Dərdi hal əhli bilər

 

UMUD RƏHİMOĞLUNUN PORTRETİNƏ BƏZİ ŞTRİXLƏR

 

 

Mətbuatda təsirli bir xəbər oxudum. Səhv etmirəmsə “Azadlıq. orq” saytındaydı. Yazının məğzi bundan ibarət idi ki, ABŞ-da bir iş adamı poeziyanın yaşaması üçün “Poeziya” jurnalına 250 milyon dollar pul keçirib. Əlbəttə bu azərbaycanlı bir insan üçün şok xəbərdi. Məsələn dörd – beş jurnalı olan Azərbaycan Yazıçılar Birliyinin 250 illik büdcəsidir. Digər qəzet və jurnallardan heç danışmıram. Mən çox təsirləndim, baxmayaraq ki, xristian-protestant əxlaqında böyümüş insanların xeyriyyəçilik duyğuları barədə çox eşitmişəm. “Maykrocoft”un sahibi Bill Qeyts deyir ki, xeyriyyəçiliyə 30 milyard pul keçirmişəm. Absurd rəqəmdir, abstrakt rəqəmdir, amma gerçəklikdir.....

 

Son dövrdə Bakıda məni təsirləndirən bir hadisə amerikalı poeziya hamisinin xeyriyyə duyğularını yadıma saldı. Elə oldu ki, mən iki gün müddətində Azərbaycanın bir bənzərsiz şairirin yubileyində, digərinn yas mərasimində iştirak etdim. Şairlər üçün doğuluş və ölüm bir kökdəndir şübhəsiz və bəlkə də mən də bu hadisələrin iştirakçısı olmalıydım. Amma olmaya da bilməzdim. Əlisəmid Kürün 60 illik yubileyiydi, olmalıydım. Əlisəmid sevdiyim şairdi və mən onu çox istəyirəm. Çünki o şairdi. Ertəsi gün  Şaiq Vəlinin ölümünün ildönümündə iştirak etdim və o da sevdiyim şairdi. Bu iki hadisədə məni təsirləndirən bir xətt var – hər iki hadisənin təşkilatçısı rolunda çıxış edən Umud Rəhimoğlu. İlk baxışda burada heç nə yoxdur, Azərbaycan milyardlar ölkəsidir və bu ölkədə yüzlərlə tədbirlər keçirilir. Amma söhbət Azərbaycanın iki özünəməxsus, istedadlı şairindən gedir. İstedadsızlara həmişə arxa duran çox olub, bunun üçün dövlət var, məmurlar var, yaradıçı qurumlar var. İstedadlılar isə həmişə köntöy görünür, çünki istedadla adi insanın fərqi odur ki, istedadlılar cəmiyyət üçün keçilməyən yolların ilk  yolçularıdır, cəngəllikdə cığır açanlarıdır. Dünyanı dəyişənlər, onu irəli aparanlardır və dünyanı dəyişmək üçün dünyanı başqalarından fərqli görməlisən. Lap Maksim Qorkinin Dankosu kimi – ürəyini məşələ döndərib insanlığı qaranlıqdan işığa çıxarır və sonda işığa çıxanlar onun ürəyini tapdalayırlar. Sonra isə heykəllər yapırlar onların şərəfinə. Adi insanlar isə əsrlərlə salınmış yollarla qaçanlardır. Bu “marafonçuları” hamı görür əlbəttə, çəpik çalırlar onların şərəfinə, yollarına gül ləpələri səpirlər, sonda isə sadəcə unudurlar. Amma mənim bu yazım unudulmayanlardandır, Umud Rəhimoğlu və bir neçə unudulmaz şairdəndir. Umud Rəhimoğlunu mən o qədər də yaxından tanımıram, sadəcə şeirlərini oxumuşam, ictimai fəaliyyətini izləmişəm. O şəxsən mənim xoşuma gələn şairdi, amma ictimai fəaliyyəti daha parlaqdı. Bir azərbaycanlı oğlu gedib BMT səviyyəsinə çıxıbsa, mən onunla qürur duyuram. Şübhəsiz ki, Umud Rəhimoğlu Azərbaycanda QHT sektorunun öncüllərindəndir. Amma  o mənim ürəyimi nə QHT lideri kimi, nə də şair kimi fəth edib. Mən onu istedadlı şairlərin hamisi kimi sevmişəm. Aşıq gördüyünü çağırar-mən Umud Rəhimoğlunun Azərbaycanın üç bənzərsiz şairinin həyatında çox önəmli rol oynadığının şahidi olmuşam. Bunlar Əlisəmid Kür, Şaiq Vəli və Murad Köhnəqaladır. Əlbəttə mətbuatımızın yazdığı kimi, ölkəmizdə minlərlə dahi var, minlərlə dahiyanə əsərlər yazılır, amma şair ya yazıçı deyəcəyimiz adamlar 40-50 nəfərdən çox deyil. Lap götürsək ki Umud bunların üçünün həyatında önəmli rol oynayıb, bu heç də az deyil. Olsun ki, belə adamlar daha çoxdu, mən sadəcə üçünü tanıyıram, fəqət mənim yazımın qəhrəmanı olmaq üçün bu yetərlidir. Əlisəmidin yazar dostlarının əhatəsində göz yaşlarını xatırlayıram, amma bu kasıblıq önündə əyilməyin göz yaşları deyildi, bu möhtəşəm bir dostun olmasının qüruruydu. Bu Əlisəmidin 60 illik yubileyində baş verdi. Düşünürəm o bundan artığına layiq idi, amma yenə də Umud sağ olsun. Şairin yubileyə ehtiyacı olmur, el diqqətinə ehtiyacı var. Yubileyçilərimiz onsuz da çoxdur. Amma Azərbaycanın bənzərsiz bir şairinin 60 yaşını qeyd eləmək üçün onun dostlarını bir yerə yığan umud qapısı Umud Rəhimoğlu oldu. ...Gözəl bir gecəydi, lap Əlisəmidin şeirləri kimi sadə və sanballı. Məncə ədəbiyyat tarixi gurultulu salonlarda yox, belə gözəl məclislərin aurasından yaranır. Əsl “Torqovı peyzajı” oldu Əlisəmid Kürün yubileyi. Şeir kimi duyğulu, Bakının mərkəzi kimi təkrarsız.

 

Ertəsi gün mənə zəng elədilər ki, Şaiq Vəlinin vəfatının ildönümüdür və Sumqayıtda mərasim olacaq. Şaiq də bənzərsiz bir şairdir və mən onu çoxdan tanıyıram. Qarabağ müharibəsi dövründə qaynar nöqtələrdə bir yerdə çox olmuşuq. Həmin vaxt o “Azərbaycan” qəzetinin müxbiri işləyirdi və döyüş bölgələrindəki hadisələri işıqlandırırdı. Şaiq təkrarsız bir şair və Qarabağ qazisi olmağına baxmayaraq demək olar ki, səfalət içində öldü. Üç körpə çocuğu yiyəsiz qaldı.  Belə də olur yəqin. O istedadlıydı, qeyri-adi sözü vardı, yəni istedadsız qarğa dəstəsi üçün yem idi, leş idi. Mənim bir misram var, “qarğalar fillərin leşini sevər”. Nə bilim vallah, amma yedilər yedilər şairi, yedilər. Kitabı da nəşriyyatlarda qaldı. Sağ ol, Umud, Şaiqin nəşr olunan kitabı anım mərasiminə nikbinlik duyğuları gətirdi. Biz də sevindik, şairin ruhu da sevindi. Bəlkə də bu kitabı nə zamansa, kimsə buraxacaqdı, amma bu missiya sənin boynuna  düşməliydi yəqin. Çünki sən ümid yerisən əsl şairlərin. Müəyyən məqamlarda Allah hər kəsə öz qoruyucu mələyini göndərir. Nədənsə Azərbaycanın söz və fikir adamlarının əksəriyyəti səfalət içində yaşayıb və ölüb. Bir-iki hökmdar və Sovet dövrünün qələm adamlarından başqa bütün dahilərimiz səfalət içində yaşayıb. Əlbəttə bura aşıqlarımızı daxil etmirəm, çünki açığı həmişə el dolandırıb. El ilə elitanın fərqi odur ki, el dolandırıb sonrada ürəyində heykəl qoyur, elita isə öldürüb meydanlarda heykəllər qoyur və şivən qoparır. Ağlamaq üçün öldürürlər, öldürmək üçün ağlayırlar. Amma dünya yiyəsiz deyil, Allah hərdən elitanın içindən də xalqına bağlı kişilər yetirir və bu kişilər qızıl iblis güzgüsündə çabalayanların günahlarını azaltmaq üçün doğulanlardır. Deyək ki, xeyirxah mələklərdir. Biz cəngəllik qanunları hökm sürən qəddar bir dünyada yaşayırıq və nə yaxşı ki, dünyada yaxşı adamlar var. Yaxşı adamların varlığıdır dünyanı gözəlləşdirən. Hərdən düşünürəm ki, nədir görən yaxşı adamla pis adamın fərqi? Cavabı Umudun bir şeirində gördüm: “Yoxdu ulu sevgilərə ölüm deyilən şey – Ulu ürəklərə də eləcə!”. Sevgi hissidir insanları fərqləndirən, insanın içində sevgi ölən gün insanlıq da öləcək. Əlbəttə sevgi tək içdə doğulmur, gərək zatda da ola ki, ondan mərhəmət işığı yayılsın. Məncə “Poeziya” jurnalına 250 milyon dollar keçirən amerikalını,  cəmiyyətin sevgi hissini itirmək qorxusudu  hərəkətə gətirən. Bir cəmiyyətdə poeziya ölməyə başlayırsa, demək orada sevgi duyğuları ölməyə başlayıb. İnsanlıq texniki tərəqqinin çiyinlərində robotlaşmağa doğru gedir. Cansız, qəlbsiz, həyəcansız. ..Amma hələ buna çox var, çünki dünyada şairlər də var, sevgi də var, yaxşı adamlar da. Bir dəfə Murad Köhnəqala mənə zəng elədi, çətinə düşmüşəm dedi, həyat yoldaşı təcili əməliyyat olunmalıydı. Nə isə, getdim, Əlisəmid Kür də gəldi. Belə vəziyyətdə Əlisəmidlə mənim gücüm yalnız təsəlliyə çatırdı, çünki əməliyyat üçün xeyli para lazımıydı ki, o da bizdə yox idi. Umudum Umuda gəlir – dedi Murad və zəng elədi. Umud öz maşını ilə gəldi və şairi xoşbəxt elədi. Əməliyyatın pulunu verib getdi. Bizim yaşadığımız bu həyat çoxlu sayda acılı və xoşbəxt anlardan ibarətdir. Əgər kimsə acılı anı xoşbəxt ana çevirə bilirsə, böyük adamdır. Murad kimi, bənzərsiz, özünəməxsus bir şairi sevindirmək məncə Allaha da xoş gələn bir işdir, çünki Allahla şairin arasında bircə düşüncəlik məsafə var. ..

 

Əlbəttə, Umud Rəhimoğlunun işi-gücü təkcə kasıb şairlərə maddi dəstək verməkdən ibarət deyil. Öylə olsaydı, mənin yazdığım bu portret yarımçıq bir şey olardı.  Çünki o cəmiyyətdə xeyli tanınmış və öz bacarığı ilə uğur qazanmış adamdır. Umud öz zəfər yürüşünə şairliklə başlayıb, Moskvada Ədəbiyyat İnstitutunun poeziya şöbəsini  bitirib. Əmək fəaliyyətinə “Ədəbiyyat qəzeti”ndə başalyıb. Amma 1992-ci ildə qurduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu onun həyatının axarını ayrı istiqamətdə apardı. Onun şair təxəyyülü və təşkilatçılıq bacarığı Azərbaycan hüdudlarından çox-çox qıraqlarında tanınan Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi bir təşkilatın əsasını qoydu. İndi Umud Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin başqanı, Milli Qeyri-hökumət Təşkilatları Forumu İdarə Heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının başqan yardımçısı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının başçısıdır.  Beynəlxalq Sülh Bürosunda Qərbi Asiya ölkələri üzrə 18 ölkənin –Azərbaycan, Gürcüstan, Ermənistan, Qatar, Yəmən, Fələstin, Oman, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr,  Livan, Bəhreyn, İraq –  təmsilçisi kimi çıxış edir. O bütün bunlara, öz istedadı, qabiliyyəti ilə nail olub. Yəqin ki, o  ədəbiyyatda da böyük uğurlar qazana bilərdi, amma o istedadını ayrı istiqamətdə yönəltdi. İstedadın janrı yoxdur, istedadlı adam hansı işin qulpundan yapışsa onu bacarıqla başa çatdırır. Mən bu yazını yazmadan öncə bizimlə bir ədəbi nəsildən olan və Umudu yaxşı tanıyan tanınmış qələm adamları –Elçin Hüseynbəyli, Rəşab Məcid, Yunus Oğuzla onun barəsində söhbət etdim. Onların dedikləri də təxminən mənim fikirlərimlə üst-üstə düşdü. Umud Rəhimoğlu yaxşı insan, istedadlı şair, bacarıqlı təşkilatçıdır. Mən şəxsən arzu edərdim ki, Umud öz bacarıqları ilə ədəbi qurumların inkişafı üçün də nə isə etsin. O Azərbaycanda mətbuatın inkişafı yolunda çalışan insanlardan biridir və bu yolda ölkədə böyük uğurlar qazanılıb. Amma ədəbiyyat sahəsi hələ belə deyil. Bu gün Azərbaycan ədəbiyyatını yaradan çox istedadlı adamların umudu Umud Rəhimoğlu kimi adamlara qalıb. Əgər ölkədə mətbuata dəstək verən fond varsa, ədəbiyyata dəstək verən bir fond niyə olmamalıdır ki. Bir dəfə ölkə Prezidenti cənab İlham Əliyev də çıxışında dedi ki, “bizim uzun illər dövlətçiliyimiz olmayıb, bizim millət tarix səhnəsində var olmasıyla şair və yazıçılara çox borcludur”. Ədəbiyyat həmişə dilin qoruyucusu kimi çıxış edib və dil yoxdursa millət də yoxdur. Dili ədəbiyyatçılar inkişaf etdirir, mətbuat isə onun əhaliyə sürətlə çatdırılmasında mühüm rol oynayır. Bu günlərdə bir filmə baxırdım, qulağımı bir erməni sözü aldı- “çezmək”. Yüz illər ərzində  türk dilinə bircə erməni sözü daxil olmuşdu, o da “örnək” sözüdür. Yəni müstəqillik illərində dilimiz beləmi zəiflədi ki? ....

 

İndi elə zaman gəlib ki, ədəbiyyatla mətbuat bir-birinə çox bağlıdır. Umud Rəhimoğlu, Rəşad Məcid kimi qələm sahiblərimiz hər iki sahədə xeyli təşkilatçılıq işləri görmüşlər. Xüsusən Rəşadın gənc ədiblərlə gördüyü işi mən yüksək qiymətləndirirəm. Umudun da, Rəşadın da sinəsində bir şair ürəyi döyünür və istedadlı adamların ağrılarını heç kim onlar kimi duya bilməz. ...Çünki Umud Rəhimoğlu demiş-” Dərdi hal əhli bilər, Dərd var dərya da udmaz”.

 

Elxan ZAL QARAXANLI

525-ci qəzet.- 2014.- 15 mart.- S.24.