İyi günlər, Sevgilim!-
“Yüz Gözəl Sevgi
Şeiri”
PƏRVİNin təqdimatında
Bütün əzabları və
ağrılarıyla, hicranı
və ayrılığı
ilə, qısqanclığı
və qəlizlikləri ilə
birgə sevgi lazımdı insana. Hava, su kimi...
Varlığını hiss etmək üçün,
yaşadığını anlamaq üçün, həyatın həm acı, həm şirin tamını duymaq üçün. Axı hətta sevginin gətirdiyi iztirablar belə insan hissləridi. Məhəbbət əyləncə deyil, lağlağının ona
heç bir aidiyyatı yoxdu. Yalnız nadan adam sevgiyə
belə baxa bilər, hər an sevinc umar ondan...
Sevgi minbir çaları, yüz ovqatı, halı, bir sözlə ürəyinin
varlığını, beyninin
qatlarını, təzadlarını
anlamaq üçün
hər şeyi özündə birləşdirir.
Və onu təhlükəli edən
də elə budu... Özündən asılı hala
salır. Sevgi bitincə,
sönüncə hər
şey itir, bitir, tükənir. Ən qəribəsi də budur ki, sən
sevginin xəstələnməsini,
zədələnməsini, azalmasını qətiyyən
hiss eləmirsən. Bu
çox təbii, adi, sakit axarla
gedir. Bir gün səhər
ayılırsan və
sanki beynin bomboş olur. Səsinin əks-sədasını öz
içindən eşidirsən.
Bomboşsan ona görə.
Sevgi hamısını özüylə
aparıb. Sakinsiz,
adamsız ev
kimidi indi qəlbin... Ha boylanırsan
heç kimi görmürsən orda, ha
aldatmağa çalışırsan
özünü, alınmır.
Axı, elə dünən yuxuya gedəndə
burda qoymuşdun onu, bax bu
taxta çıxarmışdın,
bəs nə oldu? Srağagün əlindən tutanda elektrik keçmişdi bədənindən... İndi bu
əlləri soyudan nədi axı? Yadındadı, yaxşı
yadındadı təlaşın,
həyəcanın... Ürəyin
yerindən çıxırdı
bir kəlməsindən,
şirin sözündən
ötrü çox şeyə hazır idin! Hələ baxışından havalanmağın!
Dodaqlarına tamarzı
uşaq kimi həsrətlə baxmağın
da çıxmaz yadından... Hə, bunlar hamısı
xatirindədi. Amma
indi sadəcə hadisə kimi, keçmiş kimi... Həyəcan, ürək döyüntüsü,
qorxu, təlaş, dəlilik hamısı çıxıb yadından,
ürəyindən çıxıb
ona görə. Üz döndərirsən
özündən, baş
götürüb getmək,
qaçmaq istəyirsən.
Qəzəbsiz, kinsiz,
nifrətsiz... Sakitcə, elə
o səhər, içərini
boş gördüyün,
günəşə də
sevinmədiyin səhər. Xatirələrini
də evdə qoyursan, çantanı da götürmürsən
heç... Ataol Bəhramoğlu dediyi
kimi – ürəyindəki
uşaqla, cibindəki
revolverlə. O uşaq
başlanğıcın, revolver sonun simvoludu burda. Uşaq ümiddi, revolver ümidsizlik.
Amma şeirdə
eşqinin bitməsini
dərk edən aşiq qəzəbli deyil. Hüzünlüdü sadəcə. “İyi günlər,
sevgilim...” deyəndə
də üzündəki
ifadə aydın görünür, gözündəki
kədər sezilir.
Sözlərində, ovqatında daha çox çarəsizlik
hiss olunur. Bitmiş bir sevgini qaytara bilməməyin ağrısı.
Axı bu eşq burada bitibsə, çıxıb
getməkdən savayı
yol varmı?! Hələ
o xatirələr istiykən
uzaqlaşmaq, heç
nəyi adiləşdirmədən,
yerə endirmədən,
bəsit bir sevgi hekayəsinə çevirmədən getmək!
...sevginin havası
qalırkən... Heç
olmasa xatirindəki gözəl günlərin
sehri itmədən getmək! Ataol Bəhramoğlu kimi.
Şair sevgisini itirmiş insanın halını ən çox “Nə kadar güzeldin
sən! Nasıl eşsiz
bir yazdı!” misrasında ifadə edir, məncə. Bu məqamda ən
kədərlisi keçmiş
zamandı. Aşiq xanımın
gözəlliyindən də,
yazın bənzərsizliyindən
də keçmiş zamanda danışır.
Axı sevgi bitibsə, o gözəllik
də gözündə
deyil... Eşq tükənibsə, yaz daha elə təsir
etməyəcək sənə!
Albomlardakı şəkillər
kimi solacaq o xatirələrinin rəngi!
Olsa-olsa şeir yazarsan, “bütün ölü şairlər” təki... Get, məncə, vaxtında
get!
Şeirin sonluğu düşündürür
adamı. Şair “...bir nehir akıp
gider” deyəndə zamanamı, həyatamı
işarə edir?! Bu, təxminən “Həyat davam edir” təsəllisi deyil ki, görəsən?!
Və əslində elə “Yüreğimde bir çocuk” söyləyəndə
də gözləntisini,
ümidini ifadə etmirdimi?
Məncə, sevgisi bitmiş,
içi, ruhu boşalmış adamın
o sıcaq, dəli duyğularının yerində
bir ümid, arzu yaranır: Yeni sevgi ümidi!
Təzə sevda arzusu! Axı sevgi həm
də həyat tərzidi?! Elə yaşamağa öyrəncəlisənsə,
həyatına sakit, hamı kimi davam eləməyin zor işdi. Ataol Bəhramoğlu ikinci, “Bir kadını bəkləmək” şeirində
məhz bu gözləntini, bu istəyi ifadə edir. Aşiqin soyuqlamış səsini eşidirəm şeirin ilk misralarından!
Təkliyin soyuğu, şaxtası
alıb onu. Amma yenə gözləyir o Qadını!
Şair Qadının necəliyini,
xarakterini qəribə
üsullarla təsvir edir. Bu Qadın sıradan biri deyil! Güclüdü! Bir rüzgarı keçmək,
bir şarkını dağıtmaq sadə işdi ondan ötrü. Öz yalnızlığını şairin
tənhalığına qovuşdurmaq
kimi! Axşamı işıqlandırmaq, dünyanı
gözəlləşdirmək kimi!
... bu məqamda
aşiqin ürəyinin
artan ritmi necə hiss olunur?! Üzündəki işıq
göz qamaşdırır!
Axı gəlir, bəklədiyi qadın gəlir... Sevgi gəlir, təlaşı
qayıdır, ruhu dönür bədəninə!
Yenə
gözəlləşəcək yaz, şirin çay da şipşirin
dadacaq sabahdan... Sevgisizlik mürgüsündən
oyanır, unutduğu şeirlər, xatırlamadığı
mahnılar düşür
yadına... Hamısı bir-bir. Eşitdiyi
addım səsləri
ilə... O bəklədiyi
qadın yaxınlaşdıqca!
Saçlarını, ətəklərini
uçuraraq gələn
Qadın!
... Və qəribə bir qorxu alır
adamın canını!
Birdən gəlməsə? Fikrini dəyişsə, cəsarəti
çatmasa?! Cibindəki
revolver!!!!!!!!!!
Ataol Bəhramoğlu:“Ne kadar güzeldin sen!”
Bu aşk burada
biter ve ben çekip giderim.
Yüreğimde bir çocuk, cebimde bir revolver.
Bu aşk burada
biter, iyi günler, sevgilim.
Ve ben çekip giderim, bir nehir akıp
gider.
Bir hatıradır şimdi dalğın uyuyan şehir,
Solarken albümlerde
çocuklar ve askerler.
Yüzün bir kır çiçeği gibi usulca söner,
Uyku ve unutkanlık gittikçe derinleşir.
Yan yana uzanırdık
ve ıslaktı çimenler,
Ne kadar güzeldin
sen! Nasıl eşsiz bir yazdı!
Bunu anlattılar hep, yani yiten bir
aşkı,
Geçerek bu dünyadan bütün ölü şairler.
Bu aşk burada biter ve ben çekip
giderim,
Yüreğimde bir çocuk, cebimde bir revolver.
Bu aşk burada biter, iyi günler, sevgilim
Ve ben çekip giderim, bir nehir akıp
gider.
Ataol Bəhramoğlu: “Bir Kadını Bekliyorum...”
Bir kadının
bana gelecek olması, bir rüzgarı geçerek.
Bir şarkıyı geçerek,
saçlarının uçuşunda,
Bir kadının
bana gelecek olması, bir ömür geçecek.
Aşkın buruk tadında,
buluşması iki yalnızlığın
Bir akşamı
geçecek.
Belki de dağılan sesleri hüznün ve akşamın
belki de
Bir kadını
geçecek.
Bir kadını bekliyorum
Eteklerini
ve saçlarını
uçurarak gelecek...
PƏRVİN
525-ci qəzet.-
2014.- 15 mart.- S.21.