“Əvvəl Maarif nazımı çəkərdi,
indi mən onun nazını çəkirəm”
Məşhurların
xanımları
Bütün
rənglərdən çox yaşılı sevirəm,
Bütün gecələrdən çox – aylı gecələri.
Bütün
küçələrdən çox – sizin küçəni,
Bütün qızlardan çox – səni.
Və hər
şeydən daha çox
Aylı
gecələrdə
Yaşıl
küçənizdən keçib
Görüşünə
gəlməyi sevirəm...
Səmimiyyət olan yerdə yalan yuva qurmağı
bacarmır. Öz səmimiyyəti ilə oxucularının
ürəyində yer tapan Maarif Soltanın gülərüz və
qonaqpərvər həyat yoldaşı Çiçək
xanımla olan söhbətimizi sizlərə təqdim edirik.
Ata
ocağı
İsmayıllı
rayonunda 10 uşaqlı ailədə doğulmuşam. Atam təhsilli,
zəngin təxəyyülə malik insan ,
anamsa evdar qadın idi. Kəndimizdə səkkizillik
orta məktəbi bitirdikdən sonra, rayon məktəbinə
getdim. Arzum universitet oxumaq idi. İmtahan günü atam bərk xəstələndi,
təlaş məni necə aldısa, axşam olanda yadıma
düşdü ki, bu gün imtahan imiş. Sonra sənədlərimi orta ixtisas müəssisəsinə
vermək qərarına gəldim. Maliyyə
Kredit Texnikumuna qəbul oldum. Atam təhsilə
çox önəm verirdi. Qapımıza
elçilər gəlsə də, təhsilim başa
çatmamış nə mənim ailə qurmaq fikrim var idi, nə
atamın buna icazəsi.
Onunla yaxın
qohumluğumuz var, uşaqlıqdan bir yerdə
böyümüşük. Maarif
savadı, istedadı və mülayim xasiyyəti ilə hər
kəsin hörmətini qazanmağı bacarmışdı.
Əsər
olan məktublar
Hələ orta məktəb vaxtları idi. Kənddə
uşaqlıq çox maraqlı keçir. Qohum uşaqları ilə demək olar ki, bir evli kimi
böyüyürdük. Niyə görəsə
onun baxışları mənə digərlərindən fərqli
gəlirdi. Əsgərliyə gedən
gün sanki mənə nəsə demək istəyir, amma deyə
bilmirdi. Nədənsə mən də
çox kədərlənmişdim. Əsgərlikdə
olan digər qohumlarım kimi Maarifə də məktub
yazırdım. Onun yazdığı məktublar
o qədər maraqlı olurdu ki, sətirləri böyük
zövqlə oxuyurdum. Maarifə cavab yazanda
çox çətinlik çəkirdim. Çünki
qələmim onunki qədər gözəl deyildi. Yeni fikri, şeiri olanda məktubda yazardı. Onun şeirlərinin qarşılığında mənim
sətirlərim gözümə cılız
görünürdü. Maarif məndən
tez-tez cavab yazmağımı xahiş etsə də, mən
gec-gec yazırdım. Onun məktubları
mənə elə maraqlı gəlirdi ki,
düşünürdüm, ömür boyu onun
yazdıqlarını oxusam, bezmərəm.
Yazıçıların
toplantı və məclislərində iştirak edərdi.
Mən də o tədbirləri izləməyi
çox sevirdim. Maarifin bu aktivliyini görəndə
qohum kimi onunla fəxr edirdim. Bir gün dedi ki, müsabiqəyə
qatılmışam, keçsəm Moskvaya
oxumağa gedəcəm. Teleqram gəldi ki,
müsabiqədən keçib. Körpə
uşaq kimi sevinirdi. Bütün ailə də
onun sevincinə şərik oldu.
Uşaq qəlbində
doğan sevgimiz
Uşaqlıqdan başlayan ülvi hisslər Maarif Moskvaya
getməzdən əvvəl elan edilmişdi. Hələ
ailə üzvlərinə heç nə deməmişdik.
Qardaşımın toyu olacaqdı, elə bu ərəfədə
Maarifin anası bizə elçi gəldi. Məsləhət
oldu ki, mənim nişanımı qardaşımın toyunda
etsinlər. Atam Maarifi öz oğlu kimi
sevdiyi üçün düşünmədən
razılaşdı. Qardaşımın
toy günü, nişanımız oldu. Üzüyü
oğlan tərəfin adamlarından biri taxacaqdı. Atam
dedi ki, üzüyü Maarif özü taxsa, daha yaxşı
olar. Təbii ki, bu hal kənd camaatını
çox təəccübləndirmişdi. Üzük taxıldı. Rəhmətlik
atam həmin gün məndən xahiş etdi ki, rəqs
havası çalınsın və Maariflə Çiçək
birlikdə rəqs etsinlər. Amma elə
utanırdım ki, onun bu arzusunu yerinə yetirmədim. Kişi çox təkid edirdi, sanki ürəyinə
dammışdı ki, toyumu görmək ona qismət olmayacaq.
İndiyə qədər o yarımçıq arzu mənə
rahatlıq vermir, özümü qınayıram...(gözləri dolur)
Toyla yas
qardaş imiş
Nişanımızdan dərhal sonra, toya hazırlıq
başladı.
Maarif artıq
Moskvada oxuyurdu. Yay tətilinə gələndə
toyumuz olacaqdı. Atam cehiz almaq
üçün, şəhərə getmişdi. Həmin gün hava yağışlı, tufanlı
idi. Dərədən keçəndə, sel
maşınla birlikdə atamı ağuşuna alıb
aparmışdı... Atamın ölümü
məni çox sarsıtmışdı. Üstəlik
mənim cehizim arxasınca gedəndə bu bədbəxt hadisənin
qurbanı olmuşdu deyə, özümə yer tapa bilmirdim
(gözləri dolur). Maariflə dostları
Moskvadan toya gələndə eşitdikləri bu xəbərdən
çox təsirlənmişdilər. Məsləhət
etdilər ki, atamın qırxı çıxandan sonra, toy edək.
Mən razı olmadım. Atamın
ölümündən ən azı bir il
keçməli idi. Maarif dəstəyini, təsəllisini
əksik etmir, atamın yoxluğunu unutdurmağa
çalışırdı. Beləcə, uzun saatlar, aylara
dönüb keçirdi...
Yurd qurub,
yuva saldıq
Ailə qurduq. Hər kəs kimi bizim ailədə də,
çətinliklər oldu. Əvvəllər
Maarifin ailəsi ilə birlikdə yaşadıq. Bir müddət Moskvada olduq. Birinci
övladımızın dünyaya gəlməsinə
çox az qalmışdı. Rayona Maarifin valideynlərinin yanına getdim.
Maarif dedi ki, uşaq oğlan da, qız da olsa hər iki halda
adını Aytən qoyacam. İlk
övladımız oğlan doğuldu. Düz
altı ay, onu Aytən deyə çağırdıq.
Nazim Hikmətə olan oxucu vurğunluğumuz sayəsində,
ad qoyma rəsmiləşəndə Hikmət qoyduq(gülür).
İki oğlumuz var. Böyük oğlum
evlidir. Gül qoxulu nəvələrimiz
dünyaya gəlib. Bir neçə ildir
ki, səhhətimlə əlaqədar, işdən də
ayrılmışam. Bütün
işim-gücüm nəvələrimdir. Başımı onlarla qatıram. Düzdür övlad əziz, şirin
varlıqdır. Amma nəvə sevgisini
sözlə izah etmək qeyri-mümkündür. İndi bütün sevincimiz o körpə
varlıqlardır.
Ən
böyük qazancım – həyat yoldaşım
Təzə ailə qurduqda, evimiz yox idi. Şüvəlanda
Maarifin dostlarından birinin – məşhur tərcüməçi-şair
Vladimir Qafarovun bağ evində qalırdıq. Onlar bizimlə birlikdə yaşamırdılar.
Artıq övladlarımızın hər ikisi
dünyaya gəlmişdi. Eşitdik ki, evin
sahibləri bizimlə birlikdə, bağda yaşamağa qərar
verib. Onlara yük ola biləcəyimizi
düşündüm. Üstəlik, iki ailənin 4
uşağı, səs-küy, Maarifin
yaradıcılığına da mənfi təsir göstərə
bilər. Həmin gün özümü çox çarəsiz
hiss edirdim. Maarifin gözünə sabaha qədər
yuxu getmədi. Mənim təlaşım,
ömür-gün yoldaşıma çox təsir
etmişdi... Səhər stolun üstündə mənə
ünvanlanmış bir şeir gördüm :
Bir dənəm,
haqq-nahaq
gözün dolmasın,
Birtəhər
keçinək yenə bu yaz da.
Məmməd
İsmayılın sözü olmasın,
“Hələ
yaşamağa dəyər bir az da”,
Göylər
ki bu qədər mavidir hələ,
Göydən paltar biçib geyinmək olar.
Hələlik
bu ilıq dünyada elə
Evsiz-eşiksiz
də keçinmək olar...
Şeiri oxuduqdan sonra, hətta özümü
qınadım. Qonşuluqda
bir ev kirayə tutduq. Çox keçmədi
ki, dövlət Maarifə ev verdi. Evimiz kiçik olsa da, burada dünyalara
sığmayacaq gözəl günlər yaşanıb, xatirələr
dolaşır. Ən çox həmin o
keçmiş günlər üçün darıxıram.
Uşaqlar bir az böyüyəndən
sonra işləməyə qərar verdim. Axşam
işdən gəlirdim ki, Maarif qələm dostları ilə
yığışıb, ədəbiyyatdan söz açılıb.
Poeziya gecələrini xatırladan gözəl anlar
keçirirlər (fikrə dalır) . Onları dinləməkdən, yaradıcılıq
prosesini izləməkdən böyük zövq
alırdım. Qabil müəllim, Fikrət Qoca, Musa
Yaqub, Vaqif Bəhmənli, rəhmətlik İsa
İsmayılzadə, Aydın Səlimzadə və bu qəbildən
olan zəngin təxəyyüllü insanları görmək
elə xoş olurdu ki, izahı mümkün deyil. Ailəvi görüşüb teatra, kinoya gedirdik.
Həyatı elə dolu yaşayırdıq ki,
kirayədə qalsaq da, körpə qayğıya və
maddiyyata ehtiyacı olan uşaqlarımız olsa da, problemimizin
olduğu xəyalımıza da gəlmirdi. Bərabər olanda gözümüzə sevgidən,
dostluqdan başqa heç nə görünmürdü.
İndi zaman o günlərdən uzaqlaşdırmağa nail
olub.
Küskün
şair...
Maarif nəslin ağsaqqalı hesab edilir. Təşkilatçılıq,
qohumlara yardım, kömək, məsləhət lazım
olanda, ilk olaraq yada gələn Maarif olur. Maarifgil
ailədə 9 uşaqdır. Ondan
böyük qardaşı var. Böyük qaynım həmişə
onu ağsaqqal bildiyini söyləyir. Yəqin
bu misal onun bizim gözümüzdə necə bir yer sahibi
olduğunu izah edir. Mənimçün də
Maarif böyükdür, əvəzedilməzdir. O mənə
yalnız tək həyat yoldaşı, Azərbaycanın dəyərli
qələm sahibi, tanınmış şairi deyil, həmçinin,
atamın yoxluğunu mənə unutduran, anlayışlı,
vəfalı, səmimi həyat ortağımdır. Xarakterində tək bir qüsur var – tez ruhdan
düşəndir. Bu gün yaradıcı insanlara gənc nəslin,
eləcə də informasiya nümayəndələrinin
marağı olduqca azdır. Bu Maarifi həvəsdən
salır. O qədər çalışqan insan tənbəl
şairə çevrilib. Maarif şeir yazanda onun üstündə
can qoyur. Sanki gün işığı
yaradıcılığına əngəldir. O
yalnız gecələr yazır. Görəndə
ki, şeir yazır, sənəti ilə məşğuldur
sanki içimə bir rahatlıq doğur. Həyat
boyu onun qoyduğu dağınıq kağızları
toplamamışam. Düşünürdüm
ki, bəlkə bu yır-yığış onun şeir
dünyasına mənfi təsir edə bilər. Həmişə onu duyan və səmimi həyat
yoldaşı olmağa çalışmışam. Amma gecələr yazmaq Maarifin səhhətinə mənfi
təsir edir. Son vaxtlar xarakterində müəyyən
dəyişikliklər olub, səbirsizdir. Cavan
olanda, birdən ona naz etmək istəyirdim (gülür).
Özümü ondan küsmüş kimi
göstərirdim. Maarif ondan incik
olduğuma dözə bilmirdi. Əlindən
gələn hər şeyi edirdi ki, tez bir zamanda
barışaq. Beləcə bir neçə
saat keçmədən barışırdıq. İndi sanki hadisələr tərsinə dövr
edib. Həyatdan incik düşən,
problemlərdən yorulan həyat yoldaşımı görəndə
mən dözə bilmirəm. Çalışıram
ki, onun könlünü alım, ona pis təsir edən hər
şeyi yaddan çıxarmasına kömək edim. Bir vaxtlar Maarif mənim nazımı çəkirdi,
indi mən onun nazını çəkirəm (gülür).
Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR
İdeya müəllifi : Tofiq Abdin
525-ci qəzet.-
2014.- 15 mart.- S.23.