Gənc şairələrin ikinci Beynəlxalq Forumunun
iştirakçıları Yazıçılar Birliyində olublar
Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının
təşkilatçılığı ilə gənc şairələrin ikinci Beynəlxalq Forumu işə başlayıb.
Forum çərçivəsində gənc şairələr
ötən gün Azərbaycan Yazıçılar
Birliyində (AYB) olublar. "Natəvan" klubunda keçirilən görüşü AYB-nin
katibi, Xalq yazıçısı Çingiz
Abdullayev açaraq şairə xanımları
ölkəmizdə görməkdən
məmnunluğunu ifadə
edib.
AYB-nin gənclər üzrə katibi Rəşad Məcid qonaqları salamlayaraq bu il 80
yaşı tamam olan Yazıçılar Birliyi haqqında ətraflı danışıb:
"Azərbaycan Yazıçılar
Birliyinə hazırda
xalq şairlərinin oğlu, Xalq yazıçısı Anar
rəhbərlik edir. Yazıçılar Birliyi uzunillik
ənənəsi olan
sanballı bir qurumdur. Bu il
təşkilatımızın 80 yaşını qeyd edəcəyik. Yazıçılar Birliyinin 1 qəzeti,
4 aylıq ədəbiyyat
dərgisi var, onlardan biri rus
dilində çap olunur. Bunların hər biri dövlət tərəfindən
maliyyələşir.
Azərbaycan tarixən xanım şairlər yetirmiş bir məkandır. Bu yaxınlarda dünya şöhrətli şairə
Məhsəti Gəncəvinin
yubileyi keçiriləcək,
bununla bağlı hazırlıq işləri
görülür. Son
70 ildə də Azərbaycan ədəbiyyatında
xanım yazarlar çox olub. Onlardan Nigar Rəfibəyli, Mirvarid Dilbazi Xalq şairi
adına layiq görülüblər".
Rəşad Məcid çıxışında
Ermənistanın Azərbaycanın
20 faiz ərazisini işğal etməsindən
də söz açıb.
AYB-nin katibi son illərdə ədəbiyyata
marağın artmasından,
yaradıcı gənclərə
dövlət qayğısından
da danışıb:
"2004-cü ildə Yazıçılar
Birliyində ayrıca
gənclər üzrə
katiblik yaranıb. Mən də bu sahə
üzrə katib seçilmişəm. 2007-ci
ildən Azərbaycanda
20 gənc yazıçıya
fərdi təqaüd
verilir. Bu fakt dövlətin gənclərə stimul verməsinin göstəricisidir. Biz hər
ay ustad yazıçılarla
gənclərin görüşlərini
təşkil edirik.
Gənclər və İdman Nazirliyi də hər il istedadı ilə fərqlənən gənclərə
Gənclər Mükafatı təqdim edir. Bu ildən
Prezidentin Gənclər üzrə 10 min manat məbləğində
mükafatı da təsis edilib. Bu il ədəbiyyat
üzrə həmin mükafat Yazıçılar Birliyinin
üzvü Pərvin Nurəliyevaya təqdim edilib. Başqa ölkələrin
yazıçıları müraciət etsələr biz
onları fəxri üzv də seçərik. İnanıram ki, Bakıdan xoş təəssüratla
ayrılacaqsınız. Bakı qədimliklə
modernliyin birləşdiyi unikal bir şəhərdir. Azərbaycanla bağlı gözəl şeirlər
qələmə alacağınıza inanıram".
Sonra görüş AYB sədri, Xalq
yazıçısı Anarın otağında davam edib. Sədr
qonaqların təəssüratlarını dinləyib,
onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək
ki, forumda Lisiana Demiraj (Albaniya), Savsan Dhneen (Bəhreyn), Ashita
Chovdury (Banqladeş), Cristina
Feduic (Belçika), Esra Mohamed (Misir), Namaa Yudah (İordaniya),
Anna Laura Seifermann( Almaniya),Yekaterini Avgeri (Yunanıstan), Jamra
Mumtaz Yahya (İraq), Marina Carbone (İtaliya), Cholpan Nurtazina
(Qazaxıstan), Nasiba Nurmatova (Qırğızıstan), Zakia El
Yamani, Amna Chaudhry( Pakistan), İoana Stefania Nikulesku
(Rumıniya), Ekaterina Shishkina (Finlandiya), Shin Younq Kyu (Cənubi
Koreya), Sahar Ammar (Tunis), Muesser Yeniay (Türkiyə), Mariana
Lovych (Ukrayna) təmsil olunur.
Yazıçılar Birliyindəki görüşdən
sonra forum iştirakçılarının da
qatıldıqları mətbuat konfransı keçirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 14 mart.- S.8.