Ağdamın "MüCahid" rejissoru

 

1986-cı ilin may ayında həyat yoldaşıyla Quzanlı kəndində yaşayan xalasıqızıgilə gəlmişdi. Onda Ağdam Dövlət Dram Teatrında rejissor vəzifəsində çalışırdı. O illərdə ona qarşı edilən  təzyiqlər bir qədər səngimişdi. Həyatı üçün elə təhlükə yox idi. Hamıyla görüşdü. Mənimlə bir xalanəvəsi kimi hal-əhval tutdu. Söhbət zamanı təhsilimlə, işimlə maraqlandı. Mən artıq kənddə işlədiyimi dedim. Uşaqların anasının bu il dövlət imtahanı verəcəyini buna ciddi şəkildə hazırlaşdığını əlavə etdim.

-Bəs, imtahan müddətində harada qalacaqsınız? - sualına isə, - hələ fikirləşirik, -dedim.

Bayılda, Krasin küçəsi 20-i ünvanında olan mənzilinin açarlarını mənə  uzadıb,- evim boşdu, istədiyiniz qədər qala bilərsiniz, - dedi. Tərəddüd etsəm də, böyüklərin təkidi ilə razılaşdım...

Şirinovlar ailəsini qarşıda hansı ciddi sınaqlar gözlədiyini hələ heç kəs bilmirdi.  Atası Hilal kişi əslən şuşalıydı. Həyat yoldaşı Maya xanımla Malıbəyli kəndində  tanış olmuşdular. Özü imkanlı adam idi. Şuşa, Malıbəyli, Xındırıstan, Muradbəyli və Yevlaxda dükanları var idi. Hətta altı fayton alıb kirayə vermişdi. Faytonlar Yevlax-Şuşa yolu ilə sərnişin daşımaqla məşğul olurdu. İş elə gətirir ki, iyirminci illərin sonlarında kommunistlərin "qolçomaqlara" qarşı apardığı mübarizə Şirinovlar ailəsinə də təsirini göstərir. Bir gün işə gələndə dükanının qarşısında iki nəfərin vargəl etdiyini görür. Qonşularından onların "NKVD" əməkdaşı olduğunu öyrənən Hilal kişi özünü itirmirgeri qayıdır. Məlum olur ki, Hilal kişini axtarırlarmış. Məqsəd onu "qolçomaq" damğasını  vurmaqla, həbs edib, sürgünə göndərmək idi. Bunu başa düşən Hilal kişi dərhal faytonu ilə Yevlağa, ailəsinin kirayədə  yaşadığı şəhərə yola düşür. Təəssüf ki, burada da, eyni mənzərə ilə üzləşir. Çıxılmaz vəziyyətə düşən Hilal kişi az müddət ərzində faytonunu satıb, kəl arabası alır və qiyafəsini dəyişir. Köhnə mal  alan şəxs kimi ailəsinin kirayədə yaşadığı mənzilə yaxınlaşır. Həyat yoldaşına işarə ilə ancaq qır-qızılı yığdığı mütəkkənin ona "satmasını" xahiş edir. NKVD əməkdaşlarının gözü qarşısında hətta qonşusu ilə də yüngülvarı alver edərək, Kür çayının üzərindəki körpünün yanında ailəsini gözləməyə gedir. Bir xeyli müddət keçdikdən sonra arvadı Maya xanımı üç uşağı ilə - oğlu CahidRasim, qızı Şəfiqə ilə gələn görür. O vaxt Cahidin beş, Şəfiqənin üç, ailənin sonbeşiyinin bir yaşı tamam olmuşdı. Yevlaxdan  yola düşən ailə bir həftədən sonra Bakıya çatır. İki ilə yaxın işsiz qalan Şirinovlar ailəsi mütəkkəyə yığdıqları qızılı satmaqla dolana bilirlər. Onlar uzun müddət Nəriman Nərimanovun heykəlinin yerləşdiyi ərazidə kiçik darısqal mənzildə yaşayası olurlar.  Hilal kişinin yığdığı qızıllar hesabına yaşayan ailə işsizliyin daşını nəhayət  atır. Həm özünə, həm də yoldaşına tapılır. Beləliklə, hər iki valideyn işə düzəlir, övladlarının təhsili ilə ciddi şəkildə məşğul olaraq, Cahid, Şəfiqə və  Rasimə ali təhsil verirlər. Ancaq atasının düşdüyü vəziyyət, çəkdiyi iztirab ailənin böyük övladı Cahidin yaddaşında silinməz izlər qoyur.  Keçirdikləri həyəcan, daim səksəkədə yaşamaları onda kommunist rejiminə qarşı kin-küdurət hissini artırmışdı. İş elə gətirir ki, "Teatralnı" İnstitutunun  ilk qəbulunda rejissorluq fakultəsinə daxil olur...

Xruşşov hakimiyyəti  dövrü baş qaldıran milli azadlıq hərəkatı bütün SSRİ məkanına yayılsada, ilk qığılcım Bakıdan başlamışdı. Milli ruhun baş qaldırması, ana dilinin dövlət dili elan olunması, represiyya dövrünün qurbanlarına bəraət verilməsi kimi atılan addımlar insanların milli hisslərinə müsbət mənada təsir edirdi. Ancaq hec kəs bilmirdi ki, bu ilk baxışda belə görsənir. İmperiya siyasəti yeriməyəndə geri çəkilər və güc toplayıb yenidən xalqları əsarətdə saxlamağa var gücü ilə çalışar...

Azərbaycanda bu addımı daha cəsarətlə atanlar isə vəzifələrini itirməklə, bəziləri sürgünlə canlarını qurtara bildilər...

Bir məqamı da qeyd edim ki, Cahid familiyasını elə ilk dövrdə milliləşdirmişdi. Şirinov olsa da, soyadını Hilaloğlu yazdırmışdı. Bu da rus şovinizminə qarşı onun bəlkə də bir etirazı idi.   

"Teatralnı" İnstitutda oxuduğu illərdə daim müstəqil fikirlər  söyləməklə müəllim heyətinin diqqətini çəkirdi. Kommunizm rejiminə qarşı mübarizəsi 1958-ci il ilin may ayının 28-də  yekunlaşır. Bir qrup tələbə həmfikirləri ilə  Qız qalasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını asır. Təlatümə düşən  partiya rəhbərliyi ilk vaxtlar onu həbs etməsə də, ciddi nəzarətə götürürlər. Və sonradan palto oğurluğu adıyla onu həbsə atırlar. C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi sayılsa da əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. On il ərzində "pod zamok"da  saxlanılan Cahid hər gün min vattlıq lampanın altında yatmalı olur. Həbsxana illərində isə ərəb  fars dilini mükəmməl şəkildə öyrənir. 1968-ci ilin  sonlarında azadlığa çıxan Cahid tanınmaz vəziyyətdə idi. Uzun saqqalı, arıq, çəlimiz bir vəziyyətdə "Sovetski"də olan mənzillərinə gəlmişdi. Hər sözə görə "karsa" salınan, həbs müddətində verilən müxtəlif işgəncələr  Cahidi mənən daha mətin etmişdi...

Azadlığa çıxandan sonra da ona qarşı təzyiqlər səngimir.  İstər İrəvanda, istərsə də Bakıda Tədris Teatrında, təhsil aldığı "Teatralnı" İnstitutda işlədiyi illərdə  daim təzyiqlərə məruz qalırdı. Proses Ağdama gələnədək davam edir. 1985-ci ilin sonlarında onu Ağdam Dövlət Dram Teatrına  rejissor vəzifəsinə təyin edirlər.

İllər keçdikcə kommunizm ideologiyası  get-gedə iflasa uğrayır. Əhali rahat nəfəs almağa başlayırdı. Altı il ərzində teatrda çoxsaylı tamaşalara səhnə həyatı verir. Azadlıq hərəkatı başlaması ona sanki ikinci nəfəs vermişdi.  Lakin elə may ayının 30-da Ağdamda teatrdan  yaşadığı evə gələrkən bədbəxt hadisə baş verir. Cahidin həyatını xilas etmək mümkün olmur. Qeyd edim ki, o Ağdamda Dəmiryol Vağzalının yanında inşa edilən beşmərtəbəli binada yaşayırdı. Bina şəhərdən  beş kilometr aralıda yerləşirdi. Hər gün evdən teatra piyada gedib gələrdi. Axşam teatrdan evə qayıdarkən Uzərlik təpədən "RTS" istiqamətində  arxadan gələn avtomobil Cahid Hilaloğlunun həyatına son qoyur. Mamasıoğlunun təşəbbüsü ilə azadlıq aşiqi Ağdamın Pərioğullar kənd qəbiristanlığında dəfn edilir...

Bu gün Şirinovlar  ailəsinin heç bir üzvü həyatda deyil.  Belə ki, Cahid Hilaloğlu iki dəfə ailə həyatı qursa da övladı olmamışdı. Uzun illər Respublika Sanitar Epidimoloji mərkəzdə həkim işləyən qardaşı Rasim ailə həyatı  qurmamışdı. Fizika-riyaziyyat müəlliməsi olan Şəfiqə bir müddət Xındırıstan  kənd orta məktəbində işləmiş sonra Bakıya qayıdaraq  filologiya elmləri namizədi Nəsrəddin Qarayevlə  ailə həyatı qurmuşdu...

Mənzilində qaldığım iki ay ərzində Cahid Hilaloğlunun arxivinə diqqət yetirmişdim. Çox səlis ərəb   qrafikası ilə yazılmış yazıları oxuya bilməsəmdə kifayət qədər çox olduğunun şahidiyəm. Baxdığım əlyazmaların  hec birində sadə bir pozuntuya belə rast gəlmədim. Çox maraqlı insan idi  "mücahid" rejissorumuz. Yadigarı olmasa da, Azərbaycan azadlıq hərəkatı tarixində misilsiz addımı ilə daim xatırlanacaq.

 

Vüqar Tofiqli

525-ci qəzet.- 2014.- 13 mart.- S.2.