Gənclər təşkilatlarının vətəndaş cəmiyyətində fəal iştirakı və mühüm mövqeyi

 

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış siyasi və iqtisadi böhran gənclərin psixoloji və mənəvi durumuna çox mənfi təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə müəyyən ideoloji boşluğun dərinləşməsinə səbəb olmuşdu. Bu boşluğu aradan qaldırmaq və gənclərin üzləşdiyi problemləri həll etmək məqsədilə ulu öndər Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Bu nazirlik bir çox gənc kadrların  formalaşması, gənclərin dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə yaxından cəlb edilməsi, gənclərlə işləyən qeyri-hökumət təşkilatlarına maddi və təşkilati dəstəyin verilməsi istiqamətində çox böyük rol oynadı.

 

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra, 1995-ci ildə, Heydər Əliyevin rəhbərliyi ilə hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən və həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən yeni ölkə Konstitusiyası qəbul edildi. Bundan ruhlanan gənclər 1995-ci ilin sonlarında vətəndaş cəmiyyəti təsisatları arasında ilk konfederativ qurum olan, gənclər təşkilatlarını bir araya gətirən və onların fəaliyyətini əlaqələndirən Gənclər Təşkilatlarının Milli Şurasını  yaratdılar. Bu təşəbbüslər və təşkilatlanmalar Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra yaranmış demokratik mühitin konkret nəticələrindən biri idi.

 

1996-cı ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə ümumrespublika gənclərinin 1-ci Forumu keçirildi və gənclərin fəaliyyət platforması qəbul edildi. Qeyd etmək lazımdır ki, MDB və Şərqi Avropa ölkələri arasında Azərbaycan qədər gənclərə və onların üzləşdiyi problemlərin həllinə diqqət yetirən ikinci bir ölkə yox idi.

 

Ümumrespublika gənclərinin 1-ci Forumun bir illiyi ilə əlaqədar, yəni 1997-ci ildə, ulu öndər Heydər Əliyev bir qrup gənclə görüş keçirdi və tədbir zamanı bəzi QHT təmsilçilərinə də çıxış üçün söz verdi. Heydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işləri yerli səviyyədə məhdudlaşdırmadı və bu prosesə nüfuzlu beynəlxalq təşkilatları da cəlb etdi. 1997-ci ildə ulu öndərin birbaşa  təşəbbüsü ilə  Azərbaycan hökuməti ilə  BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihə haqqında saziş imzalandı. Bu sazişə əsasən 1998-ci ildə BMT İP-nın QHT-lər üzrə Resurs və Təlim Mərkəzi yaradıldı və bu mərkəz QHT Sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. Ardınca 1998-ci ildə  Qrant haqqında” qanunun qəbulu isə qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi məsələsini tam həll etmiş oldu.

 

Vətəndaş cəmiyyəti institutları ulu öndərin atdığı bu addımların tezliklə bəhrəsini gördü və QHT-lərin institusional inkişafı sahəsində beynəlxalq təcrübə Azərbaycanda tətbiq edilməyə başladı.

 

O dövrün şərtlərinə görə, bu ən cəsarətli addım idi. O zaman keçmiş sovet ölkələrindən heç biri hələ buna cəsarət etməmişdi. Bu, ulu öndərin vətəndaş cəmiyyətinin inkişafına verdiyi ən böyük töhfələrdən biri idi.

 

Ümumiyyətlə, Heydər Əliyevin siyasəti ondan ibarət idi ki, gənclərə geniş meydan verilsin. 1999-cu ildə gənclərin 2-ci Forumunda çıxış edən Heydər Əliyevin gənclərə xitabən söylədiyi “Gənclər, bu dövləti sizə etibar edirəm. Gələcək sizindir!”  ifadəsi də bunun nümunəsi idi. Elə bu siyasətin nəticəsidir ki, o vaxt gənclər hərəkatının fəallarından olanların bir çoxu bu gün parlamentdə təmsil olunur, onlardan yüksək dövlət vəzifəsi tutanları da az deyil.

 

BMT-nın vətəndaş cəmiyyətinə dəstək layihəsinin qarşısında duran əsas vəzifələrdən biri ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət  göstərən QHT-ləri bir araya gətirmək, onların fəaliyyətini əlaqəndirə bilən çevik bir mexanizm yaratmaq, bununla da ölkə QHT-lərinin ümumi məsələlərdə həmrəyliyini və iş birliyini təmin etməkdən ibarət idi. Həqiqətən də həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi, hökumət strukturları, beynəlxalq və donor təşkilatları, eləcə də ictimaiyyətlə effektiv əlaqələrin qurulması, onların bürokratik əngəllərdən və təzyiqlərdən birgə müdafiə olunması, ictimai sektorun və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına  hər cür yardım göstərilməsi üçün konkret bir şəbəkəyə və ya koalisiyaya  böyük ehtiyac vardı.

 

Beləliklə, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus təcrübə sayılan, QHT ictimaiyyətinin güc mərkəzinə və güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) 1999-cu il iyunun  11-də 95 təşkilat tərəfindən  təsis edildi. Həssas  bir tarixi dönəmdə  təsis edilən MQF  fəaliyyətinin ilk aylarında ciddi problemlərlə qarşılaşdı. Dövrün reallığı ondan ibarət idi ki, “qeyri-hökumət təşkilatı” ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən mənfi qarşılanır, onlar müxalif qurum, anti-dövlət  təşkilatlar kimi qəbul edilir və bu səbəbdən tədbirlərimizdə iştirak etməkdən və hər hansı bir dəstək verməkdən imtina edirdilər. Bütövlükdə, ictimaiyyətdə  QHT fəaliyyəti haqqında təsəvvürlər məhdud idi. Təbii ki, belə şəraitdə effektiv çalışmaq, cəmiyyət üçün zəruri olan işləri uğurla yerinə yetirmək çox çətin idi.

 

Amma buna baxmayaraq Azay Quliyev, Qadın və İnkişaf Mərkəzinin sədri Elmira Süleymanova (indiki ombudsman) və SECA beynəlxalq fondunun prezidenti Rövşən Xəlilov Prezident Heydər Əliyevlə birlikdə 1999-cu ilin noyabr ayının 17-19-da keçirilən ATƏT-in İstanbul sammitində iştirak etdilər. Halbuki o zaman QHT rəhbərlərinin Prezidentlə birlikdə onun təyyarəsi ilə səfərə getməsi təsəvvür olunası deyildi. Lakin ulu öndər vətəndaş cəmiyyətinə göstərdiyi diqqəti bu addımı ilə bir daha nümayiş etdirdi. Bu azmış kimi, sammitdən qayıdandan sonra Prezident Aparatında keçirilən müşavirədə ulu öndər həmin şəxslərə çıxış üçün söz də verdi. Əslində bununla Heydər Əliyev vətəndaş cəmiyyətinə və QHT-lərə açıq dəstəyini bildirmiş, cəmiyyətə və məmurlara özünəməxsus mesaj vermişdi.

 

Heydər Əliyev istəyinə nail oldu. Bundan sonra vətəndaş cəmiyyəti institutlarının üzünə bağlanan qapılar açıldı və QHT-lərin qarşısında fəaliyyət üçün geniş imkanlar yarandı. Ölkədə QHT sektoruna olan münasibət və yanaşma müsbət mənada xeyli dəyişdi, QHT hərəkatının yeni bir inkişaf mərhələsi başlandı. QHT-lərin fəaliyyətinə təkcə Bakıda yox,  Azərbaycanın bütün şəhər və rayonlarında sözün əsl mənasında, “yaşıl işıq” yandırıldı.

 

2000-ci ildə isə  qeyri-hökumət təşkilatı” termini ilk dəfə olaraq Azərbaycan qanunvericiliyinə gətirildi və Milli Məclis tərəfindən “Qeyri-Hökumət Təşkilatları” (İctimai Birliklər və Fondlar) haqqında yeni qanun  qəbul edildi. Elə həmin ildə Milli Qeyri-Hökumət Təşkilatlarının  Forumu hökumətin, BMT İP və Dünya Bankının  texniki və təşkilati dəstəyilə “Yerli QHT-lərin İnkişaf Proqramı” layihəsinin icrasına başladı. Məhz bu layihənin nəticəsində ölkə QHT-lərinin dəqəq statistikası, ehtiyacları, güclü və zəif tərəfləri öyrənildi, həmçinin  respublikanın 5 regionunda (Əli Bayramlı, Mingeçevir, Şəmkir, Qəbələ, Quba) Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, 53 rayonunda isə QHT-lərin Əlaqələndirmə Mərkəzləri yaradıldı.

 

QHT-lər bu dövrdə milli proqram və layihələrin hazırlanması və dəstəklənməsində yaxından iştirak etdilər. 2001-ci ildə 15 müxtəlif  sahə üzrə fəaliyyət göstərən işçi qrupun hər birində 3 təşkilat olmaqla, 45 QHT “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanmasına öz  töhfəsini verdi.

 

2002-ci ildə isə məqsədyönlü şəkildə “Anti BTC” kampaniyası başlamış dünyanın 30-dan çox ölkəsini əhatə edən 64 xarici QHT-nin fəaliyyətini neytrallaşdırmaq məqsədilə Milli QHT Forumu “BTC-yə dəstək və monitorinq beynəlxalq ictimai koalisiyası” təsis etdi.

 

O da qeyd olunmalıdır ki, bu illər ərzində ictimai sektor üçün mühüm olan məsələlər barədə hökumətlə daim müzakirələr aparılaraq, QHT sektorunun inkişafı üçün dövlət proqramının layihəsi hazırlanmış, yüzlərlə seminar və təlimlər keçirilmiş, bu təlimlərdə iştirak edən QHT təmsilçilərinin bilik və səriştəsi xeyli artırılmışdı.

 

Digər tərəfdən ulu öndər Heydər Əliyev QHT nümayəndələrini Prezidentin yanında Əfv məsələləri Komissiyası, Prezidentin yanında Sahibkarlar Şurası və s. bu kimi bir sıra nüfuzlu dövlət qurumlarına üzv təyin etməklə bir daha vətəndaş cəmiyyətinə verdiyi önəmi, vətəndaşların qərar qəbulunda yaxından iştirakını təmin etmək istəyini bir daha nümayiş etdirdi.

 

Ümumiyyətlə, 2000-2003-cü illərdə QHT-lərin konkret sahələr üzrə ixtisaslaşması prosesi tam başa çatdı. Onlar ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik və hüquqi dövlətin formalaşması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, insan haqlarının qorunması, sosial və iqtisadi islahatların aparılması, qaçqın və məcburi köçkün problemlərinin həll edilməsi, elm, təhsil və mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılmasına yardım etməklə 24 fəaliyyət istiqamətini əhatə edə bildilər.

 

2003-cü ildə “Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyesteri Haqqında” qanunun qəbul edilməsi isə QHT hərəkatında yeni bir canlanmaya və QHT-lərin qeydiyyatının asanlaşdırılmasına səbəb oldu.

 

Əlbəttə, Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində gördüyü işləri onun cismən yaşadığı zaman çərçivəsilə məhdudlaşdırmaq mümkün deyil. Ən azı, ona görə ki, hər bir sahədə olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində də başlanan yol bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni şövqlə və yeni enerji ilə  davam etdirilir, vətəndaş cəmiyyətinin güclənməsi üçün çox ciddi addımlar atılır. Ulu öndərin ideyaları və  arzuları həyatda öz təsdiqini tapır, onun şəxsi nümunəsi, vətənpərvərliyi, zəngin dövlətçilik təcrübəsi müasir Azərbaycan gəncliyi üçün əsl örnəyə çevrilir.

 

AQİL

525-ci qəzet.- 2014.- 15 mart.- S.30.