Çağdaş teatr prosesləri: zaman
müstəvisində baxış
Üçüncü
yazı: Teatr və rəssamlıq
Bəlli
olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin
tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini
birləşdirən bu klassik incəsənət sahəsi
milli mədəniyyətimizin mühüm qaynaqlarından
birini təşkil edir.
Teatr-dekor sənətimizin tarixi inkişaf xüsusiyyətləri
və bugünü haqqında söz açmazdan öncə
qloballaşan dünyamızın müasirliyə və mədəni
irsə olan münasibətlərinə nəzər salaq.
Bu gün qloballaşma və sosial-mədəni inteqrasiya
prosesləri hər bir ölkədə özünü
büruzə verməkdədir. Yeni informasiya
texnologiyalarının inkişafı, internetin geniş
yayılması ölkələri və xalqları bir-birinə
çox yaxın etmişdir. Belə bir
şəraitdə milli-mənəvi dəyərlərimizi
dünya miqyasında təbliğ etmək üçün əlverişli
imkan yaranmışdır və biz bundan istifadə edirik.
Lakin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin
qorunması, qloballaşan dünyada ənənələrimizin
yaşaması və yaradıcılıqla inkişaf etdirilməsi
problemi də bizi dərindən düşündürməlidir.
Bu problem mədəniyyətin digər sahələri ilə
yanaşı, teatr-dekor sənətinə də aid edilə
bilər. Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm
Mustafayev, Nüsrət Fətullayev, Əyyub Fətəliyev, həmçinin
korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl
Abdullayev, Toğrul Nərimanbəyov və başqaları
inkişaf etdirmişlər. Bu gün Nazim Bəykişiyev,
Tahir Tahirov kimi sənətdə öz sözünü
demiş rəssamlarımız səhnəqrafiya sahəsində
çalışırlar. Qloballaşma
şəraitində məhz bu ənənələr
qorunmalı, inkişaf etdirilməli, dünya birliyi
qarşısında təbliğ olunmalıdır. İnteqrasiya prosesləri ilk növbədə mədəni
irsimizin təbliğinə və bugünkü
inkişafına xidmət etməlidir. Bu,
yad təsirlərdən qorunmaqda, sənətdə zaman-zaman
özünü büruzə verən mənəvi
cılızlaşmadan qurtulmaqda cəmiyyətimizə kömək
edər.
Mütərəqqi Avropa və rus teatrı zəminində
təşəkkül tapan milli səhnəqrafiyamız
yarandığı ilk dövrlərdən etibarən
dolğun, həyati təsir
bağışlamışdır. XIX əsrin sonu – XX əsrin
əvvəllərində dünya teatr prosesləri, səhnəqrafiyanın
peşəkar imkanlarının dərinləşməsi, yeni
bədii üslub və formaların yaranması milli səhnəqrafiyamıza
da təsirsiz ötüşməmişdi. XIX əsrin
sonu – XX əsrin əvvəllərində Avropa və rus
teatrında bədii simvolikanın təcəssümü,
psixoloji ifadə tərzinə maraq səhnəqrafiyanın əsas
bədii-estetik xüsusiyyətlərindən birinə
çevrilmişdi. V.Meyerxold, M.Reynhardt kimi
novatorçu rejissorlar rəssamlardan elə tərtibat istəyirdilər
ki, o, quruluşun ideya-estetik əsasını psixoloji,
ekspressiv formalarda təcəssüm etdirə bilsin.
Rusiyada dramaturji qəhrəmanın mənəvi durumunu bədii
tərtibatın peşəkar xüsusiyyətləri (həcm,
işıq-kölgə, rənglər və s.) vasitəsilə
əks etdirən “psixoloji” dekorasiyalar Bədaye və Malı
teatrlarda həqiqi yüksəliş səviyyəsinə
çatmışdı. XX əsrin əvvəllərində
bu teatrların işi ilə yaxın tanışlıq
imkanı əldə edən Azərbaycan teatr rejissorları həmin
mütərəqqi ənənələri milli teatr sənətimizə
tətbiq etmək üçün rəssamla daha dərin
yaradıcılıq ünsiyyəti qurmağın zəruriliyini
başa düşürdülər. İlkin mərhələdə
Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə,
sonralar Adil İsgəndərov, Məhərrəm
Haşımov və başqa rejissorlar müxtəlif teatrlarda
yaradıcı kollektivin daha sıx iş birliyi qurmasına
xüsusi önəm verirdilər.
Azərbaycanda peşəkar teatr sənətinin
yarandığı ilk dövrlərdə səhnəqrafiya
ilk addımlarını atırdı. Rəssamlar səhnə
sənətinin ictimai məzmununun əhəmiyyətini
yaxşı başa düşür və tamaşaların tərtibatında
milli xüsusiyyətləri əks etdirməyə
çalışırdılar.
Milli
teatr-dekor sənətinin təməl daşlarını
Əlibəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz
Kəngərli qoymuşlar. Hələ 1908-ci ildə
ilk operamız olan “Leyli və Məcnun” səhnəyə
qoyularkən onun bədii tərtibatını Əlibəy
Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin
ölməz “Ölülər” əsəri səhnələşdirilərkən,
tamaşanın rəssamlıq tərtibatını Əzim
Əzimzadə vermişdi. Bəhruz Kəngərli
də Azərbaycanın ilk teatr məbədlərindən olan
Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə
malik idi. Sənətkar bu teatrda bir
çox tamaşaların hazırlanmasında quruluşçu-rəssam
kimi iştirak etmişdi. Bütün bunlar
XX əsrin ilk iki onilliyinə təsadüf edir. Qısa
zaman kəsiyindən sonra Azərbaycan teatrının ümumi
inkişafı məcrasında teatr-dekor sənəti də
inkişaf etməyə başladı. Milli teatr
rəssamlarımızla yanaşı, rus teatr rəssamları
– Q.Yakulov, P.Uzunov, V.İvanov və başqaları da səhnəmizdə
fəaliyyət göstərirdilər. 20-30-cu illərdə
Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət
Fətullayev, Sadıq Şərifzadə, Bədurə
Əfqanlı, İsmayıl Axundov kimi teatr rəssamlarımız
səhnəqrafiyanın inkişafında xüsusi rol
oynamışdı. Həmin dövrdə Aleksandr Tuqanov, Adil İsgəndərov,
İsmayıl Hidayətzadə və başqa rejissorlar teatr sənətinin
hərtərəfli inkişafı üçün müxtəlif
sahələrin – aktyor ifasının, geyim tərtibatının,
butaforiyanın, dekorasiyanın, işıqlandırmanın,
musiqinin qarşılıqlı əlaqəsini möhkəmləndirirdilər.
Misal üçün, Adil İsgəndərov
Nüsrət Fətullayev, İsmayıl Axundov kimi rəssamlara
ayrı-ayrı tamaşaların səhnə tərtibatını
tapşırmışdı. Hələ 30-cu illərdə
Nüsrət Fətullayev Hüseyn Cavidin “Şeyx Sənan”, Cəfər
Cabbarlının “Almas”, Səməd Vurğunun “Vaqif”
tamaşalarının rəssamı olmuşdu. Elə həmin
dövrdə İsmayıl Axundov Mirzə Fətəli Axundzadənin
“Hacı Qara”, Cəfər Cabbarlının “Yaşar”, Səməd
Vurğunun “Vaqif” tamaşalarına bədii tərtibat
vermişdi. Beləliklə professional səhnəqrafiyamız
yetişməyə başladı.
Klassik
inkişaf dövründə ənənəvi teatr rəssamları
olan Rüstəm Mustafayev, İzzət Seyidova, Bədurə
Əfqanlı, İsmayıl Axundov, Sergey Yefimenko, Nüsrət
Fətullayev, Sadıq Şərifzadə, Əyyub Fətəliyev
və başqaları ilə yanaşı, dəzgah rəngkarlığı
ilə məşğul olan tanınmış rəssamlar da
bu sahəyə maraq göstərirdilər. Mehdi Məmmədov,
Tofiq Kazımov, Əliheydər Ələkbərov və
başqa rejissorlar Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov
kimi korifey sənətkarları səhnəqrafiyaya cəlb
etmişdilər.
Teatr-dekor sənətində diqqəti cəlb edən əsas
məqamlardan biri yaradıcılıq ənənələrin
inkişaf etdirilməsidir. Azərbaycan teatr-dekor sənəti
tarixində bir çox tamaşaların ayrı-ayrı rəssamlar
tərəfindən fərqli tərtibat nümunələri
olmuşdur və bu proses bu gün də davam edir. Misal
üçün, “Koroğlu” operasına müxtəlif
dönəmlərdə Rüstəm Mustafayev, Əyyub Fətəliyev,
Tahir Salahov, Mikayıl Abdullayev və başqa rəssamlar bədii
tərtibat vermişlər. Hər bir rəssam tərtibata
özünəməxsus yeni çalarlar daxil etməklə Azərbaycan
səhnəqrafiyasında “Koroğlu” tərtibatları
qalereyasını bədii-estetik baxımdan daha da zənginləşdirmişdir.
30-cu illərdə Rüstəm Mustafayevin bədii
konstruktivizmi bir müddət sonra Əyyub Fətəliyevin
irihəcmli dekorlara istinad edən dolğun və parlaq məkan
həlli formaları ilə əvəzləndi. Lakin Əyyub Fətəliyev özündən əvvəlki
“Koroğlu” tərtibatı prinsiplərini inkar etmədi,
konstruktivizmin tələb etdiyi zahiri formaları bədii-estetik,
həyati təsir bağışlayan parlaq səhnə elementləri
ilə zənginləşdirdi. Bundan sonra
Tahir Salahov artıq formalaşmış ənənələrə
istinad edərək yeni bədii ölçü sistemi
yaratdı, “Koroğlu” tərtibatına öz
yaradıcılığına xas olan monumental-dekorativ formalar
gətirdi. Mikayıl Abdullayev “Koroğlu” tərtibatına
əvvəllər mövcud olmayan lirik mahiyyət daxil etdi,
Koroğlunun şair və aşıq təbiətini, sevimli
Nigarına olan saf duyğularını qəhrəmanlıq
motivləri ilə üzvi surətdə birləşdirdi, tərtibatda
daha çox rəngdən məharətlə istifadə etdi.
Bu tərtibatlar onillər boyu
formalaşmış, ənənələr və novatorluq zəminində
formalaşmış bədii təkamül nümunəsidir.
Belə uğurlu nümunələrin
sayını xeyli çoxaltmaq olar.
Teatr-dekor sənətimizin bugünü haqqında fərqli
fikirlər səsləndirilir. Onların məzmunu əsasən
teatr sənətinin ümumi problemləri ilə
üst-üstə düşür. Başqa sözlə,
teatr sənətinin vəziyyəti, onun cəmiyyətdəki
reytinqi teatr-dekor sənətinə də birbaşa təsir
göstərir.
Çağdaş
teatr-dekor sənətimizin ümumi mənzərəsi necədir?
Bu sual birmənalı qarşılanmır.
Bu gün teatr sənətinin mənəvi
böhran keçirməsini iddia edənlər də, bu sənətin
yeni inkişaf dövrünə qədəm qoyduğunu təsdiq
edənlər də var. Teatr hər zaman
yaşadığımız cəmiyyətin
güzgüsü olmuşdur. Əgər cəmiyyət
vaxtilə düşmüş olduğu maddi-mənəvi
böhrandan qurtularaq sabitlik, tərəqqi yollarına
çıxa bilibsə, bu mütləq teatrın tərəqqisində
də öz əksini tapmalıdır.
Bu mənada çağdaş dönəmdə teatr sənətinin
əslində yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu söyləyənlərlə razılaşmamaq
olmaz. Ədalət naminə deməliyik ki, teatr sənətinin
inkişafı, öz keçmiş nüfuzunu bərpa etməsi
hələlik biz istədiyimiz səviyyəyə yüksəlməmişdir.
Lakin mədəni mühitdə, cəmiyyətdə
cərəyan edən proseslərin təhlili bu sahədə
müsbət dinamikanın formalaşdığını
göstərir.
Bütün bunlar belə bir qənaətə gəlməyə
əsas verir ki, səhnəqrafiya sənətimiz də
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyur. Doğrudur, bu gün görkəmli rəssamlarımız
bir vaxtlar olduğu kimi teatrla yaradıcılıq əlaqələri
qurmağa o qədər də meyilli deyil. Lakin
bunu birmənalı olaraq tənəzzül kimi dəyərləndirmək
düzgün olmazdı. Çağdaş
dönəmdə çoxsaylı teatrların yaranması,
müxtəlif qayəli teatr düşüncələrinin bədii
təfəkkürdə yer alması səhnəqrafiyaya olan
rejissor və tamaşaçı tələblərini sayca həm
çoxaltmış, həm də ideya-estetik baxımdın
mürəkkəbləşdirmişdir. Eyni
zamanda məkanın sadələşdirilməsi prinsipi
müasir səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən
birinə çevrilməkdədir. Zahirən
sadə formalara müraciət edən, simvolikadan yararlanan rəssam
və rejissor quruluşun vizual təcəssümündən
daha əhatəli fəlsəfi-psixoloji tutum və təsir tələb
edirlər. Belə effektli
yaradıcılıq nümunələrinə “Yug”, “Pantomima”,
Gənclər teatrlarında, “Üns” yaradıcılıq səhnəsində,
bəzi digər teatrlarda təsadüf etmək olar.
Müasir teatr rəssamlarının gerçəkləşdirdiyi
tamaşalara nəzər saldıqda, peşəkarlıq səviyyəsinin
kifayət qədər yüksək olduğunu, novatorçu
meyllərin səhnədə cəsarətlə öz təcəssümünü
tapdığını görürük. Xarakterik
haldır ki, müasir rəssamlıq ənənələrinə
istinad edən yenilikçi təmayüllər təkcə gənc
nəslə aid deyil. Yaxın
keçmişdə Ağarəhim Əliyev, Elçin Məmmədov
kimi təcrübəli teatr rəssamlarının səhnə
tərtibatında müasirliyin ideya-estetik görüşlərindən
irəli gələn, əsərin məzmununu, rejissor
düşüncəsini dolğun əks etdirən orijinal bədii
vasitələr yer almışdır. Ənənəvi
ifadə vasitələri ilə novatorçu təmayüllərin
qovşağında qərarlaşan bədii formalar
80-90-cı illərdə, eləcə də 2000-ci illərdə
milli teatr-dekor rəssamlığının əsas
xüsusiyyətlərinə çevrilmişdi. Bu xüsusiyyətlər (neokonstruktivizm, simvolika,
postmodern, funksionalizm, plastik avanqard və s.) çağdaş
səhnəqrafiyanın həm gənc, həm də orta və
yaşlı nəslini təmsil edən nümayəndələrinin
yaradıcılığında növbəti bədii
inkişaf mərhələsi təşkil edir. Sadə
formalara müraciət etməklə məkanda bədii-kostruktiv
ab-hava yaradan bu üslub tərzi Ağarəhim Əliyev, qismən Tahir
Tahirov kimi rəssamların ayrı-ayrı tərtibat işlərində
nəzərə çarpır.
Müasir
Azərbaycan teatr-dekor sənəti sənət peşəkarlığını
inkişaf etdirmək məqsədilə xarici ölkələrin
teatrları ilə təcrübə mübadiləsi
aparır. Azərbaycanın bir çox teatr rəssamları
xarici ölkə teatrlarında yaradıcılıq səfərlərində
olur. Bu müsbət tendensiya daha çox
MDB ölkələri, eləcə də qardaş Türkiyə
ilə mədəni münasibətlərin gerçəkləşdirilməsində
özünü büruzə verir.
Teatr-dekor sənətinin inkişafını təmin edən
əsas şərtlərdən biri də peşəkar təhsillə
bağlıdır. Bu gün Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında teatr-dekor rəssamı
ixtisası üzrə istedadlı gənclər təhsil
alır.
Hazırda səhnəqrafiyaya gənclərin cəlb
edilməsi problemi də kifayət qədər aktualdır. Böyük sənət ənənələrinə
malik olan Azərbaycan səhnəqrafiyası yeni dövrün
doğurduğu tələblərlə ayaqlaşmaq
üçün sözsüz
ki, gənclərin gəlişinə möhtacdır. Əlbəttə, bu gün teatrlarda kifayət qədər
güclü potensiala malik yaradıcı gənclər, o
cümlədən gənc rəssamlar çalışır.
Lakin bir çox hallarda teatr-dekor ixtisasına yiyələnmiş
gənc kadrlar öz sahəsi üzrə işləməyə
tələsmir, sənətin başqa sahələrinə
üz tuturlar. Baxmayaraq ki, teatr-dekor rəssamı ixtisasına
yiyələnən gənclərimiz kifayət qədərdir.
Gəncləri teatra cəlb etmək üçün
teatrın yaradıcılıq və təşkilati
imkanlarını genişləndirmək, xarici teatrların
özünü doğruldan iş təcrübəsi ilə tanış olmaq, bundan yararlanmaq
lazımdır. Bu gün teatrlarımız
dünyanın bir çox yaradıcı kollektivləri ilə
qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin inkişaf etdirilməsi gəncləri
səhnəqrafiyaya daha intensiv surətdə cəlb edə bilər.
Azərbaycan teatr rəssamlığı
çağdaş dünya səhənqrafiyasında gedən yaradıcılıq
proseslərindən bəhrələnməklə
yanaşı, həm də onillər boyu formalaşmış
sənət ənənələrini inkişaf etdirir. Teatrın
quruluşun dramatik və psixoloji səciyyəsinin, ideya-estetik
əsasının vizual vasitələrlə dolğun əks
etdirilməsi hər zaman olduğu kimi, bu gün də səhnəqrafiyanın
diqqət mərkəzindədir. Tahir Tahirov, Ağarəhim
Əliyev, İsmayıl Məmmədov, Nazim Bəykişiyev və
başqa rəssamların uğurlu, orijinal tərtibat işləri
səhnəqrafiyanın çağdaş dönəmdəki
inkişafının göstəricisidir. Bu və
digər rəssamların yaradıcılığı
çağdaş qloballaşma və mədəni inteqrasiya
dönəmində Azərbaycan səhnəqrafiyasının
inkişafını təmin edir.
Timuçin Əfəndiyev
525-ci qəzet.-
2014.- 8 mart.- S.8.