anarla birgə təhsil almış
Mar Bayciyev aparır. Mar Bayciyev elə səhnədəcə
dərdləşir köhnə dostu ilə...
Özünün gördüyü işlərdən, Manas
dastanından tərcümələrindən, şeirlərindən,
yeni yazılarından
danışır. Moskvada birgə
oxuduqları illərə aid xatirələrini
bölüşür tamaşaçılarla. Anarı türk dünyasının ən
böyük yazıçılarından hesab etdiyini deyir.
Daha sonra Qırğızıstanın Xalq
artisti Roza Amanova Manasdan parçalar oxuyur. Şairə,
Əməkdar mədəniyyət işçisi Sevtlana Suslova
Rəsul Rza şeirindən təsirlənməsini, Anar
yaradıcılığının vurğunu olmasını
bildirir və səbəbkara həsr etdiyi şeirini səsləndirir.
Azərbaycan heyətindən Xalq şairi Fikrət Qoca və
AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
çıxış edirlər. Və mən bu
insanların sözünün zaldakı həmyerlilərimiz
üçün necə təsirli, vacib olduğunu
anlayıram. Fikrət müəllimin dostundan
danışarkən özünü unutması,
iddiasızlığı, ürəkdən
çıxış eləməsi, söz səxavəti
kövrəldir adamı. İndiki
paxıllar zəmanəsində belə adamın, bu cür
dostluğun varlığı möcüzədir sadəcə.
Kimsə həsədini, hikkəsini, “mən”ini
idarə edə, dostuna görə xoş sözləri bir-birinə
calaya da bilər. Amma o cür ürəkdən
danışmaq, öz sənətkarlığını,
şairliyini bir kənara qoyub sadə bir dost mövqeyindən
çıxış eləmək böyüklükdü. Fikrət Qoca sadəcə, Anarın dostu idi o gecədə.
Adı çəkiləndə zalı lərzəyə
gətirən alqışları da, Bişkekdə yaşayan
qohumlarının hədiyyə gətirdiyi gül dəstələrini
də dostuna yönəltdi. Xalq şairi
olmasını, dillərdən düşməyən şeirlərini,
nəğmələrini, hətta “payız gəldi, uçdu
getdi quşlar...”ı da yadından
çıxarmışdı elə bil. Sevinirdi, Anara,
onun yaradıcılığına
münasibətə görə ürəkdən
sevinirdi. Və onun sevinci səfərin sonuna kimi
xoş bir aura kimi, hava kimi hər yerdə bizimləydi.
Fikrət
müəllimin ilıq, mehriban sözlərindən sonra Rəşad
Məcid türk dünyasının müxtəlif şəhərlərində
ən fərqli adamların Anara, onun əsərlərinə
heyranlığından söz açır: “Ötən il
Anar müəllim “Türk dünyasında ilin ədəbiyyat
adamı” ödülünə layiq görüldü. Həmin səfərdə Almatıda, Astanada
qazaxların onun yaradıcılığına, şəxsiyyətinə
münasibətlərini müşahidə etdim. Bundan əlavə,
Türkiyənin müxtəlif şəhərlərində,
elə bu günlərdə Eskişəhərdə,
İspartada ən fərqli insanların ona münasibətini,
sevgisini görmüşəm. Əminəm ki,
Qırğızıstanda da belə ailələr, adamlar
çoxdur”. Rəşad Məcid Anarın
ümumtürk ədəbiyyatına xidmətlərindən, “Kitabi-Dədə
Qorqud” eposunun təbliğatı üçün
gördüyü işlərdən, “1500 ilin oğuz
şeiri” antalogiyasından, “Min ilin yüz şairi”, “LİK
Azerbaydjana” kitablarından danışır.
Birinci
hissənin sonuna doğru Mar Bayciyev yarızarafat, amma çox
orijinal və adamı diksindirən bir sual verir Anara: “Təriflərimizə,
xoş sözlərimizə “dözmək” çətin
olmadı ki sənə?” İlk baxışdan
sual qəribə gəlir adama. Amma bir az
dərinə gedəndə anlayırsan ki, axı təkcə
mənfi münasibətə, tikanlı sözlərə yox,
tərifə, mehriban ünsiyyətə də “dözmək”
güc, xarakter istəyir. Nə qədər
başlar gicəllənib təriflərdən, nə qədər
qələmlər korşalıb xoş sözlərdən.
Mükafatlardan, orden, medallardan Allahlıq iddiasına
düşənləri, hansısa əyalətdə iki
adamın yanaşıb “səni oxumuşam” deməsindən əbədi
arxayınlaşanları, div yuxusuna gedənləri demirəm
hələ... Və bu yerdə təvazökarlığın,
özünə qarşı tələbkarlığın necə
vacib olduğunu anlayırsan. Elə Anarın da sonda
özündən çox Çingiz Aytmatovdan,
xalqlarımız arasındakı mənəvi
yaxınlıqdan, 30-cu illərdə bura sürgün olunmuş
azərbaycanlılara qırğızların məhrəm,
doğma münasibətindən danışmasının səbəbini
başa düşürsən: “Hazırda
Qırğızıstanda 20 minə qədər azərbaycanlı
yaşayır. Bunlar əsasən 30-cu illərdə
sürgün olunanların ailə üzvləridir. Bunların arasında 11 dəfə represiya
olunmuş Rəfibəylilər nəslinin - anam Nigar
xanımın nəslinin bir neçə üzvü var.
Onlardan bəziləri zalda əyləşiblər. Qardaş qırğız xalqı onları öz
doğmaları kimi qəbul edib, məhrəm münasibət
göstəriblər. Mən fürsətdən
istifadə edib hər kəsə təşəkkürümü
bildirirəm”. Xalq
yazıçısı qırğız ədəbiyyatının
simvoluna, qırğız xalqının qüruruna
çevrilmiş Çingiz Aytmatov haqda da fikirlərini
bölüşür: “Çingiz Aytmatov məni kiçik
qardaşı adlandırırdı, mən də ona
böyük qardaşım kimi baxırdım, hörmət
edirdim. Qırğızıstanda çox
olmuşam və hər dəfə də Çingiz Törəquloviç
ilə görüşüb ədəbiyyat söhbətləri
etmişəm. Ç.Aytmatov da dəfələrlə
Bakıda olmuşdu. Azərbaycanda onun kitabları çap edilib
və bundan sonra da çap olunacaq. Çingiz
Aytmatovu Qırğızıstanda olduğu kimi, Azərbaycanda
da sevir və hörmət bəsləyirlər”. Çıxışının sonunda Anar bu
görüşün təşkil olunmasına görə
Qırğızıstanın Mədəniyyət,
İnformasiya və Turizm Nazirliyinə,
Qırğızıstandakı Azərbaycan səfirliyinə
təşəkkürlərini çatdırır.
Tədbirin bədii hissəsində
Qırğızıstan və Azərbaycan sənətçilərinin
çıxışları nəzərdə tutulub. Bu hissə iki
cəhətdən çox maraqlıdı. O qədər
yaxından bələd olmadığımız
qırğız musiqisinin bizə təsiri və bizim
muğamların onlara təsiri, zalın reaksiyaları
baxımından.
Zərif bir pıçıltı kimi səslənir
Qırğız Xalq çalğı alətləri
ansamblının ifaları. Adama elə gəlir
ki, başlarına lələkli papaqlar qoymuş, əyinlərinə
milli paltarlar geyinmiş bu incə, nərmənazik xanımlar
heç alətdə ifa etmirlər, elə sakitcə
pıçıldaşırlar. Opera və Balet
Teatrının artistləri Baktıgül Bokoyeva və Stalbek
Junuşaliyevin Üzeyir bəyin romanslarını,
“Arşın mal alan”dan parçaları
bizim dildə oxumaları isə musiqimizə, dilimizə
sayğının göstəricisidir.
Və Mələkxanım Əyyubova, Möhlət
Müslümov, Fəxrəddin Dadaşov. Hər
üçü Xalq artistlərimiz. Ölkəmizdə
hər kəsin sevimlisi olan sənətkarlar. Onları trio da adlandırmaq olar, üçlük də.
Amma mən Birlik sözünü işlətmək
istəyirəm bu məqamda. Əlbəttə,
bizlər üçün, ədəbiyyat adamları
üçün musiqiçilərin həyat tərzi,
münasibətlər sistemi, davranış qaydaları
maraqlıdı. Doğrusu başqa cür
təsəvvür edirdim hər şeyi. Amma
səfərin ilk günündən sonuna kimi bu Birlik məni
yaxşı mənada təəccübləndirdi. Mənasız,
şit şou-biznes söhbətlərindən tamam uzaq
davranışları, bir-birinə son dərəcə diqqətli,
qayğıkeş, mehriban münasibətləri, yarımsözdən bir-birini
anlamaları sadəcə heyrətləndirir, dünən səhnəyə
gəlib iki mahnı oxuyub, sabah ulduz xəstəliyinə
tutulanlarla müqayisəyəgəlməz dərəcədə
sadəlikləri, təvazökarlıqları sevindirirdi. Bu
adamlarda nə Biləcəri sindromu, nə də natamamlıq
kompleksi var. Dünyanın bir çox ölkələrində
kompakt diskləri buraxılıb, konsertlər veriblər, az qala bütün dünyada təmsil ediblər
ölkəmizi. Yüzlərlə, minlərlə
adamın tərifini eşidiblər, heyranlığını
görüblər. Və elə o gecədə
də Fikrət Qocanın, Nigar Rəfibəylinin sözlərinə
mahnıları ifa etmələrinə zalın reaksiyaları,
salonu lərzəyə gətirən alqışlar
qırğızların, orda yaşayan Azərbaycanlıların
sevgisinin göstəricisi idi. Amma Mələkxanım
Əyyubovanın hər şeyi sakit, sadə şərh eləməsi,
Möhlət Müslümovun incədən-incə yumorla həmkarlarına
sataşması, Fəxrəddin Dadaşovun uşaq kimi
mehriban, təmiz, saf reaksiyaları insanı riqqətləndirir.
Bir daha başa düşürsən ki, yeganə
meyar istedaddı, özünə, istedadına güvənən
insan belə olmalıdı. İçərisində itib-batdığı
gül dəstələrindən ağızdolusu
danışmamalıdı, hansısa vəzifəli məmurun
övladının toyunda oxumasını addımbaşı
vurğulamamalıdı, çəngəli sol əlində
tutmağı bacarması ilə öyünməməlidi, bu
yeməyi yemirəm, xüsusi yemək sifariş etdirirəm
özüm üçün deməməlidi, hansısa texniki
problemlərdən “əzab” çəkməsini deyib
zarımamalıdı... Mələkxanım Əyyubova kimi,
Möhlət Müslümov, Fəxrəddin Dadaşov kimi; o gecə
qırğızları kövrəldən mahnılar,
muğamlar ifa edən Birlik kimi!
Tədbirdən sonra həmyerlilərimizlə söhbət
edirik. Bu adamların Azərbaycana, azəri sözünə,
musiqisinə nə qədər ehtiyaclarının olduğunu
açıq-aydın duyuram. Bizimlə
danışanda gülən gözlərindən, səslərindən
qəribçilikdə yaşamağın
rahatsızlığını da hiss etmək olur.
Sabah isə
Çingiz Aytmatovun ev muzeyinə və
Ata-beytdəki məzarını ziyarətə gedəcəyik.
***
Çingiz Aytmatovun evi şəhər kənarında,
Ala-Arça adlanan, dövlət iqamətgahlarının yerləşdiyi
məkandadı. Bura sakit, əsl yazıçıya
uyğun, işləmək, təkliyə çəkilmək,
düşünmək üçün ideal bir yerdi. Çingiz Aytmatov 1986-cı ildən
ömrünün sonuna kimi bu evdə yaşayıb. Evin bir hissəsində həyat yoldaşı Məryəm
Aytmatova yaşayır, bir hissəsini muzey ediblər. Elə ilk otaqdaca Toğrul Nərimanbəyovun tablosu,
narları diqqətimi çəkir, qəribə bir
doğmalıq duyuram.
Muzeydə yazıçının kitabxanası, aldığı mükafatlar, orden, medallar, diplomlar, şəxsi əşyaları nümayiş olunur. Amma bütün mebellərdən, yazıçı evinin interyerindən, hətta həyatının son günlərində oxuduğu, hələ də yatağının yanında qalmış kitablardan daha çox yazıçının xanımı, onun üzündəki ifadə təsir edir mənə. Mələkxanım Əyyubovanın “Ala gözlüm” mahnısını ifasından təsirlənir qadın. Adama elə gəlir ki, o bu mahnının yaranma tarixçəsini bilir. Qadını söhbətə tuturam, suallar verirəm və məlum olur ki, nə dilimizi bilir, nə də áó mahnını. Əsl sənət elə budur, dili bilməsən də, mənanı anlamasan äà təsirlənirsən, hiss edirsən melodiyanı. Xanım Çingiz Aytmatovun ruhunun buralarda olmasına, yazıçı dostlarının ona münasibətini görməsinə, sevinməsinə inanır.
Düzü, Çingiz Aytmatovun evini başqa cür təsəvvür edirdim. Bu qədər sadə, bərbəzəksiz, hətta bir az da kasıbyana olması təəccübləndirir hamımızı. Amma sonra fikirləşirəm ki, evini genişləndirmək, yeni mülklərə sahiblənmək haqda düşünən adam yaza bilməzdi o əsərləri. Elə belə yaşamalıydı Çingiz Aytmatov. Sadə, sakit, təmkinli... “Özünə, ev-eşiyə heç vaxt ayırmırdı... Elə hey “vaxtım yoxdu” bəhanələriylə qaçırdı bu söhbətlərdən” – deyir həyat yoldaşı. Və bunu necə fəxrlə deməsi də həmişəlik yadımda qalır.
... Dağların arasıyla, üzüyuxarı, Ata-beytə doğru gedirik maşınlarla. Rəşad Məcid Çingiz Aytmatovun son əsərlərini xatırlayır. Axırıncı romanı “Dağlar düşəndə”də dağların təsvirindən danışır. Təbiətin yazıçı xarakterinə necə təsir eləməsi haqda düşünürəm. Aytmatovun əsərlərində Bişkeki, gördüyüm yerləri axtarıram xatirimdə. Burda dağlar da qəribədi. Elə bil un ələyiblər üzərinə, ağappaqdı, qarlıdı, amma həm də zərifdi. Yolun bir tərəfində dağlar çılpaqdı, qarsızdı, digər tərəfində bəmbəyaz. Təbiətin bu möcüzəsi insan heyrətləndirir, amma həm də dərin bir dinclik gətirir.
Çingiz Aytmatov Atabeytdə dəfn olunmasını özü vəsiyyət edib. İllər öncə repressiya olunmuş atasının məzarını burada tapdıqdan sonra. Atabeyt kompleksi hələ o vaxt salınıb, Törəqul Aytmatov kimi, başqa repressiya olunanlar, güllələnmiş qırğız ziyalıları burda uyuyurlar. Onların şərəfinə Repressiya Muzeyi də yaradılıb. Yazıçının qəbrini ziyarətdən sonra muzeyi də gəzib baxırıq. Ölüm hökmlərinin surətləri, şəkillər, həbs olunan adamların yemək yediyi dəmir qablar insanda qəribə bir xof yaradır və o dövrdə bütün bunları öz gözüylə görənlərin, o qorxuyla yaşayanların halını düşünürsən.
Qırğız mətbuatı Xalq yazıçısı Anardan, səfir Hidayət Orucovdan müsahibə götürür. Çingiz Aytmatovun ruhuyla, dağlarla, o bir az vahiməli, sakit məkanla vidalaşıb şəhərə yola düşürük.
...Sabah Bişkeklə vidalaşacağıq. Bir az kədərli, bir az səssiz, hüzünlü... Əlbəttə, gələcəkdə qırğızları Bakıda görmək, Bişkekdə yeni-yeni görüşlər keçirmək ümidi ilə. Nazim Hikmət demiş – “Ən gözəl günlər hələ yaşamadıqlarımızdı...”
PƏRVİN
525-ci qəzet.-
2014.- 12 mart.- S.4;8.