TÜRKSOY sədri Düsen
Kaseinov: "Yeni-yeni ədəbi,
mədəni körpülərin qurulmasını istəyirik..."
Bu il fevralın 17-18-də Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə Türk dünyasının Mədəniyyət paytaxtı Əskişəhərdə, İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ithaf olunmuş VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçirilib. Konqresin bağlanış mərasimindən sonra TÜRKSOY sədri Düsen Kaseinov qəzetimizin əməkdaşı Pərvinin suallarını cavablandırıb.
Pərvin: Hörmətli, Düsen bəy, rəhbərlik etdiyiniz TÜRKSOY-un təşkilatçılığı, dəstəyi ilə keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi başa çatdı. Bir il öncə Astanada sizinlə söhbətimiz zamanı bu Konqresin türkdilli ölkələrin ədəbiyyatlarına faydasını vurğulamışdınız. Bir il ərzində nələr dəyişib? Ümumiyyətlə, Konqresin bu dəfəki işindən razı qaldınızmı?
Düsen Kaseinov: Əlbəttə, siz özünüz də müqayisə etsəniz, xeyli irəliləyişləri görəcəksiniz. Ümumiyyətlə, bu Konqresi Avrasiya Yazarlar Birliyinin ən böyük, faydalı işlərindən biri hesab edirəm və burada Birliyin sədri Yaqub Öməroğlunun xidmətini xüsusi vurğulamaq istəyirəm. İl-ildən baş verən yeniliklər, inkişaf göz önündədir. Amma bir yaradıcı adam kimi ovqat məsələsini xüsusi vurğulamaq istəyirəm. Mən məhz insanların, qatılımçıların göstərdiyi həvəsi, razı simalarını, yüksək sənət ovqatlarını müşahidə edib zövq alıram. Burada təsadüfi adam yoxdur. Hər kəsə müzakirə olunan mövzular, qardaş xalqların ədəbiyyatı, tarixi, ədəbi mətbuatın səviyyəsi maraqlıdır. Mənə görə əsas olan da budur. Xırda təşkilatı qüsurlar, texniki yanlışlıqlar bəlkə də ola bilər, hərçənd elə bir səhvimiz yox idi. Bütün planlaşdırdığımız məsələləri həyata keçirə bildik.
Pərvin: VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ithaf olunmasında da bir hikmət, məntiq var, deyilmi?
Düsen Kaseinov: Heç şübhəsiz belədir. Bildiyiniz kimi, Konqresimizin əsas mövzusu kürəsəlləşmə və ədəbiyyat dərgiçiliyi idi. Mərhum İsmayıl bəy Qaspiralının yüz otuz il öncə bacardığı işləri bu gün təəssüf ki, arzulanan kimi görə bilmirik. Türk dünyasında Qaspiralının "Tərcüman"ı qədər tanınan, oxunan, İstanbuldakı "Hamal" ilə Orta Asiyadakı "Çobanı", Qafqazdakı "Müəllim"i yaxınlaşdıran bir nəşr təəssüf ki, yoxdur. Bu gün İsmayıl bəyin amallarını davam etdirməyimiz, yaşatmağımız üçün birləşməli, bərabər çalışmalıyıq. Ona görə onun "Dildə, fikirdə, işdə birlik" sözlərini Konqresin şüarı kimi qəbul etdik.
Pərvin: Açılış mərasimində xeyli yeniliklərin olacağını vəd etmişdiniz iştirakçılara. İstərdim bunlardan danışaq. Bu Konqres hansı özəllikləri ilə seçildi əvvəlkilərdən?
Düsen Kaseinov: İlk öncə, burada Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi üçün ortaq bir qurumun təməlinin qoyulmasını vurğulamaq istəyirəm. Bildiyiniz kimi, ölkə rəhbərlərimiz 23 avqust 2012-ci il tarixində Bişkekdəki zirvə toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar vermişdilər. Ölkə rəhbərlərinin bu qərarları ədəbiyyata verdikləri önəmin bariz nümunəsi idi. Biz də bu səmərəli ideyadan yararlanıb bu dəfəki Konqresdə həmin qurumun, Türkdilli Ölkələrin Yazarlar Birliyinin yaradılması haqda qərar qəbul etdik, sənəd imzaladıq. Türk dünyasının böyük yazarı Anar Birliyin ilk sədri seçildi. Məhz bu faktın özü məni sevindirir və ümidləndirir. Çünki Anar müəllimin işgüzarlığını, kreativ yanaşmalarını, məntiqini, səmərəli təkliflərini həmişə müşahidə etmişəm.
Pərvin: Dediyiniz kimi bu qurum bilavasitə TÜRKSOY nəzdində yaradılıb. Ümumiyyətlə, Birlikdən nələri gözləyirsiz, necə təsəvvür edirsiz onun fəaliyyətini?
Düsen Kaseinov: Bəli, bu qurumun TÜRKSOYla ən yaxın əlaqələri, işbirlikləri olacaq. Bizim belə bir təcrübəmiz var artıq. Bu cür Birliyi teatr sahəsində də yaratmışıq. Hətta opera və dramatik teatrların Birliyini ayırmışıq. Lap yaxın günlərdə Bursada Muzeylərin Birliyi yaradıldı. İnanıram ki, bütün bu işlər öz faydasını verəcək. Ən vacib məsələ əlaqələrin genişləndirilməsi, ortaq layihələrin gerçəkləşdirilməsidir.
Bildiyiniz kimi bu dəfə Konqresə 16 ölkədən 30 dərgi redaktoru qatılmışdı. Biz yenilik edib Yazarlar Birliklərinin də sədrlərini dəvət etdik. Çünki onlar da dərgilərlə bərabər, birgə işləməlidirlər. Siz təsəvvür edin, elə yalnız bu adamlar arasında səmərəli işbirlikləri, ortaq layihələr yaradılsa ölkələrimizin ədəbiyyatına necə faydalı olar. Gözləntilərimiz məhz bunlardan ibarətdir. Yeni-yeni ədəbi, mədəni körpülərin qurulması, yaradılmasını istəyirik.
Çox sadə bir misalı da gətirmək istəyirəm. Əvvəllər necə idi? Biz Qazaxıstanda Yazıçılar Birliyində hansısa bir əlamətdar günü qeyd edirdik, amma qonşu ölkədə heç kəsin bundan xəbəri də olmurdu. Çünki əlaqələr zəif idi, yox dərəcəsində idi. Amma indi bu Yazarlar Birliyinin yaradılması, fəaliyyəti özü "məcbur" edəcək ki, bir-birimizin işlərindən, ədəbi yeniliklərindən xəbər tutaq, iştirak edək. Artıq elə burdaca xoş bir məqamı müşahidə etdim ki, Anar növbəti aylarda keçiriləcək Azərbaycan Yazıçılar Birliyinin yubileyinə dəvət etdi bir neçə həmkarını. Bunlar kənardan sadə görünə bilər, amma təcrübəmdən deyirəm ki, yalnız uğurlu nəticə verir.
Pərvin: TÜRKSOY hər zaman yeni layihələri, faydalı işləri ilə medianın diqqəti mərkəzindədir. Azərbaycanda da mədəniyyətimiz, ədəbiyyatımızın təbliği üçün gördüyünüz işlər vurğulanır. Buna görə qurumun rəhbəri kimi sizə minnətdarlığımızı bildiririk. İstərdim son olaraq gələcək planlar, nəzərdə tutulan işlər haqda danışasınız.
Düsen Kaseinov: Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti, musiqisi bütövlükdə o qədər zəngin, o qədər dərindir ki, biz nə qədər yeni layihələr, işlər görsək də azdır. Bu mədəniyyəti Avropada, ümumiyyətlə dünyada təbliğ etmək qürur verir sadəcə. O ki qaldı gələcək planlarımıza, həmişəki kimi çox sıx qrafiklə çalışırıq. Təkcə elə mart ayında Əskişəhərin Türk dünyası Mədəniyyət Paytaxtı statusunun Kazan şəhərinə təhvili mərasimi nəzərdə tutulub. Hər il olduğu kimi, bu il də Novruzu geniş qeyd etməyi düşünürük.
2014-cü ildə Türk dünyasının iki böyük ozanı ilə bağlı tədbirlər keçiriləcək. Böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illiyi və böyük qırğız ozanı Toqtoğul Satılqanovun 150 illiyi bütün üzv ölkələrdə qeyd olunacaq. Konqresdə də dərgi redaktorlarından Məxtumqulunun və Satılqanovun əsərlərinin çevrilməsinə, yayımlanmasına yardımçı olmalarını xahiş etdim. Bir sözlə bütün bu arzularımızın gerçəkləşməsi üçün bərabər, komanda olaraq çalışmağımız lazımdır.
525-ci qəzet.-
2014.- 13 mart.- S.7.