"Gecə düşüncələri"ndə gördüyüm Anar

 

 

Heç bir ədəbi janr məni esse qədər özünə çəkməyib. Lev Tolstoy, Herman Hesse, Knut Hamsun kimi yazıçıları daha çox sevməyimə səbəb, düşüncələrini esse formasında nəql və şərh edən obrazlar yaratmalarıdır. Bu cür obrazlar böyük mətləblər izhar edə bilirlər. Esse janrı ilə məqaləni bir-birinə qatan, sərf-nəzər edə bilməyən o qədər çox qələm adamı var ki, ancaq istənilən halda mən "çayın çaya qarışmaması"nın tərəfdarıyam. Azərbaycan ədəbiyyatının XX əsrdə esse janrında bəxti gətirib. Anarın "Gecə düşüncələri", Kamal Abdullanın "300 azərbaycanlı", Vəli Səyyadinin müxtəlif mövzularda esseləri bu janrdan ağız dolu danışmağa imkan verir. Bu məqalədə Anarın "Gecə düşüncələri" barədə danışacağam.

Düzü, mən bu "Gecə düşüncələri"ni Anarın bütün əsərlərindən (onun digər mətnlərinin yüksək məziyyətlərini lazımınca qiymətləndirmək şərti ilə) üstün hesab edirəm. Çünki Anarın böyük düşüncələri məhz bu esselərdə daha dəqiq ölçüdə görünür. Eyni zamanda, əgər digər mətnlərində Anarı yazıçı kimi görürüksə, bu esselərdə o yazıçı, ictimai xadim, fikir adamı, dramaturq, rejissor və sədr kimi görə bilirik. Təbii ki, Anarın yazıçı, dramaturq, sədr kimi obrazı fikrimizdə var, ancaq "Gecə düşüncələri"ndə bunların hamısı bir yerdədir.

"Gecə düşüncələri"ndə Anar nə vəzifə, nə tədbir, nə də ona macal verməyən digər nəsnələrdən asılıdır, bu yazılar onun ən azad, ən saf mətnidir, çünki yazılarkən çap üçün nəzərdə tutulmayıb, heç bir senzura təhlükəsindən də söhbət gedə bilməz.

"Gecə düşüncələri" gecələr qəfil ağla gələn, maqnitofona yazılan, vərəqə qeyd edilən esselərdir - deməli, yazıçının beyninə ani gələn və vacib, keçilməz fikirlərdir. Gündüz insan doğurdan da, rahat düşünə bilmir. Gecə isə heç olmasa səhərə qədər tənha ola bilirsən, bu mənada, bu esselər həm də yazıçının özünün özüylə söhbətləridir. Qəribədir, "Gecə düşüncələri"ni gündüz oxuyanda bir cür təsir edir adama, gecə oxuyanda tamam ayrı cür. Təbii ki, gecə daha böyük mətləblər açılır üzümüzə.

Mişel Monten esseləri barədə yazır ki: "Təcrübələr" mənə ona görə maraqlı idi ki, uzun illər ərzində nə düşündüyümü və niyə düşündüyümü başa düşüm". Monten kimi Anar da "Gecə düşüncələri"ndə  həm də özünü kəşf edib. Müəyyən məqamlarda yazıçı özü də qəfil ağlına gələn düşüncələrə heyrət edir.

Anar əsərin girişində yazır: "Bu düşüncələr 30 il ərzində davam edən "gecə sayıqlamaların məhsuludur". Bu sözləri oxuyanda dilimi dişlədim: "sayıqlamalar?". Sayıqlamalar düşüncənin  saf formasıdır, eyni zamanda müxtəlif mənada bəraətə gələn məqamlardır.

"Xoşbəxtlik nədir? Bu suala cavab vermək çətindir. Ən doğru cavablardan biri, məncə,  budur: Xoşbəxtlik öz vətənində özün olmaq və özün kimi qalmaqdır".  Yaxud "Ən böyük rəzillik onda baş verir ki, sən dəhşətli rəzil vəziyyəti tərifləməyə məcbur olursan". "Gecə düşüncələri"ndə həyata, ictimai və sosial planda bu cür dəqiq müşahidələr az qala hər səhifədə var.

Bu esselərdə ən maraqlı məqamlardan biri də Anarın Allah barədə düşüncələridir:

* "Bu dünyada mənim yeganə həsəd çəkdiyim varlıq Allahdır. Ancaq mən onun gücünə, qüdrətinə yox, hər şeyi bilməyinə həsəd aparıram".

* Həyat Allahla insanın birgə yaradıcılıq məhsuludur. Onlar əl-ələ verərək dünyanı yaradır (yaxud dağıdır). Yaxşılığın da, pisliyin də yaradıcısı məhz onlardır. "Birinci ikincini yaratsa da, (bəlkə də əksinə, Volterin aforizmini xatırlayaq: "Allah olmasaydı onu uydurmaq lazım gələrdi), hardasa onlar bərabərdirlər". Allah və insan münasibətləri kitabda məqam-məqam xatırlanır. Maraqlısı odur ki, fraqmentar düşüncələr ayrı-ayrı illərdə yazıldığından müəyyən təkziblər də nəzərdən qaçmır. (Məsələn, bəzi məqamlarda axirət dünyasının mövcudluğuna şübhə, bəzənsə qəti inam) Biz böyük bir mətn daxilində ayrı-ayrı etapda yenilənən fikir qatlarını görürük. Bu Anarın ayrı-ayrı məqamda dəyişimidir - düşüncə planında, mənəvi aspektdə və həyat kontekstində.

Anar "Gecə düşüncələri"nin giriş sözündə xüsusi bir məqamı vurğulayır: "Gecə yatmaq lazımdır...". Bu cümlələri oxuya-oxuya Smirnovun Puşkinlə bağlı qeydləri yadıma düşdü: "Mən hərdən yuxumda o qədər gözəl şeirlər görürəm ki... Ancaq onları yuxuda necə yazasan? Bir dəfə zavallı Nataşanı yuxudan oyatdım və yuxuda gördüyüm şeiri deməyə başladım. Ancaq sonra vicdan əzabı keçirdim: o yatmaq istəyirdi. "Bəs Siz nəyə görə bu şeirləri yazmadınız?" deyə soruşdum. O, qəmli-qəmli cavab verdi: "Arvadım dedi ki, gecə insanların yatması üçün yaradılıb. Mən də özümü bu eqoizmə görə qınadım. Şeirlər isə artıq yaddan çıxmışdı...". Anar da "gecə yatmaq üçündür" deməklə biz oxucuları, sanki həyatdan qopmamağa, müəllifin çəkdiyi əzaba oxucunu da qatlaşmamağına çağırır, dolayısıyla yazıçılığın da normal həyat tərzindən uzaq narahatlığını göstərir.

Bu esselərin mənimçün əlahidə cəhətlərindən biri də budur ki: eyni mətndən iki cür informasiya almaq olur. Əgər sən oxucusansa elə biləcəksən ki, həyat haqqında həyati və yaradıcılıq baxımından təcrübəli kəsin fikirlərini oxuyursan, əgər yazıçısansa peşəkar bir yazıçının həyatı, yaradıcılıq mətbəxti və düşüncələri ilə tanış olub hökmən nələrləsə əxz edəcəksən.

Mən "Gecə düşüncələrini" oxuyana qədər Anarın üzündəki asudəliyin səbəbini anlamırdım. Ancaq "Gecə düşüncələri"ni oxuyandan sonra "yazıb öz missiyasını" mümkün qədər yerinə yetirən yazıçı gözümün qabağına gəldi. Bu esselərdən sonra Anarı mövqesizlikdə, siyasi reflekssizlikdə qınamaq olarmı? Əlbəttə, yox. Çünki bir yazıçı birbaşa və dolayısıyla nə demək mümkündürsə sözünü deyib. İndi Koroğludan tapança tələb edən dırnaqarası qəhrəmanlara bunu anlatmaq müşkülün müşkülüdür. Bu barədə o bir essesində də yazır: "Onlar əvvəlcə mənə nifrət edirlər, sonra isə bu nifrətə səbəb axtarmağa başlayırlar". Anara özü demiş "əvvəlcədən nifrət edənlər" onun aşağıdakı misallarda bir cümlə ilə yazdıqlarına roman mövzusuna çevirib "qəhrəmanlıq" edirlər, siyasi imic qazanmağa çalışırlar.

* Xalqı aldatmaq olar, hətta istəsən içində yaşadığın zamana da kəf gələ bilərsən, ancaq tarixi aldatmaq olmaz, bala. Tarix gec-tez hər şeyi yerbəyer eləyir. Hər kəsə öz haqqını verir.

* Hakimiyyət tənhalıq deməkdir. Mütləq hakimiyyət mütləq tənhalıqdır.

* Bu ölkədə abırlı və ləyaqətli adamlar ən köməksiz və ən yazıq insanlardır.

* Nə olur olsun hakimiyyətə gəlməliyik fikrindən daha dəhşətli fikir: "hakimiyyətə gələk sonra nə olur olsun" fikridir.

* Güc varsa, ağıl lazım deyil, bütün iflasa uğramış siyasətçilərin kredosu budur.

* İcazəli azadlıq, azadlıq deyil.

* İndi cəmiyyət söz xəstəliyinə tutulub necə ki əvvəllər lallığa mübtəla idi.

Bu fikirləri yazan Anardır. Anar təkcə milli yox, bəşəri siyasətin iç üzünü açır, onun müxtəlif iclaslarda, tədbirlərdəki sərt çıxışlar da "Gecə düşüncələri"ndə yer alıb. Anar nələrsə göz yumanda belə bilirsən ki, onu  əlahidə və əlahidə olmayan tərəflərini bilir, hətta nəticəsi də ona aydındır. Ona görə də o sussa belə bu, cəsarətsizlik yox, təmkin təsiri bağışlayır.

Maraqlı nədir, Anar "Gecə düşüncələri"ndə daha çox sınaqdan keçmiş düşüncələri bölüşür, xülyaları yox. O, səmaya qalxmağa səsləmir, yerdə kimlərlə necə yaşamağın sirrlərini açır. Anarın ironiyası da bənzərsizdir. Düzü, bu gülüş üçün onu şəxsən tanımaq, dövrə bələd olmaq da tələb olunur.

* Gənc şair Dayandoldurum.

* Kinodan yazsa da, kinoşünas deyil, kinoloqdur.

*Komunistlərin yeni şüarı: "Bəlkə də qaytardılar!".

* O, əlbəttə, dahi dirijordur, amma nə yazıq ki, orkestrində biri xaric çalır, o biri pis çalır, başqa birisi heç çala bilmir, birinin isə ümumiyyətlə, notdan xəbəri yoxdur".

Kitabda sənət adamları, xüsusən, ədəbiyyatçılar üçün maraqlı müşahidələr, geniş dünya görüşünün məhsulu olan fikirlər də yer alıb. Müşahidələr o qədər dəqiqdir ki, bunu ancaq sözün geniş mənasında işin içində olan adam bilə və sezə bilər.

* "Adamlar, adətən, ilk mükafatı alana qədər məğrur olurlar. Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan doqquz  mükafatın həsrəti ilə yaşayırlar.

* Bəzi tənqidçilər hesab edirlər ki, onlar hansısa yazıçını tanımırlarsa bu onun öz günahıdır. Ancaq geoloqların kəşf edib-etməməsindən asılı olmayaraq almaz elə almazdır.

* Ədəbiyyat - özgələrini özünün vasitəsiylə anlamaq cəhddir.

* Hər hansı yazıçının bir zaman kəsiyində, əlahidə populyarlığı, səcdə obyekti olması sonrakı taleyində məşum rol oynayır. Sanki zaman ondan məşhurluğunun, sevilməsinin heyfini alır".

Anarın ritorik sualları xüsusi əhəmiyyətə malikdir. Bu suallar hansısa cavab əldə etmək üçün deyil, sadəcə son ucu açıq qalan "niyə belədir?" cavabsızlığıdır.

* "Əbədi həyat insanlara niyə verilməlidir ki? Əbədiyyən bir-birini öldürməkçün, bir-birini qırıb çatmaqçün?

" Bu gün elə bir adam yoxdur ki, korrupsiya, yaxud rüşvət barədə qəzəblə danışmasın. Bir məsələ aydın deyil, hamı rüşvət əleyhinədirsə, bəs onda rüşvət alan kimdir?!"

Bu məqalədə sitatları çox çəkdiyimi bilirəm, ancaq qiymətli fikirlərin üstündən keçmək də olmur. Xüsusən, də, həyat haqqındakı fikirlərin:

" Haçansa gileylənirdim - yuxu ömrün əhəmiyyətli və səmərəli saatlarını alır, bu vaxtı daha yaxşı istifadə etmək olardı... Ancaq indi həyatımın ən sakit, ən xoşbəxt saatları yuxuda olmadığım vaxtdır..."

* Əsl dostluq günəş, dəniz, ulduzlar kimidir. O mənada ki, illərlə dənizi görməyə bilərsən, amma qayıdıb onu yenə həmin yerində və həmin cür görəcəksən.

* Bəzi dostlarımızı əlimizdən ölüm alır, bəzilərini həyat.

* Bir şeyi başa düşdüm. Kiməsə yaxşılıq edirəmsə, bunu sənə heç bir vaxt bağışlamır. Pisliyi bağışlayar, unudar, üstündən keçər, yaxşılığı heç bir vaxt əhv etməz. Yaxşılıq edənə nifrəti isə bununla bağlıdır. Axı sənin mənə niyə yaxşılıq etmək imkanın olsun? Bunu heç cür sənə bağışlaya bilmirəm.

"Qəribədir, insanlar çox vaxt ən amansız nifrəti haçansa dəlicəsinə sevdiklərinə qarşı duyurlar".

Anarın digər esseistlərdən fərqi odur ki, o daha çox statlar və faktlara əsasən yox mətləbləri öz rasional idrakı ilə çözür. Problemə yanaşma tərzində fərdiyəçilik aydın görünür, o bir faktın, onu düşündürən hadisənin bir istiqamətini, yönünü şərh edir. Ümumi yanaşma adı ilə msələlərin üstündən keçmir. Anarı ən çox düşündürənsə insan ömrüdür - geridə qalan, qayıtmayan insan ömrü. Tarix də, milli məsələlər də o insan ömrünün içindədir, ona görə də bu esselərdə məsələnin içinə girib çözmür, mətləbi öz içində, qəlbində aydınlaşdırır.

Anar siyasi esselərində radikallıq, ədəbiyyatla bağlı məqamlarda daha çox analitik düşüncə, həyatı məsələlərdə isə təəssüf məqamları nəzərdən qaçmır. Doğurdan da, bu esselərdən öyrənmək, maraqlı hadisələrə "şahidlik etmək" gizli mətləbləri təxmin eləmək baxımından qiymətlidir. Esselərin müxtəlif mövzularda olması, ayrı-ayrı tarixlərdə yazılmasına baxmayaraq yazıçının radikallığı, həyati lirizmi, ictimai mövqeyindən irəli gələn təcrübəsi yazıların ümumi ahəngini pozmur, bir essedən o birinə keçəndə özünü qəribə dəyişimin içində yad hiss etmirsən, yəni mətnin içindəki üslub xətti pozulmur. Nəzərə alsaq ki, esselər yazılan illər ərzində (30 il) yazıçının bədii əsərlərində hansısa üslubi dəyişikliklər olub, təbii olaraq dünya görüşündə də fərqlər yaranıb, ancaq bu peryodik dəyişimlər esselərin üslubuna, yazı tərzinə təsir edə bilməyib...

 

Redaksiyadan: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 76 yaşı tamam olur. Bu münasibətlə görkəmli ədibimizi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq!

 

Fərid Hüseyn

525-ci qəzet.- 2014.- 14 mart.- S.7.