Azərbaycanda vətəndaş cəmiyyətinin
bərqərar olmasında könüllülük fəaliyyətinin
rolu
Azərbaycan müstəqillik əldə etdikdən sonra
vətəndaş cəmiyyətinin başlıca qüvvələrindən
olan qeyri-hökumət təşkilatlarının azad fəaliyyəti,
sərbəst şəkildə yaradılması, habelə səmərəli
fəaliyyəti üçün müxtəlif qanunlar qəbul
edildi. Bunlardan biri də "Könüllülük fəaliyyəti
haqqında" qanun layihəsinin qəbul edilməsi idi.
Əgər QHT-lərin daxilində minlərlə
könüllünün fəaliyyət göstərdiyini nəzərə
alsaq, bu qanunun çox böyük əhəmiyyətə
malik olduğunu söyləyə bilərik. Qanun Azərbaycanda ictimai və humanitar fəaliyyət
üçün mövcud şəraiti daha da
yaxşılaşdırdı. Ümumiyyətlə
beynəlxalq aləmdə könüllülük fəaliyyəti
söz, yığıncaq və birləşmək
azadlığının ayrılmaz tərkib hissəsi hesab
edilir və könüllünün fransız və latınca
mənası sərbəst seçim əsasında həyata
keçirilən fəaliyyət deməkdir.
Könüllülük
fəaliyyətinin tarixi XIX əsrin sonlarına gedib
çıxsa da,
müasir
anlamda ilk dəfə 1920-ci ildə Beynəlxalq Mülki Xidmət
təşkilatının yaranması ilə bu termin rəsmi
olaraq gündəmə gəlib. Bu barədə
söz açarkən ümumi məlumata əsaslansaq, qeyd edə
bilərik ki, könüllü fəaliyyət sahəsi
yalnız biznes və dövlət sektorunu deyil, adətən
üçüncü sektoru əhatə edir. Könüllülük öz iradəsi və sərbəst
seçimi əsasında əvəzi ödənilməyən
fəaliyyət növüdür. Bu
gün dünyada ictimai və cəmiyyət maraqları naminə
təmənnasız əmək sərf edən insanların
sayı on milyonlarladır. Könüllü
fəaliyyətin təşkilatçısı -
könüllü fəaliyyətin təşkilini və həyata
keçirilməsini təmin edən dövlət orqanları,
dövlət büdcəsindən maliyyələşən təşkilatlar,
yerli özünüidarə orqanları və qeyri-hökumət
təşkilatlarıdır. Könüllülük fəaliyyəti fəaliyyət
sayılır və insanların həyat keyfiyyətinin
yaxşılaşdırılmasına yönəlir. Lakin
insanlar öz bacarıqlarını inkişaf etdirmək
üçün də könüllülük edirlər (məsələn,
iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış
olmaq, əylənmək və s.) Könüllülük fəaliyyəti
müxtəlif sahələrdə ola bilər: Əlillərə,
əhalinin aztəminatlı təbəqəsinə, qocalara,
qaçqın və məcburi köçkünlərə
kömək edilməsi; Uşaqlar və gənclərlə
işlərin aparılması; Mədəni tarixi sərvətlərin
qorunması; Ətraf mühitin mühafizəsi və ekoloji
tarazlığın saxlanması; İnsan hüquq və
azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin,
tolerantlığın təbliği və sairə. 1985-ci ildə
iqtisadi və sosial inkişaf naminə hər il
5 dekabrın BMT-nin Baş Məclisi tərəfindən
Beynəlxalq Könüllülər Günü kimi qeyd
edilməsi təklif olunub.
I Dünya Müharibəsindən sonra Avropa xalqları
arasında düşmənçiliyi aradan qaldırmaq və
dostluq münasibətləri qurmaq məqsədi daşıyan
bu təşkilatın sıralarında tezliklə on minlərlə
könüllü birləşdi. 1929-cu ildə
ağır iqtisadi böhran zamanı bu təşkilat
işsiz qalmış gənclərin ictimai faydalı işlə,
o cümlədən ərzaq, paltar və yataq ləvazimatı
ilə təmin olunmasında və onların üzləşdiyi
problemlərin həllində çox əhəmiyyətli rol
oynadı.
Könüllülük fəaliyyəti sonrakı illərdə
də xeyli vüsət aldı və 1948-ci ildə UNESCO-nun nəzdində
Beynəlxalq Könüllü Xidmətinin Əlaqələndirmə
Komitəsi və 1970-ci ildə BMT-nin Könüllülər
Proqramı təsis edildi. 1998-ci ildə BMT-nin
Könüllülər Proqramı Azərbaycanda da icra
olunmağa başladı və 2000-ci ilə kimi bu proqram fəaliyyət
göstərdi.
Lakin
ölkəmizdə könüllülük fəaliyyətin
hüquqi təminatının olmaması bu sahənin inkişafına maneə törətməklə
yanaşı onun beynəlxalq könüllülər hərəkatına
qoşulmasına əlavə problemlər yaradır.
Könüllünün
hüquqi tərifinin verilməsi və bunun qanunvericilikdə təsbit
olunması hər şeydən əvvəl
könüllünün hüquqi statusunu müəyyənləşdirilməsi,
könüllüyə hüquqi müdafiənin və stimulun təmin edilməsi,
könüllü əməyinin digərlərindən fərqləndirilməsi,
könüllü əməyindən qeyri-qanuni istifadənin
qarşısının alınması
üçün çox əhəmiyyətlidir.
Millət
vəkili Azay Quliyev tərəfindən Milli Məclisə təqdim
olunan "Könüllülük fəaliyyəti
haqqında" qanun layihəsinin 2009-cu ildə qəbul edilməsi,
heç şübhə yox ki, vətəndaş cəmiyyəti
institutlarının qanunvericilik bazasının təkmilləşdirilməsi
baxımından mühüm hadisə idi. Qanun
Azərbaycanda ictimai və humanitar fəaliyyət
üçün mövcud şəraiti daha da
yaxşılaşdırdı. Belə bir
qanunun qəbulu könüllü fəaliyyətlə məşğul
olan vətəndaşların hüquq və mənafelərinin
qorunmasına, Azərbaycanda vətəndaş cəmiyyətinin
güclənməsinə, onun ayrı-ayrı təsisatlarının
sərbəst, maneəsiz fəaliyyətinə etibarlı
hüquqi təminatın genişləndirilməsində
mühüm rol oynadı.
O zaman bu
qanunun ölkəmizdə qəbulunu şərtləndirən
və zəruri edən 3 əsas səbəbi var idi.
1-ci səbəb ölkədə vətəndaş cəmiyyətinin
aparıcı institutu kimi formalaşan və əsasən
könüllü fəaliyyətin nəticəsi olan QHT
Sektorunun mövcudluğu və inkişafı ilə
bağlı idi. Təsadüfi deyil ki, könüllülərin
böyük əksəriyyətinin məhz QHT-lərdə cəmləşməsi,
bəzən beynəlxalq terminalogiyada QHT Sektorunun
"könüllülərin sektoru"
adlandırılmasına səbəb olur. O dövrdə
ölkədə 2300-dən çox rəsmi qeydiyyata
alınmış QHT fəaliyyət göstərirdi ki,
bunların da sıralarında təxminən 250-300 min nəfər
könüllü fəaliyyət göstərirdi. Deməli bu
rəqəmlər açıq şəkildə onu göstərirdi
ki, həqiqətən
ölkədə könüllü fəaliyyəti ilə
əlaqədar real münasibətlər var,
lakin
onun hüquqi tənzimlənməsi yoxdur. O zaman Heydər
Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı
Mehriban Əliyeva mətbuata verdiyi müsahibələrin birində bu sahənin
aktuallığına bir daha diqqəti çəkməklə
vəziyyəti ətraflı təhlil edərək bir
sıra təkliflərlə çıxış etmişdi.
O, bünları qeyd etmişdi: "Bu gün dünyada
könüllülük və xeyriyyəçilik sahəsində
çox zəngin bir təcrübə toplanıb. Biz bu təcrübəni dərindən öyrənməli,
analiz etməli, milli xüsusiyyətlərimizi və mövcud
reallıqları nəzərə almaqla ondan istifadə etməliyik.
Əminəm ki, davamlı xeyriyyəçilik sektorunun
yaradılması üçün xeyriyyəçiliyə və
könüllülüyə stimul yaradan ictimai şəraitin
formalaşdırılmasına və müfəssəl
normativ-hüquqi bazanın işlənib hazırlanmasına
xeyli qüvvə sərf edilməlidir". Həqiqətən
də, Könüllülük fəaliyyətinin qanunla tənzimlənməsi
ölkədə fəaliyyət göstərən QHT-lərin,
eləcə də bu xidmətdən istifadə edən digər
təşkilatların işinin düzgün qurulmasına,
könüllü fəaliyyətə maneə olan praktiki
problemlərin aradan qaldırılmasına xeyli müsbət təsir
göstərdi.
Azərbaycanda
könüllülük
fəaliyyəti haqqında qanunun
olmadığı zamanlarda
bu, nəinki
coxminli könüllü ordusunun hüquqlarının
pozulmasına rəvac verir, eyni zamanda
könüllü xidməti təşkil edən təşkilatlarla
vergi, sosial müdafiə fondu və əmək müfəttişliyi
orqanları arasında haqlı
anlaşılmazlığın yaranmasına səbəb
olurdu. Çünki adları çəkilən
qurumların bu təşkilatlarda apardığı planlı
yoxlamalar zamanı burada çalışan könüllülərin
əməyinin əvəzinin ödənilmədiyini, bu
baxımdan onların həmin qurumlar üçün yoxlama
predmeti olmadıqlarını və aşkar olunmuş qanun
pozuntusuna görə cərimə tətbiq etməyin əsassızlığını
sübut etmək mümkün olmurdu. Məhz
sözügedən qanunun qəbulu ölkədə
vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini
verməklə yanaşı
bu sahədə
mövcud olan bir çox problemlərin həllini
asanlaşdırdı.
2-ci səbəb könüllülük fəaliyyətindən
əldə edilən faydalılıq əmsalı ilə əlaqədar
idi.
Sözügedən qanunun qəbul olunduğu ilə qədər
ölkədə fəaliyyət göstərən on minlərlə
könüllünün əməyi nəticəsində cəmiyyətdə
mövcud olan çoxsaylı problemlər öz həllini
tapmış və köməyə ehtiyacı olan yüz minlərlə
qadın uşaq, gənc və cümlədən
qaçqın-köçkün, əlil, qoca bu xidmətdən
təmənnasız olaraq faydalanmışdı. Hətta beynəlxalq
ekspertlər könüllü fəaliyyətdən əldə
olunan mənfəətin ölkənin ümumdaxili məhsulunun
formalaşmasında nəzərə çarpacaq rol
oynadıqlarını bildirirlər. Con Hopkins
Universitetinin 2003-cü ildə
apardığı araşdırmaya görə,
ABŞ-da 44 milyon 564 min nəfər könüllü fəaliyyət
göstərirdi ki, bu da yetkinlik yaşından yuxarı olan əhalinin
22 faizi demək idi, onların gördüyü işin və
ya xidmətin pulla ekvivalenti və yaxud dəyəri 109 milyard
12 milyon dollardan çox idi. Bu rəqəm Fransada 41 milyard 929
milyon, Almaniyada 48 milyard, Yaponiyada 23 milyard, Böyük
Britaniyada 21 milyard,
Çexiyada 196 milyon ABŞ
dollardır. Bütövlükdə isə 36 ölkədə
aparılan araşdırma nəticəsində
bəlli olmuşdur ki, bu
ölkələrdə fəaliyyət göstərən
131 milyon 557 min nəfər könüllünün ildə
istehsal etdiyi əməyin dəyəri 316 milyard 415,6 milyon
ABŞ dolları civarındadır. Yenə də Con Hopkins
Universitetinin 22 ölkədə apardığı digər bir
araşdırma göstərir ki, həmin ölkələrin
ÜDM-nun 5,7 faizi və
məşğulluğun 4,4 faizi QHT-lərlə birgə
könüllülərin payına düşür.
Bu faizləri rəqəmə çevirsək, necə
böyük bir rəqəmin alındığının
şahidi olarıq. Bu fəaliyyətin böyük bir hissəsi,
təxminən 55 faizi təhsil, səhiyyə və sosial sahəni
əhatə edirdi. Əlbəttə ki, bütün
bunlar bu ölkələrdə könüllülər
üçün yaradılan münbit şəraitin və əlverişli hüquqi
mühitin hesabına mümkün olmuşdu.
Lakin könüllük haqqında hüquqi bazanın
olmaması o dövrdə ölkəmizdə belə bir
mühüm sahənin lazımi səviyyədə
stimullaşdırmağa və könüllü əməyinin
faydalılığını konkret rəqəmlərlə
göstərməyə imkan vermirdi.
Bu qanun layihəsinin qəbulunu zəruri edən 3-cü
səbəb isə ölkədə ardıcıl şəkildə
aparılan hüquqi və siyasi islahatlar, habelə vətəndaş
cəmiyyəti institutlarının güclənməsinə
göstərilən dövlət dəstəyi və bu istiqamətdə
atılan konkret addımlarla birbaşa bağlı idi.
Çünki
daha öncə bir sıra addımlarla yanaşı QHT və
yaxud könüllü sektorun uzun müddət gözlədiyi bir qərar qəbul
edilmişdi. İlham Əliyevin 27 iyul 2007-ci il
tarixdə "Qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" sərəncam imzalamışdı. Bu
konsepsiya dövlətlə
vətəndaş cəmiyyəti institutları
arasında münasibətlər modelinin müasirləşməsi,
demokratiyanın dərinləşməsi, dövlət orqanları ilə
qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq
münasibətlərinin sabit və effektiv sisteminin
yaradılması, qeyri-hökumət təşkilatlarının
cəmiyyət üçün əhəmiyyətli problemlərin
həllinə yaxından cəlb olunması və onlara
dövlət büdcəsindən maliyyənin ayrılması
ilə yanaşı bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi,
zəruri hallarda yeni qanunların qəbulunu qarşıya bir vəzifə
kimi qoyurdu.
Bundan
başqa konsepsiyadan irəli gələn məsələlərin
icrası məqsədilə Prezidentin 13 dekabr 2007-ci il tarixdə
"Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası"nı təsis etdi və bu ilin aprelin 16-da həmin
Şuranın 8 nəfər QHT, 3 nəfər dövlət
orqanlarının nümayəndəsi olmaqla 11 nəfərlik
tərkibini formalaşdıran sərəncam
imzalamışdı. Deməli dövlət bu addımları
atmaqla vətəndaş cəmiyyətinə və onun
ayrılmaz hissəsi olan QHT və ya könüllü sektora hərtərəfli
dəstək vermək əzmində olduğunu nümayiş
etdirmişdi.
Məhz qeyd
olunan konsepsiyanın müddəalarını nəzərə
alan Milli Məclis dövlət
başçısının bu siyasətinə dəstək
olaraq "Könüllülük fəaliyyəti
haqqında" qanun layihəsini müzakirəyə
çıxardaraq, onu qəbul etməklə QHT qanunvericilik
bazasının təkmilləşdirilməsinə başladı.
Qeyd edək ki, bu qanun layihəsinin müddəaları
könüllük fəaliyyətini aşkar şəkildə
ifadə edir.
Qanunun bəzi müddəalarına nəzər
salmaq yerinə düşər.
Qanun layihəsinin
1-ci və 2-ci maddələrində könüllü fəaliyyətin
mahiyyətinə aydınlıq gətirilir,
könüllünün tərifini verir və bu fəaliyyətin
iştirakçılarını - yəni könüllüləri
və
könüllülük fəaliyyətini təqdim edən təşkilatların
dəqiq siyahısını müəyyənləşdirir.
Könüllü - öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti şəxsən həyata keçirən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdir. Könüllülük fəaliyyətinin təşkilatçısı - könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır.
Könüllülük fəaliyyəti - Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı və əvəzi ödənilməyən fəaliyyətdir. Layihədə əvəzi ödənilməyən fəaliyyət - əmək haqqı ilə ödənilməyən və ya digər formada mükafatlandırılmayan fəaliyyət hesab edilir.
Maddə 3 Könüllülük fəaliyyətinin növləri və əsas istiqamətləri, Maddə 4 Könüllülük fəaliyyətinin iştirakçıları haqqında müddəaları özündə əks etdirir. 4-cü maddə də çox haqlı olaraq qeyd olunur ki, kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər. Könüllülük fəaliyyətinin iştirakçıları arasında münasibətlər isə Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllülük fəaliyyətinin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir.
Layihənin ən vacib maddələrindən biri könüllülük fəaliyyətinin təşkilatçılarının və könüllülərin hüquq və vəzifələrini özündə ehtiva edən 5-ci və 6-cı maddələrdir. Hər iki maddə könüllülük fəaliyyəti iştirakçılarının hüquqlarını və qanuni maraqlarını müdafiə etməklə yanaşı onların fəaliyyətinin stimullaşdırılmasını və təşviq edilməsini, həmçinin könüllünün sağlamlığı və sosial təminatı üçün vacib olan bəzi təminatları nəzərdə tutur ki, bu da qanunun əsas qayəsini təşkil edir. 7-ci maddə könüllülük münasibətlərini tənzimləyən müqavilə haqqındadır. Bu maddə imkan verir ki, könüllünün fəaliyyəti rəsmiləşsin, könüllülük fəaliyyətinin iştirakçıları arasındakı münasibətlər bağlanmış müqavilə çərçivəsində nizamlansın və dövlət orqanları ilə təşkilatlar arasında yaşanan problemlər aradan qaldırılsın.
8-ci maddədə isə Könüllülük fəaliyyəti sahəsində beynəlxalq əlaqələrə, ölkə ərazisində könüllülük fəaliyyətini həyata keçirmək üçün xarici könüllülərin və həmçinin yerli könüllülərin xarici ölkələrdə iştirakına hüquqi təminat verir.
Bütün bunlarla yanaşı digər bir çox məqamların layihədə əks etdirilməsi qanunun imkanlarını artırar, könüllü fəaliyyətə daha dolğun hüquqi təminat verərək, bu nəcib işi xeyli stimullaşdırdı.
AQİL
525-ci qəzet.-
2014.- 14 mart.- S.6.