Tapılmayan dərman
Dadanın tövrü birdən dəyişdi. Sol tərəfə
baxıb düz aptekə doğru irəliləyən ötkəm
yerişli adamın qabağına yüyürdü.
Müti görkəm alaraq:
–
Maşın gül kimidi – dedi... gül kimi, tərtəmiz,
hazır...
Dadan ötkəm adamın təkəbbürlük nəzərlərilə
qarşılaşdığından kor-peşman geri çəkildi. Onun
qırımından sözünün dalını gətirə
bilmədi. Başa düşdüm ki,
bayaqdan bəri, Dadanın haqqında ağızdolusu
danışdığı aptek müdiri Hacıhəsən
elə budur. Hacıhəsən mənə
ağızucu salam verib, cibindən
çıxardığı açarı aptekin
qapısından asılan sanballı qıfıla salıb
sağa burdu. Mən də çürük
kötüyün üstündən qalxıb, Dadanın
müəmmalı və yazıq nəzərlərinin
müşayiəti ilə Hacıhəsənin ardınca aptekə
daxil oldum. Hacıhəsənin əynində
hava rənginə çalan kostyum, zil qara köynək
vardı. Kül rəngli qalstuk
bağlamışdı. Şalvarının
balağı burnu nazik, dabanı dik tuflisinin üstünə
düşürdü. Onun ədalı hərəkətləri
kənardan baxanlarda elə təsəvvür yaradırdı
ki, bu adam ömründə heç kəsə
əyilməyib. Dünyanın ən
güclü pəhləvanı onun qarşısında
duruş gətirməz. Ağzına naqan
dirəsən gözün qırpmaz.
Hacıhəsən müxtəlif dərmanlar qoyulan qəfəsələrin
arxasına keçdi. Dadan bir kənarda çöməlib sədəf kimi ağ dişlərinin arasındakı kibrit
çöpünü ağzında o tərəf-bu tərəfə
oynadırdı. Sanki ilk dəfə səhnəyə
qoyulmuş maraqlı bir tamaşaya baxırdı.
Hacıhəsənə nisbətən mənə
yaxın olan stolun üstündəki telefon zəng
çaldı.
Götürən olmadı. Telefon
susdu. Beş dəqiqə keçməmiş
yenə də telefonun cingiltisi eşidildi. Bu
dəfə də dəstəyi qaldıran olmadı. Mən bayaq çöldə Dadanla danışanda
da bu telefonun səsini tez-tez eşidirdim. Telefon
üçüncü dəfə haray-həşir saldı.
Ancaq bu telefon zənglərinin mənə nə
dəxli. Hacıhəsənə Naftalan
barədə müraciət etmək üçün fürsət
gözləyirdim. O hələ də dərman qəfəsələrinin
arxasında eşələnirdi. Nəzakət
normalarını, həm də onun ədalı
davranışını nəzərə alıb aptek
müdirini çağırmaq istəmirdim. Telefonun aramsız səsi, nəhayət, Hacıhəsəni
qəfəsələrin arasından çıxardı.
O, ətrafına baxmadan stolun arxasına keçib əyləşdi.
Özündən razı halda
qıçını qıçının üstünə
aşırdı. Əlindəki siqaretin
tüstüsü çözələnə-çözələnə
dəstəyi qaldırıb, qulağından aralı
saxladı. Düşündüm ki,
Hacıhəsən təkrar-təkrar zəng çalıb
onun zəhləsini tökən adamın abrını ətəyinə
büküb, ağıllı-başlı dərsini verəcək.
Kim olur-olsun. Hacıhəsən
üçün fərqi yoxdur. Lap Allahın
bacısı oğlu olsa da. Xaş bişirən
Ağalətifin özü də olsa, Hacıhəsən
keçməyəcək, ona dişinin dibindən
çıxanı deyəcək. Hacıhəsən əvvəlcə:
– Daaaa...
daaa... – dedi. Nə eşitdisə özündən
asılı olmayaraq, kimin qarşısında isə diz
çöküb təzim etməyə hazırmış kimi
stolundan dikəldi. Dəstəyi bərk-bərk getdikcə
qızarmaqda olan qulağına qısdı:
– Bəli!!!
Bəli!!! Bəli!!! – dedi, – yoldaş Nadirbəyov!!
Hacıhəsən bir göz qırpımında dəyişdi,
başqalaşdı. Bayaq gördüyüm Hacıhəsəndən
əsər-əlamət qalmadı. Onun
gözləri alacalandı, bənizi avazıdı, məğmun
bir bəndə oldu. İndi mən
Dadanın bayaqdan bəri mədh edib göylərə
qaldırdığı əlçatmaz bir nəhəngi yox,
dünyanın ən aciz məxluğunu görürdüm.
Hacıhəsənin qulağına söykənən
uşaq yumruğu boyda balaca dəstək onu əyir, əridir,
balacalaşdırırdı. Bayaq əyninin
ölçüsündən balaca görünən hava rəngli
kostyum da sanki onun əynində böyük görünür
və ətəkləri sallanırdı. Hacıhəsən dəstəkdən
asılı qalmışdı. O, yalvarıcı dilini işə
salmışdı:
–
Yoldaş Nadirbəyov, üç gündü gəlirəm! Saatlarla qapıda dayanıram. Adam
çox olur. Yanınıza... Yanınıza düşə
bilmirəm! Evə də utanıram! Hazırdı,
tapmışam, hazırdı! Lap əlasındandı!
Özü də importnudu! Ayrı bir şey də... düzəltmişəm!
Hə, ayrı şey! O məsələ də, o məsələ!
Dediyindən! Telefon söhbəti deyil.
Özüm gələcəyəm!
Hacıhəsən pul kimi qızarmışdı. Alnından
süzülən tər onun gözlərini
acışdırırdı. Ancaq onunla
danışan adamın hökmu Hacıhəsənə hər
şeyi, hər şeyi duzlu tərin yandırdığı
bayaqkı zəhmli gözlərini də unutdurmuşdu.
O hələ də yalvarmaqda davam edirdi:
– Vicdan
haqqı, bu gün aptekdən bir addım kənara
çıxmamışam! Səhər yediyimin
üstündəyəm. İş
vaxtı qurtarır. Hələ günorta
çayı içməmişəm. Səhərdən
axşamacan dərman verirəm. Yəqin
arxa tərəfdə dərman hazırladığım
üçün sizin telefon zənginizi eşitməmişəm.
Sizdən üzr istəyirəm! Min dəfə üzr istəyirəm!
Axşam gələrəm danışarıq! Onları
hazırlamışam! Məni bağışlayın!
Xahiş edirəm üzrlü hesab edin! Səhv eləmişəm,
nə desəniz haqqınız var!..
Aptek müdiri sözlərini tamamlamamış
telefondakı səs kəsildi. Du... du... du... Nadirbəyov bərk hirsləndiyi
üçün onun sözünü ağzında
yarımçıq qoyub dəstəyi yerinə
asmışdı. Hacıhəsən isə
hələ də telefona yapışıb qalmışdı.
Dəstəyi buraxa bilmirdi. Aramsız olaraq
du... du... du... siqnalları gəlirdi.
Mən ayrı şey barədə fikirləşirdim. Naftalan barədə.
Düşünürdüm ki, kaş həmin
telefonla danışan adamın simsarı olaydım. Hacıhəsənə bircə kəlmə təpinsəydi,
Naftalanı yerin dibindən də olsa, tapardı.
Hacıhəsən istəməzdi ki, onu bu halda
görüm.
O, gözümdən düşdüyünü zənn edib
üzümə baxmadan yenə arxa tərəfə
keçdi. Yan pəncərəyə yaxınlaşıb
Dadanı səslədi!
– Dadan!
– Bəli,
qağa, bəli!
– Zəhrimar
bəli, çor bəli! İt oğlu, it! Maşının
yağını dəyiş! Axşam ayrı yerə...
– Baş
üstə! Oldu!
Bütün
bu qanqaraldıcı söz-söhbətə mən səbəbkarmışam
kimi Hacıhəsən üzümə baxmadan:
– Nə
istəyirsən, ay yoldaş?! Niyə burda
durmusan?! Sizə nə lazımdır?!
Zarafata salıb onun könlünü almaq və
yumşaltmaq uçün özümü arsızlığa
qoydum.
Boğazdan yuxarı gələn süni ibarələrimi
işə saldım:
– Sizin barənizdə
çox eşitmişəm, – dedim. –Yaxşı deyiblər
ki, igidin adını eşit, özünü görmə. Amma sizi görməyə dəyərmiş.
Xoşum gəlir sizin bu aptekin səliqə-sahmanından, halal
olsun! Çox təmiz də maşın
saxlayırsınız. Bunun özü də
elə bir mədəniyyətdir. Elə
deyilmiş kimi varmışsınız. Amma
bir sözüm var.
O kinayə
ilə:
– Buyurun,
– dedi. – Səsinin ahəngindən hiss olunurdu ki, bayaqkı hədə-qorxunun
təsirindən qurtara bilməyib.
Mən
siyasətlə tovlayıb, Naftalanı onun boynuna qoymaq məqsədilə:
–
Tanıdığın adama hörmət eləməyə nə
var ki! – dedim. – Hünər deyirəm üzünü görmədiyin,
nabələd adama hörmət eləyib
möhübünü düzəldəsən!
Bu cür yastı-yastı danışmağım
Hacıhəsəni heç də yumşaltmadı. O, əvvəlki əda ilə:
– Buyurun,
a yoldaş! – dedi. – Sizə nə lazımdır? Mənim söz güləşdirməyə
vaxtım yoxdur.
–
Bağışlayın, Naftalan lazımdı, Naftalan. Tapa bilmirəm. İkicə
şüşə “Naftalan”.
O, tər
yandırmış gözlərini qırpa-qırpa və sərt bir tərzdə:
– Qəfəsələrə
diqqətlə bax, – deyib özü arxa tərəfə
keçdi.
Onun nə demək istədiyini başa düşməsəm
də, bütün qəfəsələrə, vitrinlərə
göz gəzdirdim. Cürbəcür şüşələr, rəngbərəng
dərmanlar... Bircə Naftalan yox idi. Baxışlarım qəfəsələrdə
donub qalmışdı. Hacıhəsən arxadan
çıxıb sinəmə doğru yeridi, düz gözlərimin
içinə baxaraq:
– Naftalan
gördün?!
–Yox.
– Deməli,
yoxdur! Olsaydı, görərdin! Daha artıq-əskik
danışmaq nəyə lazım!
Əvvəlcə, cavab vermədim. Sonra:
– Bəlkə,
ehtiyatınız ola? –yalvarıcı
tərzdə müraciət etdim.
Hacıhəsən
dediyimi kinayə ilə özümə qaytardı:
– Bəlkə!.. Bəlkə!.. Nə bəlkə?! Bəlkəni əkiblər
bitməyib! Biz ehtiyat-zad saxlamırıq! Nə
var, hamısını göz qabağına qoymuşuq.
Qəlbimdə bayaq Hacıhəsənə hədə
qorxu gələn adama min lənət oxudum. Mərdimazar
oğlu, mərdimazar, hardan peyda oldu?! Əgər
Hacıhəsəni hövsələdən
çıxartmasaydı, bəlkə ipə-sapa yatardı.
Axı Dadanın deməsindən belə
çıxırdı ki, Naftalan tapmaq Hacıhəsən
üçün bir qurtum su içmək kimi asandır.
Onun əlində Naftalan nə şeydi?..
Yerimdə quruyub qaldım. Elə bil dizlərim
qıc olmuşdu. Artıq deməyə
söz tapmırdım. Hacıhəsən
məndən zəhləsi gedirmiş kimi üzünü əks
tərəfə çevirdi. O, çəkdiyi siqaretin
tüstüsünü telefona tərəf püləyərək,
çiyninin üstündən əli ilə işarə etdi.
–Yuxarıdakı,
beşmərtəbəli binanın altındakı aptekə dəyin,
bəlkə orda Naftalan oldu. – deyib telefonun
dəstəyini qaldırdı. Hansı nömrəni
isə yığdı. Danışıq
aydınca eşidilirdi. Hiss etdim ki, Dadanın dediyi
Ağalətiflə danışır. Hacıhəsənin rəngi
əvvəlki kimi duruldu:
–
Əmii! Sən öləsən, o Nadirbəyovdu, nə bilim,
nə zibildi, elə yekə-yekə danışdı ki, gəl,
görəsən! Bildin də. Nədi-nədi,
iki gün gecikdirmişəm... Əmi, bunlar belədi dəə!
Gərək ballı barmağın ağızlarında ola. Hamısının
çörəyi dizinin üstündədi. Köpəyoğlu, lap məni hövsələdən
çıxartdı. Dəli şeytan dedi, dəyənəyin
o biri başını çevir!.. Gəlib durdun gözümün qabağında.
Səndən keçəmmirəm, Ağalətif!
Hacıhəsən
danışdıqca qızışırdı:
– Əmi
canı, onun vəzifəsinə-zadına baxmaram haa! Bez kimi cıraram onu. Nadirbəyov kimilərini
çox yola salmışam!
Onların hər ikisi telefonda gülüşdü. Ağalətifin səsini
güclə də olsa, eşidirdim:
– Ədə, sən də sarsaqlama, lazım deyil, qələt
eləyib.
Öz itimizdir... Başa düşdün?..
Yəqin ərk eləyir, hürdürmə onu! Axşam bir yerdəyik. Yenə də
səhərə xaş zakaz verib. Yanında
da urus arağı. Deyir gərək “Zolotoy kaltso” ola. Sabah görüşməliyik...
“Yıxıb” başa salaram... Bir də o cür qələt
qırmaz... Onun əngini basmaq məndə... Bilirəm
sancısı nədi...
Hacıhəsənin kefi duruldu. Özünəməxsus
nəşə ilə dəstəyi yerə qoyub arxa tərəfə
keçdi. Maqnitafondan yüksələn estrada
musiqisinin guppultusu apteki lərzəyə gətirdi.
Bu da Dadanın gopa basdığı Hacıhəsənin
apteki. Əlim boşa çıxdı. Düzdür, bura 13 nömrəli aptekdir. Ancaq Hacıhəsənin apteki kimi tanınır.
Xülasə, apteki tərk etdim. Dadan da mütəəssir görünürdü.
Onun başı maşına
qarışmışdı. Dadandan
Hacıhəsənin isnad verdiyi aptekin yerin soruşdum.
Dadan onu təngə gətiribmişəm kimi ağzının
ucu ilə:
– İrəlidəki
döngədən sağa burul, görərsən, – dedi. –
Beşmərtəbəli binanın altındadır!
Qabağında yazılıb də, 25 nömrəli aptek.
lll
Naftalan
tapacağım barədə ümidim alt-üst oldu. Həmin
25 nömrəli aptekə üz tutdum. İçəri
çox tünlük idi. Ağız deyəni, qulaq eşitmirdi.
Geniş aynabəndli
aptekin müştərilər dayanan tərəfində əli
zənbilli qadını yola salan Sadıq kişi ilə
rastlaşdım. Ata-babadan tanışlığımız
vardı. Onun barəsində çox
eşitmişdim. Ancaq bilmirdim ki, burada təsərrüfat
işlərinə baxır. Onu görəndə
xeyli ürəkləndim. Üzüyola,
sadə adamdır. Vəzifəsinin
kiçik olmasına baxmayaraq, karagələndir.
Sadıq kişiyə yanaşıb salam
verdim. Bu görüş onu da sevindirdi. Başıma gələnləri ötəri də
olsa, danışdım. Səhərdən bəri
Naftalan axtardığımı dedim. Neçə illər bu
aptekdə çalışan Sadıq kişi
möhübümü düzəldib mənə
yaxşılıq etmək məqsədi ilə müdirin
yanına keçdi. Ordan məlul-müşgül
çıxdı. Əlləri əsirdi:
– Oğul, – dedi, –müdirlə çox danışdım, çox üz vurdum. Bu Naftalan ki deyirsən, əslində, elə bir mahiyyətli dərman deyil. Gəncəbasar tərəfdə çıxır. Orda mədəni var. Çıxardıb Bakıya atpravka eliyirlər. Bakıda da hazırlayıb, bölüşdürüb rayonlara göndərirlər. Burdan Gəncəbasara qatarla iki günlük yoldu. Maşınla bir günə də getmək olar. Amma gərək maşını səhərdən axşamacan qaranəfəs sürəsən. Əlbəttə, o da bir az çətindir. Çünki Gəncəbasar yolları çox ağırdır. Müdirimiz dedi ki, bizə də hərdənbir göndərirdilər. Amma nə sirrdirsə, son illər arası kəsilib. Bəziləri deyir ki, guya Naftalanın mədəni batıb, daha çıxmır. Ona görə da apteklərdə tapılmır. Bəziləri də deyir ki, yox, mədəni işləyir, gətirəni yoxdur. Naftalan barədə hərənin ağzı bir hava çalır. Mən özüm də neçə il bu xarabada can çürüdürəm. Hamı xətrimi istəyir. Həkim olmasam da, azdan-çoxdan başım çıxır. Onu bilirəm ki, dörd ildən çoxdu Naftalanın arası kəsilib! Gəlmir! Mədət, o başın üçün bizdə yoxdur. Olsa haaa, dünyasında müzayiqə eləməzlər. Buranın müdiri çox yaxşı adamdır. Xətrimi də dağlarcan istəyir. Axı Naftalan nə şeydi?! –O, çuxura düşmüş gözlərini mənə zilləyərək çənəmin altına yeridi və xəfif bir tonda: – O mərkəzi aptekin müdiri var e, – dedi, – İsgəndərzadə?! Onu tanıyırsan?! Albert İsgəndərzadə?!
– Yaxından yox, amma elə-belə uzaqdan-uzağa tanışlığımız var. Bir neçə dəfə işlə əlaqədar görüşmüşük.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 15 mart.- S.28.